8 İyul 2026

Çərşənbə, 21:31

AÇG ÜÇÜN İKİNCİ NƏFƏS

Azərbaycanın Xəzər sektorundakı ən böyük neft bloku qaz və texnoloji layihəyə çevrilir

Müəllif:

15.06.2026

Sənaye miqyasında neft hasilatının başlanılmasından, təxminən, 30 il sonra “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku yenidən qlobal enerji sənayesinin diqqət mərkəzindədir.

Bu dəfə səbəb növbəti neft platformasının istismara verilməsi deyil: BP şirkəti AÇG-də sərbəst təbii qaz hasilatına başlanıldığını elan edib. Bununla, Azərbaycanın neft-qaz sektorunun təməli hesab edilən layihənin tarixində yeni fəsil açılıb. İlk baxışdan söhbət daxili və ixrac bazarları üçün daha bir qaz mənbəyinin istismara verilməsindən gedir.

Lakin, əslində, bu hadisənin əhəmiyyəti bundan daha böyükdür. Bu, Xəzərin resurs bazasının uzunmüddətli istifadəsi, Avropanın enerji təhlükəsizliyi, neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi və artıq mövcud olan infrastrukturun səmərəliliyinin artırılması məsələlərinə aiddir.

 

Neftin altındakı qaz

Onilliklər ərzində AÇG, ilk növbədə, nəhəng neft yatağı kimi qəbul olunurdu. Azərbaycanın neft strategiyasının ən böyük uğurları, çoxmilyardlıq ixrac gəlirləri və ölkənin müasir enerji infrastrukturunun formalaşması məhz bu yataqla bağlıdır. Bununla belə, blokun geoloji potensialı xeyli genişdir.

BP-nin məlumatına görə, “Qərbi Çıraq” platformasından qazılmış sərbəst qaz hasilatı üzrə ilk quyu “AÇG”dəki böyük dərin qaz (“deep-gas”) ehtiyatlarının potensialının açılması istiqamətində mühüm addım olub. Söhbət əsas neftdaşıyıcı horizontlardan xeyli aşağıda yerləşən dərin laylarda yatan təbəqələrdən gedir.

“İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında mühüm məlumatlar əldə etməyi təmin edir və bu da gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir”, - layihə operatorunun məlumatında vurğulanıb.

İlk nəticələr olduqca ümidvericidir: quyu “Qırmakıüstü Qumlu” lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, “Qırmakıaltı Qumlu” lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib. Sənaye hasilatı məhz sonuncuda başlanılıb.

Şirkətin ilkin qiymətləndirmələrinə görə, AÇG-də sərbəst təbii qazın çıxarıla bilən ehtiyatları, təxminən, 4 trilyon kubfut həcmində qiymətləndirilir və 6 trilyon kubfuta qədər artım potensialı var. Lakin rəsmi elandan bir neçə saat sonra BP nümayəndələri mühüm dəqiqləşdirmə ediblər.

Şirkətin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel söhbətin yalnız “Günəşli” strukturunun qaz potensialından getdiyini vurğulayıb: “Azəri zonası üzrə biz hələ hesablamalar aparmamışıq, əlimizdə məlumat yoxdur. Biz dünən (iyunun 1-də) alt laydan sərbəst təbii qaz hasilatına başladıq. Növbəti bir neçə həftə ərzində üst laydan hasilata başlayacağıq və qaz “Qərbi Çıraq” platformasına, oradan Səngəçal terminalına və sonra bazara yönəldiləcək. Amma bu qazın alıcısının kim olacağını söyləmək hələ tezdir, bunun üçün danışıqlar aparılmalıdır”.

Məhz buna görə ilk quyu yalnız istehsal obyekti kimi deyil, həm də yatağın öyrənilməsi aləti kimi nəzərdən keçirilir. O, lay-kollektor və axın haqqında mühüm məlumatlar əldə etməyə imkan verir ki, bu da gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə yardım göstərir.

Başqa sözlə, şirkət əslində AÇG-nin geoloji tədqiqatının yeni mərhələsinə başlayır. Əgər analoji qaz horizontları “Azəri” strukturunda da təsdiqlənərsə, layihənin miqyası indiki qiymətləndirmələri əhəmiyyətli dərəcədə aşa bilər.

 

İnfrastruktur iqtisadiyyatı

Yeni layihənin ən diqqətəlayiq xüsusiyyətlərindən biri genişmiqyaslı yeni infrastruktur tikintisinin zəruri olmamasıdır. Qeyd edildiyi kimi, yeni platformaların, boru kəmərlərinin və emal güclərinin yaradılmasının tələb olunduğu dünyanın əksər nəhəng qaz yataqlarından fərqli olaraq, AÇG-nin dərinsulu qazı mövcud istehsal sisteminə inteqrasiya olunur.

Qaz fəaliyyətdə olan “Qərbi Çıraq” platformasında hasil edilir, daha sonra “Səngəçal” terminalına yönləndirilir, bundan sonra isə mövcud ixrac şəbəkəsinə daxil ola bilər. Əslində, şirkət onilliklər ərzində yaradılmış və çoxmilyardlıq investisiyalar tələb etmiş infrastrukturdan istifadə edir.

Bu, iqtisadi baxımdan resursların mənimsənilməsinin ən səmərəli modellərindən biridir. Kapital xərclərinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır, istismara verilmə müddətləri daha qısadır və tamamilə yeni layihənin həyata keçirilməsi ilə müqayisədə rentabellik daha yüksəkdir.

Yeni qaz resursu Avropada Azərbaycan qazına artan tələb fonunda xüsusi əhəmiyyət kəsb edir. Son illərin enerji böhranından sonra Avropa İttifaqı tədarükləri fəal şəkildə şaxələndirir, Cənub Qaz Dəhlizi isə Xəzər regionundan qazın əsas marşrutlarından birinə çevrilir.

Məhz buna görə də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Co Kristofoli layihənin istifadəyə verilməsini tarixi hadisə adlandırıb. O bildirib ki, bu yataq indi regional sənayedə aparıcı rol oynayacaq və inteqrasiya olunmuş neft və qaz yatağı kimi unikal mövqe tutacaq.

Digər kəşf də böyük maraq oyadıb: qaz quyusunun qazılması prosesində ən dibdə mütəxəssislər qaz ilə su arasında nazik neft hissəsi aşkar ediblər.

Q.Birrel qeyd edib ki, dərin laylarda neftin olması istisna edilmirdi: “Biz qaz quyusunu qazarkən bilirdik ki, su ilə qaz arasında neft hissəsi var. Belə məlumatımız var idi. Bilirdik ki, potensial olaraq belə bir neft hissəsi ilə qarşılaşa bilərik. Amma dəqiqləşdirmək üçün quyu qazdıq. Hazırda quyu məhz bu neft hissəsinə doğru qazılır və onun potensialını və ümumilikdə bu hissənin ölçüsünü anlamaq üçün oradan neft hasilatına başlanmalıdır. Biz gözləyirik ki, təxminən sentyabrda bu quyuda hasilata başlanılacaq və bunun sayəsində yeni aşkar edilmiş neft hissəsi haqqında daha çox məlumat əldə olunacaq. Bununla, onun həcminin nə qədər olduğunu anlaya bilək”.

Beləliklə, yeni layihələr AÇG-nin iqtisadi ömrünü uzada bilər. Dünyanın bir çox yetkin yataqları hasilatın təbii azalması ilə üzləşir. Lakin yeni layların kəşfi mövcud aktivlərin səmərəli istismar müddətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

 

Rəqəmsal kəşfiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində panel müzakirəsində bəyan edib ki, AÇG-də hasilat mövcud proqnozlardan daha davamlı ola bilər: “Bu amilləri nəzərə alsaq, AÇG-də hasilatın azalması 3% təşkil etməyə bilər və hətta sabit səviyyədə qala bilər. Şirkət, həmçinin yataqda hasilatın artırılması imkanlarını qiymətləndirir. Nəticə etibarilə artıq uzun illərdir istismar olunan yataqlar belə müasir texnologiyalar, düzgün yanaşma, səmərəli tərəfdaşlıq və dövlət dəstəyi sayəsində inkişafın yeni mərhələsinə keçə bilər”.

Bu baxımdan, AÇG-də daha az əhəmiyyətli olmayan transformasiya rəqəmsal texnologiyaların və süni intellektin istifadəsi ilə bağlıdır.

BP ilk dəfə jurnalistlərə Xəzərdə neft və qaz hasilatı sxemində süni intellektin tətbiqi prosesini bu qədər ətraflı şəkildə açıqlayıb. Üstəlik, söhbət korporativ avtomatlaşdırma və ya bazar analitikasından getmir.

Şirkət dördölçülü seysmik məlumatların emalı üçün süni intellektdən istifadə edir. Beşillik tədqiqat proqramı çərçivəsində mütəxəssislər lay daxilində neftin, qazın və suyun hərəkətini izləyir, sonra isə maşın öyrənmə alqoritmləri vasitəsilə böyük həcmli məlumat massivlərini təhlil edirlər.

Əsas məqsəd neftvermə əmsalının artırılmasıdır. Təxminən, 30 ildir istismar olunan yataq üçün bunun prinsipial əhəmiyyəti var.

Əslində, süni intellekt yetkin yataqların ən mühüm suallarından birinə cavab verməyə kömək edir: neft dəqiq olaraq harda qalıb? Məlumatların emalından sonra sistem yeni quyuların qazılması üçün ən perspektivli zonaları aşkar etməyə və yataqların davranışını daha dəqiq proqnozlaşdırmağa imkan verir. Beləliklə, kəşfiyyat xərcləri azalır və investisiyaların səmərəliliyi artır.

Paralel olaraq şirkət SOCAR ilə birgə daha bir strateji layihəni həyata keçirir. BP-nin geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparks bildirib ki, tərəflər Xəzərin Azərbaycan sektorunun dəniz seysmik məlumatlarının vahid bazasının yaradılması üzərində işləyirlər.

Onun sözlərinə görə, mövcud dəniz seysmik məlumatlarını bir böyük bazada birləşdirmək üçün iş aparılır. O həmçinin qeyd edib ki, Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının sıxlığına görə hətta Meksika körfəzini belə üstələyir.

Bu qiymətləndirmə gələcək geoloji-kəşfiyyat işləri kontekstində xüsusilə vacibdir. Onilliklər boyu istismara baxmayaraq, Xəzər hələ də kifayət qədər öyrənilməmiş əhəmiyyətli sayda strukturlar ehtiva edir. Vahid rəqəmsal məlumat bazasının yaradılması yeni resursların axtarışını sürətləndirməyə və kəşfiyyatın səmərəliliyini artırmağa imkan verəcək.

Diqqətəlayiq haldır ki, bu gün dünyanın ən böyük neft-qaz şirkətləri tədricən yataqların ənənəvi mənimsənilməsi modelindən məlumatların idarə edilməsi modelinə keçir. Bu mənada AÇG yalnız neft və qaz mənbəyi deyil, həm də növbəti nəsil texnologiyalarının tətbiqi üçün platforma olur.

Beləliklə, AÇG tədricən hələ uzun onilliklər dəyər yaratmağa qadir olan yüksək texnologiyalı inteqrasiya olunmuş neft-qaz kompleksinə çevrilir. Bu, Azərbaycan üçün yalnız əlavə ixrac gəlirləri və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi deyil, həm də texnologiyalar, məlumatlar və innovasiyalar sayəsində yetkin yataqlara necə ikinci nəfəs verilə biləcəyini nümayiş etdirmək imkanıdır.



MƏSLƏHƏT GÖR:

29