8 İyul 2026

Çərşənbə, 21:32

BATUMİ İLLÜZİYASIZ

Qara dənizdəki ən populyar kurortlardan birində turisti nə gözləyir?

Müəllif:

15.06.2026

Kimsə bu şəhəri “gürcü Dubayı”, kimsə isə xaotik tikililəri olan, “həddən artıq şişirdilmiş” istiqamət adlandırır. Amma bir şey aydındır: müasir hotellər, yenilənmiş sahil xiyabanı və turizm infrastrukturu onu səyahətçilər üçün rahat və anlaşılan edib.

Bununla yanaşı, zahiri parıltının arxasında daha mürəkkəb mənzərə gizlənir. Şəhər qeyri-bərabər inkişaf edir: yeni binaların yanında köhnə həyətləri, səliqəli turist zonalarının arxasında isə daha az baxımlı küçələri görmək olar. Batumini xüsusi və şişirdilmiş gözləntilər olmadan qəbul etmək lazımdır. Bu zaman o, çox güman ki, xoş sürpriz edə bilər.

 

Ziddiyyətlər şəhəri

Bu halda bu, klişe deyil. Bu, sözün əsl mənasında bir neçə məhəllə məsafədə hiss olunur. Tarixi mərkəzdə dar küçələr, oyma balkonlu evlər və bir qədər xaotik, lakin canlı ab-hava var. Burada parıltı azdır, əvəzində əsl şəhər hissi daha çoxdur.

Bir az irəli getməyə dəyər və mənzərə kəskin dəyişir. Şüşə qüllələr, iri hotellər, kazinolar və müasir yaşayış kompleksləri meydana çıxır. Memarlıq bəzi yerlərdə effektli, bəzilərində isə mübahisəli görünür: tikinti sürətlə və həmişə ardıcıl olmayaraq aparılıb, ona görə də burada vahid üslub axtarmağa dəyməz. Belə qonşuluq hər kəsin xoşuna gəlmir. Bəziləri üçün Batumi həddən artıq əlvan və nizamsız görünür, digələrinə əksinə, məhz bu qeyri-bircinslilik səbəbindən maraqlıdır. Bir şeyi başa düşmək vacibdir: bu, klassik “cilalanmış kurort” deyil, hərəkət zamanı inkişaf edən şəhərdir: bütün üstünlükləri və çatışmazlıqları ilə.

Bu ziddiyyət fonunda Batumi Gürcüstanın əsas turizm istiqamətləri sırasına inamla daxildir. Ölkənin turizm xidmətlərinin məlumatlarına görə, 2025-ci ildə şəhər təxminən 2,6 milyon xarici ziyarətçi qəbul edib, yalnız Tbilisidən geri qalır və ölkənin digər bölgələrini əhəmiyyətli dərəcədə qabaqlayır.

Ümumilikdə Gürcüstana xarici turist axını artmağa davam edir və Batumi ölkəyə edilən bütün beynəlxalq səfərlərin təxminən beşdə birini təşkil edir.

Turistlərin strukturuna görə şəhər həqiqətən beynəlxalqdır. Əsas axınlar Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan daxil olmaqla, regionun qonşu ölkələrindən, həmçinin MDB və Yaxın Şərq ölkələrindən gəlir. Belə coğrafiya həm yaxınlıqla, həm uçuşların əlçatanlığı ilə, həm də Batuminin dənizi və kazino infrastrukturu olan yay kurortu kimi populyarlığı ilə izah olunur.

 

Harada qalmaq və üzmək olar?

Batumidə yerləşmə qiymət, keyfiyyət və ümumi ab-hava baxımından çox dəyişir. Mövsümdə fərq xüsusilə nəzərə çarpır: kiçik hotellərdən dəniz kənarındakı hündürmərtəbəli komplekslərə qədər. Orta hesabla büdcə variantları - bir nəfər üçün gecəsinə sadə səhər yeməyi ilə 25-50 avro, orta seqment - 60-120 avro, birinci cərgədəki hotellər və beynəlxalq şəbəkələr isə 130 avrodan başlayır. Pik aylarda bu rəqəmlər xeyli yüksəkdir.

Ayrıca kateqoriya isə qonaq evləri və şəxsi mənzillərdir. Bu, qənaət etmək və ya daha uzun qalmaq istəyənlər arasında ən populyar formatdır. Köhnə şəhərdə yerli sakinlərdə sadə, lakin səliqəli otaqlar tapmaq olar: çox vaxt ev yeməyi ilə səhər yeməyi və daha canlı yaşayış təcrübəsi ilə. Burada interyerdən çox ab-hava və yerləşmə vacibdir.

Yeri gəlmişkən, nəzərə alın ki, Batumidə Türkiyə və Misirdəki kimi “hər şey daxil” sistemi ilə işləyən hotellər son dərəcə azdır. Onların əksəriyyəti BB (səhər yeməyi) və ya maksimum HB (səhər yeməyi + şam yeməyi) sistemi ilə işləyir. Səbəb sadədir: şəhər qapalı kurort deyil, turistlərin hotel xaricində aktiv qidalandığı (kafe, restoran, sahil xiyabanı) urban istiqamətdir.

Bir çoxları üçün ən açıq seçim isə Yeni Bulvar rayonudur. Bu, hündürmərtəbəli binalar, hotellər və birbaşa dənizə çıxışı olan müasir sahil zonasıdır. Məhz çimərlik və “kurort mənzərəsi” üçün gələnlərə burada rahatdır, lakin nəzərə almaq lazımdır ki, rayon tikili baxımından sıxdır və mövsümdə burada səs-küylü və izdihamlı olur. Bundan başqa, iri komplekslərin bir hissəsi uzunmüddətli rahat yaşayışdan çox turist axınına yönəlib.

Tamamilə fərqli Batumi isə Köhnə şəhər və ona bitişik tarixi mərkəzdir. Burada daha çox mini-hotellər və qonaq evləri, dar küçələr, kafelər, bazarlar və daha sakit şəhər həyatı var. Sahil buradan 10-15 dəqiqəlik piyada məsafədədir və bu, çimərliyin yaxınlığında yaşamaq istəməyən, lakin şəhərin atmosferinə və gündəlik həyatına daha yaxın olmaq istəyənlər üçün seçimdir.

Üçüncü, ən universal variant da var: mərkəzlə dəniz arasındakı rayon, həmçinin Çavçavadze küçəsi ətrafı və Rustaveli ilə sahil xiyabanına yaxın ərazinin bir hissəsi. Bu, kompromis formatıdır: çimərliyə də, mərkəzə də eyni dərəcədə rahat çatmaq olar, eyni zamanda nə Köhnə şəhərin dərinliklərindəki kimi “uzaqlıq hissi”, nə də dəniz kənarındakı birinci cərgənin həddən artıq yüklənməsi var. Məhz bu variantı Batumiyə ilk dəfə gələnlər daha çox seçirlər.

Son illərdə getdikcə daha çox populyarlaşan kənd yerlərini ayrıca qeyd etmək lazımdır. Batumidən 10-35 kilometr məsafədə daha sakit şərait axtaranlar üçün bir neçə istiqamət var. Onlardan cənubdakı ən yaxınları - 15-20 dəqiqəlik məsafədə yerləşən Qonio və Kvariatidir. Bu rayonlar sahildəki ən təmiz su və dağların dənizə yaxınlığına görə qiymətləndirilir. Müasir apart-hotellərlə aktiv tikintiyə baxmayaraq, burada hələ də ölçülü istirahət üçün uyğun kurort ətrafı ab-hava qorunur.

Şimal istiqamətində, hərfi mənada şəhər sərhədində Maxinjauri, bir az uzaqda isə Yaşıl burun (Mtsane-Kontsxi) və Çakvi yerləşir. Bunlar ən yaşıl lokasiyalardır: burada çoxlu subtropik bitki örtüyü var, mənzillər isə çox vaxt dənizə və Batumiyə mənzərələrin açıldığı təpələrdə yerləşir.

Təxminən 30-35 kilometd məsafədə sonsuz sahil xətti ilə tam hüquqlu kurort şəhəri olan Kobuleti yerləşir. Burada həyat ritmi daha sakitdir, tikililər alçaqdır, büdcəli qonaq evləri və ailə hotelləri seçimi isə xeyli genişdir. Dağlarda maksimum təcridolunma axtaranlar üçün isə dağlıq Acarıstanda (məsələn, Keda rayonunda) autentik qlempinqlər və kottecləri nəzərdən keçirmək lazımdır. Bu, tamamilə fərqli təcrübədir: sakitlik, terraslardan aşağıda buludlar və üzüm bağları, eyni zamanda Batumiyə yol təxminən bir saat çəkir.

Batumi çimərlikləri əsasən çınqıllıdır və bütün şəhər boyu uzanır, lakin istirahətin keyfiyyəti sahədən asılı olaraq nəzərəçarpacaq dərəcədə dəyişir. Bulvar və liman yaxınlığındakı mərkəzi hissə infrastruktur baxımından ən rahatdır, lakin burada su hər zaman ideal təmiz olmur: xüsusilə mövsümün pik nöqtəsində və yağışlardan sonra. Dənizdə üzmək üçün daha rahat zonalar yalnız Yeni Bulvara yaxınlaşdıqca və Qonio ilə Kvariati istiqamətində başlayır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, suya giriş demək olar ki, hər yerdə kəskindir, Qara dənizdəki dalğalar isə hətta bir gün ərzində şəraitdən asılı olaraq sürətlə dəyişə bilər.

 

Batumidə və onun hüdudlarından kənarda nələri görmək olar?

Batuminin əsas görməli yerləri kifayət qədər yığcam şəkildə cəmləşib və böyük hissəsinə 2-3 gündə baxmaq olar. Şəhər elə qurulub ki, əsas nöqtələr ya sahil xətti boyunca, ya da mərkəzdən qısa məsafədə yerləşir.

Əsas gəzinti zonası isə Batumi Bulvarıdır. Bu, sadəcə dəniz kənarında park deyil, şəhərin turizm kimliyini formalaşdıran uzun sahil xəttidir. Burada palma xiyabanları, velosiped yolları, kafelər, kiçik attraksionlar və gəzintilər üçün açıq məkanlar birləşir. Axşam bulvar əsas cazibə nöqtəsinə çevrilir. Məhz burada turist həyatı, musiqi, küçə çıxışları və Qara dəniz üzərində gözəl qürub mənzərələri cəmləşir.

Bulvarda müasir Batuminin ən tanınan simvollarından biri “Əli və Nino” heykəlidir: bir-birinə doğru yavaş-yavaş hərəkət edən, birləşən və sonra ayrılan iki fiqurun hərəkətli instalyasiyasıdır. Elə burada yaxınlıqda gürcü əlifbası qülləsi, astronomik saat, kolonnadalar, rəqs edən fəvvarələr və bir çox digər görməli yerlər yerləşir. Əsas müşahidə nöqtələrindən biri bütün Batumiyə, limana və sahilə panoramik mənzərəsi olan təpəyə qaldıran Arqo kanat yolu olaraq qalır. Gedib-gəlmə bileti 10 avroya başa gəlir və xüsusilə gün batımına yaxın tələbat artır.

Şəhərin tarixi hissəsində Avropa meydanı, köhnə məhəllələr və Batuminin daha erkən memarlığını - eyvanları, dar fasadları və daha az “cilalanmış” şəhər məkanını görmək mümkün olan sahilyanı küçələr seçilir.

Bulvarın yanında şəhərin ən çox ziyarət edilən ailəvi görməli yerlərindən biri olan “Batumi Delfinarium” yerləşir. Şou gündə bir neçə dəfə keçirilir, biletlər yer və mövsümdən asılı olaraq 8-10 avroya başa gəlir, delfinlərlə üzmək isə 50-60 avroya başa gələcək.

Yaşıl burunda, mərkəzdən 9-10 kilometr məsafədə yerləşən Batumi Botanika Bağı regionun ən sakit və vizual baxımdan ən güclü yerlərindən biri olaraq qalır. Giriş, təxminən, 8 avroya başa gəlir, marşrutun özü isə dənizə mənzərəli terraslar və subtropik bitki örtüyü arasında hərəkət edərək burada bir neçə saat keçirməyə imkan verir. Bağın, təxminən, 110 hektar (təxminən, 150 futbol meydançası) olan böyük ərazisini nəzərə alaraq, elektromobillə gəzə bilərsiniz. Burada 22 avroya “ziplayn” (sahil üzərində kanattan eniş) sürməmisinizsə, edə bilərsiniz.

Qısa tarixi səfərlər üçün turistlər tez-tez Petra qalasını (Tsixisdziri) və ya Maxuntseti (çariça Tamara dövrünün körpüsü və şəlalə) və Maçaxela istiqamətindəki təbiət marşrutlarını seçirlər. Sonuncular şəlalələri, körpüləri və yolları olan dağlıq Acarıstandır, burada səfərin özü təəssüratın bir hissəsinə çevrilir.

Batumidən 12 kilometr məsafədə qeyri-adi bir yer var: rəngli axınları qarşılaşaraq aydın görünən sərhəd yaradan Acarıstskali və Çoroxi çaylarının qovuşma yeri. O, Batumiyə çox yaxındır (15 dəqiqəlik məsafədə) və qeyri-adi vizual effektinə görə populyardır.

Qonaqların tələb etdiyi istiqamətlər arasında aşağıdakıları ayırd etmək olar: Kedaya şərab turları, Qoderdziyə (dağ xizəyi), yaxtada gəzinti, Çiruxiyə və Yaşıl gölə macəra turları, Mtirala Milli Parkına yürüş, Merisi kəndinə folklor turu və s.

 

Batumidə gözləniləndən baha olan yemək

Qastronomiya Batumiyə səfərin əsas səbəblərindən biri olaraq qalır, lakin son illərdə şəhər nəzərəçarpacaq dərəcədə “bahalaşıb”. Əgər əvvəllər onu tez-tez büdcəli istiqamət kimi qəbul edirdilərsə, indi qiymət səviyyəsinə görə yüksək mövsümdə Cənubi Avropa kurortlarına getdikcə daha çox yaxınlaşır: xüsusilə sahil zonasında və turist mərkəzlərində.

Adi kafedə bir sadə yemək bu gün bir nəfər üçün 8-12 avroya başa gəlir. Orta səviyyəli restoranda iki nəfərlik hesab - təxminən 25-45 avro, sahil xətti yaxınlığındakı və ya mərkəzdəki populyar turist yerlərində isə xeyli yüksək ola bilər. Oriyentir üçün: Acar xaçapurisi - 8-9 avro, xinkali - ədədi 0,5-0,8 avro.

Batumini artıq “ucuz” adlandırmaq çətindir. O, artıq qiymətlərinə görə mövsümdə Avropa sahil şəhərləri ilə müqayisə olunur. Eyni zamanda Gürcüstan daxilində şəhər yay aylarında tez-tez Tbilisidən bahadır: xüsusilə bulvar və mərkəz rayonunda.

Ümumilikdə bu gün Batumi artıq “dəniz kənarında ucuz yemək” hekayəsi deyil, seçim hekayəsidir: lokal kafelərdə nisbətən ucuza yemək yemək olar, turist zonalarında isə Avropadakı kimi ödəyib, əvəzində dəniz kənarında və ya hadisələrin mərkəzində lokasiya əldə etmək olar.

Axşam Batumi nəzərəçarpacaq dərəcədə ritmini dəyişir. Sahil xətti və mərkəz əsas cazibə nöqtələrinə çevrilir: insanlar gəzməyə çıxır, kafe və barlar dolur, küçə musiqiçiləri və kiçik konsertlər şəhərin daimi fonunu formalaşdırır. Ən aktiv zona isə yayda, demək olar ki, hər axşam konsertlər, festivallar və ya sadəcə canlı çıxışların keçirildiyi Batumi Bulvarı və Avropa meydanıdır.

Ayrıca qastronomik və axşam nöqtəsi isə Venesiya San-Markosuna bənzəyən Pyatstsadır. Bu, restoranlar və kafelərin cəmləşdiyi, axşamlar isə canlı konsertlərin keçirildiyi şəhərin əsas istiqamətlərdən biridir. Burada qiymətlər, adətən, şəhər ortalamasından yüksəkdir: ən sadə şam yeməyi bir nəfərə 20-25 avroya başa gələcək, lakin tələb məhz ab-hava və yerləşmə hesabına saxlanılır.

Şəhərin gecə həyatının xüsusi hissəsi kazinolarla bağlıdır. Batumidə onlar çoxdur və ilk növbədə, turistlərə yönəlib. Bu, kimsə üçün istirahətin vacib hissəsidir, digərləri üçün sadəcə görmənin mümkün olmadığı şəhər mənzərəsinin elementidir.

 

Üstünlüklər, çatışmazlıqlar və nəyi nəzərə almaq vacibdir?

Batumi ümumilikdə dinamik və sürətlə böyüyən kurort şəhəri kimi qəbul edilir, burada rahatlıq mövsümdən, rayondan və şəxsi gözləntilərdən çox asılıdır. Onun təkcə güclü tərəfləri deyil, həm də əvvəlcədən nəzərə almağı vacib olan bir sıra xüsusiyyətləri var.

Əsas çatışmazlıqlardan biri nəqliyyat tıxacları olaraq qalır. Şəhərin yığcam ölçülərinə baxmayaraq, axşam saatlarında mərkəz və sahil xətti nəzərəçarpacaq dərəcədə yüklənir. Qısa məsafələrə səfərlər gözləniləndən bir neçə dəfə çox vaxt apara bilər, xüsusilə Avropa meydanı, Rustaveli küçəsi və Yeni Bulvara girişlər rayonunda.

Həmçinin şəhər tikintisinin və infrastrukturunun qeyri-bərabərliyi nəzərə çarpır. Batumi çox sürətlə inkişaf edib, ona görə də müasir hündürmərtəbəli komplekslər və hotellər daha az baxımlı məhəllələr, tikintilər və boş sahələrlə qonşu ola bilər. Bu, hamının hazır olmadığı vizual qeyri-bircinslik hissi yaradır.

Ayrıca mövsümiliyi nəzərə almaq lazımdır. Yayda şəhər turistlərlə həddən artıq yüklüdür: qiymətlər artır, çimərliklər və sahil xiyabanı insan baxımından sıxlaşır, infrastruktur isə maksimum yüklə işləyir. Mövsümarası vəziyyət əksinədir: müəssisələrin bir hissəsi bağlanır, şəhər xeyli sakitləşir, lakin atmosfer baxımından daha az “kurort” olur.

Nəzərə alın ki, Batumidə, bütün Gürcüstanda olduğu kimi, zibillə bağlı ciddi cərimələr tətbiq olunur: atılmış siqaret kötüyü və ya butulka 32 avroya, avtomobil pəncərəsindən zibil atmaq isə 80 avroya qədər başa gələcək. Gürcüstanda ictimai yerlərdə spirtli içki içməyə görə cərimə 16 avrodan 48 avroya qədər dəyişir və bir il ərzində təkrar qanun pozuntularına görə 159 avroya qədər artır. Gürcüstanda 23:00-dan 08:00-a qədər sakitlik rejiminin pozulmasına görə fiziki şəxslər üçün 48 avro məbləğində cərimə nəzərdə tutulub, il ərzində təkrar pozuntu zamanı bu məbləğ 127 avroya qədər artır.

Dənizdə istirahətlə bağlı nüanslar da var: çimərliklər əsasən çınqıllıdır, suya giriş kəskindir, dənizin vəziyyəti isə sürətlə dəyişə bilər. Bu, proqnozlaşdırıla bilən şəraitli klassik “qumlu” kurort deyil.

Batuminin güclü tərəflərinə şəhərin, demək olar ki, hər yerindən dənizə yaxınlığı, müxtəlif yaşayış və yemək seçimləri və tətil tərzinizi tez bir zamanda dəyişdirmək imkanı daxildir. Xüsusi bir üstünlük: dağlar, şəlalələr və kiçik kurort əraziləri bir-iki saatlıq məsafədədir.

Nəticədə, Batumi adi anlayışda ideal kurort deyil, canlı və birmənalı olmayan şəhərdir. O, rahat və əlverişli ola bilər, lakin onun ritmini və xüsusiyyətlərini başa düşməyi tələb edir. Xoş istirahətlər!



MƏSLƏHƏT GÖR:

56