YENİDƏN UFC
Bakı ən böyük qarışıq döyüş sənətləri turnirinə ev sahibliyi etməyə hazırlaşır
Müəllif: Sənan ŞƏFİZADƏ
"UFC Fight Night Baku" turniri Azərbaycan idman tarixində yeni və çox parlaq bir səhifə açır. İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarış sadəcə bir idman tədbiri deyil. Bu turnir ölkəmizin dünyadakı nüfuzunu artıran, turizmi canlandıran və yerli gəncləri idmana həvəsləndirən böyük bir layihədir.
Döyüş gecəsinin əsas qarşılaşmasında yüngül çəkidə Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək. Turnirin digər diqqətçəkən döyüşündə isə orta çəkidə Şara Maqomedov Mişel Pereira ilə münasibətlərinə aydınlıq gətirəcək. Gecə UFC azarkeşləri üçün böyük maraq doğurur. Xüsusilə Fiziyevin Bakıda oktaqona çıxması turnirin əsas hadisələrindən biri hesab olunur.
Yüngül çəki dərəcəsində çıxış edən daha bir idmançımız Nazim Sadıxov isə Mateus Kamilo ilə qarşılaşacaq. Nazim Sadıxov bu günə kimi 14 döyüşə çıxıb. Onlardan 11 qələbə, iki məğlubiyyəti var.
Oktaqonda şou
Bakıdakı yarış idman səviyyəsinə görə çox yüksək keyfiyyətli döyüşlərdən ibarətdir. UFC rəhbərliyi Bakı turniri üçün xüsusi və maraqlı bir proqram hazırlayıb. Rafael Fiziyev yüngül çəkidə dünyanın ən güclü döyüşçülərindən biridir. Onun zərbə texnikası çox yüksəkdir. Uzun müddət zədə səbəbindən kənarda qalan Rafael üçün bu döyüş “ya tamam, ya davam” xarakteri daşıyır. Onun rəqibi Manuel Torres isə gənc, aqressiv və sümükləri sındıran zərbələrə malik bir meksikalıdır. Bu döyüşün Bakıda keçirilməsi Rafaelə böyük psixoloji üstünlük verir. Çünki doğma azarkeşlərin dəstəyi idmançıya əlavə güc qatacaq.
Şarabutdin Maqomedov və Mişel Pereyra döyüşü gecənin ən maraqlı qarşılaşması ola bilər. Hər iki döyüşçü oktaqonda şou göstərməyi sevir. Pereyra akrobatik hərəkətləri və gözlənilməz zərbələri ilə tanınır. Maqomedov isə daha soyuqqanlı və dəqiq zərbələr vurur. Bu döyüşün qalibi öz çəkisində çempionluq kəmərinə bir addım da yaxınlaşacaq.
Azərbaycan azarkeşləri UFC-də ölkəni təmsil edən idmançıların mübarizəsini səbrsizliklə gözləyir. Bu səbəbdən Nazim Sadıxov və Fərman Həsənov kimi idmançılarımızın bu turnirdə vuruşması Azərbaycan MMA (qarışıq döyüş növləri) məktəbinin inkişafını göstərir. Güclü braziliyalı və amerikalı rəqiblərlə döyüşmək bizim idmançıların UFC-dəki mövqeyini möhkəmləndirmək üçün böyük şansdır.
“Məqsədim yalnız ən yüksək nəticədir”
Meksikalı rəqibi Manuel Torresin ayaqüstə döyüşə üstünlük verməsi Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev üçün sərfəlidir. Fiziyev döyüş barədə bunları deyib: “UFC döyüşləri gözlənilməz nəticələnə bilər. Mənim hazırkı rəqibim ayaqüstə döyüşə üstünlük verir. Bu da mənim üçün daha sərfəlidir. Görüş doğma meydanda olsa da, hər məkanda eyni cür döyüşürük. Hədəfim yalnız zirvəyə qalxmaqdır. Həmişə növbəti rəqibimlə döyüşü fikirləşmişəm. Dünyada yaşayan bütün azərbaycanlılardan dəstək alıram. Bu, mənim üçün xoşdur. Azərbaycanlılar bir-birinə hər zaman dəstək olur”.
Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov plan üzrə hazırlaşdığını qeyd edib: “Hazırlıq əla gedir və məşq prosesində çox şeyi dəyişmişəm. Həmişə irəli baxmalısan. Dekabrdakı son döyüşlərimdə məğlub oldum. Buna baxmayaraq qarşıdakı döyüşlərə köklənmişəm. Yorğunluqdan irəli gələn məğlubiyyətlər idi. Düşünürəm ki, mən Mateus Kamilodan daha təhlükəliyəm. “Canavar”ın öz sirləri var”.
Azərbaycanın imici və idmanı
UFC turnirləri keçirildiyi şəhərlərə milyonlarla dollar gəlir gətirir. Bakı turniri də bu baxımdan istisna deyil. Azərbaycan hazırda regionda belə mötəbər səviyyəli turnirə ev sahibliyi edən yeganə ölkədir. Bu o deməkdir ki, qonşu ölkələrdən (Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan) minlərlə varlı azarkeş bilet alaraq Bakıya gəlir. İyun ayının sonu Bakıda turizm mövsümünün ən aktiv vaxtıdır. UFC turniri sayəsində şəhərdəki hotellər, restoranlar və nəqliyyat sektoru tam gücü ilə işləyəcək və böyük gəlir əldə edəcək.
Artıq döyüş gecəsi üçün biletlər satışa çıxarılıb. Biletlərin 50 manatdan 2200 manata qədər olması hər kəs üçün əlçatanlıq yaradır. VİP biletlərin tez satılması layihənin iqtisadi cəhətdən çox uğurlu olduğunu və xarici qonaqların marağını sübut edir. Etiraf etmək lazımdır ki, bu yarışın ölkəmizin tanıdılması üçün rolu əvəzsizdir. Döyüş gecəsi yüzlərlə ölkədə canlı yayımlanacaq. Yayım zamanı Bakının gözəl mənzərələri, müasir idman arenaları milyonlarla insana göstəriləcək. Bu, Formula 1 yarışları kimi Bakını idman şəhəri olaraq dünyaya təqdim edir.
Xatırladaq ki, Azərbaycanda idmana, xüsusilə də döyüş növlərinə maraq həmişə yüksək olub. Yerli idmançıların dünya ulduzları ilə eyni rinqdə vuruşduğunu canlı görmək uşaqlar və gənclər üçün böyük stimuldur. Bu turnirdən sonra idman zallarına axının artacağı gözlənilir. Nəticədə “UFC Fight Night Baku” turniri Azərbaycan üçün həm böyük idman bayramı, həm də strateji bir uğurdur. Düzgün təşkilatçılıq, güclü döyüşçülər və böyük tamaşaçı marağı bu yarışın unudulmaz olacağını göstərir. Bakı şəhəri növbəti dəfə sübut edir ki, o, dünyanın ən böyük idman tədbirlərini ən yüksək səviyyədə keçirməyə qadirdir.
MƏSLƏHƏT GÖR:



24

