8 İyul 2026

Çərşənbə, 21:31

XƏRCLƏRİN TURBULENTLİYİ

IATA yanacaq böhranının qlobal aviasiya bazarını necə dəyişdirməsindən ciddi narahatdır

Müəllif:

15.06.2026

Yaxın Şərqdəki hərbi qarşıdurma fonunda aviasiya yanacağının çatışmazlığı Avropa və Asiya ölkələrində sərnişin aviasiyası xidmətlərinin bahalaşmasına gətirib çıxarır. Böhranın kəskinliyi yay tətilləri mövsümünün qızğın çağında xüsusilə hiss olunur. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, 2026-cı ilin ikinci yarısında aviaşirkətlər gəlirlərinin iki dəfə azalması problemi ilə üzləşmək riski daşıyırlar.

Mülki aviasiya üçün risklər Braziliyanın Rio-do-Janeyro şəhərində keçirilən IATA-nın 82-ci İllik Toplantısında (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitində (WATS) müzakirə edilib. Burada Azərbaycanın aviasiya sektorundakı müsbət tendensiyalar da qiymətləndirilib.

 

Yanacaq böhranı

Davam edən geosiyasi gərginlik şəraitində aviasiya kerosini bazarı artıq 3,5 aydır ki, qlobal böhran və qıtlıq vəziyyətindədir. Hörmüz boğazının blokadası, həmçinin istehsal obyektlərinin dağıdılması və liman terminallarının infrastrukturunun zədələnməsi təsirini göstərir. Nəticədə, Fars körfəzi ölkələri neft məhsullarının istehsal həcmlərini məhdudlaşdırmağa məcbur olub. Bu geriləmə terminalların həddən artıq dolması və aviasiya yanacağının uzunmüddətli saxlanmasının mümkün olmaması səbəbindən aviasiya kerosini istehsalına da təsir edib.

Yaxın Şərq münaqişəsinin başlanmasından iyunun ilk günlərinə qədər Cənub-Şərqi Asiya ölkələrində aviasiya yanacağının qiymətləri iki dəfə artıb, Avropada isə artım 70%-i keçib. Bu regionlar ənənəvi olaraq Fars körfəzi ölkələrindən bütün tədarüklərin təxminən üçdə birini idxal edirdilər. Vəziyyət Avropada aviasiya kerosini istehsalının pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə 13% azalması ilə daha da mürəkkəbləşib. Böyük Britaniyada geriləmə 42% təşkil edib.

Çətinliklərlə hətta daxili bazarı qorumaq üçün aviasiya kerosini ixracını məhdudlaşdırmağa məcbur olan neftçıxaran ölkələr də üzləşiblər. Məsələn, Rusiya 30 noyabra qədər xarici tədarüklərə qadağa tətbiq edib.

Artıq aprelin sonunda, yay tətilləri mövsümünün ərəfəsində, ən çox zərərçəkmiş aviaşirkətlər aviabilet qiymətlərini nəzərəçarpacaq dərəcədə artırmağa məcbur olublar: hava limanlarında yanacaq ehtiyatları minimuma düşüb. Turizm operatorları müvafiq olaraq bronlaşdırmaların və təbii ki, gəlirlərin kəskin azalması problemi ilə üzləşiblər.

Vəziyyəti tarazlamağa çalışan aviaşirkətlər yanacağın əlçatanlığı ilə bağlı narahatlıqlar fonunda uçuş cədvəllərində reyslərin sayını azaltmağa başlayıb. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, mövcud tendensiyalar davam edərsə, aviasiya bazarı yayda qaçılmaz olaraq genişmiqyaslı sistem böhranı ilə üzləşəcək. Dünyanın bir sıra regionlarında aviasiya kerosini ehtiyatları kritik dərəcədə az müddət üçün qalıb ki, bu da yay turizm mövsümünün qızğın çağında uçuş cədvəlinin pozulması ilə nəticələnə bilər.

Münaqişənin episentrində olan Fars körfəzi ölkələrindən olan daşıyıcılar ən çox zərər çəkənlər sırasındadır. Onlar ən böyük maliyyə itkiləri ilə üzləşir və IATA-nın fikrincə, zərər zonasına düşə bilərlər. Bu ölkələrin hava limanlarının bağlanması bu məsələdə ciddi rol oynayıb, çünki müharibədən əvvəl Avropa ilə Asiya arasındakı reyslərin üçdə biri həmin aeroportlar vasitəsilə həyata keçirilirdi. Bundan əlavə, aparıcı dünya aviaşirkətləri bu problemli istiqamətlərə yükü azaltmaq üçün reysləri ixtisar edərək və ya yenidən bölüşdürərək marşrut şəbəkələrini yenidən nəzərdən keçiriblər. Bütün bunlar aviasiya daşımalarının qlobal logistikasını uzadıb, yanacaq sərfiyyatını artırıb. Vəziyyət, həmçinin aparıcı ərəb daşıyıcılarının reyslərin əhəmiyyətli hissəsini ləğv etməsi ilə daha da ağırlaşıb.

“Avropanı xərclərin güclü təzyiqi gözləyir. Riskin bir hissəsini yanacaq ehtiyaclarının 70%-ni əhatə edən müharibədən əvvəlki hedcinq səviyyəsi hesabına yumşaltmaq mümkündür, lakin bu sövdələşmələrin müddəti bitdikcə artan xərclər sənayeyə getdikcə daha çox təsir edəcək”, - IATA-nın məlumatında qeyd edilib.

 

Gəlirlərin azalması

Qlobal aviasiya axınının 85%-ni təmin edən 370 aviadaşıyıcının maraqlarını təmsil edən sahə birliyinin yenilənmiş maliyyə proqnozunda 2026-cı ilin yekunlarına görə, şirkətlərin mənfəəti yanacaq qiymətlərinin artması səbəbindən iki dəfə azala bilər. IATA-nın qiymətləndirmələrinə görə, 2026-cı ildə ümumi xalis mənfəət əvvəllər gözlənilən 41 milyard dollara qarşı 23 milyard dollar təşkil edəcək.

İyun ayında qlobal yanacaq bazarında vəziyyət yaxşılaşmayıb. Əksinə, sənaye ikili böhranla üzləşib: aviasiya kerosinin dəyərinin sürətlə artması və “ekoloji sintetik” aviasiya yanacağının fəlakətli dərəcədə qeyri-kafi tədarük həcmləri.

“Aviasiya kerosini qiymətləri neftin dəyərindən xeyli sürətlə artır: 2026-cı ilin yekunlarına görə, aviasiya kerosinin orta qiymətinin 1 barel üçün 152 dollar, “Brent” neftinin bir barelinin orta qiymətinin isə 95 dollar olacağı gözlənilir”, - iclasda IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen qeyd edib. O vurğulayıb ki, maliyyə sektoru və neft-qaz sənayesi ənənəvi olaraq aviasiya sənayesindən daha yüksək gəlirlilik nümayiş etdirir: “Əvvəllər IATA-da hesab edirdilər ki, yanacaq xərcləri 2026-cı ildə aviaşirkətlərin ümumi xərclərinin, təxminən, 27%-ni təşkil edəcək, lakin indi proqnoz yuxarıya doğru yenidən nəzərdən keçirilib və yanacaq xərclərinin payının sənayenin ümumi xərclərinin 31%-nə çatacağı gözlənilir”.

IATA-nın baş direktoru Uilli Uolşun sözlərinə görə, şirkətlərin bütün əməliyyat xərclərinin, təxminən, üçdə biri aviasiya yanacağının payına düşəcək. Sənayenin əməliyyat xərcləri 2026-cı ildə keçən illə müqayisədə 13% artaraq 1,12 trilyon dollara çatacağı gözlənilir, çünki yanacaq xərcləri, təxminən, 40% artaraq 350 milyard dollara yüksələcək. Daşıyıcıların aviasiya yanacağının bahalaşmasının bir hissəsini öz üzərlərinə götürdüklərini və səmərəliliyi artırmağa davam etdiklərini nəzərə alaraq, xalis marja 2025-ci ildəki 4,2%-dən cari ildə 2%-ə qədər azala bilər.

 

Azərbaycan üzrə proqnoz

 

Bu arada, Azərbaycan aviadaşıyıcıları uçuş cədvəlinin sabitliyini inamla qoruyur və ümumilikdə, qiymət parametrlərini rəqabət müstəvisində saxlayırlar. Öz xammalının olması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) yenidən qurulması yerli yanacaq bazarında idxalın əvəzlənməsi üzrə mövqeləri nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. BNEZ-in gücləri “Avro-5” standartlı dizel yanacağı və benzin əldə etməyə imkan verir, reaktiv mühərriklər üçün beynəlxalq standartlara uyğun gələn aviasiya yanacağının istehsalı sahələrinin modernizasiyası üzrə işlər davam etdirilir: o cümlədən TS-1a tipli kerosin fraksiyaları. BNEZ-in tam gücünə çıxması ilə aviasiya kerosini istehsalı ildə 1 milyon tona çatacaq. Hələlik isə zavodun imkanları, təxminən, 0,7 milyon ton istehsalla məhdudlaşır.

Ölkə üçün prioritet yanacaq balansının qorunmasıdır, buna görə ixrac tədarükləri yalnız daxili bazarda profisit olduqda həyata keçirilir. Aviasiya kerosinin böyük hissəsi Azərbaycan aviadaşıyıcıları – AZAL və “Silk Way”in artan ehtiyaclarının təmin edilməsi üçün istifadə olunur. Onlar xüsusi tənzimlənən daxili tariflər üzrə yanacaq doldururlar ki, bu da bilet qiymətlərinin artımını cilovlamağa imkan verir. Aviasiya kerosini, həmçinin ölkəmizdə eniş edən xarici aviaşirkətlərin tranzit və digər reyslərinin xidmətləndirilməsi üçün satılır. Bu baxımdan, 2024-2025-ci illərdə ən böyük alıcılar Lüksemburq, Rusiya, Türkiyə, ABŞ və Fransa olub.

“Azərbaycan üçün indiki vəziyyət ciddi problem deyil - ölkə həm lazımi həcmdə yanacağa, həm də onun tədarükü üçün inkişaf etmiş logistikaya malikdir”, - IATA-nın Avropa üzrə regional vitse-prezidenti Rafael Şvarstman bəyan edib. Onun sözlərinə görə, Azərbaycana və Mərkəzi Asiya regionundakı digər ölkələrə aviasiya hablarının formalaşması üçün öz imkanlarını və rəqabət üstünlüklərini obyektiv qiymətləndirməyə imkan verəcək aydın aviasiya strategiyası lazımdır. Qazaxıstan və Özbəkistan üçün üstünlük genişmiqyaslı beynəlxalq daşımaları da dəstəkləyən tutumlu daxili aviasiya bazarıdır. Azərbaycan üçün isə bu gün aviasiya əlaqəliliyinin inkişafı heç də az əhəmiyyətli vəzifə deyil. Bu, IATA vitse-prezidentinin fikrincə, əsas artım ehtiyatıdır. Başqa sözlə, sənaye artıq bütün lazımi texnologiyalara və idarəetmə həllərinə malikdir, lakin onların həyata keçirilməsi uzunmüddətli planlaşdırma və prioritetlərin düzgün müəyyənləşdirilməsini tələb edir.


MƏSLƏHƏT GÖR:

32