PRAQMATİZM ZAMANI
Azərbaycan və Avrasiyanın yeni enerji təhlükəsizliyi arxitekturası
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Bu il Bakı Enerji Həftəsi qlobal enerji bazarının ciddi transformasiya şəraitində keçirilib. Belə ki, Avropa hələ də davamlı tədarük mənbələri axtarır, dövlətlər enerji keçidinə yanaşmalarını yenidən nəzərdən keçirir, rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı isə enerji sistemi üçün əlavə çağırışlar yaradır.
Bu fonda Azərbaycan karbohidrogen resurslarının etibarlı tədarükçüsü, həmçinin yeni enerji marşrutlarının formalaşmasında iştirak etməyə qadir olan əsas oyunçulardan biri statusunu getdikcə daha inamla möhkəmləndirir.
Realizmə qayıdış
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışında son illərdə qlobal energetika sahəsində ən çox müzakirə olunan mövzulardan birinə toxunub. Söhbət iqlim gündəliyi ilə enerji təhlükəsizliyi arasındakı qarşılıqlı əlaqədən gedir.
“Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində neft-qaz sənayesi ciddi siyasi və ictimai təzyiqlə üzləşib. Bununla yanaşı, dünya iqtisadiyyatı ənənəvi enerji mənbələrindən asılı qalmağa davam edib, sənayenin və əhalinin real ehtiyacları isə çox vaxt arxa plana keçib.
Məhz buna görə də forum iştirakçılarının xüsusi diqqətini dövlət başçısının “dünya faydalı qazıntı olmadan yaşaya bilməz” ifadəsi cəlb edib. Bu fikir beynəlxalq enerji siyasətində getdikcə daha aydın şəkildə özünü göstərən yeni tendensiyanı əks etdirib. Son illərin enerji böhranından sonra bir çox ölkələr anlayıb ki, etibarlı alternativlər yaradılmadan ənənəvi mənbələrdən imtina mənfi nəticələrə gətirib çıxara bilər.
Bununla yanaşı, Azərbaycan neft-qaz sektorunun inkişafını iqlim gündəliyinə qarşı qoymur. “Bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq”, - İ.Əliyev vurğulayıb.
Bu mövzu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun 31-ci Bakı Enerji Forumundakı çıxışında inkişaf etdirilib. O deyib ki, son illərin hadisələri göstərib ki, resursların mövcudluğu öz-özlüyündə enerji təhlükəsizliyinə zəmanət vermir: “Dünyada enerji siyasəti tarazlı, praqmatik və həm bazarın cari ehtiyaclarına, həm də gələcək enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş olmalıdır”.
P.Şahbazov vurğulayıb ki, müasir enerji sistemi yalnız resursların mövcudluğunu deyil, həm də tədarükün etibarlılığını, davamlı tərəfdaşlıq münasibətlərini və uzunmüddətli öhdəlikləri tələb edir. Məhz marşrutların, tədarükçülərin və texnologiyaların şaxələndirilməsi bu gün Azərbaycan daxil olmaqla, əksər dövlətlərin enerji strategiyasının əsasını təşkil edir.
Forumun ən çox müzakirə olunan mövzularından biri isə qlobal energetika sahəsi ilə bağlı investisiya çatışmazlığı problemi idi. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin fikrincə, bu amil əsas çağırışlardan birinə çevrilə bilər: “Neft-qaz sənayesində olduğu kimi, enerji layihələrinə investisiyalar qısamüddətli perspektivdə nəticə vermir və bu səbəbdən gələcəkdə təklif və tələb arasında müəyyən boşluğun yaranması mümkündür”.
Məsələ ondadır ki, son illər ərzində investisiyaların əhəmiyyətli hissəsi bərpa olunan enerji sahəsindəki layihələrə yönləndirilib, ənənəvi seqmentlərə qoyuluşlar isə çox vaxt təxirə salınıb və ya azaldılıb. Lakin neft və qaza olan dünya tələbi yüksək səviyyədə qalmağa davam edir, bir sıra regionlarda isə artım belə nümayiş etdirir.
Bununla yanaşı, yeni texnologiyalar enerji sistemlərinə artan yükü qismən kompensasiya edə bilər. SOCAR rəhbəri əmindir ki, burada süni intellekt (Sİ) mühüm rol oynaya bilər: “Xüsusilə, süni intellekt texnologiyalarının həm şirkətlərə, həm də ev təsərrüfatlarına enerjidən daha səmərəli istifadə etməyə kömək edəcəyi gözlənilir”.
Etibarlı tədarükçüdən sistemli tərəfdaşa
Hətta ən müasir texnologiyalar belə istehsal həcmlərinin artırılması və ixrac imkanlarının genişləndirilməsi zərurətini aradan qaldırmır. Məhz buna görə də forumda mərkəzi məsələlərdən biri Azərbaycanın ixrac potensialının daha da inkişafı olub.
İlham Əliyev bir daha son illərdə Avropa üçün əhəmiyyəti xeyli artan Cənub Qaz Dəhlizinin (SGC) əhəmiyyətini vurğulayıb: “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir”. Dövlət başçısı əlavə edib ki, hazırda onun vasitəsilə 16 dövlət Azərbaycan qazı alır.
P.Şahbazov isə xatırladıb ki, ölkə Avropa İttifaqının boru kəməri ilə qaz idxalının 8,1%-ni təmin edir. Nazirin sözlərinə görə, təkcə 2025-ci ildə və 2026-cı ilin ilk dörd ayında Azərbaycan qazının Avropaya ixracı 16,7 milyard kubmetrə çatıb. Əlavə həcmlər Türkiyə, Gürcüstan və Suriyaya göndərilib.
SOCAR-ın prezidenti isə qeyd edib ki, ölkə tərəfdaşlar tərəfindən regionda enerji təchizatının ən sabit mənbələrindən biri kimi qəbul edilir: “Şirkətin əsas fəlsəfəsi etibarlı tədarükün təmin edilməsidir və bu yanaşma dəyişməyib və gələcəkdə də dəyişməyəcək”.
Mövcud şərtləri nəzərə alaraq bu resursun hasilatının və ixracının genişləndirilməsi planlaşdırılır. Belə ki, SOCAR rəhbəri təsdiqləyib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla sistemin ötürücülük qabiliyyətinin artırılması və Avropa bazarlarına tədarükün genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Bununla yanaşı, bu cür layihələrin həyata keçirilməsi üçün uzunmüddətli alış zəmanətləri və infrastrukturun genişləndirilməsinin maliyyələşdirilməsində Avropa istehlakçılarının iştirakı zəruridir.
“Abşeron”: yeni nəsil layihə
Forumun mühüm hadisələrindən biri SOCAR, Türkiyənin BOTAŞ, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətləri arasında yeni 15 illik müqavilənin imzalanması olub. Razılaşmaya əsasən, 2029-cu ildən etibarən “Abşeron” yatağından Türkiyəyə 33 milyard kubmetr təbii qaz tədarük ediləcək. Bu sənəd yalnız gələcək tədarük həcmlərinə zəmanət vermir, həm də beynəlxalq tərəfdaşların Azərbaycan qaz sektorunun uzunmüddətli perspektivlərinə yüksək etibar səviyyəsini təsdiqləyir.
Eyni zamanda layihə yeni inkişaf mərhələsinə keçir. “TotalEnergies”in Azərbaycandakı rəhbəri Emmanuel de Qiyebon bildirib ki, yatağın ikinci mərhələsinin işlənilməsi artıq praktik mərhələyə daxil olur: “Yataqda hasilat sabitdir və proqnozlardan yaxşı olub. Bu nəticələr layihənin ikinci mərhələsinin həyata keçirilməsi üçün bütün lazımi məlumat bazasını və inamı formalaşdırıb”.
Yeni mərhələ çərçivəsində üç əlavə hasilat quyusu qazılacaq, onların hər birinin məhsuldarlığı sutkada 40 min barel neft ekvivalentinə çatacaq. Bu zaman hasilatın, təxminən, 70%-i təbii qazın, qalan 30%-i isə kondensatın payına düşəcək.
Forum iştirakçılarının xüsusi diqqətini texnoloji həllər cəlb edib.
“Bu texnologiyanın ilk sənaye tətbiqi məhz Azərbaycanda – “Abşeron” layihəsi çərçivəsində həyata keçiriləcək. Biz bununla fəxr edirik”, - Emmanuel de Qiyebon boru kəmərlərinin təmizlənməsi üzrə innovativ sualtı sistemin tətbiqindən danışarkən vurğulayıb. Görünən odur ki, layihə yalnız əlavə qaz həcmlərinin mənbəyinə deyil, həm də dünya səviyyəsində ən müasir texnoloji həllərin tətbiqi üçün platformaya çevrilir.
İkinci mərhələ başa çatdıqdan sonra yataqda hasilat indiki 1,5 milyard kubmetrdən ildə minimum 4,5 milyard kubmetrə qədər artmalıdır.
Öz növbəsində SOCAR layihənin icra müddətlərinin sürətləndirilməsinə nail olmaq niyyətindədir. İlk qazın əldə edilməsi Azərbaycan tərəfi üçün əsas prioritetlərdən biri olaraq qalır.
“Bu layihələrin həyata qabiliyyətini və iqtisadi rentabelliyini təmin etmək üçün onlar sadə, operativ şəkildə və ciddi maliyyə intizamına riayət olunmaqla həyata keçirilməlidir”, - şirkətin vitse-prezidenti Babək Hüseynov qeyd edib.
Belə yanaşma Bakı Enerji Həftəsi iştirakçılarının, demək olar ki, bütün çıxışlarında izlənilən ümumi tendensiyanı əks etdirir. Enerji layihələrinin uğuru yalnız resursların həcmi ilə deyil, həm də onların bazara çıxarılma sürəti, texnoloji səviyyəsi və tədarükün rəqabətqabiliyyətli maya dəyərini təmin etmək bacarığı ilə müəyyən edilir.
“Qarabağ”dan “Ümid”ə qədər
Növbəti perspektivli layihə isə “Qarabağ” yatağı hesab olunur. Bu yataqla bağlı yekun investisiya qərarı hələ qəbul edilməsə də, mütəxəssislər onu Xəzər resurslarının mənimsənilməsinə yeni yanaşmanın nümunəsi kimi nəzərdən keçirirlər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Co Kristofoli bildirib ki, şirkət mühəndislik işlərini davam etdirir və gələn ilin ortalarına qədər yekun investisiya qərarını qəbul etməyi planlaşdırır.
Layihənin xüsusiyyəti yalnız ehtiyatların həcmində deyil, həm də onun həyata keçirilmə konsepsiyasındadır. C.Kristofolinin sözlərinə görə, layihə işə salındığı halda yataq Xəzərdə artıq mövcud infrastrukturdan istifadə edilməklə işlənəcək ilk yataqlardan biri olacaq: “Bu, Xəzər regionunda mövcud karbohidrogen hasilatı və nəqli infrastrukturunun yeni yataqların mənimsənilməsinə inteqrasiyasında mühüm mərhələ olacaq”.
Bu cür yanaşma layihənin istismara verilmə müddətlərini əhəmiyyətli dərəcədə qısaltmağa və tələb olunan investisiya həcmini azaltmağa imkan verir.
Azərbaycan üçün belə bir model xüsusi əhəmiyyət kəsb edir. Xəzər şelfinin onilliklər ərzində mənimsənilməsi nəticəsində ölkədə unikal istehsal və nəqliyyat bazası yaradılıb. Bu gün o, yalnız fəaliyyət göstərən yataqlar üçün işləmir, həm də yeni təşəbbüslərin sürətlə istismara verilməsi alətinə çevrilir.
Bununla yanaşı, sahənin gələcəyi yalnız yeni yataqlarla deyil, həm də artıq məlum olan aktivlərin modernizasiyası ilə bağlıdır.
Belə yanaşmanın nümunəsi “Bahar” və “Qum-dəniz” yataqlarının daha da mənimsənilməsi layihəsidir.
“Bahar Energy Operating Company2nin məlumatına görə, operativ tədbirlər kompleksinin həyata keçirilməsindən sonra “Bahar”da qaz hasilatı 50% artıb. Bu zaman yatağın perspektivlərinin qiymətləndirilməsinə neft servis bazarının lideri olan beynəlxalq servis şirkəti SLB cəlb edilib.
Forumda SLB-nin baş vitse-prezidenti Gökhan Yarımın çıxışı xüsusi diqqət çəkib. O, “Bahar”ı yeni nəsil layihə kimi nəzərdən keçirməyi təklif edib: “Bahar” layihəsi hazırda layihələndirmə mərhələsindədir. Buna baxmayaraq, o, 100% rəqəmsal aktiv kimi qurulmalıdır”.
Onun sözlərinə görə, yatağın qiymətləndirilməsi zamanı artıq ən müasir seysmik kəşfiyyat alətlərindən və Sİ texnologiyalarından istifadə olunur: “Bir neçə fərqli məhsuldar layı tanımaq imkanı əldə etmək üçün biz Sİ texnologiyalarından istifadə etdik”.
Ölkənin gələcək qaz balansı üçün “Ümid” yatağı da az əhəmiyyət kəsb etmir. Bu, Azərbaycanda artıq müstəqillik illərində kəşf edilmiş ilk iri qaz kondensant yatağıdır.
“Umid Babek Operating Company”nin baş direktoru Elxan Bəşirov forumda bildirib ki, hazırda şirkət hasilat həcmlərinin daha da artırılması konsepsiyasını hazırlayır: “Ümid” Azərbaycanın strateji cəhətdən mühüm qaz aktivlərindən birini təmsil edir”. O, əlavə edib ki, yatağın cənub cinahında mürəkkəb yüksəktəzyiqli quyu üzərində işlər aparılır: “Bu tip quyular əvvəllər heç vaxt qazılmayıb və bu, Azərbaycan Dövlət Neft Şirkətinin tarixində ilk belə texniki cəhətdən mürəkkəb layihədir”.
Bu gün yatağın ehtiyatları, təxminən, 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat kimi qiymətləndirilir ki, bu da onu ən perspektiv qaz mənbələrindən birinə çevirir.
Bakı Enerji Həftəsi göstərib ki, ölkə artıq yalnız hasilatın artırılmasına deyil, həm də resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsinə, rəqəmsal texnologiyaların tətbiqinə və beynəlxalq əməkdaşlığın yeni formalarının inkişafına mərc edir. Genişmiqyaslı bazanın, müasir infrastrukturun və ardıcıl investisiya siyasətinin birləşməsi Azərbaycana Avrasiyanın əsas enerji mərkəzlərindən biri kimi mövqelərini möhkəmləndirməyə imkan verir.
MƏSLƏHƏT GÖR:


28

