AVROPA XƏYALI İLƏ
Hindistan BƏƏ və Aİ ilə yeni ittifaqları möhkəmləndirməyə çalışır
Müəllif: İlqar VƏLİZADƏ
Dünyada gedən proseslərin dinamikasına ciddi təsir göstərmiş may ayının mühüm hadisələri arasında, şübhəsiz ki, Hindistanın Baş naziri Narendra Modinin Avropa ölkələrinə səfəri xüsusi diqqət çəkir. Amma o, bu turnesinə Avropadan deyil, Yaxın Şərqdəkiən yaxın tərəfdaşlarından olan Birləşmiş Ərəb Əmirliklərindən başlayıb.
Beynəlxalq münasibətlər sisteminin və qlobal iqtisadiyyatın yenidən qurulması, qlobal logistika böhranının davam etməsi, eləcə də ABŞ ilə Çin arasında rəqabətin güclənməsi fonunda bu səfər Hindistanın yeni ittifaqları möhkəmləndirmək, strateji planlaşdırmada üfüqləri genişləndirmək, eyni zamanda formalaşmaqda olan çoxqütblü dünyanın əsas güc mərkəzlərindən biri kimi, öz mövqeyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər.
Amma Yeni Dehlinin zahiri özünəinamının və geniş geoiqtisadi iddialarının arxasında ciddi daxili problemlər kompleksi gizlənir. Onun bu fəallığı bir çox cəhətinə görə yalnız imkanların artırılmasını deyil, həm də ölkə iqtisadiyyatı üçün yeni bazarlar, texnologiyalar, investisiyalar, sənayenin müasirləşdirilməsi üçün xarici mənbələr tapmaq ehtiyacının ciddiliyini əks etdirir. Hindistan Avropaya getdikcə daha çox kapitala, texnologiyalara, logistika imkanlarına, onu tamhüquqlu qlobal sənaye mərkəzinə çevirməsini sürətləndirəcək tədarük zəncirlərinə çıxış üçün strateji qapı kimi baxır.
Problem ondadır ki, sürətli iqtisadi artıma baxmayaraq, Hindistan infrastrukturun keyfiyyəti, sənayeləşmə səviyyəsi, istehsal zəncirlərinin dərinliyi və logistikanın səmərəliliyi baxımından Çindən hələ də xeyli geridədir. Ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsi hələ də kifayət qədər qeyri-bərabər inkişaf vəziyyətindədir. Yeni Dehli bir çox hallarda dünyaya artıq formalaşmış Çin sənaye sisteminə alternativ yox, gələcək inkişaf potensialı təklif edir.
BƏƏ – Avropaya tramplin
Modinin BƏƏ-yə səfəri praktik baxımdan, yəqin ki, ən zəngin proqramlı səfər olub. Bu gün məhz bu istiqamət Hindistanın xarici iqtisadi və enerji strategiyasının əsas qovşaqlarından birinə çevrilməkdədir.
Səfərin yekununda tərəflər müdafiə, energetika, infrastruktur və strateji ehtiyatlar sahəsində bir sıra sazişlər imzalayıb. Xüsusi diqqəti iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlıq haqqında çərçivə sazişi cəlb edir. Sənəd birgə müdafiə texnologiyalarının inkişafını, kibertəhlükəsizlik və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığı, birgə hərbi təlimlərin keçirilməsini və hər iki ölkənin müdafiə sənayeləri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Bu sənəddən danışarkən Səudiyyə Ərəbistanı ilə Pakistan arasında ötən ilin sentyabrında imzalanmış “Birgə Strateji Müdafiə Sazişi”ni xatırlamamaq mümkün deyil. BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında davam edən rəqabət şəraitində Əbu-Dabi ilə Ər-Riyad tədricən müvafiq olaraq Hindistan və Pakistanla hərbi əməkdaşlıq elementləri formalaşdırırlar. Halbuki bu iki ölkə arasında uzunmüddətli sərt qarşıdurma mövcuddur.
Bütün bunlar Yaxın Şərqdə geosiyasi parçalanmanın getdikcə dərinləşdiyini göstərir. İndi burada iqtisadi rəqabət hərbi-siyasi qarşıdurma və yeni regional blokların formalaşdırılması ilə bir-birinə qarışıb.
Bundan başqa, səfər zamanı BƏƏ tərəfi Hindistanın infrastrukturuna, bank sektoruna və energetika sahəsinə təxminən 5 milyard ABŞ dolları həcmində investisiya paketi ayırdığını elan edib. Söhbət, o cümlədən logistika, nəqliyyat qovşaqları, maliyyə institutları və rəqəmsal iqtisadiyyat layihələrinə yatırımlardan gedir.
Amma BƏƏ Hindistan üçün həm də onu perspektivli Avropa bazarı ilə birləşdirəcək əsas kommunikasiya qovşaqlarından biri kimi də mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Narendra Modi ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüşdə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi layihəsinə ayrıca diqqət ayrılıb. Əslində söhbət Hindistan, Fars körfəzi ölkələri və Avropa arasında dünya ticarətinin ən həssas ənənəvi marşrutlarından yan keçən yeni logistika arxitekturasının formalaşdırılması cəhdindən gedir. Danışıqlar zamanı Modi BƏƏ rəhbərliyinə “Hindistana ikinci vətən kimi yanaşdığına görə” təşəkkür edib ki, bu ifadələrin işlədilməsi də təsadüf deyil. Nəzərə almaq lazımdır ki, BƏƏ-də 3,5 milyondan çox hindistanlı yaşayır və hind diasporu ölkənin ən böyük və iqtisadi baxımdan ən nüfuzlu icmalarından biri hesab olunur.
Hindistan üçün Avropa üfüqü
Burada əsas diqqət energetikadan çox texnologiyalara, sənayenin lokallaşdırılmasına, logistikaya, müdafiə sahəsində əməkdaşlığa və Qərblə Çin arasında münasibətlərin pisləşməsi fonunda qlobal təchizat zəncirlərinin yenidən qurulmasına yönəlib. Hindistanın Baş naziri Narendra Modinin BƏƏ Avropa İttifaqı rəhbərliyi ilə keçirdiyi görüşlər zamanı əsas diqqət azad ticarət sazişinin reallaşdırılması, Hindistanla Avropa arasında təchizat zəncirlərinin yenidən qurulması məsələlərinə yönəldilib. Söhbət, ilk növbədə, Avropa sənayesinin Çin komponentlərindən asılılığının azaldılmasından, istehsal müəssisələrinin bir hissəsinin Çindən köçürülməsindən, Hindistanın Avropa texnologiyalarına və investisiyalarına çıxışından, həmçinin Qırmızı dənizdəki böhran və dünya ticarətində artan qeyri-sabitlik fonunda logistika marşrutlarının qorunmasından gedir.
Əslində, Brüssel Hindistanı Avropa iqtisadiyyatının Çindən asılılığını azaltmaq strategiyasında əsas tərəfdaşlardan biri kimi nəzərdən keçirir. Bununla yanaşı, obyektiv məhdudiyyətlər də mövcuddur. Hindistanın infrastrukturu, logistik sistemi, enerji təminatı və istehsal gücü hələ də bir çox cəhətdən Çinin imkanlarından geri qalır. Üstəlik, Avropa sənayesi Çinin təchizat zəncirlərinə dərin inteqrasiya olunmuş vəziyyətdədir. Buna görə də söhbət Çinin tam əvəzlənməsindən deyil, risklərin tədricən azaldılmasından, şaxələndirmədən, alternativ istehsal meydançalarının formalaşdırılmasından gedir.
Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizi mövzusu Əbu-Dabidə olduğu kimi, burada da xüsusi diqqət mərkəzində olub. Lakin Aİ ilə aparılan danışıqlarda vurğu layihəyə siyasi dəstəkdən çox, onun Avropanın nəqliyyat və sənaye sistemlərinə praktiki inteqrasiyasına edilib, dəhlizin Aralıq dənizi limanları, Avropa dəmir yolu şəbəkələri, konteyner logistikası, gömrük proseslərinin rəqəmsallaşdırılması və infrastrukturun maliyyələşdirilməsi mexanizmləri ilə əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Brüssel üçün bu marşrut ənənəvi dəniz yollarından asılılığı azaltmaq, eyni zamanda Hindistanı formalaşmaqda olan yeni Avrasiya təchizat zəncirləri sisteminə daxil etmək cəhdidir.
Bütün yollar Romaya aparır
Siyasi baxımdan turnenin ən diqqətçəkən hissəsi Modinin İtaliya səfəri olub. Bu səfər zamanı Yeni Dehli ilə Roma arasında münasibətlərin səviyyəsi rəsmi olaraq “xüsusi strateji tərəfdaşlıq” formatına yüksəldilib. Bu, əlbəttə ki, sadəcə diplomatik ifadə deyil. Tərəflər müdafiə sənayesi, dəniz logistikası, kritik əhəmiyyət daşıyan faydalı qazıntılar, yüksək texnologiyalı istehsal, gəmiqayırma, kənd təsərrüfatı, iqtisadi cinayətkarlığa qarşı mübarizə, elm və təhsil sahəsində mübadilə kimi hərtərəfli əməkdaşlığa dair yol xəritəsini razılaşdırıb.
Hindistan-Yaxın Şərq-Avropa nəqliyyat dəhlizi mövzusu Romada da xüsusi diqqət mərkəzində olub. Hindistan İtaliyanı Cənubi Avropa və Aralıq dənizi regionuna çıxış üçün ən mühüm qapılardan biri hesab edir. Buna görə də danışıqlar zamanı liman infrastrukturunun inkişafı, konteyner logistikası, dəniz daşımaları və nəqliyyat marşrutları ilə bağlı geniş müzakirələr aparılıb.
İtaliyanın Baş naziri Corcia Meloni açıq şəkildə bildirib ki, onun ölkəsi Hindistanı “Avrasiyanın yeni iqtisadi marşrutlarının formalaşdırılmasında təbii tərəfdaş” kimi qəbul edir. Bu, son dərəcə vacib qiymətləndirmədir, çünki söhbət Hindistanın gələcək Avrasiya ticarət arxitekturasına cəlb olunmasından və onun qlobal logistikadakı rolunun artmasının etirafından gedir.
Tərəflər 2029-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini 20 milyard avroya çatdırmaq qərarına gəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə iki ölkə arasında ticarətin həcmi təxminən 16,7 milyard dollar təşkil edib.
Hindistan hökumətinin başçısının turnesi zamanı Şimali Avropa istiqamətinə – İsveç, Norveç və Niderlanda da xüsusi önəm verilib. Burada Hindistan daha çox texnoloji və ekoloji gündəliyi irəli sürüb. Söhbət süni intellekt, yarımkeçiricilər, hidrogen energetikası, sənayenin rəqəmsallaşdırılması, iqlim texnologiyaları və gəmiçilik kimi sahələrdə əməkdaşlıqdan gedir.
Baş nazirin mühüm dayanacaqlardan biri Norveç olub. Orada Hindistan-Şimali Avropa sammiti keçirilib. Bu gün Şimali Avropa ölkələri Hindistan üçün sənayenin modernləşdirilməsi, enerji keçidinin həyata keçirilməsi baxımından zəruri olan texnologiyaların ən mühüm mənbələrindən birinə çevrilməkdədir.
Yeni Dehli və Brüssel: iddialarla reallıqlar arasında
ABŞ ilə Çin arasındakı qlobal qarşıdurma fonunda Hindistan özünü yeni nəhəng istehsal meydanı, eyni zamanda yeni təchizat zəncirlərinin formalaşdırılması üçün ən böyük alternativ platforma kimi təqdim edir. Məhz buna görə Narendra Modinin Avropadakı, demək olar, bütün görüşlərində istehsalın lokallaşdırılması, sənaye güclərinin köçürülməsi, yüksək texnologiyalı məhsulların birgə istehsalı və Avropa iqtisadiyyatının Çindən asılılığının azaldılması məsələləri müzakirə olunub.
Bununla yanaşı, qeyd edilməlidir ki, Çin onilliklər ərzində öz ətrafında limanlardan, yüksək sürətli dəmir yollarından və energetikadan tutmuş komponentlərin, avadanlıqların və texnoloji klasterlərin tam lokallaşdırılmasına qədər geniş sənaye ekosistemi formalaşdırıb. Bir çox sahələrdə Çin müəssisələri istehsalın, demək olar ki, bütün mərhələlərini ölkə daxilində həyata keçirə bilirsə, Hindistan hələ də avadanlıq, elektronika və komponentlərin əhəmiyyətli hissəsinin idxalından asılıdır.
Hindistan üçün əlavə problemlər sırasında bürokratik sistemin həddindən artıq sərt olması, torpaq istifadəsinin tənzimlənməsində çətinliklər, ştatlar arasında infrastrukturun qeyri-bərabər inkişafı, bəzi sahələrdə ixtisaslı kadr çatışmazlığı və nisbətən yüksək logistika xərcləri də var. Bundan başqa, Çin infrastruktur layihələrinin həyata keçirilmə sürəti və dövlətin sənayeyə dəstəyinin miqyası baxımından da böyük üstünlüyünü qoruyur. Odur ki, Avropa Hindistanı Çinin tam əvəzləyicisi kimi deyil, daha çox risklərin şaxələndirilməsi strategiyasının bir elementi, istehsal zəncirlərinin bir neçə güc mərkəzi arasında mərhələli şəkildə bölüşdürülməsi imkanı kimi qiymətləndirir.
Baş nazirin turnesi göstərib ki, Hindistan, eyni zamanda bir neçə paralel geoiqtisadi arxitekturaya inteqrasiya olunmağa çalışır. O, Rusiya ilə münasibətləri saxlayır, ABŞ ilə tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir, Aİ ilə əməkdaşlığı dərinləşdirir, eyni zamanda BƏƏ vasitəsilə Fars körfəzinin ərəb monarxiyaları ilə əlaqələri gücləndirir.
Amma belə çoxistiqamətli siyasət getdikcə daha çox mürəkkəb geosiyasi “kəndirbazlığa” da bənzəməyə başlayır. Uzunmüddətli perspektivdə Yeni Dehli üçün bu tarazlığı qorumaq son dərəcə çətin ola bilər. Qlobal güc mərkəzləri arasında qarşıdurma gücləndikcə, strateji manevr imkanları mütləq azalacaq, Hindistana müxtəlif geosiyasi bloklardan təzyiqlər isə artacaq. Görəsən, Modi turne zamanı bu haqda da düşünübmü?...
MƏSLƏHƏT GÖR:








29

