TƏHLÜKƏSİZLİK ELEMENTİ
Azərbaycan və Türkiyə yeni dövrün enerji geosiyasətində iştiraklarını genişləndirir
Müəllif: İlahə MƏMMƏDLİ
Avropa enerji resurslarının tədarükünü şaxələndirməyə çalışır, Mərkəzi Asiya dünya bazarlarına yeni çıxış yolları axtarır, Yaxın Şərq isə qeyri-sabitlik zonası olaraq qalır. Bu şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən nəqliyyat-enerji dəhlizləri xüsusi strateji əhəmiyyət kəsb edir.
II İstanbul Təbii Sərvətlər Zirvəsi göstərib ki, Ankara artıq energetikaya yalnız iqtisadi sektor kimi deyil, həm də geosiyasi təsir, regional inteqrasiya və müstəqilliyinin möhkəmləndirilməsi aləti kimi baxır. Bu zaman Şərqlə Qərb arasında yeni enerji əlaqələrinin formalaşması proseslərinin mərkəzi iştirakçılarından biri kimi Azərbaycanın rolu getdikcə daha ön plana çıxır.
Həm Avropada, həm Asiyada
Son 20 ildə Türkiyə, həqiqətən də, Avrasiya enerji xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün o, genişmiqyaslı və şaxələndirilmiş qaz infrastrukturuna malikdir: beynəlxalq boru kəmərləri, LNG terminalları, üzən reqazifikasiya qurğuları, yeraltı qaz anbarları, eləcə də öz dərin su qazma gəmiləri donanması. Ankara 39 ölkədən 50-dən çox beynəlxalq şirkətdən qaz alır və tədricən Avropanın ən mühüm enerji mərkəzlərindən birinə çevrilir.
Bununla yanaşı, Türkiyənin strategiyası çoxdan yalnız tranzit rolunun çərçivəsindən kənara çıxıb. Ankara idxaldan asılılığı azaltmaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirmək məqsədilə paralel olaraq resurs bazasını fəal şəkildə inkişaf etdirir. Türkiyənin yeni enerji siyasətinin rəmzi isə Qara dənizdəki “Sakarya” yatağıdır. Orada qaz hasilatı artıq sutkada 9,5 milyon kubmetrə çatıb, yeni üzən platformaların yaxın illərdə istifadəyə verilməsindən sonra isə bu həcmlərin bir neçə dəfə artırılması planlaşdırılır. Elan edilmiş planlar həyata keçirildiyi təqdirdə Türkiyə daxili tələbatının əhəmiyyətli hissəsini öz qazı hesabına ödəyə biləcək.
Ankaranın enerji strategiyasında Şırnak əyalətindəki “Qabar” neft yatağı da az əhəmiyyət kəsb etmir. Prezident Rəcəb Tayyib Ərdoğan bunu ölkə tarixində ən böyük neft kəşfi adlandırıb - o, artıq bütün daxili neft hasilatının 44%-ni təşkil edir. Bununla yanaşı, Türkiyə geoloji-kəşfiyyat işlərinin coğrafiyasını genişləndirməyə davam edir. Xüsusilə, Diyarbəkirdə yeni perspektivli sahələr müəyyən edilib və yaxın illərdə orada 24 quyunun qazılması nəzərdə tutulur. “Biz həm ölkə daxilində, həm də xaricdə fəaliyyətimizi davam etdirəcəyik ki, “Turkish Petroleum” sutkada 1 milyon barel neft və təbii qaz hasil edən şirkətə çevrilsin”, - Ərdoğan bəyan edib.
Bununla yanaşı, Ankara tədricən milli sərhədlər xaricində iştirakını genişləndirir, energetikanı xarici iqtisadi və geosiyasi təsirin əsas alətlərindən birinə çevirir. Sammitdə Somali sahillərindəki qazma işlərinə, Pakistandakı layihələrə, Liviya, Suriya və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Faktiki olaraq Türkiyə energetika, infrastruktur və resurslara çıxışın vahid siyasətin qarşılıqlı əlaqəli elementlərinə çevrildiyi yeni strateji iştirak modeli formalaşdırır.
Çoxtərəfli ittifaq
Avrasiya energetikasının formalaşan arxitekturasında Azərbaycan Türkiyə üçün xüsusi yer tutur. Bakı ilə Ankara arasında əməkdaşlıq uzun müddətdir ki, neft və qaz tədarükünün ənənəvi modelinin çərçivəsindən kənara çıxaraq bütün regionun enerji və geoiqtisadi dayanıqlılığının əsas amillərindən birinə çevrilib.
Məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri Xəzərdən Avropaya qədər məkanın yeni enerji konfiqurasiyasının əsasını təşkil edib. Bu marşrutlar yalnız enerji resursları tədarükünün şaxələndirilməsini təmin etməyib, həm də Cənubi Qafqazı Avrasiya infrastrukturunun ən mühüm qovşaqlarından birinə çevirib.
Sammitdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov müasir şəraitdə enerji gücünün artıq yalnız hasilat həcmləri ilə müəyyən edilmədiyini vurğulayıb. Tədarükün təhlükəsizliyi, infrastrukturun qarşılıqlı əlaqəliliyi və strateji tərəfdaşlığın etibarlılığı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Məhz buna görə Azərbaycan və Türkiyə tədricən əməkdaşlığı yalnız neft-qaz sahəsində deyil, həm də elektroenergetika, eləcə də “yaşıl enerji” sahəsində genişləndirir.
Bu məsələlər Pərviz Şahbazovun Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşünün mərkəzi mövzularından biri olub. Tərəflər Azərbaycandan Naxçıvan və Gürcüstan vasitəsilə elektrik enerjisinin ötürülməsi üzrə yeni layihələri, eləcə də Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya enerji tədarükünün perspektiv marşrutlarını müzakirə ediblər.
Bu məqamda qeyd edək ki, hazırda Zəngəzur dəhlizi sadəcə nəqliyyat marşrutu deyil, gələcək Avrasiya infrastrukturunun əsas elementlərindən biri kimi əhəmiyyət kəsb edir. Söhbət artıq Xəzər regionunu, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı qaz, elektrik enerjisi, mallar və rəqəmsal kommunikasiyaların tədarükünün vahid sisteminə birləşdirə bilən genişmiqyaslı enerji və geoiqtisadi dəhlizin formalaşmasından gedir.
Layihənin enerji komponenti həyata keçirildiyi təqdirdə Azərbaycan Naxçıvan və Ermənistan ərazisi vasitəsilə elektrik enerjisini Türkiyəyə, oradan isə Avropa bazarlarına ixrac edə biləcək. Bu, yalnız ənənəvi enerji resurslarının deyil, həm də Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində istehsal olunan “yaşıl enerji”nin nəqli imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Bu fonda xüsusi əhəmiyyət Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik interkonnektoru layihəsi kəsb edir. O, artıq Avropa ilə Asiya arasında gələcək enerji inteqrasiyasının bir hissəsi kimi nəzərdən keçirilir. Elektrik enerjisinə tələbin sürətli artımı, data mərkəzlərin inkişafı, rəqəmsal iqtisadiyyat və bərpa olunan enerji mənbələrinə sürətləndirilmiş keçid şəraitində bu cür layihələr bütün Avrasiya üçün vacib olur.
Yeni istiqamətlər
Türkiyə ilə strateji tərəfdaşlığın inkişafı ilə paralel olaraq Azərbaycan enerji əməkdaşlığının coğrafiyasını ənənəvi istiqamətlərdən daha da kənara genişləndirir. Məsələn, onlardan biri Afrika regionudur. Azərbaycanın energetika nazirinin Somalinin neft və mineral resurslar naziri Dahir Şire Məhəmmədlə görüşündə birgə İşçi qrupunun yaradılması, neft-qaz sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanın Somalinin enerji layihələrində iştirakı, eləcə də somalili tələbələrin Azərbaycan universitetlərində neft-qaz ixtisasları üzrə hazırlanması müzakirə olunub.
Türkiyənin Somalidəki fəaliyyəti bu dialoqa xüsusi əhəmiyyət verir. Ankara artıq orada ilk xarici dərin su qazma missiyasını həyata keçirir və onun yaxın 6-9 ay ərzində başa çatması gözlənilir. Bu fonda Bakı ilə Ankaranın Afrikada yeni əməkdaşlıq formatı formalaşmağa başlayır ki, bu da iki ölkənin birgə enerji iştirakının Cənubi Qafqazdan kənara genişləndirilməsi üçün əsas ola bilər.
Bundan başqa, Türkiyə paralel olaraq qonşu Suriyada da enerji fəallığını gücləndirir. Türkiyə prezidentinin bəyan etdiyi kimi, Ankara yeni Suriya hökuməti ilə həm neft və faydalı qazıntıların hasilatı sahəsində, həm də dağ-mədən sənayesinin inkişafında əməkdaşlığı davam etdirir.
Azərbaycanın Suriyanın enerji təminatında iştirakı da böyük əhəmiyyət kəsb edir: xatırladaq ki, 2025-ci ilin avqustunda Bakı Türkiyə ərazisi vasitəsilə Suriyaya qaz tədarükünə başlayıb və ilk mərhələdə onların həcmi ildə 1,2 milyard kubmetr təşkil etməlidir. Layihənin həyata keçirilməsinin 1200-1300 meqavat elektrik enerjisinin istehsalını təmin edəcəyi gözlənilir ki, bu da Suriya enerji infrastrukturunun bərpası üçün son dərəcə vacibdir.
Eyni zamanda Azərbaycan Qara dəniz regionunda da mövqelərini möhkəmləndirir. Pərviz Şahbazovun Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşü zamanı isə qaz təchizatının sabitliyi və enerji infrastrukturunun inkişafı məsələləri müzakirə olunub. Son illərdə qaz tədarükünün ənənəvi marşrutlarından asılılığı fəal şəkildə azaltmağa çalışan Kişineu üçün Azərbaycanla əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Həmçinin İstanbul sammitinin əsas istiqamətlərindən biri “yaşıl enerji” və yeni transregional enerji marşrutlarının formalaşması mövzusu olub. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edən ölkələrin üçüncü nazirlər görüşü keçirilib. Görüş zamanı qeyd olunub ki, məhz COP29-da Azərbaycan “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi”nin yaradılması təşəbbüsünü irəli sürüb. Layihə üzrə texniki tapşırıq artıq tam hazırlanmış və tərəflərlə razılaşdırılıb.
Elektrik enerjisinə tələbatın sürətlə artması və transsərhəd enerji əlaqələrinin əhəmiyyətinin güclənməsi fonunda iştirakçılar layihənin vacibliyini vurğulayıblar. Onun həyata keçirilməsini sürətləndirmək üçün enerji dəhlizinin inkişafı üzrə növbəti addımları müəyyən edəcək tamhüquqlu yol xəritəsinin ən qısa müddətdə hazırlanması barədə razılığa gəliblər.
Yeri gəlmişkən, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili sammit zamanı qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin əməkdaşlığı bütün regionun strateji əhəmiyyətini xeyli artırır. Onun sözlərinə görə, qlobal qeyri-sabitlik şəraitində Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilir.
Tbilisi xüsusilə 2029-cu ildə ilk gəmilərin qəbul ediləcəyinin gözlənildiyi Anakliya dərin su limanı layihəsinə və Cənubi Qafqaz və Avropanın enerji sistemlərini birləşdirəcək Qara dəniz sualtı kabeli layihəsinə ümid bəsləyir. Enerji dəhlizləri ilə birlikdə Anakliya limanı Orta Dəhlizin səmərəli fəaliyyəti üçün vahid infrastruktur platforması formalaşdırmalı və Gürcüstanın regional nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da möhkəmləndirməlidir. Layihəyə əlavə əhəmiyyət onun rəsmi olaraq Avropa İttifaqının qarşılıqlı maraq layihələrinin siyahısına daxil edilməsi faktı verir ki, bu da Brüsselin dəstəyini göstərir.
Beləliklə, regiondakı bütün bu proseslərdə Ankaranın son məqsədi tam enerji müstəqilliyidir. Lakin söhbət yalnız daxili müstəqillikdən getmir. Türkiyə faktiki olaraq ölkənin Asiya ilə Avropa arasında enerji resurslarının, elektrik enerjisinin, kritik əhəmiyyətli mineralların və nəqliyyat axınlarının paylanmasının əsas mərkəzlərindən birinə çevrildiyi model qurur.
Azərbaycan üçün bu proseslərdə iştirak sadəcə ixrac imkanlarının genişləndirilməsi demək deyil: Bakı tədricən Avropa, Türkiyə, Mərkəzi Asiya və Xəzər regionunun maraqlarının birləşdiyi yeni Avrasiya enerji sisteminin əsas qovşaqlarından birinə çevrilir.
MƏSLƏHƏT GÖR:




28

