23 İyun 2026

Çərşənbə axşamı, 19:18

KAPİTALIN ARXİTEKTURASI

Niyə mənzil XXI əsrin əsas iqtisadi çağırışına çevrilir?

Müəllif:

01.06.2026

Qlobal mənzil böhranı tədricən sosial problemdən dövlətlərin və şəhərlərin iqtisadi inkişaf tempini müəyyən edən əsas amillərdən birinə çevrilir. Urbanizasiyanın artması, demoqrafik təzyiq, tikinti xərclərinin yüksəlməsi və maliyyə resurslarının məhdudluğu yeni reallıq formalaşdırır ki, burada əlçatan mənzil təkcə əhalinin həyat keyfiyyəti məsələsi deyil, həm də iqtisadi rəqabətqabiliyyətliliyin ən mühüm elementi olur.

Məhz buna görə mənzil və şəhər infrastrukturunun maliyyələşdirilməsi mövzusu ilk dəfə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) mərkəzi yer tutub.

 

Mənzil təminatı ilə bağlı fərq

Son onilliklərdə mənzilin əlçatanlığı həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri eyni dərəcədə əhatə edən universal problemə çevrilib. Üstəlik, söhbət təkcə mənzilin dəyərindən deyil, həm də dövlət institutlarının sürətlə artan tələb fonunda zəruri təklifi təmin etmək qabiliyyətindən gedir.

Avropa İnvestisiya Bankının (EIB) mənzil, şəhərlər və regionlar şöbəsinin rəhbəri Luis Ebrero Rodriqesin qeyd etdiyi kimi, əsas problemlərdən biri sahənin həddindən artıq tənzimlənməsi olaraq qalır. Onun sözlərinə görə, ümumavropa mənzil planı əsasən sahənin inkişafını məhdudlaşdıran əsas amillərdən biri olan bürokratik yükün azaldılmasına yönəlib. O vurğulayıb ki, bundan başqa, bir çox ölkələrdə mənzil sahəsində normativ-hüquqi baza layihələrin effektiv şəkildə həyata keçirilməsi üçün ciddi şəkildə yenidən baxılmasına ehtiyac var.

Simptomatik haldır ki, ənənəvi olaraq bazar mexanizmlərinə yönəlmiş EIB bu gün getdikcə daha tez-tez bazarın problemi müstəqil həll edə bilmədiyi sahələrə müdaxilə etməyə məcbur olur. “Biz yalnız bazar uğursuzluqlarının müşahidə edildiyi hallarda - sosial əlçatanlıq, enerji səmərəliliyi və fövqəladə mənzil sahəsində müdaxilə edirik”, - L.E.Rodriqes bildirib.

Dünya Bankı (DB) daha da həyəcanverici bir mənzərə təqdim edib. DB-nin infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov bildirib ki, 2030-cu ilə qədər təxminən 3 milyard insan mənzilin əlçatanlığı problemi ilə üzləşəcək və mövcud tələbi ödəmək üçün təxminən 500 milyon yeni yaşayış obyektinin inşa edilməsi lazımdır.

Bu rəqəmlər dünyanın indiyədək misli görünməmiş miqyasda böhranla üzləşdiyini göstərir. Eyni zamanda problem tikinti sektorunun hüdudlarından kənara çıxır. Mənzil sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edərək, dünya ÜDM-in, orta hesabla, təxminən, 15%-ni formalaşdırır. “Bizim əsas vəzifəmiz əlverişli mühitin formalaşdırılması üçün dövlət resurslarından istifadə etməklə özəl sektorun cəlb edilməsidir”, - V.Levkov hesab edir.

Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndəsi Pin Yen Çeanın fikrincə, əlçatan mənzilin maliyyələşdirilməsinə mane olan üç əsas maneə var: maliyyə almaq tələblərinə cavab verən layihələrin çatışmazlığı, onların hazırlanması mərhələsində kifayət qədər dəstəyin olmaması, həmçinin özəl kapitalın səfərbər edilməsi alətlərinin - qarışıq maliyyələşdirmə, zəmanət mexanizmləri və kredit keyfiyyətinin yüksəldilməsi alətlərinin məhdud tətbiqi.

 

Maliyyə axtarışında

Bu gün dünya üzrə əksər bələdiyyələr uzunmüddətli maliyyə resurslarına çıxışda ciddi məhdudiyyətlər yaşayır.

WUF13 çərçivəsində “Maliyyə cəlbediciliyinə malik bələdiyyələr, rahat şəhərlər. Şəhərlər uzunmüddətli maliyyələşdirməni zəruri miqyasda necə cəlb edə bilər?” adlı panel müzakirəsi keçirilib. Sessiyanın mövzusu bələdiyyə qurumlarının investisiya cəlbediciliyinin gücləndirilməsi və davamlı şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün özəl kapitalın cəlb edilməsinə tələb olunan islahatlar və ilkin şərtlərə fokuslanmışdır.

Asiya İnkişaf Bankının şəhər inkişafı şöbəsinin direktoru Srinivas Sampatın sözlərinə görə, əlçatan mənzilin inkişafı yolunda əsas struktur maneəsi hələ də şəhər administrasiyalarının kifayət qədər kredit qabiliyyətli olmamasıdır.

Problem ondadır ki, müasir şəhərlər getdikcə daha mürəkkəb vəzifələri həll etməyə məcburdurlar: mənzil, nəqliyyat şəbəkələri, kommunal infrastruktur, rəqəmsal xidmətlər və davamlı inkişaf sistemləri qurmaq. Lakin onların maliyyə imkanları çox vaxt son dərəcə məhdud olaraq qalır.

Forumun digər sessiyasında S.Sampatın səsləndirdiyi qiymətləndirmə xüsusilə əhəmiyyətli olub: “Şəhər aqlomerasiyalarına kifayət qədər vəsait axını təmin edilmədən, biz əslində dünya əhalisinin 50%-nin inkişafını ləngidəcəyik”.

Digər ciddi problem bələdiyyə maliyyə bazarının zəif inkişafıdır. Dünya Bankının qlobal istiqamət rəhbəri Roland Uayt qeyd edib ki, yalnız təxminən 24-25 inkişaf etməkdə olan dövlət bələdiyyələrə kapital bazarlarına effektiv çıxışa imkan verən şəraitə malikdir.

Bununla belə, məhz bələdiyyə istiqrazlarının inkişafı şəhər infrastrukturunun maliyyələşdirilməsinin ən perspektivli alətlərindən biri hesab olunur. İnkişaf etmiş ölkələrdə bu mexanizm çoxdan standart praktikaya çevrilib, lakin inkişaf etməkdə olan dövlətlərin əksəriyyətində bu bazar hələlik yalnız formalaşma mərhələsindədir.

Təsadüfi deyil ki, DB özəl kapitalın səfərbər edilməsi uğrunda getdikcə daha fəal çıxış edir. “Şəhərlərin sistemli inkişafına can atırıqsa, özəl investisiyaların cəlb edilməsi artıq seçim məsələsi olmaqdan çıxıb”, - V.Levkov vurğulayıb.

 

Yeni arxitektura

İndiki mərhələnin əsas xüsusiyyətlərindən biri mənzil siyasətinə yanaşmanın özünün dəyişməsidir. EIB-nin nümayəndəsi Srinivas Sampat hesab edir ki, ayrı-ayrı layihələrin həyata keçirilməsindən əlçatan mənzilin ekosisteminin kompleks proqram şəklində formalaşdırılmasına keçmək vaxtı yetişib. Belə yanaşma nəqliyyat infrastrukturunun, torpaq tənzimləməsinin, maliyyə alətlərinin və sosial dəstək mexanizmlərinin sinxron inkişafını nəzərdə tutur.

Bu kontekstdə Azərbaycan təcrübəsi xüsusi maraq doğurur. Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov bəyan edib ki, Azərbaycan üçün əsas strategiya şəffaf fiskal-kadastr modelinin inteqrasiyası vasitəsilə daşınmaz əmlak vergisinin daha ədalətli sisteminin formalaşdırılması olmalıdır.

Söhbət bazarın şəffaflığını və şəhər resurslarından istifadənin səmərəliliyini artırmağa imkan verəcək daşınmaz əmlakın idarə edilməsi sisteminə keçiddən gedir.

Azərbaycan maliyyə nazirinin birinci müavini Anar Kərimov isə öz növbəsində mənzil sahəsinin maliyyələşdirilməsinin davamlı mexanizmlərinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, son 20 il ərzində mənzilin maliyyələşdirilməsinin davamlı sistemi təmin edilib, 58 min ipoteka müqaviləsi bağlanıb.

Dövlət investisiyalarının miqyası da xüsusi əhəmiyyət kəsb edir. A.Kərimovun məlumatına görə, Azərbaycan mənzil tikintisi və azad edilmiş ərazilərin bərpasına 10 milyard dollardan çox vəsait yönəldib: “Biz bunu təkcə sosial məsələ kimi deyil, həm də inkişaf məsələsi kimi nəzərdən keçiririk”.

WUF13-dəki müzakirələr Azərbaycan üçün xüsusilə aktualdır: şəhərlərin sürətli inkişafı, ərazilərin bərpası üzrə genişmiqyaslı proqramlar və mənzil siyasətinin daha da təkmilləşdirilməsi ən yaxşı beynəlxalq təcrübələrin tətbiqini şərtləndirir. Bu isə o deməkdir ki, əlçatan mənzil məsələsi tədricən təkcə sosial vəzifə deyil, həm də ölkənin uzunmüddətli iqtisadi inkişafının əsas amillərindən birinə çevrilir.


MƏSLƏHƏT GÖR:

32