23 İyun 2026

Çərşənbə axşamı, 19:17

BÜTÜN YOLLAR PEKİNƏ APARIR

ABŞ-Rusiya rəqabəti fonunda Çin yeni dünya düzəninin əsas memarı statusunu möhkəmləndirir

Müəllif:

01.06.2026

May ayının son həftələri son dərəcə mühüm siyasi hadisələrlə yadda qalıb. Onların nəticələri, yəqin ki, hələ aylar ərzində hiss olunacaq. Bu hadisələr arasında ABŞ və Rusiya prezidentlərinin Çinə səfərləri, şübhəsiz ki, dünya siyasi gündəliyində mərkəzi yer tutub.

 

Çin üslubunda “təyyarə diplomatiyası”

Donald Tramp və Vladimir Putinin təyyarələri Pekin Şoudu Beynəlxalq Hava Limanına cəmi bir həftə fərqlə eniş ediblər. Lakin onların qarşılanma mərasimlərindəki fərqlər çoxsaylı müşahidəçilərin və ekspertlərin diqqətindən yayınmayıb. Belə ki, Rusiya Prezidentini hava limanında Çinin xarici işlər naziri Van İ qarşılayıbsa, ABŞ-nin dövlət başçısı Çin Xalq Respublikasının sədr müavini Han Çjen tərəfindən qarşılanıb.

Formal və ya protokol baxımından Çin Xalq Respublikasının sədr müavini Han Çjen dövlət iyerarxiyasında xarici işlər naziri Van İdən daha yüksək vəzifəli şəxs hesab olunur. Han Çjen Çin dövlətinin ali rəhbərliyinə daxildir və dövlət başçısının müavini vəzifəsini tutur. Van İ isə xarici siyasət idarəsinin rəhbəri olmaqla yanaşı, eyni zamanda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvüdür.

Lakin Çin siyasi sistemində bu cür protokol detalları həmişə birbaşa şəkildə şərh edilməməlidir. Van İ hazırda Çin xarici siyasətinin ən nüfuzlu simalarından biri olaraq qalır və faktiki olaraq ölkənin diplomatiyasının əsas koordinatorudur. Xarici işlər naziri vəzifəsindən əlavə, o, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının Dəftərxanasına da rəhbərlik edir. Çinin xarici siyasət kursunun strateji idarə olunması məhz bu qurum vasitəsilə həyata keçirilir.

Han Çjen isə ÇXR sədr müavini kimi yüksək dövlət statusuna malik olmasına baxmayaraq, əsasən təmsilçilik və mərasim funksiyalarını yerinə yetirir. Siyasi Büronun Daimi Komitəsindən ayrıldıqdan sonra isə onun real siyasi təsir imkanları nəzərəçarpacaq dərəcədə azalıb.

Bu kontekstdə Putinin məhz Van İ tərəfindən qarşılanması daha çox Moskva ilə Pekin arasında strateji əməkdaşlığın sıx və son dərəcə hörmətə əsaslanan xarakterindən xəbər verirsə, Donald Trampın qarşılanması daha çox dəqiq protokol jesti təsiri bağışlayıb.

Bundan başqa, diqqət çəkən daha bir rəmzi addım var. Pekin Çin Xalq Azadlıq Ordusunun qırıcı təyyarələrini havaya qaldıraraq Rusiya Prezidentinin təyyarəsini Çin sımasında nümayişkaranə şəkildə müşayiət edib. Bu da Moskva ilə Pekin arasında strateji tərəfdaşlığın xüsusi rəmzi kimi geniş şəkildə təqdim olunub. ABŞ Prezidentinin gəlişi zamanı isə belə rəmzi jest nümayiş etdirməyib.

İlk baxışda bütün bunlar əhəmiyyətsiz detallar kimi görünə bilər. Lakin Çin siyasi mədəniyyətində çox vaxt tərəflər arasındakı münasibətlərin həqiqi xarakteri haqqında mühüm məlumatları məhz belə incə məqamlar verir.

 

Pekin və Moskva

Son illərdə Moskva ilə Pekin arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əgər 2010-cu illərdə tərəflər əsasən “praqmatik tərəfdaşlıq” formatını qoruyub saxlayırdılarsa, 2022-ci ildən sonra və Rusiyanın Qərblə münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda Moskva-Pekin tandemi faktiki olaraq formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas elementlərindən birinə çevrilib. Genişmiqyaslı sanksiya təzyiqləri şəraitində Moskva Şərqə dönüş siyasətini sürətləndirib, Çin isə Rusiya iqtisadiyyatında, energetikasında və logistikasında öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmək imkanı əldə edib. Hazırda Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 260 milyard ABŞ dollarını ötüb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə bu göstərici təxminən 108 milyard dollar təşkil edib. Beləliklə, cəmi beş il ərzində qarşılıqlı ticarətin həcmi iki dəfədən çox artıb. Bununla yanaşı, ticarətin strukturu kifayət qədər qeyri-mütənasibdir. Rusiya neft, qaz, kömür, kənd təsərrüfatı məhsulları və metallarla bağlı ixracı artırdığı halda, Çin sənaye avadanlıqları, avtomobillər, elektronika, telekommunikasiya məhsulları və ikili təyinatlı komponentlərin ixracını genişləndirir.

Səfər zamanı energetika sahəsi yenə diqqət mərkəzində olub. Rusiya Çin iqtisadiyyatı üçün əsas quru enerji resursları təchizatçılarından biri kimi mövqeyini davamlı olaraq möhkəmləndirir. 2025-ci ilin yekunlarına görə, Rusiyadan Çinə neft tədarükü 110 milyon tonu ötüb, “Sibirin gücü” qaz kəməri ilə qaz ixracı isə layihə üzrə nəzərdə tutulmuş illik 38 milyard kubmetrlik həcmə yaxınlaşıb.

Eyni zamanda tərəflər “Sibirin gücü-2” layihəsinin müzakirəsini davam ediblər. Bu layihə potensial olaraq Monqolustan ərazisindən keçməklə illik qaz tədarükünə əlavə 50 milyard kubmetr “mavi yanacaq”əlavə edə bilər.

Bununla belə, Pekin Moskvaya keçmiş illərdə Avropa enerji bazarında mövcud olan şərtlərə bənzər imkanlar təqdim etməyə tələsmir. “Sibirin gücü-2” üzrə danışıqlar artıq bir neçə ildir ki, qiymət, həcm və kommersiya şərtləri ilə bağlı fikir ayrılıqları səbəbindən davam edir. Çin ehtiyatlı davranmağa çalışır. Burada anlayırlar ki, Moskvanın alternativləri çox deyil və buna görə də hələ də daha sərfəli şərtlər əldə etmək üçün danışıqları davam etdirmək mümkündür.

Beləliklə, Putinin səfəri hansısa sıçrayış xarakterli meqasazişlərin elan olunması ilə nəticələnməsə də, mühüm bir tendensiyanı nümayiş etdirib – Rusiya ilə Çin arasında qarşılıqlı asılılıq institusional şəkildə dərinləşir.

Danışıqlar zamanı tərəflər sənaye kooperasiyası, elm, təhsil, logistika, rəqəmsal texnologiyalar, nəqliyyat, maliyyə hesablaşmaları və humanitar əməkdaşlıq sahələrini əhatə edən təxminən iyirmi sənəd imzalayıb.

Bu gün Moskva ilə Pekin faktiki olaraq Qərbin maliyyə və logistika mərkəzlərindən daha az asılı olan alternativ Avrasiya iqtisadi məkanını formalaşdırırlar. Söhbət yalnız ticarətdən getmir. Buraya, həmçinin öz hesablaşma infrastrukturunun, nəqliyyat marşrutlarının, rəqəmsal platformaların və texnoloji zəncirlərin tədricən yaradılması daxildir.

Bu şəraitdə Putinin Çin səfəri daha geniş mənada Avrasiya istiqamətində davam edən geosiyasi dəyişikliklərin əks olunması idi. Dünya tədricən bir güc mərkəzinin qeyd-şərtsiz hökmranlığı modelindən uzaqlaşır və rəqabət aparan bloklar, logistika məkanları və texnoloji təsir zonalarından ibarət daha mürəkkəb sistemə keçir. Bu mənada Rusiya ilə Çinin yaxınlaşması yeni dünya düzəninin formalaşmasında əsas amillərdən birinə çevrilir. O, energetika, beynəlxalq ticarət, nəqliyyat marşrutları, maliyyə arxitekturası və qlobal siyasətdə qüvvələr balansına birbaşa təsir göstərir.

 

Amerika-Çin dialoqunda geosiyasət

ABŞ Prezidentinin son doqquz ildə Çinə ilk dövlət səfərini isə birmənalı olaraq ilin ən mühüm geosiyasi hadisələrindən saymaq olar. Bu səfər dünya sistemində baş verən yenidənqurmanın miqyasını və Çin-ABŞ rəqabətinin beynəlxalq münasibətlərin gələcək arxitekturası üçün artan əhəmiyyətini əyani şəkildə ortaya qoyub.

Bundan əvvəl Donald Tramp Pekinə rəsmi səfərini 2017-ci ildə, prezidentliyinin ilk dövründə etmişdi. Maraqlıdır ki, ABŞ Prezidenti vəzifəsində olduğu müddət ərzində Co Bayden bir dəfə də olsun Çinə rəsmi səfərə yollanmayıb.

Sirr deyil ki, iki lider arasındakı danışıqlar İran ətrafındakı böhran, Tayvanda davam edən qeyri-sabitlik, Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı risklər, iki dövlət arasında texnoloji rəqabətin dərinləşməsi və qlobal iqtisadi arxitekturanın transformasiyası fonunda yüksək geosiyasi gərginlik şəraitində keçib. Bununla yanaşı, Çin Tayvan məsələsində öz “qırmızı xətləri”ni dərhal müəyyənləşdirərək açıq şəkildə bildirib ki, xarici qüvvələrin, ilk növbədə, ABŞ-nin Tayvanı ən yeni silah sistemləri ilə gücləndirmək cəhdlərinə sərt reaksiya veriləcək.

Vaşinqton isə Pekindən Tehranın “cilovlanması” prosesində daha fəal iştirak etməsini gözləyirdi. Söhbət Hörmüz boğazı bölgəsindən enerji nəqlinin sabitliyinin təmin olunmasına nail olmaqdan gedirdi. Lakin Pekin ənənəvi olaraq ehtiyatlı mövqe tutaraq İrana qarşı birbaşa təzyiqləri dəstəkləməkdən imtina edib.

Səfərə genişmiqyaslı diplomatik hazırlıq görülsə də, ABŞ Prezidenti Pekində xüsusi hörmətlə qarşılansa da, sammit əsas strateji məsələlər üzrə fundamental kompromislərin əldə olunması ilə nəticələnməyib. Əslində görüş göstərib ki, ABŞ ilə Çin tədricən “idarə olunan rəqabət” modelinə keçirlər. Bu modeldə tərəflər sərt rəqabəti davam etdirir, lakin eyni zamanda gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq üçün mexanizmləri qorumağa çalışır.

Danışıqlarda gözlənildiyi kimi, mərkəzi yeri Tayvan məsələsi tutub. Tayvan Vaşinqtonla Pekin arasında birbaşa hərbi münaqişənin baş verməsi baxımından əsas potensial risk mənbəyi hesab olunur. Çin rəhbərliyi növbəti dəfə son dərəcə sərt mövqe nümayiş etdirərək Tayvanı yalnız ÇXR-in daxili məsələsi kimi qiymətləndirdiyini bildirib, ABŞ tərəfindən adaya göstərilən hərbi-siyasi dəstəyin istənilən formasını olduqca həssas qəbul etdiyini vurğulayıb. Pekin üçün ABŞ-nin Taybeyə silah tədarükü, hərbi qurumlar arasında əlaqələrin genişlənməsi və Tayvanın beynəlxalq iştirak imkanlarının artırılması cəhdləri adanın tədricən siyasi ayrılığa təşviq edilməsi kimi görünür.

Öz növbəsində Donald Tramp administrasiyası Tayvana dəstəyin və hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini formal şəkildə təsdiqləsə də, ada ətrafında yarana biləcək mümkün münaqişəyə mümkün birbaşa hərbi müdaxiləsi ilə bağlı həddindən artıq sərt ictimai ritorikadan yayınmağa çalışıb. Bir çoxları bunu indiki Amerika administrasiyasının Çinlə rəqabəti idarə etməyə üstünlük verdiyinin, iki nüvə dövləti arasında birbaşa müharibəyə aparıb çıxara biləcək ssenarilərdən qaçmağa çalışdığının siqnalı kimi qiymətləndirir.

 

İdarə olunan rəqabət

Danışıqların iqtisadi hissəsi daha praqmatik xarakter daşıyıb. İki iqtisadiyyat arasında yüksək qarşılıqlı asılılıq mövcud olsa da, Vaşinqtonla Pekin qlobal ticarət sisteminin və texnoloji rəqabətin təşkili ilə bağlı prinsipial baxımdan fərqli mövqelərini qoruyub saxlayırlar. Tramp administrasiyası üçün əsas problemlərdən biri nəhəng ticarət balanssızlığı olaraq qalır. 2025-ci ilin yekunlarına görə, ABŞ-nin Çinlə ticarətdəki kəsiri, təxminən, 202 milyard ABŞ dolları təşkil edib. Amerika tərəfi Çini sənayeyə geniş dövlət dəstəyi göstərməkdə, ixracı stimullaşdırmaqda və xarici şirkətlərin Çin bazarının bəzi seqmentlərinə çıxışını məhdudlaşdırmaqda ittiham edir. Lakin ABŞ-nin hazırkı administrasiyası ilk ticarət müharibəsi dövründən fərqli olaraq, artıq Çinlə radikal iqtisadi ayrılmaya deyil, daha çox idarə olunan rəqabət modelinə üstünlük verir. Bunun nəticəsidir ki, danışıqlar zamanı Çin tərəfindən Amerika məhsullarının alışının genişləndirilməsi fəal şəkildə müzakirə olunub. Söhbət, ilk növbədə, mayeləşdirilmiş təbii qazdan, neft və kənd təsərrüfatı məhsullarından gedir.

Medianın məlumatına görə, səfər zamanı Çinin, təxminən, 200 ədəd “Boeing” təyyarəsi alması ehtimalı da müzakirə olunub. Bu, “Airbus” ilə rəqabət və Çin aviasiya sənayesinin artan iddiaları fonunda Vaşinqton üçün mühüm siyasi siqnal ola bilərdi.

ABŞ-nin səfərə gəlmiş nümayəndə heyətinin tərkibi də diqqət çəkib. Trampla birlikdə Pekinə ölkənin ən iri maliyyə, sənaye, enerji və texnologiya şirkətlərinin nümayəndələri gəlmişdi. Onların səfərdə iştirakı Amerika elitası daxilində Çin bazarına çıxışın qorunmasında maraqlı olan və ÇXR ilə tam iqtisadi ayrılmaya qarşı çıxan kifayət qədər nüfuzlu qrupların mövcudluğunu nümayiş etdirib.

Bununla belə, ABŞ-Çin qarşıdurmasının fundamental səbəbləri aradan qalxmayıb. Söhbət artıq sadəcə ticarət kəsirindən deyil, texnoloji liderlik, süni intellekt, mikroelektronika, telekommunikasiya və gələcəyin qlobal iqtisadi arxitekturasına nəzarət uğrunda mübarizədən gedir.

Donald Tramp ilə Si Cinpin arasında keçirilən danışıqların əsas nəticəsi yenə də iki dövlətin kommunikasiya mexanizmlərini qorumağa və rəqabəti idarə olunan çərçivədə saxlamağa hazır olduqlarını nümayiş etdirməsi olub. Ən azı indiki mərhələdə həm Vaşinqton, həm də Pekin nəzarət olunan rəqabətdə, birbaşa qarşıdurma risklərinin azaldılmasında maraqlı olduqlarını göstərirlər. Tərəflərdən heç biri kəskin eskalasiyaya üstünlük vermir.

Dünya getdikcə yeni qlobal düzən sisteminə doğru daha sürətlə hərəkət edir. Bu sistemdə Çin artıq sadəcə güc mərkəzlərindən biri deyil, formalaşmaqda olan Avrasiya və dünya geosiyasi strukturunun əsas elementlərindən birinə çevrilir. Bu baxımdan məşhur “bütün yollar Romaya aparır” ifadəsi bu gün artıq “bütün yollar Pekinə aparır” kimi səslənə bilər.



MƏSLƏHƏT GÖR:

24