DOĞMA OCAQ HÜQUQU
Bakıda keçirilən WUF13-də qlobal həmrəyliyin arxitekturası necə yenidən dərk olundu?
Müəllif: Sabirə ƏLƏKBƏR
Müasir dünyada “ev” anlayışı çoxdandır ki, “dörd divar və dam” hüdudlarından kənara çıxıb. Bu, hazırda iqlim təhdidlərinin, qlobal maliyyə axınlarının, sosial ədalətin və insan ləyaqətinin möhkəm bağlandığı mürəkkəb bir düyündür. Azərbaycanın paytaxtında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) göstərib ki, bəşəriyyət təhlükəli həddə yaxınlaşıb və bu həddin arxasında şəhərsalmanın ənənəvi iqtisadi modelləri artıq işləmir. Daşınmaz əmlak bazarında təklifin templəri əhalinin real ehtiyaclarından kritik dərəcədə geri qalır. Buna görə də mənzilə tələb təklifi üstələməyə davam edir, dərin bərabərsizlik isə həm meqapolislərin daxilində, həm də bütöv şəhərlər və regionlar arasında dərinləşir.
Adekvat yaşamaq
Tarixi COP29 iqlim sammitinin estafetini qəbul etmiş Bakı bu dəfə WUF13-ü keçirməklə qlobal müzakirələri ən yüksək səviyyədə koordinasiyalı tədbirlərə çevirməyə qadir olan nüfuzlu diplomatik və intellektual platforma statusunu təsdiqləyib.
Bakı görüşlərinin əsas nəticəsini humanizmin köklərinə və kollektiv məsuliyyətə güzəştsiz qayıdış kimi formalaşdırmaq olar. Bu mövqeyi forumun bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bölüşüb. O qeyd edib ki, adekvat mənzillə təminat və dayanıqlı icmaların yaradılması yalnız kollektiv məsuliyyət, koordinasiyalı fəaliyyət və güclü beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. A.Quliyevin sözlərinə görə, forumun keçirildiyi günlər ərzində Bakı qlobal çağırışların həllində həmrəyliyin, tərəfdaşlığın və effektiv çoxtərəfli qarşılıqlı əlaqənin vacibliyini bir daha əyani şəkildə nümayiş etdirib. WUF13-ün mövzusu mənzil məsələsini dünya şəhərsalma gündəliyinin tam mərkəzinə çıxarıb və təsdiqləyib ki, adekvat, əlçatan və təhlükəsiz mənzil təkcə insanın əsas ehtiyacı deyil, həm də onun ləyaqətinin, sosial inklüzivliyin, iqtisadi imkanların və dayanıqlı şəhər inkişafının əsasıdır. Bununla yanaşı, A.Quliyev istənilən qlobal tədbirın həqiqi uğurunu təkcə quru yekun nəticələrlə deyil, həm də onun yaratdığı canlı insani əlaqələrlə ölçüb və bütün iştirakçılara, tərəfdaşlara, təşkilatçılara, tərcüməçilərə və texniki heyətə dərin minnətdarlığını ifadə edib, onların kollektiv ruhu dialoqu birgə tədbirlərə çevirib.
Mütləq prioritet
Dünyada 3 milyard 400 milyondan çox insanı əhatə edən qlobal mənzil böhranı sırf kommersiya və ya urbanistik məsələ olmaqdan çıxıb. Forumun bağlanış mərasimində ADA Universitetinin dosenti və şəhərsalma sahəsində nüfuzlu planlaşdırıcı Anar Vəliyev birbaşa bəyan edib ki, bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə problemlərinin nəticəsidir. O hesab edir ki, mənzil hüququ insanın fundamental hüququ kimi tanınmalı və mütləq prioritet olaraq müəyyən edilməlidir. Təhlükəsiz, əlçatan və ucuz mənzil ümumi gələcəyimizin ayrılmaz hissəsidir və ictimai məkanlar, məktəblər, səhiyyə sistemi və digər həyati əhəmiyyətli xidmətlərlə birlikdə vahid bölünməz sistem təşkil edir. A.Vəliyev vurğulayıb ki, növbəti onillik Yeni Şəhərsalma İnkişaf Proqramının həyata keçirilməsini sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məsələsində tərəqqini ölçmək üçün “fəaliyyət onilliyi” olmalıdır. Bu baxımdan ölkələr aydın öhdəliklər götürməli, uğurlu proqramları sənədləşdirməli və onların həyata keçirilməsi təcrübəsini fəal şəkildə bölüşməlidir.
Yenilənmə vaxtıdır
Dünyadakı vəziyyət bir çox dövlətin milli strategiyalarının reallıqdan ümidsiz dərəcədə geri qalması ilə daha da ağırlaşır. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Təhlil Şöbəsinin nümayəndəsi Matteys van Ostrum ekspertlərin diqqətini əksər ölkələrin mənzil siyasətinin 10 ildən çox əvvəl qəbul edildiyinə yönəldib. BMT eksperti vurğulayıb ki, dövlətlər böhranın dəyişən xarakterini nəzərə alaraq, qanunvericiliyi Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri daxil olmaqla, yeni qlobal çərçivələrlə inteqrasiya edərək milli mənzil siyasətlərini təcili yeniləməlidirlər. Onun sözlərinə görə, miqrasiya, ictimai nəqliyyatın əlçatanlığı və boş, istifadəsiz yaşayış fondu problemi kimi kritik əhəmiyyətli məsələlər milli siyasətlərdə hələ də kifayət qədər nəzərə alınmır. Bu gün yalnız çox az sayda dövlət yerli sakinlərin yaşayış şərtlərinə və boş yaşayış obyektləri probleminə diqqət yetirir. Milli mənzil siyasəti fiziki olaraq təminatın mütləq bütün tərəflərini əhatə edə bilmədiyi üçün ekspert dövlətləri kompleks yanaşma tətbiq etməyə, müdafiəsiz istiqamətləri aşkar etməyə və onları strategiyaların yenidən nəzərdən keçirilməsi prosesinə inteqrasiya etməyə çağırdı. O, həmçinin əlavə edib ki, yaradılmış Adekvat Mənzil üzrə Açıq İşçi Qrupu 2029-cu ilə qədər bu inteqrasiya olunmuş modelləri fəal şəkildə müzakirə edəcək və UN-Habitat artıq bu sahədə yeni normativ işləmələr gözləyir.
“Ağıllı mənzil” sistemləri
Hüquqları bəyan etmək və sənədləri dəyişdirmək, hər halda, onların maddi əsasını təmin etməkdən xeyli asandır: xüsusən sürətlə dəyişən iqlim dövründə. Sessiyanın yekunlarına görə qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırış”la açıq şəkildə etiraf edilir ki, ekoloji kataklizmlər mənzil müdafiəsizliyinin və əhalinin məcburi köçürülməsinin əsas katalizatoruna çevrilib. Təkrarlanan daşqınlar, quraqlıqlar, biomüxtəlifliyin itirilməsi, ətraf mühitin çirklənməsi, ekstremal istilər və havanın keyfiyyətinin pisləşməsi insanların sağlamlığına, ekosistemlərə və dolanışıq mənbələrinə dağıdıcı təsir göstərir. İqlim dəyişiklikləri ərazilərin yaşayış üçün yararlılığına mənfi təsir göstərir və həssas icmaları evlərini tərk etməyə məcbur edir.
“Bakı Fəaliyyətə Çağırış”ı iqlim dayanıqlılığını möhkəmləndirməyə, biomüxtəlifliyi qorumağa və təbiətyönümlü həllər, yerli icmaların təşəbbüsləri və iqlim ədaləti prinsiplərinə əsaslanan lokal uyğunlaşdırılmış yanaşmalar vasitəsilə ətraf mühitə mənfi təsiri azaltmağa qadir mənzil sistemlərinin yaradılmasını tələb edir. Bu yeni urbanistik reallığa gedən yolda əsas maneə dünya maliyyəsinin paradoksal arxitekturası olaraq qalır. BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan emosional və dərin çıxışında bəyan edib ki, qlobal maliyyələşdirmə kəsiri əlçatan mənzilə artan tələbin ödənilməsi üçün əsas maneədir. Qlobal miqyasda dayanıqlı inkişaf fondlarında trilyonlarla ABŞ dolları toplanır, lakin çoxtərəfli inkişaf institutları tərəfindən özəl əmanətçilər üçün risklərin azaldılması mexanizmlərinin olmaması səbəbindən bu vəsaitlər ən çox ehtiyacı olan regionlara yönəldilmir. R.Qrinspan daxili maliyyənin səfərbərliyini hazırda dünya bazarında olan, lakin ən vacib yerlərə çatmayan trilyonlarla dolların cəlb edilməsi ilə birləşdirməyin zəruriliyini vurğulayıb. Tikintinin lazımi miqyasına nail olmaq üçün kombinə edilmiş modellər tələb olunur. Onlar dövlət vəsaitlərini, özəl investisiyaları və ailələrin şəxsi yığımlarını, həmçinin ən həssas əhali təbəqələri üçün kapitalın dəyərini azaldan effektiv ipoteka sistemlərini birləşdirməlidir. 1990-cı illərdə Kosta-Rikanın mənzil tikintisi naziri vəzifəsində işlədiyi dövrdəki şəxsi təcrübəsini bölüşən R.Qrinspan qeyd edib ki, bu fəaliyyət karyerasında ən çətin, eyni zamanda ən faydalı olub, çünki evin əldə edilməsinin insanların həyatını necə köklü şəkildə dəyişdirdiyini və daxili sarsıntıların, zorakılığın və vətəndaşların mövcud sistemdən dərin məyusluğunun qarşısını necə aldığını gözləri ilə görməyə imkan verib.
İqlim riskləri
Bakı forumu iqlim maliyyələşdirməsi ilə şəhərlərin ehtiyacları arasında ən mühüm praktiki körpülər qura bilib. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev forum çərçivəsindəki çıxışında deyib ki, mənzil əlçatanlığının təmin edilməsi mücərrəd siyasi məsələ deyil, insan hüquqlarının fundamental problemidir. Keyfiyyətli yaşayış şərtlərinə bərabər çıxış sosial bərabərsizliyin səviyyəsini azaldır, bu sahədəki kəsir isə dövlətlərdə daxili qeyri-sabitliyin artmasına səbəb ola bilər. Müasir yaşayış obyektləri iqlim risklərinin mütləq nəzərə alınması ilə inşa edilməlidir, lakin maliyyə vəsaitlərinin çatışmazlığı bu prosesi ciddi şəkildə ləngidır. Bu baxımdan, Y.Rəfiyev Bakının COP29-dakı tarixi uğurunu xatırladıb. Belə ki, həmin tədbir zamanı ölkələr yeni kollektiv kəmiyyət məqsədi üzrə konsensus qərarını qəbul edə biliblər. 300 milyard dollar məbləğində təsdiq edilmiş maliyyə dəstəyi hədəf göstəricisi ehtiyacı olan dövlətlərə təkcə adaptasiya tədbirlərini həyata keçirməyə deyil, həm də iqlimə davamlı evlər tikməyə imkan verəcək. Diplomat qeyd edib ki, COP29 sədrliyi iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması və onlara adaptasiya tədbirlərinin bərabər əhəmiyyətini ardıcıl olaraq müdafiə edib, çünki ən həssas regionlar eyni zamanda kəskin mənzil böhranı yaşayır. Onun fikrincə, aşağı karbonlu şəhər planlaşdırmasının maliyyələşdirilməsinin effektiv mənbəyi, həmçinin məhz Bakıda yekun razılaşmaya nail olunmuş Paris Sazişinin 6-cı maddəsi ilə nəzərdə tutulan karbon bazarları ola bilər.
Mənzil məsələsində bürokratiyaya yox!
Mənzil tikintisi tempinin sürətləndirilməsində qanunvericilik hakimiyyətinin də rolu çox əhəmiyyətlidir. COP29-da BMT-nin iqlim üzrə yüksək səviyyəli lideri, Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai WUF13-də qətiyyətlə bəyan edib ki, bütün dünyada mənzil tikintisini sürətləndirmək və ucuzlaşdırmaq üçün qanunvericilik orqanları bürokratik maneələri və inzibati məhdudiyyətləri qətiyyətlə aradan qaldıraraq çevik və əlverişli tənzimləmə mühiti formalaşdırmalıdır. Onun sözlərinə görə, bürokratik maneələr və inzibati gecikmələr tikinti obyektlərinin son dəyərini əhəmiyyətli dərəcədə artırır və parlamentin rolu məhz bu maneələri aradan qaldıran şəraitin formalaşdırılmasından ibarətdir. N.Arpadarai iştirakçıların diqqətini ona çəkib ki, modul tikinti və evlərin 3D-çapı daxil olmaqla müasir innovativ həllər hələlik ənənəvi üsullarla müqayisədə daha baha başa gəlir. Onların geniş miqyasda tətbiqi və maya dəyərinin azaldılması üçün sistemli dövlət dəstəyi, özəl investisiyaların fəal cəlb edilməsi və istehsal güclərinin məqsədyönlü inkişafı zəruridir.
Güclü praktiki addım
Şəhərlərin iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının (BDK) yüksək səviyyəli iclası isə WUF13-ün həqiqi institusional irsi kimi dəyərləndirilə bilər. Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev koalisiyanın iclasında çıxış edərək vurğulayıb ki, dünya üzrə şəhərlər eyni vaxtda iqlim dəyişikliyinin güclənən fəsadları daxil olmaqla bir neçə istiqamətdə artan təzyiqlə üzləşir. Yaxın illərdə qəbul ediləcək və ya təxirə salınacaq qərarlar onilliklər boyu şəhər inkişafının trayektoriyasını müəyyən edəcək. Koalisiyanın üzvlərinin ilk dəfə bilavasitə urbanistik forum platformasında görüşməsini A.Quliyev təntənəli an deyil, birgə işin davam etdirilməsinə və ən yaxşı təcrübələrin mübadiləsinə yönəlmiş güclü praktiki addım adlandırıb. Bu, Bakıda keçirilən COP29-da başlanan prosesin gələcəyin institutlarında mövqeyini davam etdirdiyini, inkişaf etdirdiyini və gücləndirdiyinin açıq sübutu idi və dünyaya iqlim danışıqlarının güclü öhdəliklərinin, nəhayət, şəhərsalma, mənzil siyasəti və yerli büdcələrdə real və hiss olunacaq şəkildə əks olunduğunu nümayiş etdirir. Azərbaycanın təklif etdiyi BDK təşəbbüsü hər iki qlobal platformanın sədrliklərini bir araya gətirir və gələcəkdə dünya ictimaiyyətinin diqqətini dayanıqlı şəhərlərin maliyyələşdirilməsinin konkret vasitələrinə yönəltməyə imkan verir.
MƏSLƏHƏT GÖR:


25

