8 İyul 2026

Çərşənbə, 21:30

“TRAMPIN VARİSLƏRİ”

Favoritlərdən hansı MAGA koalisiyasını qoruya və Respublikaçılar Partiyasını parçalanmadan xilas edə bilər?

Müəllif:

15.06.2026

ABŞ-dənövbəti prezident seçkisihələ 2028-ci ilin noyabrında keçiriləcək. Lakin Respublikaçılar Partiyasının namizədinin kim olacağı və Donald Trampın siyasi hərəkatını kimin davam etdirəcəyi məsələsi getdikcə daha ciddi aktuallıq qazanır. Artıq Tramp özü, demək olar ki, yarışdan çıxıb. O, üçüncü müddətə namizədliyini irəli sürmək imkanının konstitusiyaya zidd olduğunu deyərək, bu variantı faktiki olaraq istisna edib.

Belə bir vəziyyətdə amerikalılar arasında Trampa ümumi dəstək azalsa da, “Washington Post”-“ABC News”-“Ipsos” tərəfindən bu ilin əvvəlində keçirilmiş sorğu respublikaçı seçicilərin 71%-nin partiya liderlərinin “Trampın yolu ilə” getməli olduqlarını düşündüyünü göstərib. Buna rəğmən, respublikaçılar arasında İran ətrafındakı vəziyyət, Çinlə münasibətlər, iqtisadiyyat və digər mühüm məsələlər üzrə fikir ayrılıqlarının artdığını da nəzərə alsaq, 2028-ci ilin əsas siyasi intriqasının daha da güclənəcəyini düşünmək olar.

 

“Möhtəşəm cütlük”

Maraqlıdır ki, Ağ Evin hazırkı rəhbəri özünün mümkün varisləri kimi ən çox vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun adını çəkir. Tramp onların hər ikisini davamlı olaraq tərifləyir, “möhtəşəm”, “istedadlı” adlandırır, lakin konkret seçim etməkdən yayınır. Bununla belə, dövlət başçısı onların birlikdə güclü komanda təşkil edə biləcəklərinə işarə vurur: “Əmin deyiləm ki, kimsə bu ikisinə qarşı namizədliyini irəli sürməyə cəsarət etsin. Düşünürəm ki, onlar birləşsələr, qarşılarını kəsmək mümkün olmaz”.

Vens və Rubio isə hələlik diqqətlərini daha çox hazırkı vəzifələrinə yönəltdiklərini nümayiş etdirirlər. Bununla belə, onların bəzi bəyanatları və addımları bir çoxları tərəfindən mümkün seçki kampaniyalarının başlanğıcı kimi qiymətləndirilir.

41 yaşlı vitse-prezident Cey Di Vens indiyədək prezidentliyə namizəd olmaq niyyətini açıq şəkildə dilə gətirməyib. O, Tramp xəttinin ən qatı tərəfdarlarından hesab olunur. Vens seçicilər arasında güclü dəstəyə də malikdir. Trampın oğlu ilə sıx əlaqələri olan vitse-prezident MAGA fəallarının da çoxunun rəğbətini qazanıb. MAGA (“Make America Great Again” – “Amerikanı yenidən böyük edək”) Donald Trampın əsas siyasi şüarı olmaqla yanaşı, ABŞ-də miqyaslı mühafizəkar siyasi hərəkatın rəmzinə çevrilib.

Vens rəhbərinə daha çox bənzəmək üçün vaxtilə qətiyyətlə müdafiə etdiyi bəzi mövqelərini də dəyişib. Məsələn, İranla müharibə məsələsində əvvəl onun baxışları fərqli idi. Aydındır ki, həm Tramp, həm də Vens üçün bundan sonra çox şey Yaxın Şərqdə hadisələrin necə inkişaf etməsindən asılı olacaq.

Lakin vitse-prezidentin tənqidçiləri onun Trampın yaratdığı koalisiyanı qoruyub saxlamaq imkanlarına şübhə ilə yanaşırlar. Çünki həmin koalisiyada bir çox seçici Respublikaçılar Partiyasını deyil, məhz Trampı dəstəkləyir. Bu isə, şübhəsiz ki, istənilən varis üçün müəyyən çətinlik yaradır. Vens, sözsüz ki, Trampın döyüşkən ruhunu və populist üslubunu mənimsəyib. Ən azı medianın çətin suallarına cavab verərkən o, getdikcə rəhbərinə daha çox bənzəyir. Lakin onda hələ Trampdakı qədər şəxsi xarizma və sövdələşmə bacarığı yoxdur. Amma hər bir halda, Vensin respublikaçı siyasətdə uzunmüddətli gələcəyi ola bilər, çünki o, mümkün namizədlər arasında ən gənc şəxslərdən biridir. Vens ABŞ tarixinin ən gənc vitse-prezidentlərindən sayılır.

Marko Rubioya gəlincə, o, artıq siyasi sınaqlardan keçmiş fiqurdur. Rubio bir vaxtlar Respublikaçılar Partiyasının yüksələn ulduzlarından biri hesab olunurdu və 2016-cı il seçkilərində partiyanın namizədi olmaq üçün mübarizə də aparmışdı. Həmin dövrdə siyasətçi özünü gənc, gələcəyə yönəlmiş mühafizəkar lider kimi təqdim edir, “Yeni Amerika əsri” şüarını irəli sürürdü. Həmin dövrdə onun kampaniyası Florida ştatında keçirilən praymerizdə Trampa məğlub olmaqla başa çatmışdı.

Rubionun hazırkı ictimai çıxışları getdikcə daha çox onun 2015-ci il kampaniyasının mövzularını xatırladır: nəsillərin dəyişməsi, amerikan arzusu, ölkənin gələcəyinə nikbin baxış və respublikaçıların müxtəlif qrupları arasında “körpü” rolunu oynaya biləcəyi fikri. Dövlət departamentinin rəhbəri kimi fəaliyyəti nəticəsində Rubionun nüfuzunu əhəmiyyətli dərəcədə artırdığını söyləmək mümkündür.

Ağ Evdəki çıxışında Rubio bildirib ki, onun və həmkarlarının səyləri Amerikanın “istənilən ölkədən olan insanın istədiyi hər şeyə nail ola biləcəyi məkan olaraq qalmasına” yönəlib. Bu ruhlandırıcı sözlər də onun keçmiş prezidentlik kampaniyasının ritorikasını xatırladır. Bir çoxları qeyd edir ki, Rubio Trampın siyasətini beynəlxalq auditoriyaya uğurla “satmağı” bacarır.

Bununla yanaşı, dövlət katibi dəfələrlə bəyan edib ki, əgər 2028-ci ildə Cey Di Vens prezidentliyə namizəd olarsa, nəinki ona qarşı çıxmayacaq, hətta onu dəstəkləyəcək. Bununla belə, sorğular Rubionun respublikaçı seçicilər arasında Venslə arasındakı fərqi əhəmiyyətli dərəcədə azaltdığını göstərir. Siyasi kulislərdə hesab edirlər ki, Rubio mövcud koalisiyanın parçalanmadan qorunması baxımından daha uğurlu namizəd ola bilər. Onun siyasətə təbii yanaşması MAGA ideologiyasından daha çox ənənəvi mühafizəkarlığa yaxındır. Nəticədə, hesab olunur ki, əlverişli şərait yaranarsa (məsələn, Vens ciddi səhvə yol verərsə), Rubio siyasi mübarizəyə fəal şəkildə qoşula bilər.

 

Potensial rəqiblər

Məhz Vensə alternativ kimi nəzərdən keçirilən digər mümkün namizədlərdən biri isə Texas ştatından senator, müasir Amerikanın tanınmış mühafizəkar siyasətçisi Ted Kruzdur. Onun erkən səsvermənin keçirildiyi ştatlara səfərləri və milli podkastlarda fəal iştirakı prezidentlik kampaniyasına erkən hazırlıq kimi qiymətləndirilir. Kruz 2016-cı ildə Respublikaçılar Partiyasının praymerizində Donald Trampın əsas rəqibi olub. Həmin kampaniya dövründə onlar arasında kifayət qədər kəskin şəxsi qarşıdurmalar yaşansa da, sonradan Kruz Trampın müttəfiqinə çevrilərək, onun bir çox təşəbbüslərini dəstəkləyib. İndi isə müşahidəçilər prezidentlə senator arasında xarici siyasət və partiya strategiyasının bəzi məsələləri üzrə yenidən müəyyən fikir ayrılıqlarının yarandığını qeyd edirlər.

Kruz ümumilikdə respublikaçıların daha ənənəvi və sərt xarici siyasət xəttini müdafiə edirsə, Trampın favorit hesab olunan namizədi Vens partiyanın “Əvvəlcə Amerika” prinsipini dəstəkləyən və daha təmkinli mövqedə dayanan qanadı ilə əlaqələndirilir.

Senator qeyri-rəsmi söhbətlərdə Vensin xarici siyasi baxışlarını həddindən artıq təcridçi hesab etdiyini deyərək, onu tənqid edir. Bundan başqa, o, MAGA hərəkatının nüfuzlu simaları ilə açıq polemikalara da girir. Əgər mübarizə Venslə Kruz arasında cərəyan etsə, bu, Trampdan sonra Respublikaçılar Partiyasının necə görünməli olduğu barədə mübahisə edən tərəflərin qarşıdurması anlamına gələcək. Proqnozlara görə, senator hazırda həm Vens, həm də Rubiodan xeyli geri qalır. Onun əsas üstünlükləri isə yüksək tanınma səviyyəsi və güclü donor şəbəkəsidir. Başqa sözlə, lider namizədlər hər hansı səbəbdən uğursuzluğa düçar olsalar, Kruzun siyasi səhnədə yenidən ön sıralara çıxması mümkündür.

Digər “ehtiyat variant” müdafiə naziri, veteran və keçmiş televiziya aparıcısı Pit Heqset hesab olunur. O, Respublikaçılar Partiyasının milli-mühafizəkar qanadına mənsubdur və barışmaz evangelist mövqeyinə görə ifrat sağ çevrələr arasında böyük populyarlığa malikdir. Məlum olduğu kimi, evangelistlər Donald Trampın 2016-cı ildəki qələbəsində həlledici rol oynayıblar və bu gün də onun ən sadiq seçici qruplarından biri olaraq qalırlar. Heqset ABŞ ordusunun gücləndirilməsini, müxtəliflik və inklüzivlik proqramlarının məhdudlaşdırılmasını, sərt miqrasiya siyasətini, eləcə də xarici siyasətdə “Əvvəlcə Amerika” prinsipini müdafiə edir.

Onun rəhbərliyi dövründə Pentaqonda yüksək vəzifəli zabitlərin işdən çıxarılması, istefaya göndərilməsi və ya başqa vəzifələrə keçirilməsi də daxil olmaqla mühüm dəyişikliklər baş verib, həmçinin xidmət pillələri üzrə irəliləyiş proseslərinə müdaxilələr olub. Bu addımlar ona qarşı tənqidləri artırıb. Eyni zamanda Heqsetin hərbi mövzuları mədəni və dini arqumentlərlə əlaqələndirdiyi çıxışları mübahisələrə yol açıb. Bundan başqa, o, Avropa İttifaqı ölkələrini “başqa təhlükəli ideologiyaların təzyiqinə məruz qalmaqda”, yəni qeyri-qanuni miqrasiyaya qarşı yetərincə mübarizə aparmamaqda açıq şəkildə tənqid edir. Buna görə də hazırda Heqset prezidentlik yarışının açıq liderindən daha çox Tramp administrasiyasının mühüm fiquru kimi qəbul olunur. Bununla belə, o, potensial namizədlər siyahısında qalmaqdadır.

Gələcəkdə Ağ Ev uğrunda mübarizənin mümkün iştirakçılarından biri də Florida ştatının qubernatoru, mühafizəkar dəyərlərin qatı müdafiəçisi Ron DeSantisdir. O, 2024-cü il praymerizində Trampla mübarizə aparmışdı.

DeSantis təhsil, immiqrasiya, gender məsələləri və mədəni mübahisələrlə bağlı mövqeyinə, eləcə də idarəçilik təcrübəsinə görə bir çox mühafizəkar arasında populyardır. Onun qubernatorluq müddəti 2027-ci ildə başa çatır. Demək, DeSantis dövlət vəzifəsi tutmadan prezident seçkilərində iştirak etmək üçün siyasi fəaliyyətini daha da intensivləşdirməli olacaq.

Yeri gəlmişkən, Tramp bu yaxınlarda DeSantisi də açıq şəkildə tərifləyib və hətta onun yüksək federal vəzifəyə – baş prokuror postuna təyin olunması ehtimalını istisna etməyib. Üslub baxımından DeSantis çox vaxt Trampın mühafizəkar ideologiyası ilə daha ənənəvi dövlət idarəçiliyi və hərbi xidmət təcrübəsinin birləşməsi kimi qəbul edilir. Bütün bunlar onu Trampdan sonrakı dövr üçün Respublikaçılar Partiyasının ən maraqlı simalarından birinə çevirir.

Mümkün namizədlər siyahısında ən perspektivli və eyni zamanda ən mübahisəli fiqurlardan biri isə iş adamı, “Trump Organization”un rəhbərlərindən biri, seçki kampaniyasının fəal iştirakçısı və MAGA hərəkatının tanınmış tərəfdarı Donald Tramp Jr.dır (Donald Trampın böyük oğlu). O, heç vaxt dövlət vəzifəsi tutmayıb, lakin uzun illərdir atasının müşaviri və etibarlı tərəfdaşlarından biri hesab olunur. Yəni oğul Trampın siyasi təsiri seçkili vəzifələrdən daha çox ailə əlaqələrinə və MAGA hərəkatındakı mövqeyinə əsaslanır.

Tramp Jr. respublikaçı seçicilər arasında çox tanınır. O, gələcəkdə prezident seçkilərinə qatılmaq ehtimalını istisna etmir. Üstəlik, görünən odur ki, oğul Tramp mərhələli şəkildə özünün “prezident imici”ni formalaşdırmaq üzərində fəal işləməkdədir.

Nəhayət, mümkün namizədlərdən biri də “Fox News”un keçmiş məşhur aparıcısı Taker Karlsondur. O, namizədliyini irəli sürəcəyini elan etməsə də, bunu istisna da etmir. Karlson əsasən İran müharibəsinə görə Trampdan uzaqlaşıb. Amma o, güclü natiqlik qabiliyyəti sayəsində hələ də media auditoriyasının dəstəyini qoruyub saxlayır. Yəni Karlson seçkili vəzifələrdən asılı olmayan böyük bir auditoriya formalaşdıra bilib və bu baxımdan öz siyasi reputasiyasını müdafiə etmək məcburiyyətində deyil.

Yeri gəlmişkən, hesab olunur ki, Yaxın Şərqdə vəziyyətin ABŞ üçün mürəkkəbləşməsi Karlsonun 2028-ci il prezident seçkisində iştirak perspektivlərini yaxşılaşdıra bilər. Karlson haqqında yaxınlarda bioqrafik kitab yazmış jurnalist Ceyson Zengerle “Poynter” nəşrinə müsahibəsində deyib: “O, müharibənin məsuliyyətini Cey Di Vensin də, Marko Rubionun da üzərinə qoya biləcək...”.

Taker Karlsonun mənfi cəhətləri kimi idarəçilik təcrübəsinin olmaması və gələcəkdə əleyhinə istifadə edilə biləcək çoxsaylı ictimai bəyanatları göstərilir.

Mümkün namizədlər sırasında Arkanzas ştatından senator Tom Kotonun da adı çəkilir. O, milli-mühafizəkarlar və hərbçilər arasında güclü dayağa malikdir. Daha bir sima – Missuri ştatından senator Coş Houli də milli-mühafizəkar çevrələrin dəstəyini qazanmış siyasətçilərdəndir. Həmçinin Alabama ştatından senator Keti Britt də potensial namizədlər arasında göstərilir. O, Respublikaçılar Partiyasının “yüksələn ulduzlarından” hesab olunur.

Ümumilikdə görünən odur ki, bütün potensial namizədlər istər-istəməz MAGA hərəkatına sadiqliklə öz siyasi kimlikləri arasında balans yaratmağa çalışacaqlar. Çünki partiya hələ də böyük ölçüdə məhz Trampın şəxsiyyəti ətrafında formalaşıb və onun yaratdığı koalisiyanın üzləşə biləcəyi riskləri hamı anlayır. Vensin əsas vəzifəsi Trampın siyasi kursunu davam etdirə biləcəyini nümayiş etdirməkdir. Əgər vitse-prezident bu vəzifənin öhdəsindən gələ bilməsə, çox güman ki, ön plana Rubio çıxacaq və diqqət onun rəhbər vəzifələrdəki təcrübəsinə, eləcə də xarici siyasətdəki fəaliyyətinə yönələcək.

Bununla yanaşı, Vens-Rubio tərəfdaşlığının istənilən halda qorunub saxlanacağı ehtimal olunur. Onların hər ikisi istedadlıdır və partiyada uzunmüddətli siyasi karyera qurmaq üçün kifayət qədər gənc hesab olunurlar. Diqqət edilməsi olan əsas məsələlər Vens və Rubionun tutduqları vəzifələrdə fəaliyyətlərinin səmərəliliyi, aralıq seçkilərin nəticələri və Trampın siyasi səhnədən getməsi ilə bağlı mümkün ssenarilərdir. Yaxın perspektivdə xüsusilə 2026-cı ildə keçirilməli olan aralıq seçkiləri mühüm əhəmiyyət kəsb edir. Bəzi ekspertlər hesab edirlər ki, həmin seçkidə respublikaçılar ən azı Nümayəndələr palatasında çoxluğu itirə bilərlər.

Trampın siyasi səhnədən vaxtından əvvəl getməsi (səhhəti və ya digər səbəblərdən) az ehtimal olunan variant sayılsa da, tamamilə istisna edilmir. Belə vəziyyətdə Vens 2028-ci il prezident seçkisi ərəfəsində çox böyük üstünlük qazanmış olacaq.

Eyni zamanda 2026-2028-ci illərdə beynəlxalq vəziyyətin necə inkişaf edəcəyi də həm partiya daxilindəki qüvvələr nisbətini, həm də potensial namizədlərin hər birinin mövqeyini köklü şəkildə dəyişə bilər. 2028-ci ilə qədər Respublikaçılar Partiyasında tamamilə yeni və parlaq siyasi ulduzların meydana çıxması o qədər də real görünmür. Lakin siyasətdə hər şey mümkündür.



MƏSLƏHƏT GÖR:

57