QƏRARLARIN VERİLDİYİ YER
Antalyada keçirilən forum regional məsuliyyətin yeni arxitekturasına keçidi və Türkiyə ilə Azərbaycanın artan rolunu təsbit edib
Müəllif: Elçin HÜSEYNOV
Aprelin 11-13-də Türkiyənin Antalya şəhərində diplomatların, siyasətçilərin, iqtisadçıların, biznes və akademik dairələrin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq forum («Antalya Diplomacy Forum») keçirilib. Bu forum 2021-ci ildən təşkil olunan, qlobal gündəliyin diplomatik səviyyədə müzakirə edildiyi əsas platformalardan biri kimi möhkəmlənmiş yüksək səviyyəli formatdır. Forumda 150-dən artıq ölkədən 6400-dən çox nümayəndə iştirak edib. Bu toplantı sayəsində Asiya-Sakit okean regionundan Latın Amerikasına, Avropadan Mərkəzi Asiyaya qədər dünyanın hər yanından siyasətçilər və ekspertlər vahid platformada müzakirə aparmaq imkanı qazanıblar. Forumda 23 dövlət və hökumət başçısının, 13 dövlət başçısı müavininin, 50-dən çox nazirin, 66 beynəlxalq təşkilat nümayəndəsinin iştirakı artıq öz-özlüyündə çox şey deyir. Bütün bunlar Antalyanı bir neçə gün ərzində yenidən dünya siyasətinin mərkəzlərindən birinə çevirib.
Antalyanın üç xətti
Sayca beşinci forumun əsas müzakirə mövzusu «Gələcəyin planlaşdırılmasında qeyri-müəyyənliklərin aradan qaldırılması» olub. Burada müasir dünyanın dinamikasını müəyyən edən məsələlər ətrafında diskussiyalar aparılıb: regional münaqişələrin tənzimlənməsi, beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası, enerji sabitliyi, nəqliyyat dəhlizlərinin inkişafı və artan geosiyasi burulğan şəraitində qarşılıqlı diplomatik fəaliyyətin yeni formatlarının axtarışı. İştirakçılar qlobal böhranların idarə olunması üçün daha çevik yanaşmaların hazırlanması və beynəlxalq dialoqun ənənəvi mexanizmlərinə yenidən baxılmasının vacibliyinə xüsusi diqqət çəkiblər.
Forumun gərgin gündəliyi fonunda onun siyasi-analitik məzmununu formalaşdıran və adi diplomatik müzakirələr çərçivəsindən kənara çıxan üç qarşılıqlı əlaqəli xətt özünü aydın şəkildə göstərib.
Birincisi, qlobal idarəetmənin ənənəvi arxitekturasında böhran getdikcə özünü daha aydın göstərir. Müzakirə iştirakçıları mövcud beynəlxalq institutların effektivliyinin azaldığını, sürətlə dəyişən münaqişə və böhranlara reaksiya verə bilən daha çevik, tətbiqi diplomatiya formalarına tələbatın artdığını bildiriblər. Bu kontekstdə diplomatiya getdikcə formal prosedurlar toplusu kimi deyil, artan «burulğanlar» şəraitində operativ siyasi reaksiya aləti kimi dəyərləndirilir.
İkincisi, dünya proseslərinin və münaqişələrin regionallaşması tendensiyası güclənir. Ukrayna böhranı, Yaxın Şərqdə vəziyyətin dəyişməsi, Cənubi Qafqazda gedən proseslər beynəlxalq sistemin daha da parçalanmasının qarşılıqlı əlaqəli elementləri kimi dəyərləndirilir. Bu fonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi siyasi fikirlər xüsusi əhəmiyyət kəsb edir. O, çıxışında bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Azərbaycanla koordinasiya şəraitində həyata keçirilir. Prezident eyni zamanda, Türk Dövlətləri Təşkilatının möhkəmlənməyə davam etdiyini, quruma sədrliyin Bakıdan Ankaraya keçəcəyi qarşıdakı sammitin təşkilatın beynəlxalq nüfuzunu və effektivliyini daha da artırmağa yönələcəyini söyləyib. Ərdoğan əlavə olaraq Xəzər üzərindən Asiya və Avropa arasında ən etibarlı ticarət marşrutu kimi, Orta Dəhlizin inkişafına dəstəyini də dilə gətirib.
Üçüncüsü, yeni diplomatik coğrafiyada Türkiyənin əsas vasitəçi mərkəzlərdən biri kimi, rolu getdikcə artır. Bu mənada, Antalya sahəcə müzakirə platforması deyil, həm də siyasi əlaqələrin, uzunmüddətli regional konfiqurasiyaların formalaşdığı məkan kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı kimi institusional təşəbbüslərin infrastruktur və nəqliyyat layihələrinin təşviqi ilə uzlaşdırılması Ankaranın mövqeyini daha da gücləndirir. O, yalnız beynəlxalq gündəlikdə iştirak etməyə deyil, həm də onu müəyyən mənada strukturlaşdırmağa, regional və regionlararası inteqrasiya xəttini müəyyənləşdirməyə çalışır. Məsələn, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın iştirakı ilə keçirilən dördtərəfli görüşdə tərəflər regionda sülh və sabitliyin möhkəmləndirilməsi, eləcə də azad gəmiçiliyin təmini ilə bağlı mümkün təşəbbüsləri müzakirə ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, bu, regionun gələcəyinə dair ümumi baxışın formalaşdırılması üçün konkret addımların müəyyənləşdirilməsinə imkan verir.
Qapalı qapılar ardında siyasət
Bu qədər geniş beynəlxalq təmsilçilik fonunda Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq, forumun fəal iştirakçıları sırasında yer alıb. Bu cür platformalar Bakı üçün sadəcə diplomatik iştirak məkanı olmaqdan çoxdan çıxıb – onlar getdikcə daha çox Cənubi Qafqazın postmünaqişə reallıqlarına, regional bağlılığa və yeni nəqliyyat-enerji konfiqurasiyalarına əsaslanan xarici siyasətin ifadəsi üçün istifadə olunur. Antalyada da Bakı regionda dəyişən qüvvələr balansı və formalaşmaqda olan əməkdaşlıq arxitekturasında ölkənin əsas oyunçularından biri kimi rolu barədə baxışını bir daha ortaya qoyub.
Məhz buna görə də forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin çıxışları və təmasları protokol xarakterli iştirak kimi deyil, daha geniş strategiyanın elementi kimi qiymətləndirilməlidir – nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılmasından tutmuş, ölkənin müxtəlif geosiyasi mərkəzləri arasında əlaqələndirici bənd mövqeyinin möhkəmləndirilməsinədək. Bu kontekstdə Antalya sadəcə diplomatik görüşlərin həyata keçirildiyi məkan deyil, həm də Bakının regional və beynəlxalq koordinatlar sistemində rolunu əks etdirən «güzgü»yə çevrilib.
5-ci Antalya Diplomatik Forumunun ümumi dinamikası fonunda ikitərəfli və çoxtərəfli görüşlər də xüsusi əhəmiyyət kəsb edib. Onlar faktiki olaraq, tədbirin siyasi gündəliyinin «praktik nüvə»sini formalaşdıraraq, sadəcə fikir mübadiləsinin aparılması çərçivəsini aşıblar. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşü iki ölkə arasında strateji qarşılıqlı fəaliyyətin dayanıqlı xarakterini bir daha təsdiqləyib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüş və Əliyev-Ərdoğan-Şərif formatında keçirilən müzakirələr də xüsusi diqqət çəkib. Yeri gəlmişkən, bu format forumun ən diqqətçəkən elementlərindən biri kimi, regional sabitlik və iqtisadi qarşılıqlı bağlılıq məsələlərində bənzər yanaşmaları bölüşən ölkələr arasında çevik siyasi əlaqələrin formalaşdırılmasına yönəlmiş niyyəti ortaya qoyub.
Suriya istiqaməti üzrə danışıqlar da az əhəmiyyət daşımayıb. İlham Əliyevin Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşündə tərəflər arasındakı əvvəlki təmaslar məmnunluqla qeyd edilib, bildirilib ki, bu ölkədə baş verən dəyişikliklərdən sonra iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində konkret addımlar atılıb. Görüşdə enerji sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib, o cümlədən Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya ixracı layihəsi müzakirə olunub. Bu layihə Suriyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpasına töhfə kimi qiymətləndirilir. Bu kontekstdə Əhməd əş-Şaraa göstərilən dəstəyə görə Azərbaycana təşəkkürünü bir daha dilə gətirib. İlham Əliyev əş-Şaraanı Bakıya səfərə də dəvət edib və bu dəvət məmnunluqla qəbul olunub.
Dövlət başçısı İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni rəhbəri Tufan Ərhürman ilə görüşü də diqqət çəkib. Onu prezident seçilməsi münasibətilə təbrik edən İlham Əliyev Azərbaycanın hər zaman ŞKTC-nin yanında olduğunu, bu dəstəyin gələcəkdə də davam edəcəyini bildirib. Görühdə Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin dostluq qruplarının bir müddət əvvəl Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti vurğulanıb, həmçinin əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məsələləri, o cümlədən Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi rolu müzakirə edilib.
Bu məqam gözlənildiyi kimi, Yunanıstan mediasının reaksiyasına səbəb olub. Orada belə məqamlar ənənəvi olaraq, ŞKTC-nin tanınmamış ölkə statusu prizmasından qiymətləndirilir. Lakin belə tənqidlər daha çox inersiya xarakteri daşıyır və dəyişən regional reallıqlara getdikcə daha az uyğun gəlir. Bakı isə öz növbəsində, ardıcıllıq və praqmatizm nümayiş etdirərək türk dünyası ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə davam edir. O, öz xarici siyasi kursunu kənar təzyiqlər altında dəyişmək niyyətində deyil.
Forum çərçivəsində İlham Əliyev moldovalı həmkarı Maya Sandu ilə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin perspektivləri müzakirə olunub, əlaqələrin inkişafı, müxtəlif sahələrdə qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsindəki rolu vurğulanıb, Azərbaycanla Moldova arasında enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib.
Beləliklə, aprelin 17-də keçirilən görüşlər silsiləsi göstərib ki, Antalya Forumu sadəcə müzakirə platforması yox, həm də praktiki diplomatiya mexanizmi kimi fəaliyyət göstərir. Burada üçtərəfli siyasi konfiqurasiyalardan tutmuş, Yaxın Şərq, Şərqi Aralıq dənizi regionu və Türk dünyasını əhatə edən strateji regional əlaqələrədək çoxsəviyyəli əməkdaşlıq formatları yaranır.
Yeni diplomatik formul
Antalya Diplomatik Forumunun konseptual baxımdan ən zəngin epizodlarından biri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışları olub. Bu çıxışlar faktiki olaraq, Bakının müasir regional siyasətinin ideoloji çərçivəsini müəyyənləşdirib. O, əsas prinsipin reaktiv deyil, proaktiv regional davranış modeli olduğunu söyləyib. Bu modeldə ölkələr təhlükəsizlik və inkişaf arxitekturalarını özləri müəyyənləşdirirlər. «Regionun maraqlarının qorunmasında fundamental prinsiplər və əsas sütunlar regional çağırışların, problemlərin bizim tərəfimizdən, regiondakı həmfikir tərəfdaşlarımızla birlikdə aradan qaldırılmasıdır», - deyə o, qeyd edib. H.Hacıyev bununla faktiki olaraq, kənar diktə olunan idarəetmə modellərindən imtinanı ifadə edib.
Bu kontekstdə dövlətlərin məsuliyyəti və liderliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Hikmət Hacıyevin də qeyd etdiyi kimi, «regional məsələlər üzrə ümumi məsuliyyət» və «regional liderlik» yalnız deklarativ elementlər deyil, qarşılıqlı fəaliyyətin dayanıqlı arxitekturasının formalaşdırılması üçün praktik alətlərdir. Onun qiymətləndirməsinə görə, bu məntiq «liderlərimiz tərəfindən Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan strateji ittifaqının güclənən rolu ilə birbaşa uzlaşır».
İkitərəfli gündəlikdən kənara çıxan əməkdaşlıq formatlarının genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Hacıyev artıq dayanıqlı üçtərəfli və çoxtərəfli mexanizmlərin formalaşdığını xatırladıb: Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, həmçinin Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyət. Hikmət Hacıyev hesab edir ki, bunlar bütün iştirakçı tərəflərin maraqlarına xidmət edən, regional qarşılıqlı bağlılığın institusionallaşmasına töhfə verən praktiki əməkdaşlıq mexanizmini formalaşdırır.
Azərbaycanın münaqişə gündəmindən postmünaqişə gündəminə keçidi də az əhəmiyyət daşımır. Hacıyev bunu ölkənin xarici siyasətində keyfiyyət dəyişikliyi kimi xarakterizə edib: «Biz uzun illər forumlarda müharibə və münaqişə gündəmi ilə iştirak etmişik. İndi isə bu tədbirlərə sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəminə tam sadiqdir».
Bununla yanaşı, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin formalaşdırılması, tərəflər arasında mərhələli şəkildə etimadın qurulması da daxil olmaqla, cari proseslərin praqmatik xarakteri də vurğulanır.
Beləliklə, Antalya Diplomatik Forumu getdikcə özünü sadəcə fikir mübadiləsi platforması kimi yox, həm də yeni regional arxitekturanın konturlarının formalaşdığı məkan kimi göstərir. Burada bütün müzakirələrin, ikitərəfli təmasların əsas xətti proseslərin xaricdən idarə olunmasından regional məsuliyyət və özünütənzimləmə modelinə keçidi nəzərdə tutur. Bu məntiqlə Türkiyə ilə Azərbaycan sadəcə iştirakçı deyil, formalaşan siyasi və iqtisadi əlaqələr sisteminin mərkəzlərindən biri kimi çıxış edirlər. Bu mənada, Antalya yeni regional «oyun qaydaları»nın formalaşdırıldığı və sınaqdan keçirildiyi özünəməxsus «diplomatik qovşaq» əhəmiyyəti qazanır.
MƏSLƏHƏT GÖR:





120

