23 İyun 2026

Çərşənbə axşamı, 19:15

MUNDİAL XXL

Dünya futbolu 48 komanda, sensorlar və “Super Bowl” şousu ilə yeni formata keçir

Müəllif:

01.06.2026

İlin əsas tədbiri, şübhəsiz, futbol üzrə dünya çempionatıdır. İyunun 11-də başlayacaq mundial əvvəlki yarışlardan köklü şəkildə fərqlənəcək. Turnir həm miqyasına, həm formatına, həm də coğrafiyasına görə tarixə düşməyə namizəddir. ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi mundialda favorit anlayışı əvvəlki illərlə müqayisədə daha qeyri-müəyyəndir.

Uzun illər futbol üzrə dünya çempionatı futbolun ən ali səhnəsidir. Dörd ildən bir keçirilən turnirdə planetin ən güclü milli komandaları bir araya gəlir və sonda yalnız biri futbolun ən nüfuzlu kubokunu başı üzərinə qaldırır. Son mundial 2022-ci ildə Lionel Messinin liderlik etdiyi Argentina millisinin qələbəsi ilə yadda qalıb.

 

Üç ölkədə mundial

Şimali Amerika dünya çempionatına yad deyil. Sonuncu dəfə mundialın təşkilatçılığı 1994-cü ildə ABŞ-yə həvalə edilib və həmin turnir ölkədə futbolun inkişafında dönüş nöqtəsi olub. Bu dəfə oyunların böyük əksəriyyəti, o cümlədən final matçı ABŞ-də baş tutacaq. Ümumilikdə 78 qarşılaşma bu ölkədə keçiriləcək.

Meksika isə tarixdə dünya çempionatına üçüncü dəfə ev sahibliyi edən ilk ölkə olacaq. Daha əvvəl 1970 və 1986-cı illərdə mundial təşkil edən Meksika bu dəfə 13 oyuna ev sahibliyi edəcək. Açılış matçı da futbol tarixinin əfsanəvi stadionlarından biri olan “Asteka”da keçiriləcək.

Kanada isə kişilər arasında dünya çempionatını ilk dəfə qəbul edəcək. Bu ölkədə də 13 qarşılaşma baş tutacaq. Bu yarışa qədər 11 il əvvəl Kanada qadınlar arasında dünya çempionatına ev sahibliyi edib.

2026-cı il mundialı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Bu dəyişiklik nəticəsində oyunların sayı 64-dən 104-ə yüksəlib. Format genişləndirilməsi həm müsbət, həm də mübahisəli məqamlarla qarşılanıb. Lakin bir fakt danılmazdır: bu, tarixdə ən böyük və ən genişmiqyaslı dünya çempionatı olacaq.

 

Əsas namizədlər və potensial sürprizlər

Mundialın ən maraqlı cəhətlərindən biri açıq favoritin olmamasıdır. Bir neçə komanda turniri qazanmağa real namizəd sayılır. Lionel Messinin kapitanı olduğu Argentina titulunu qorumağa çalışacaq. Avropa çempionu İspaniya isə Lamin Yamalın liderliyi ilə yeni nəsil futbolçuların hesabına iddialıdır.

Fransa, Portuqaliya və İngiltərə kimi yığmalar da yüksək potensiala malikdir. Almaniya, Braziliya və Niderland kimi ənənəvi futbol ölkələri isə həmişə olduğu kimi böyük gözləntilərlə turnirə qatılacaqlar.

Təşkilatçı ölkələrdən biri ABŞ millisi son dövrlər ciddi inkişaf mərhələsindədir. Maurisio Poçettinonun rəhbərliyi altında çıxış edən komanda Kristian Pulişiçin liderliyi ilə gözlənilməz nəticələr əldə edə bilər. Kanada yığması da gənc və istedadlı futbolçuların hesabına uğurlu çıxışa ümid edir. Afrika təmsilçiləri arasında Mərakeş və Seneqal xüsusi diqqət çəkir. Cənubi Amerikadan isə Kolumbiya və Ekvador kollektivləri təhlükəli rəqiblər hesab olunur.

 

Turnirin ulduzları

Dünya çempionatları həmişə böyük futbolçuların səhnəsi olub. Karyerasında altıncı dəfə dünya çempionatında iştirak edəcək Kriştianu Ronaldo yeni rekorda imza atacaq. Kilian Mbappe, Osman Dembele, Harri Keyn, Cud Bellinqem, Vinisius Junior, Erlinq Holann, Məhəmməd Salah kimi futbolçular turnirin əsas simaları sırasında yer alır. Xüsusilə İspaniya millisinin gənc ulduzu Lamin Yamal və yarımmüdafiədə Pedri futbolsevərlərə xüsusi zövq vəd edir. Luka Modriç beşinci dəfə Xorvatiya millisi ilə mundialda mübarizə aparmaq imkanı əldə edəcək.

 

Azarkeş sayı və bilet problemi

FIFA-nın proqnozlarına görə, 2026-cı il dünya çempionatı tarixdə ən çox azarkeşin canlı izlədiyi turnir olacaq. Artıq 2 milyondan çox bilet satılıb. Ümumilikdə 6,5 milyon azarkeşin stadionlarda olması gözlənilir ki, bu da 1994-cü il rekordunu xeyli üstələyəcək. Amma son anda proqnozların doğrulmayacağı gözlənilir. Mundial tarixdə ən bahalı dünya çempionatı kimi qalacaq. Hətta qrup oyunlarına belə həddən baha satılan bilet azarkeş qruplarının etirazı ilə qarşılaşıb. Bir sıra azarkeş qrupu FIFA-dan biletlərin qiymətinə nəzarəti gücləndirməyi və satış şərtlərini asanlaşdırmağı xahiş edib.

 

Təqvim problemi

Açılış matçı iyunun 11-də Meksikada yerləşən “Asteka” stadionunda keçiriləcək. Final görüşü isə iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” stadionunda baş tutacaq. Beləliklə, dünya futbolunun zirvə qarşılaşması ilk dəfə Nyu-York ətrafında keçiriləcək.

DÇ-2026-nın gətirdiyi ən böyük dəyişiklik iştirakçı sayının artırılmasıdır. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. Komandalar hər birində 4 yığma olmaqla 12 qrupa bölünüb. Qrup mərhələsinin ardından ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala (Play-off) yüksələcək. Bu isə matçların ümumi sayını 64-dən 104-ə çatdırır. Turnirin müddəti təxminən 40 günə qədər uzanır. Çempion olacaq komanda kuboku qazanmaq üçün əvvəlki kimi 7 yox, tam 8 oyun keçirməlidir. Mundialın eyni anda üç fərqli ölkədə və fərqli saat qurşaqlarında keçirilməsi logistik menecment baxımından böyük sınaqdır. ABŞ-nin super modern stadionları, Meksikanın yüksək dağlıq arenaları və Kanadanın fərqli hava şəraiti komandaların fiziki dözümlülüyünə birbaşa təsir edəcək. FİFA səfər məsafələrini və reaktiv gecikməni minimuma endirmək üçün şəhərləri regional zonalara (Qərb, Mərkəz, Şərq) bölməyi planlaşdırır. Lakin pley-off mərhələsində qitə daxili uzun uçuşlar qaçılmaz olacaq.

Qrupdan 32 komandanın növbəti mərhələyə adlaması zəif hesab olunan komandalara qitə nəhənglərinə qarşı “sensasiya yaratmaq” şansı verir. 8 oyunluq marafon uzun və gərgin mövsümdən çıxmış ulduz futbolçuları fiziki olaraq çətinə salacaq. FİFA prezidenti Canni İnfantinonun rəhbərliyi altında turnirin finalında ilk dəfə “Super Bowl” tipli böyük fasilə şousu keçiriləcək. Yəni hissələr arasında fasilə 12 deyil, 20-25 dəqiqə olacaq. Eyni zamanda, meydançada nizam-intizamı qorumaq üçün hakimlərlə yalnız komanda kapitanlarının danışa bilməsi kimi yeni qaydalar sınaqdan keçiriləcək.

 

Sensorlu toplar

Dünya Çempionatında sensorla təchiz edilmiş yeni nəsil toplardan istifadə olunacaq. Topun daxilinə yerləşdirilən xüsusi sensor ona hər toxunuşun dəqiq mövqeyini qeydə alacaq. Məlumat üçün qeyd edək ki, 2022-ci il Dünya çempionatında bu sensor topun daxilində naqillərlə asılmış vəziyyətdə yerləşdirilmişdi. Yeni modeldə isə sensor topun xarici qatındakı hissələrdən birinin içərisinə yerləşdirilib. Əldə olunan məlumatlar stadion ətrafında quraşdırılmış 12 kamera ilə birləşdiriləcək. Kameralar topun və meydandakı hər bir futbolçunun mövqeyini saniyədə 50 dəfə izləyəcək. Bütün məlumatlar real vaxt rejimində VAR sisteminə ötürüləcək və qol epizodları ilə ofsayd qərarlarının müəyyənləşdirilməsində istifadə ediləcək. Sensorun olduqca yüngül olduğu, futbolçular tərəfindən hiss edilmədiyi və batareyasının altı saata qədər işlədiyi bildirilib.

 

Debütantlar

Futbol üzrə dünya çempionatının 48 iştirakçıya qədər genişləndirilməsi təkcə turnirin formatını deyil, həm də coğrafiyasını dəyişib. DÇ-2026-da eyni anda dörd debütant - Özbəkistan, İordaniya, Kabo-Verde və Kürasao milli komandası çıxış edəcək. Lakin daha az maraqlı olmayan başqa bir məqam da var: bir neçə yığma çox uzun fasilədən sonra yenidən dünya səhnəsinə qayıdır. Məhz buna görə qarşıdakı mundial artıq indidən iştirakçı tərkibinə görə ən qeyri-adi turnirlərdən biri kimi görünür.

Debütantlar arasında xüsusilə Özbəkistan seçilir. “Ağ canavarlar” mundiala çıxmaq üçün səkkizinci cəhddə istəyinə çatdı.  Vacib məqam ondan ibarətdir ki, bu, təsadüfi uğur deyil, millinin uzunmüddətli və sistemli inkişafının nəticəsidir.

İordaniya da tarixində ilk dəfə mundiala 5 iyun 2025-ci ildə vəsiqə qazanıb. Komanda Oman milli komandasını Əli Olvanın het-triki sayəsində 3:0 hesabı ilə məğlub edib, daha sonra isə Cənubi Koreya milli komandasının İraq milli komandası üzərində qələbəsini gözləyərək mundiala çıxışını rəsmiləşdirib. Bu, İordaniyanın 11-ci cəhdi idi. Komanda debütə autsayder kimi deyil, son illərdə ciddi irəliləyiş əldə etmiş və Asiya səviyyəsində rəqabətədavamlı olduğunu sübut etmiş yığma kimi gəlir.

Kabo-Verde turnirin ən parlaq debütantlarından biridir. Təxminən 600 min əhalisi olan kiçik ada dövləti Afrika seçmə qrupunda Kamerun milli komandasını dörd xal qabaqlayaraq birinci olub. Həlledici oyun Esvatini milli komandası üzərində 3:0 hesablı qələbə ilə başa çatıb. Bu uğur xüsusilə dəyərlidir, çünki komanda yalnız turnirin genişləndirilməsindən faydalanmayıb, güclü rəqabətdə qalib gəlib. Azərbaycanlı azarkeşlər üçün daha bir maraqlı detal var: yığmanın heyətində Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Leandro Andrade çıxış edir. Amma onun mundiala gedib-getməyəcəyi yaxın həftə məlum olacaq.

Kürasao DÇ-2026-nın ən ekzotik debütantıdır. Bu yığma tarixində ilk dəfə mundiala çıxıb və dünya çempionatına vəsiqə qazanan ölkələr arasında əhali sayına görə ən kiçik dövlət olub. Komandanın turnirə yolu çox inamlı alınıb: seçmə mərhələni məğlubiyyətsiz keçərək qrupunu birinci pillədə başa vurub. Eyni zamanda Kürasao millisinin heyəti əsasən Niderland futbol köklərinə malik oyunçulardan formalaşıb ki, bu da komandanı təşkilatlanmış və taktiki baxımdan intizamlı edir.

Debütantlarla yanaşı uzun fasilədən sonra yenidən dünya çempionatında oynayacaq komandaları qeyd etmək lazımdır. Haiti milli komandası 1974-cü ildən sonra ilk dəfə dünya çempionatına qayıdır və bu, ölkənin tarixində cəmi ikinci iştirak olacaq. Komanda seçmə mərhələdə çətin şəraitdə mübarizə aparıb, ev oyunlarını məcburən ölkə xaricində keçirib ki, bu da uğuru daha da dəyərli edir.

Konqo Demokratik Respublikasının milli komandası da 1974-cü ildən sonra ilk dəfə mundiala qayıdır. Həmin vaxt komanda hələ Zair adı ilə çıxış edirdi. Onların yolu ən dramatiklərdən biri olub: həlledici vəsiqə qolu qitələrarası pley-offda əlavə vaxtda vurulub, oyunun özü isə hakimin qıcolma səbəbindən əvəzlənməsi ilə yadda qalıb.

İraq milli komandası da onilliklərdən sonra geri dönür. Yığma 1986-cı ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb və bunu bir neçə pley-off mərhələsini keçərək bacarıb. Bu hadisə ölkə üçün təkcə idman baxımından deyil, milli ruh yüksəkliyi baxımından da böyük əhəmiyyət daşıyır.

Yeni Zelandiya milli komandası 2010-cu ildən sonra ilk dəfə mundialda çıxış edəcək. Maraqlıdır ki, əvvəlki iştirakında komanda heç bir oyunda uduzmasa da, qrupdan çıxa bilməmişdi ki, bu da turnir tarixində ən qeyri-adi nəticələrdən biri hesab olunur.

Türkiyə milli komandası isə 2002-ci ildən sonra ilk dəfə dünya çempionatına qayıdır. Həmin turnirdə bürünc medal qazanan türklər DÇ-2026-nın vəsiqəsini pley-off oyunları vasitəsilə əldə edərək Avropa səhnəsində hələ də ciddi qüvvə olduqlarını təsdiqləyiblər.

Beləliklə, DÇ-2026 artıq indidən təkcə böyük adların deyil, həm də nadir hekayələrin turniri kimi görünür. Debütantlar ambisiyalarla gəlir, uzun fasilədən sonra qayıdan komandalar isə xüsusi motivasiya ilə çıxış edəcək. Məhz belə yığmalar dünya çempionatlarını, həqiqətən, canlı və gözlənilməz edir.

Siyasi vəziyyət və ABŞ-yə səfər üçün viza məsələləri ətrafında yaranan müzakirələrə baxmayaraq, İran millisinin turnirdə iştirakı rəsmən təsdiqlənib. FİFA prezidenti Canni İnfantino rəsmi olaraq bəyan edib ki, İran millisi heç bir maneə olmadan ABŞ-dəki oyunlarına çıxacaq. ABŞ rəsmiləri də idmançıların ölkəyə girişinə icazə veriləcəyini təsdiqləyib. İran Futbol Federasiyası viza prosedurlarını rahat tamamlamaq üçün komandanı Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərib. Turnir zamanı komandanın əsas düşərgə bazası isə FİFA-nın təsdiqi ilə ABŞ-dən Meksikanın Tixuana şəhərinə köçürülüb.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan millisi üçün dünya çempionatına yollanmaq arzu olaraq qalmaqdadır. Yaxın gələcəkdə də bu arzunun reallaşması çətin görünür. Bununla belə azərbaycanlı azarkeşlər dünya çempionatında tribunada yer alacaq. Təxmini hesablamalara görə, 200-ə yaxın azarkeş ABŞ-dəkı matçları izləməyi planlaşdırır.

 

Böyük mükafat

Dünya çempionatının ümumi maliyyə payı rekord həddə – 871 milyon ABŞ dollarına çatdırılıb. Bu rekord məbləğin 703 milyon dolları birbaşa komandaların idman nəticələrinə görə veriləcək xalis mükafat fondunu təşkil edir. Çempion olacaq komanda 50 milyon dollar (Qətər-2022 ilə müqayisədə 8 milyon dollar çox), finalçı isə 33 milyon dollar qazanacaq.

Beləliklə, dünyanın izləyəcəyi futbol bayramı başlayır.

Bayramınız mübarək, əziz azarkeşlər!



MƏSLƏHƏT GÖR:

28