23 İyun 2026

Çərşənbə axşamı, 19:18

VƏRDIŞIN TRANSFORMASIYASI

Tommazo Di Covanni: “Biz elə bir məqama çatmalıyıq ki, siqaretlər yalnız muzeylərdə olsun”

Müəllif:

01.06.2026

Bir çox onilliklər ərzində siqaretçəkmə ilə mübarizə əsasən qadağa tədbirləri, vergilərin artırılması və məlumatlandırma kampaniyaları üzərində qurulurdu. Lakin texnologiyaların sürətli inkişafı və istehlakçı vərdişlərinin dəyişməsi tədricən yeni gündəmi formalaşdırır və bu gündəmin mərkəzində zərərin azaldılması konsepsiyası dayanır.

Philip Morris International (PMI) şirkətinin təşkil etdiyi və Stokholmda keçirilən beynəlxalq Technovation Smoke-Free 2026 konfransı məhz bu mövzuya həsr olunmuşdu. Tədbir nikotin bazarının gələcəyini və innovasiyaların siqaretçəkmənin azaldılmasındakı rolunu müzakirə etmək üçün alimləri, tənzimləyici qurumların nümayəndələrini, biznes təmsilçilərini və ictimai səhiyyə sahəsinin ekspertlərini bir araya topladı.

 

İsveç fenomeni

Fotoqrafiya və müasir incəsənət üzrə tanınmış muzey olan Fotografiska-da keçirilən tədbir ənənəvi siqaretlərin keçmişin məhsulu hesab ediləcək bir gələcək ideyası ətrafında qurulmuşdu. Konfransın sonunda siqaretsiz gələcəklə bağlı baxışlarını nümayiş etdirmək məqsədilə təşkilatçılar simvolik olaraq siqaretlərdən ibarət muzey ekspozisiyasını təqdim etdilər.

Yeri gəlmişkən, müzakirələrin məkanı kimi İsveçin seçilməsi kifayət qədər simvolik idi – məhz bu ölkə bu gün dünyada ən aşağı siqaretçəkmə səviyyələrindən birini nümayiş etdirir. Bu dövlətin təcrübəsi getdikcə daha çox ictimai səhiyyə sahəsində vəziyyəti dəyişdirmək üçün texnologiyaların, tənzimləmənin və istehlakçı seçiminin birləşə biləcəyi praktiki nümunəsi kimi nəzərdən keçirilir.

Səbəb ondadır ki, ölkə faktiki olaraq Ümumdünya Səhiyyə Təşkilatının “siqaretsiz hədd” hesab etdiyi göstəriciyə çatıb – bu gün burada əhalinin cəmi təxminən 5,4%-i siqaret çəkir (!)

Konfrans iştirakçıları dəfələrlə İsveçi tütünün zərərinin azaldılması üzrə “canlı laboratoriya” adlandırırdılar. Üstəlik, bir çox ekspertlərin fikrincə, uğurun əsas amili yalnız ənənəvi məhdudiyyətlər və profilaktik proqramlar olmayıb. Tüstüsüz alternativlərin yayılması da mühüm rol oynamışdır.

Nəticələr təkcə tütün istehlakı statistikasında deyil, həm də ictimai səhiyyə göstəricilərində öz əksini tapır. Tədbirdə təqdim olunan məlumatlara əsasən, İsveçdə siqaretlə əlaqəli ölüm halları Avropa İttifaqı üzrə orta göstəricidən təxminən 40% aşağıdır. Bundan əlavə, isveçliləır Avropada siqaretlə əlaqəli xəstəliklərin ən aşağı göstəricilərindən birini nümayiş etdirirlər.

Müzakirələr zamanı tənzimləmə məsələsinə xüsusi diqqət yetirilirdi. Bir çox iştirakçı müxtəlif məhsul kateqoriyalarının nisbi risk səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayırdı. Əslində söhbət universal yanaşmadan siqaretlər və tüstüsüz alternativlər arasındakı real fərqləri nəzərə alan daha diferensial tənzimləmə modelinə keçiddən gedir.

Belə yanaşma həm mütəxəssislər, həm də tənzimləyicilər arasında mübahisələr doğurur. Lakin məhz İsveç təcrübəsi bu gün zərərin azaldılması konsepsiyasının tərəfdarları tərəfindən siqaretlə mübarizənin ənənəvi üsullarına yenidən baxılmasının lehinə ən inandırıcı arqumentlərdən biri kimi istifadə olunur.

 

Qadağalar əvəzinə tənzimləmə

Beləliklə, konfransın ən çox müzakirə olunan mövzularından biri dövlətin nikotin bazarının tənzimlənməsindəki rolu oldu. Məhz burada bu gün ictimai səhiyyənin, biznesin və istehlakçıların maraqları toqquşur.

Zərərin azaldılması konsepsiyasının tərəfdarları hesab edirlər ki, həddindən artıq sərt məhdudiyyətlər əks effektə səbəb ola bilər. Müzakirələr zamanı dəfələrlə qeyd olunurdu ki, tam qadağalar qeyri-qanuni bazarın inkişafını, saxta məhsulların artımını və ənənəvi siqaretlərə tələbatın qorunub saxlanmasını stimullaşdıra bilər.

Bununla yanaşı, konfrans iştirakçıları vurğulayırdılar ki, tüstüsüz məhsullar tamamilə təhlükəsiz deyillər. Onlar siqaret çəkməyən şəxslər və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmayıb. Məhz buna görə də demək olar ki, bütün ekspertlər alıcıların yaşına ciddi nəzarətin, şəffaf keyfiyyət standartlarının və bazarın effektiv tənzimlənməsinin vacibliyindən danışırdılar.

Maraqlıdır ki, bu müzakirələr hər il ÜST-nin təşəbbüsü ilə 31 may tarixində qeyd olunan Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilir. Təşkilatın məlumatlarına görə, hər il tütün istifadəsi 7 milyondan çox insanın ölümünə səbəb olur. Bu statistika xatırladır ki, texnoloji innovasiyalardan asılı olmayaraq əsas məqsəd siqaretçəkmənin və onunla əlaqəli xəstəliklərin miqyasının azaldılması olaraq qalır.

Azərbaycan üçün də bu mövzu aktuallığını qoruyur. Ölkənin ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulması, həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi müasir tənzimləmə sisteminin formalaşdırılmasında mühüm addımlar olub. Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, gələcəkdə ictimai səhiyyə üzrə milli siyasət çərçivəsində nikotin məhsullarının yeni kateqoriyalarının necə nəzərə alınacağı məsələsi qaçılmaz olaraq gündəmə gələcək.

 

İnnovasiyalar strategiya kimi

Tüstüsüz gələcəyin əldə olunmasına dair baxışlarda qlobal dəyişikliklər fonunda dünyanın bir çox ölkələrinin hökumətləri ilə yanaşı, bazarın iri iştirakçılarının strategiyaları da dəyişir. Belə ki, əgər əvvəllər tütün sənayesi yalnız siqaret istehsalı ilə assosiasiya olunurdusa, bu gün ən böyük beynəlxalq şirkətlər öz biznes modellərini transformasiya edirlər.

Belə transformasiyanın ən parlaq nümunələrindən biri PMI-dir. Təqdim olunan məlumatlara əsasən, şirkət 2008-ci ildən etibarən alternativ məhsulların hazırlanmasına 16 milyard ABŞ dollarından çox vəsait yatırıb.

Konfransda çıxış edən PMI-nin kommunikasiya və qarşılıqlı əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni sənayenin mühüm problemini belə ifadə edib: “Niyə biz tütün və nikotin sahəsində innovasiyaları bu qədər fəal şəkildə tətbiq etmirik, bizi nə saxlayır?” O əlavə edib ki, siqaretçəkmənin əsas zərəri yanma prosesi ilə bağlıdır və məhsul yanmadıqda siqaret tüstüsündə olan yüksək konsentrasiyalı toksik maddələr əmələ gəlmir.

Xüsusilə diqqətçəkən məqam şirkətin ənənəvi biznes modelindən imtina istiqamətində nə qədər radikal kurs götürdüyünü etiraf etməsi oldu. Tommazo Di Covanninin qeyd etdiyi kimi, “siqaretlər sayəsində uğur qazanmış tütün şirkəti açıq şəkildə bəyan edib ki, onun məqsədi ona uğur qazandırmış məhsulu əvəz etməkdir”. Yəni əslində söhbət təkcə yeni məhsulların bazara çıxarılmasından deyil, sənayenin dərin struktur transformasiyasından gedir. PMI nümayəndəsinin sözlərinə görə, bu gün tədqiqat və inkişaf büdcəsinin 99,7%-i məhz tüstüsüz məhsullara yönəldilir.

Bununla belə, şirkət nümayəndələri etiraf edirlər ki, proses başa çatmaqdan hələ çox uzaqdır. “Bütün dünyada hələ də bir milyarddan çox insan siqaret çəkir. Qarşıda çox böyük işlər dayanır”, – deyə Tommazo Di Covanni bildirib və əlavə edib ki, əsas məqsəd siqaretlərin yalnız muzeylərdə yer aldığı gələcəkdir.

Technovation iştirakçıları bu məqsədin tamamilə real olduğu fikrində həmrəy olublar. Əsas məsələ bu sahədə elmi araşdırmaları dayandırmamaq və onların əsasında yaradılmış innovativ həllərin tətbiqini daha da fəallaşdırmaqdır.



MƏSLƏHƏT GÖR:

28