4 İyun 2026

Cümə axşamı, 18:00

BİOMETRİYA ŞENGENİ ÇÖKDÜRÜR

Sərhədlərin rəqəmsal gələcəyi aeroportları xaos zonasına çevirib

Müəllif:

15.05.2026

Avropa İttifaqı (Aİ) özünü uzun illər sərbəst hərəkət məkanı kimi təqdim etməyə öyrəşib; burada sərhədlər maneədən çox formal xarakter daşıyır. Lakin Şengen zonasının xarici sərhədlərində tətbiq olunan yeni biometrik nəzarət sistemi gözlənilmədən göstərib ki, sərhədlərin rəqəmsallaşdırılması təhlükəsizliyi gücləndirməklə yanaşı, tamamilə real problemlər də yaradır.

Üçüncü ölkə vətəndaşlarının biometrik məlumatlarının məcburi qeydiyyatını nəzərdə tutan “Entry/Exit System” (EES) sisteminin işə salınması Aİ-nin miqrasiya nəzarəti sahəsində ən iddialı layihələrindən birinə çevrilib. Lakin bu genişmiqyaslı texnoloji eksperiment dərhal böyük turist axını, logistika məhdudiyyətləri və infrastrukturun hazır olmaması kimi problemlər yaradıb. Hava limanlarında növbələr, sərhəd-keçid məntəqələrində gecikmələr, müvəqqəti olaraq əl ilə yoxlamaya qayıdış Brüsseli gözlənilməz addım atmağa məcbur edib – Aİ ölkələrinə pik yüklənmə dövrlərində sistemin fəaliyyətini müvəqqəti dayandırmaq və ya yumşaltmaq icazəsi verilib. Yoxlamanı sürətləndirmək və sadələşdirmək üçün nəzərdə tutulan sistem təcrübədə Avropa sərhədlərində əlavə gərginlik amilinə çevrilib.

 

“Ağıllı Şengen”in ilk nasazlığı

Aİ EES sisteminin mərhələli tətbiqinə 12 oktyabr 2025-ci ildə başlayıb və 10 aprel 2026-cı ildə bütün Şengen zonasında sistemin tam tətbiqinə keçildiyi elan olunub. Formal olaraq bu, texnoloji sıçrayış sayılırdı: Avropa kağız pasport möhürlərindən insanların hərəkətinin total biometrik qeydiyyatına keçirdi: foto çəkmə, barmaq izlərinin skan edilməsi, hər giriş-çıxış üçün “rəqəmsal iz” yaradılması və s.

Faktiki olaraq üçüncü ölkə vətəndaşlarına, o cümlədən Azərbaycan vətəndaşlarına sərhədi keçərkən xüsusi özünəxidmət terminallarında ilkin qeydiyyata düşmək tapşırılıb. Onlar təxminən 10-15 sualdan ibarət anketi doldurmalı və həm Şengen zonasına giriş, həm də çıxış zamanı biometrik məlumatlarını təqdim etməlidirlər. Bundan sonra ənənəvi yekun yoxlama üçün sərhəd əməkdaşına yaxınlaşmaq mümkündür.

Lakin “sərhədlərin rəqəmsal gələcəyi” haqqında bəyanatlardan sonra tamamilə fərqli reallıq ortaya çıxıb. İlk həftələrdən etibarən Avropanın ən böyük aeroportları imkanlarının son həddində işləməyə başlayıb. Mətbuatın və aviasiya assosiasiyalarının məlumatına görə, sərhəd nəzarətindən keçmə müddəti 3-4 saata qədər artıb ki, bu da nəzarətin ciddi vaxt çərçivələrinə sığmalı olduğu aviasiya daşımalarının adi məntiqini faktiki olaraq pozub. Bəzi hallarda vəziyyət böhran xarakteri alıb: uçuşdan xeyli əvvəl, hətta 3-4 saat öncə aeroporta gəlmiş sərnişinlər biometrik proseduru tamamlaya bilməyib, tranzit reyslərə gecikib, təyyarəyə minə bilməyiblər. Almaniya, Fransa və Niderlanddan yayılan bəzi məlumatlarda bir reys üzrə onlarla, bəzən isə yüzdən çox sərnişinin qeydiyyatdan keçməsinə rəğmən, təyyarələrin havaya onların bir hissəsi olmadan qalxdığı bildirilir. Çoxsaylı şikayətlərə cavab olaraq aviaşirkətlər yalnız təəssüflərini ifadə etməklə kifayətləniblər. Çünki əsas problem və gecikmələr aeroportların sərhəd infrastrukturunda yaranıb.

Bir sözlə, sürətləndirmə və avtomatlaşdırma vasitəsi kimi nəzərdə tutulan sistem qısa müddətdə əks effekt verib – gecikmələr, nasazlıq, infrastrukturun həddindən artıq yüklənməsi və s. Ən iri aeroportlar belə, rəqəmsal nəzarətin kütləvi hava daşımaları modelinin ləngiməsi reallığı ilə üzləşib. Aviasiya assosiasiyaları və operatorların qiymətləndirmələrinə görə, sistem faktiki olaraq “buraxılış qabiliyyətinin son həddində stres-testi”nə çevrilib. Kadr çatışmazlığı, texniki nasazlıq, eləcə də Aİ ölkələrinin sistemi tətbiq etməyə hazırlıq səviyyəsində qeyri-bərabərliklər üzə çıxıb. Bir sıra hallarda bəzi Avropa aeroportları artıq ilk günlərdən sərhəd-keçid məntəqələrində kollapsın qarşısını almaq üçün yeni sistemin tətbiqini operativ şəkildə dayandırmağa və ya qismən yumşaltmağa məcbur olub.

Bu fonda proseslərin daha çevik təşkilini nümayiş etdirən bəzi habların təcrübəsi xüsusilə fərqlənir. Məsələn, Budapeşt aeroportunda sərnişin axınını azaltmağa mobil əməkdaş qrupları və portativ terminallar vasitəsilə cəhd edilib: onlar birbaşa növbələrdə biometrik qeydiyyat aparıb, sərnişinlərin şəkillərini çəkib, barmaq izlərini götürüb və pasportları skan ediblər. Bu üsul prosedurun hər nəfər üçün 1-2 dəqiqəyə qədər qısalmasına imkan verib.

Bütün bunların nəticəsi olaraq, Avropa Komissiyası pik yüklənmə dövrlərində sistemin fəaliyyətinin müvəqqəti dayandırılması və ya yumşaldılması, həmçinin qismən əl ilə sərhəd nəzarətinə qayıdış imkanına icazə verməli olub.

 

Sistem reallığın təzyiqi altında

Sərhəd prosedurlarının kəskin şəkildə mürəkkəbləşməsi Avropanın aviasiya sektorunda ciddi narahatlıq doğurub. Aeroport və aviaşirkət nümayəndələri artıq müvəqqəti çətinliklərdən deyil, ideya ilə reallıq arasındakı uçurumdan danışırlar. “Airports Council International Europe” təşkilatının Avropa bölməsinin direktoru Olivye Yankovets deyib: “Aİ institutlarının EES sisteminin effektiv işlədiyi barədə təsəvvürü ilə reallıq arasında tam uçurum mövcuddur. Aİ-dən kənar ölkələrin vətəndaşları ciddi gecikmələr və narahatlıqlarla üzləşirlər”. Onun sözlərinə görə, problem ayrı-ayrı nasazlıqlarda deyil, rəqəmsal nəzarət modeli ilə infrastrukturun faktiki buraxılış qabiliyyəti arasındakı sistem uyğunsuzluğundadır.

Aeroport və aviaşirkət birlikləri, o cümlədən “Airlines for Europe” isə daha sərt qiymətləndirmə veriblər: “Sərhəd nəzarətində üç saatlıq gözləmə EES sisteminin “uşaq xəstəliyi” deyil, sistem böhranıdır”.

Söhbət artıq faktiki olaraq sistemin sadəcə korrektəsindən deyil, onun tətbiqi məntiqinin yenidən nəzərdən keçirilməsindən gedir. Yəni rəqəmsal transformasiyanın mərhələli tətbiqi ideyasından infrastruktur məhdudiyyətlərinin qəbul edilməsinə keçiddən. “International Air Transport Association” da daxil olmaqla, aviasiya assosiasiyaları qeyd edirdilər ki, təcili düzəlişlər edilməzsə, pik yüklənmə dövrlərində vəziyyət kəskin şəkildə pisləşə bilər: “Təcili tədbirlər görülməzsə, yay mövsümündə pik sərnişin axını zamanı nəzarətdə gözləmə müddəti dörd saatı aşa, hətta daha da uzana bilər”.

Avropanın ən böyük “low-cost” daşıyıcısı olan “Ryanair” isə öz növbəsində Şengen zonasına daxil olan bütün 29 ölkənin hökumətlərini sistemin tam tətbiqini yay mövsümünün sonunadək təxirə salmağa çağırıb. Aviaşirkət xəbərdarlıq edib ki, EES-in tələsik tətbiqi genişmiqyaslı gecikmələrə və aeroportların həddindən artıq yüklənməsinə səbəb olacaq, sərnişinlər isə turist axınının pik dövründə uzun növbələrlə üzləşəcəklər.

Məcburi biometrik yoxlamalardan ilk imtina edən ölkə Yunanıstan olub. Ardınca Parisin “Şarl-de-Qoll” və “Orli” aeroportları yay mövsümü üçün sistemin tam dayandırılması ilə bağlı müraciət ediblər. İsveçrə, Almaniya, Portuqaliya və İspaniyada vaxtaşırı köhnə rejimə keçilib, pik saatlarda biometrik sistem söndürüb. İtaliya isə sərnişinlərin beynəlxalq aeroporta gəlməzdən əvvəl ilkin qeydiyyatdan keçmələrinə imkan verən mobil tətbiqin sınağına başlayıb.

 

Brüssel təzyiq altında

Aviasiya sektorunun artan təzyiqi və sərhəd infrastrukturunun həddindən artıq yüklənməsinin ilk əlamətləri fonunda Aİ sistemin tətbiqi üçün daha çevik modelə keçməyə məcbur olub. Formal olaraq EES Şengen zonasının xarici sərhədlərinə nəzarətin gücləndirilməsi strategiyasının əsas elementlərindən biri olaraq qalır. Lakin Avropa Komissiyası sistemin fəaliyyətində müvəqqəti dəyişikliklərin zəruriliyini qəbul edib. Yəni, xüsusilə aeroportlarda və ən yüklənmiş keçid məntəqələrində pik yüklənmə dövrlərində biometrik prosedurların yumşaldılması və ya dayandırılması mümkün olacaq.

Brüsseldə vurğulayırlar ki, bu tədbirlər müvəqqəti xarakter daşıyır və sərnişin axınının fasiləsiz hərəkətini təmin etməyə yönəlib. Avropa Komissiyası eyni zamanda bildirir ki, vəziyyət həftəlik izlənəcək və zərurət yaranarsa, əlavə terminalların quraşdırılması, yeni personalın cəlb edilməsi ilə infrastruktur genişləndirildikdən sonra məcburi biometrik qeydiyyat yenidən tam şəkildə tətbiq oluna bilər.

 

Rəqəmsal sərhədlər və nəzarət hədləri

EES ilə bağlı vəziyyət göstərir ki, sərhədlərin rəqəmsallaşdırılması özlüyündə çeviklik problemini həll etmir, əksinə yüksək yüklənmə anlarında onu daha da ağırlaşdırır. Növbələr və gecikmələr texnoloji modelin reallıqla toqquşmasının nəticəsidir. Müvəqqəti güzəştlər də əslində bir əsas məqamı təsdiqləyir: hətta ən iddialı rəqəmsal islahatlar belə, çeviklik və uyğunlaşma tələb edir.

Aİ-dən kənar ölkələr, o cümlədən Azərbaycan üçün bunun nəticələri tam praktik xarakter daşıyır. Prosedurların mürəkkəbləşməsi region vətəndaşlarına birbaşa təsir göstərir, Cənubi Qafqaz ilə Avropa arasında səfərlər, biznes əlaqələri və turizmin çevikliyinə əngələ çevrilir.

Nəticədə, EES yalnız texnoloji layihəyə deyil, həm də rəqəmsal sistemlərin hələ də reallıqdan asılı olduğu müasir dünyada idarəolunan mobilliyin sərhədlərini yoxlayan sınağa çevrilib. Yaxın perspektivdə Brüssel sərhəd sisteminin daha da rəqəmsallaşdırılması kursunu qoruyub saxlayır. Buraya yeni nəsil Şengen vizasının və Avropaya giriş üçün elektron icazə sisteminin tətbiqi də daxildir. Bu sistemin işə salınması 2026-cı ilin oktyabrına planlaşdırılıb. Onun qeyd edilən müddətdə nə dərəcədə reallaşdırıla biləcəyini isə zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

30