DÜNYA LİDERLİYİ ALQORİTMİ
Vaşinqtonla Pekinin geosiyasi rəqabətində əsas silah
Müəllif: İrina XALTURİNA
ABŞ ilə Çin arasında davam edən strateji mübarizədə getdikcə daha böyük əhəmiyyət kəsb edən sahələrdən biri daha mükəmməl süni intellektin (Sİ) hazırlanması uğrunda yarışdır. Artıq Sİ milli təhlükəsizliyin bütün istiqamətləri ilə – iqtisadiyyatdan tutmuş hərbi potensiala qədər – sıx şəkildə bağlıdır. Gələcəkdə bu bağlılığın daha da güclənəcəyi, hətta təhlükəsizliyin ayrılmaz hissəsinə çevriləcəyinə şübhə yoxdur.
Bu gün bu sahədə, demək olar ki, amerikalılar üstündür. Onların ixtiyarında böyük həcmli məlumatların emalı üçün nəzərdə tutulmuş ən qabaqcıl və ən miqyaslı modellər, eləcə də mikrosxemlərin hazırlanması üzrə innovativ texnologiyalar mövcuddur. Lakin bu üstünlük hələlik möhkəm təməl üzərində qurulmayıb və Çin ABŞ-nin arxasınca son dərəcə inamla irəliləyir. ABŞ Prezidenti Donald Trampın Pekin səfərindən sonra Vaşinqtona ünvanlanan çağırışların yenidən səslənməyə başlaması da buradan qaynaqlanır. Bildirilir ki, indi bütün fikir ayrılıqlarını kənara qoyaraq süni intellekt sahəsində vahid milli strategiya qəbul etmək lazımdır. Əks halda ABŞ-nin Çini hər sahədə birmənalı şəkildə geridə qoyması mümkün olmayacaq.
Üstəlik, Pekin də geri çəkilmək niyyətində deyil. Çin hələ 2017-ci ildən Sİ-nin inkişafı üzrə hərtərəfli plana malikdir. Ölkə qarşısına 2049-cu ilə qədər dünyanın ən qüdrətli texnoloji dövləti olmaq məqsəd qoyub. Bu istiqamətdə nəhəng maliyyə vəsaitləri ayrılır. Üstəlik, həmin vəsaitlər amerikalıların istifadə etdiyindən daha səmərəli və daha ucuz süni intellekt texnologiyalarının hazırlanmasına, həmçinin açıq mənbəli süni intellekt, bulud infrastrukturu və qlobal məlumat ekosistemləri sahəsində dominant mövqelərin tutulmasına yönəldilir.
Çin Kommunist Partiyasının son beşillik planında süni intellekt ölkənin ordusunun və iqtisadiyyatının gücləndirilməsinin əsas açarı kimi göstərilib. Beləliklə, hazırda Vaşinqtonla Pekin arasında həm bu gün, həm də gələcək üçün qlobal rəqəmsal infrastruktur üzərində nəzarət uğrunda əsl mübarizə gedir.
Qanunvericilikdəki qeyri-müəyyənlik
Baş verənlər fonunda amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-nin süni intellektə yanaşması parçalanmış və bəzən bir-birinə zidd xarakter daşıyır. Bu sahədə qanunlar hər ştatda fərqlidir ki, bu da biznes qərarlarının qəbulunda qeyri-müəyyənlik yaradır, yalnız bir neçə iri şirkətin üstünlük qazanmasına səbəb olur. Bir sıra hesablamalara görə, təkcə 2026-cı ildə ştatların qanunverici orqanları süni intellektlə bağlı 1700-dən çox qanun layihəsi təqdim ediblər. Buna görə də enerji infrastrukturunun inkişafı, məlumat emalı mərkəzləri (MOM) üçün icazələrin verilməsi sistemi, kibertəhlükəsizlik məsələləri, yerli istehsal və kadr hazırlığını əhatə edən vahid milli fəaliyyət planının hazırlanmasına çağırışlar edilir.
Bir sıra ekspertlər xəbərdarlıq edirlər ki, qabaqcıl süni intellekt modelləri (məsələn, “OpenAI” şirkətinin “ChatGPT”si və “Google” şirkətinin “Gemini” modeli) təhlükəsizlik tələbləri və yoxlamalarla həddindən artıq yüklənib. Bunun səbəbi dipfeyklər və işçilərin əmək bazarından sıxışdırılıb çıxarılması ilə bağlı daim səslənən narahatlıqlardır. Bu şübhələr heç də tam əsassız deyil. Lakin eyni zamanda onlar innovasiyaların, eksperimentlərin, elmi tədqiqatların, qabaqcıl həllərin, açıq mənbəli layihələrin və kiçik şirkətlərin bazara çıxışının ləngiməsi riskini də yaradır. Çünki texnologiya nəhənglərindən fərqli olaraq, bu şirkətlərin “hüquqşünas ordusu” yoxdur. Üstəlik, belə hüquqi xərcləri biznesin inkişafına və yeni texnologiyaların mənimsənilməsinə yönəltmək daha məqsədəuyğundur.
Nəticədə, inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərmək istəyən Amerika şirkətləri üçün yaradılan inzibati maneələr, eləcə də onların qəbul edən ölkələrin inkişafına töhfə vermək imkanlarının məhdudlaşdırılması Çinin dünyanın bir çox ölkəsində rəqəmsal infrastruktur sahəsində dominant mövqe tutmasını asanlaşdıra bilər. Həmin ölkələr çox keçmədən anlayacaqlar ki, süni intellekt sahəsində ABŞ-nin hesablama imkanları heç də əvəzolunmaz deyil.
Çin bu baxımdan öz strategiyasını uğurla həyata keçirir. Məsələn, o, açıq mənbəli süni intellektdən istifadə edir. ABŞ isə daha çox qapalı və ciddi nəzarət olunan sistemlərə üstünlük verir. Eyni zamanda əgər vasitəçi ölkələr məhz Çin bulud xidmətləri təchizatçılarına etibar etməyə başlasalar, bu, Çinə süni intellektin öyrədilməsi üçün istifadə olunan qlobal məlumatlara misilsiz çıxış imkanı verə bilər. Çin məlumatların həcmi baxımından əhəmiyyətli üstünlük əldə edərsə, ABŞ-nin süni intellekt sahəsində liderliyini qoruması çox çətin olacaq. Bununla belə, qeyd etmək lazımdır ki, ABŞ-nin qapalı modelləri (“OpenAI” və ya “Google” tərəfindən hazırlanmış modellər) korporativ kommersiya tətbiqlərində hələ də dominant mövqedədir.
Həmçinin getdikcə daha çox belə bir fikir də səslənir ki, artıq Çin açıq çəkilərə (“open-weight”) malik ən səmərəli süni intellekt modellərinin hazırlanmasında liderliyə yüksəlib. Bu isə məxfiliyin qorunması, senzura və ABŞ-nin qlobal süni intellektin gələcəyini formalaşdırmaq qabiliyyəti ilə bağlı narahatlıqları artırır. Belə ki, “qapalı” modellər yalnız veb-saytlar və ya tətbiqi proqramlaşdırma interfeysləri (API) vasitəsilə onlayn istifadə üçün əlçatan olduğu halda, “açıq” modellər istifadəçilərin öz kompüterlərinə yükləyib işə sala biləcəkləri toplu şəklində təqdim olunur.
Elektrik enerjisinin əhəmiyyəti
ABŞ-nin süni intellekt zəncirində digər son dərəcə həssas məqamlardan biri müvafiq infrastruktur, xüsusilə də energetika sahəsidir. Çünki süni intellekt çox böyük həcmdə elektrik enerjisi istehlak edir. Hesablamalara görə, qarşıdakı on ildə ABŞ-də məlumat emalı mərkəzləri, sənayenin elektrikləşdirilməsi və elektromobillər tərəfindən formalaşdırılan elektrik enerjisi tələbatı ümumi istehlakı bugünkü səviyyə ilə müqayisədə 50%-dən çox artıra bilər.
Süni intellektlə əlaqəli müxtəlif obyektlər, “yaşıl” iqtisadiyyat və sənayenin inkişafı kifayət qədər gücə və ehtiyata malik enerji sisteminin mövcudluğunu tələb edir. Odur ki, elektrik enerjisi ABŞ-nin gələcəyi üçün heç vaxt indiki qədər mühüm olmayıb. Hazırda ABŞ-də istehlak olunan elektrik enerjisinin 7%-i məlumat emalı mərkəzlərinin payına düşür. Lakin bu göstərici artmaqda davam edir. Hesab olunur ki, süni intellektin inkişafını dəstəkləmək üçün ABŞ yaxın bir neçə il ərzində ən azı 50 giqavat əlavə enerji istehsal gücü yaratmalıdır. Digər qiymətləndirmələrə görə isə, 2030-cu ilə qədər təkcə süni intellektin elektrik enerjisinə olan tələbatı ABŞ enerji şəbəkəsinin xalis generasiya gücünü üstələyə bilər.
Bununla yanaşı, istehlakçılar elektrik enerjisi qiymətlərinin artmasından da getdikcə daha çox narahat olurlar. Enerji sistemi isə getdikcə köhnəlir. ABŞ-nin enerji şəbəkəsi infrastrukturunun əhəmiyyətli hissəsinin yaşı 25 ildən çoxdur və onun əsaslı şəkildə müasirləşdirilməsi işləri ən azı on il vaxt tələb edəcək. Müxtəlif məlumatlara əsasən, paylayıcı transformatorların yarıdan çoxunun istismar müddəti başa çatmaq üzrədir və bu, onların yaxın gələcəkdə sıradan çıxacağı anlamına gəlir. Üstəlik, prosesi son dövrlərdə dünyanın müxtəlif bölgələrində tez-tez müşahidə olunan ekstremal hava şəraiti də sürətləndirə bilər. Aydındır ki, əgər ABŞ daxilində bu problem həll edilməzsə, Amerika şirkətləri öz əməliyyatlarını xaricə köçürməyə başlayacaqlar ki, bu da onları əlavə risklərlə üz-üzə qoyacaq.
Yeri gəlmişkən, bu problem kiçik modul nüvə reaktorlarının tətbiqi ilə həll oluna bilər. Belə reaktorlar nisbətən az torpaq sahəsi və daha az su tələb edir. Onları sıx və etibarlı enerji təchizatı yaratmaq məqsədilə məlumat emalı mərkəzləri və sənaye müəssisələrinin yaxınlığında yerləşdirmək daha asandır. Məsələn, ABŞ-dəki məlumat emalı mərkəzlərinin 25%-nin cəmləşdiyi və dünyada məlum olan 504 mərkəzdən 100-dən çoxunun yerləşdiyi Virciniya ştatında elektrik enerjisinin artıq 32%-i nüvə enerjisinin payına düşür.
Bütün baş verənlər fonunda artıq ABŞ siyasi diskursunda Çinlə süni intellekt sahəsində rəqabəti demokratik dəyərlər çərçivəsində təqdim etməyə çalışırlar. Guya əsas məsələ gələcəyin texnologiyalarının məhz bu dəyərlər əsasında formalaşdırılmasıdır. Lakin aydındır ki, məsələ tamamilə başqadır. Kimin süni intellekt sistemləri qlobal standart statusu qazanarsa, o, digərləri üzərində təsir və təzyiq rıçaqlarına sahib çıxacaq və nəticədə, hamı məhz onun müəyyən etdiyi qaydalarla oynamaq məcburiyyətində qalacaq.
Həmçinin aydındır ki, süni intellekt ABŞ-də 2028-ci il prezident seçkilərinin əsas mövzularından birinə çevrilə bilər. Bunun səbəbi cəmiyyətdə bu texnologiya ilə bağlı mövcud olan dərin narahatlıqdır. Son sorğulara görə, bir çox amerikalı süni intellektin iqtisadiyyata və əmək bazarına təsirindən narahatdır. Amerikalıların əksəriyyəti (71%) hesab edir ki, süni intellektin inkişaf tempi həddindən artıq yüksəkdir. Respondentlərin təxminən üçdə ikisi (64%) isə süni intellektin iqtisadi faydalarının bütün cəmiyyətə çatacağı ehtimalını aşağı və ya çox aşağı qiymətləndirir.
Gənc amerikalılar süni intellektin inkişaf sürəti və iqtisadi faydaların bölüşdürülməsi məsələsində yaşlı nəslə nisbətən daha az narahatlıq ifadə etsələr də, onları da qorxudan məqam var: süni intellekt bu insanların özlərinin və ailələrinin yaşayışının bağlı olduğu iş yerlərini əvəz edə bilər.
Beləliklə, süni intellekt uğrunda yarışda qalib gələcək onilliklər üçün yalnız texnoloji standartları deyil, həm də qlobal rəqəmsal təhlükəsizlik arxitekturasını, iqtisadi qaydaları və geosiyasi təsir mexanizmlərini müəyyən edəcək. Nəticə etibarilə, miqyaslı, etibarlı və geniş istifadə üçün əlçatan süni intellekt ekosistemi yarada bilən tərəf bütün dünya nizamı üçün oyun qaydalarını müəyyənləşdirəcək mərkəzə çevriləcək.
Digər tərəfdən süni intellekt yarışının vahid qalibi olan rəqabət deyil, texnoloji zəncirin müxtəlif seqmentlərində ABŞ ilə Çinin üstünlük təşkil etdiyi çoxölçülü rəqabət forması alması da mümkündür. Bu isə o cümlədən Pekinlə Vaşinqton arasında qarşılıqlı asılılığın daha da güclənməsi hesabına dünyanı daha təhlükəsiz edə bilər.
MƏSLƏHƏT GÖR:

35

