TÜKƏNƏNƏ QƏDƏR...
Moskva ilə Kiyev hələ sülhdən çox uzaqdırlar
Müəllif: Natiq NAZİMOĞLU
Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar getdikcə daha genişmiqyaslı və amansız xarakter alır. Bu, danışıqların faktiki olaraq tamamilə dayanması şəraitində baş verir ki, nəticədə, müharibənin yaxın vaxtlarda başa çatacağına heç də ümid qalmır.
Qarşılıqlı zərbələr
Artıq dörd ildən çoxdur davam edən müharibənin hazırkı mərhələsinin, demək olar ki, “vizit kartı” pilotsuz uçuş aparatlarının (PUA) total tətbiqidir. Həm Rusiya, həm də Ukrayna uzaqmənzilli dronlardan istifadə edir ki, bu da onlara hər iki ölkənin ərazisinin dərinliklərində yerləşən strateji hədəfləri vurmaq imkanı verir.
Rusiya Ukraynanın vilayət və şəhərlərinə raket və dronlarla kütləvi zərbələri davam etdirir. Buraya Zaporojye və Xerson, Odessa və Dnepropetrovsk, Sumı və paytaxt Kiyev də daxildir. İyunun 8-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi Donetsk vilayətində yerləşən Ximik şəhərinin Rusiya qoşunlarının nəzarətinə keçdiyini elan edib.
Ukrayna isə öz növbəsində Rusiya ərazisindəki strateji obyektlərə hücumlar həyata keçirir. Məsələn, Çeboksarı şəhərindəki hərbi zavoda, Samara vilayətində yerləşən Kuybışev Neft Emalı Zavoduna, Vladimir vilayətivə Novorossiyskdə yerləşən neft infrastrukturu obyektlərinə zərbələr endirilib. Ümumilikdə Rusiyanın 14 regionunda raket təhlükəsi elan olunub. Bu regionlar arasında Sverdlovsk, Tümen, Orenburq və Çelyabinsk vilayətləri, Perm diyarı, Udmurtiya, Tatarıstan və Çuvaşiya da var. Bütün bunlar Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək imkanlarının artdığını göstərir. Bu gün Ukrayna dronları artıq cəbhə xəttindən 900 kilometrdən çox məsafədə yerləşən obyektləri belə, vurur. Hərbi ekspertlər son dövrlərdə Ukrayna Silahlı Qüvvələrinin uğurlarını izah edərkən məhz bunuəsas amil kimi göstərirlər.
Ukrayna Krım istiqamətində də hərbi fəallığıartırıb. Rusiyanın ilhaq etdiyi yarımada ilə Ukraynanın materik hissəsi arasında ən qısa və əlverişli marşrut hesab olunan Çonqar körpüsünə hücum təşkil olunub. Xatırladaq ki, Rusiya qoşunları yarımadadan cəbhənin cənub istiqamətinə texnika və sursat daşınması üçün məhz bu marşrutdanistifadə edirdi. Bundan başqa, Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan Xerson vilayətindəki Geniçesk ilə Arabat dili arasında yerləşən digər strateji əhəmiyyətli körpü də vurulub. Bütün bunlar Rusiyanın “birləşdirdiyi” ərazilərə, ilk növbədə, ciddi yanacaq qıtlığının müşahidə olunduğu Krıma qarşı təkcə hərbi deyil, həm də iqtisadi təzyiqin güclənməsinə xidmət edir.
Cəbhədəki mövcud vəziyyət Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin bəyanatında da öz əksini tapır. O bildirib ki, 2026-cı ilin əvvəlindən etibarən Ukrayna ordusu itirilmiş 600 kvadrat kilometr ərazini Rusiyadangeri alıb. Kiyev məhz bu tezisə əsaslanaraq Rusiya tərəfinin ordunun irəliləyişinin artması ilə bağlı iddialarını təkzib edir. Qeyd edək ki, həmin iddialar fonunda Moskva onu da bildirir ki, Kiyevin“əsas səbəblərlə bağlı” tələbləri qəbul etməkdən imtina edəcəyi təqdirdə, Ukrayna danışıqlarda daha əlverişsiz mövqedə olacaq.Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatı isə müəyyən mənada “güzgü əksi” xarakteri daşıyır. “Rusiyahərbirhaldamüharibənidiplomatikyollabaşavurmaqməcburiyyətində qalacaq. Lakin gələcək şərtlər onun üçün daha əlverişsiz olacaq”, - deyə nazir qeyd edib.
Baş verənlər fonunda dünyanın siyasi mərkəzlərində Ukraynanın Rusiya ilə müharibədə üstünlük əldə etdiyi barədə fikir getdikcə möhkəmlənir. Məsələn, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin keçmiş direktoru, istefada olan general-leytenant Robert Eşli deyib: “Operativ baxımdan deyərdim ki, Ukrayna qalib gəlir. Çünki o, düşmənin operativ hədəflərini məhv edir, gələcək əməliyyatlar üçün şərait yaradır və hərəkət azadlığını qoruyub saxlayır”.
Bəs belə nüfuzlu qiymətləndirmələr Ukraynanın Rusiya ilə müharibədə, həqiqətən, qələbəyə yaxınlaşdığını göstərirmi? Ən azı hazırkı mərhələdə bunu iddia etmək çətindir. Məsələ ondadır ki, cəbhənin ümumi mənzərəsi döyüşən tərəflərin mövqelərinin, demək olar ki, dəyişməz qaldığını göstərir. Döyüşlərin bütün şiddətinə rəğmən, tərəflərdən heç biri ciddi irəliləyiş əldə etmir. Bu baxımdan digər bir nüfuzlu amerikalının – istefada olan general Cozef Ralstonun fikrini xatırlatmaq yerinə düşər. “Rusiya istədiyi bütün əraziləri nüvə silahından istifadə etmədən ələ keçirəcək qədər güclü deyil, Ukraynanın isə itirdiyi əraziləri geri qaytarmaq üçün kifayət qədər gücü yoxdur”, - deyə Raltson bildirib.
Həqiqətən də, tərəflərin hazırkı mərhələdəki imkanlarına dair bu qiymətləndirmə ilə razılaşmamaq çətindir. Bəs bu çıxılmaz vəziyyət onların sülhün həyati əhəmiyyətini mümkün qədər tez dərk etməsinə, beləliklə də, yeni danışıqlara təkan verə bilərmi? Amma bunun əksi də mümkündür. Məsələn, hər iki tərəfdə qələbəyə ümid davam etdiyindən, onlar uzunmüddətli atəşkəsə o qədər də maraq göstərməyə bilərlər. İstənilən halda, hazırkı reallıq ondan ibarətdir ki, tərəflər arasında nə sülh, nə də ən azı atəşkəs barədə danışıqlar gedir.
Tammiqyaslı danışıqlar başlayacaqmı?
ABŞ administrasiyasının və şəxsən Prezident Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqların dayanması, ilk növbədə, Ağ Evin diqqəti Yaxın Şərq regionuna yönəltməsi ilə izah olunur. Bu şəraitdə Ukraynanın hesablamaları diplomatik səylərin gücləndirilməsi üzərində qurulur. Kiyev hesab edir ki, müdafiə və hücum imkanlarının nəzərəçarpacaq dərəcədə artması fonunda diplomatik fəallığın yüksəlməsi Rusiyanı müharibənin başa çatdırılması ilə bağlı birbaşa danışıqlara məcbur edə bilər. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “müharibənin ona hələ də hansısa üstünlüklər gətirə biləcəyi” barədə xülyalara qapılmaması üçün “aydın diplomatik strategiya” qurulduğunu bildirir. Kiyevin diplomatik fəallığının məqsədlərindən biri isə Rusiya ilə Ukrayna haqda aparılacaq istənilən danışıqlarda Avropanın iştirakını təmin etməkdir. Zelenski Londonda “Avropa üçlüyü” – Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüşdə Rusiya iqtisadiyyatına təzyiqin artırılması, Ukraynaya hərbi yardımın genişləndirilməsi, hava hücumundan müdafiə və uzaqmənzilli zərbələr üçün zəruri olan raketlərin birgə istehsalı məsələləri müzakirə edilib. Görüşündə sülh şərtləri də açıqlanıb. Söhbət xüsusilə, hazırkı təmas xəttinin hərbi əməliyyatların dayandırılması üçün başlanğıc nöqtəsi kimi qəbul edilməsindən, Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsindən, onun ərazisinə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsinədək Rusiya aktivlərinin dondurulmasından gedir.
Ukrayna lideri daha sonra Şimali Avropa və Baltik ölkələrinin sammitində iştirak etmək üçün Tallinə yollanıb. Zelenski orada da Avropanın Rusiya ilə mümkün danışıqlar masasında təmsil olunmasının vacibliyini vurğulayıb. Prezidentin fikrincə, “Avropa sadəcə vasitəçi ola bilməz”. “Çünki Avropa bizim tərəfdədir”, - deyə o, vurğulayıb.
Beləliklə, ABŞ vasitəçiliyinin açıq böhran yaşadığı şəraitdə Kiyev yeni danışıqlar reallığı formalaşdırmağa çalışır. Bu reallıqda Rusiya ilə danışıqların əsas iştirakçılarından biri Ukraynanı dəstəkləyən Avropa ölkələri olmalıdır. Lakin problem ondadır ki, Moskva Avropanın mümkün yeni danışıqlar raundunda iştirakına qəti etiraz edir.
Amma istənilən halda, danışıqlardakı durğunluğun əsas səbəbi müharibə aparan tərəflərin özlərinin tutduqları tam əks mövqelərdir. Əsas ziddiyyət Donbas məsələsi olaraq qalır. Rusiya atəşkəs üçün şərt kimi Ukrayna Silahlı Qüvvələrinin Donbasın hələ də Moskvanın nəzarətə götürə bilmədiyi hissəsindən çıxarılmasını tələb edir. Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə iyunun 4-də ünvanladığı açıq məktubun əsas mövzusu da məhz bu olub. Moskvanın Donbası tam nəzarətə götürə bilməyəcəyini vurğulayan Zelenski birbaşa danışıqlara başlamağı və müharibəni başa çatdırmağı təklif edib.
Putin deyilənlərə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda cavab verib. Onun cavabı mənfi olub. Sülh sazişi hazırlanmazdan əvvəl Zelenski ilə görüşmək üçün “heç bir səbəb” görmədiyini deyən V.Putinin fikrincə, hazırda görüşlər yalnız Kiyev üçün məna kəsb edə bilər: “Məqsəd Rusiyanın hücumlarını dayandırmaqdır”. Rusiya Prezidenti əmindir ki, “hərbi əməliyyatlar nə vaxtsa başa çatacaq və Moskva qarşıya qoyduğu məqsədlərə nail olacaq”. Buna görə də o, Ukrayna Prezidentinə rusiyalı hərbçilərə müraciətlə cavab verib: “İşləyin, qardaşlar”.
Bu arada, mövcud vəziyyətin perspektivlərini qiymətləndirərkən, həm tərəflərin hərbi əməliyyatların başa çatmasını sürətləndirməkdə maraqlı ola biləcəyini, həm də tezliklə sülhə nail olmaq üçün real zəminin olmadığını göstərən daha bir maraqlı faktı qeyd etmək lazımdır. Söhbət rusiyalı oliqarx Roman Abramoviçin gözlənilməz şəkildə Kiyevə səfər etməsindən gedir. Ukrayna Prezidenti Zelenskinin “Sky News”a müsahibəsindən belə aydın olur ki, Abramoviç Kiyevə Putinin təşəbbüsü ilə yollanıb. Lakin Putin əksinə iddia edir: “Rusiya işgüzar dairələrinin nümayəndələrindən biri Kiyevə Kremlin mesajını çatdırmaq üçün Ukrayna tərəfindən dəvət olunub”.
Hər halda, Zelenskinin sözlərinə görə, Abramoviç Moskvaya əsas mesajı çatdırıb: Ukrayna Donbası verməyəcək. Eyni zamanda Zelenski Kiyevin Rusiya ilə mövcud cəbhə xəttini “hazırkı nöqtədə qalmaq” prinsipi əsasında “dondurmağa” hazır olduğunu təsdiqləyib. Onun fikrincə, bu, sülhə aparan ən qısa yoldur və bu yol sonradan müharibənin “diplomatik rejimə” keçirilməsinə imkan verə bilər.
Lakin hələlik hər hansı “diplomatik rejim” yoxdur. Atəşkəsin əsas şərtləri ətrafında mübahisələr isə davam edir. Nəticədə, müharibə də davam edir. Üstəlik, o, son günlərədək təsəvvür edilməyəcək forma alır. Məsələn, Sankt-Peterburq Forumu və Putinin oradakı çıxışı Rusiyanın şimal paytaxtının yüzlərlə Ukrayna dronu tərəfindən hücuma məruz qaldığı bir şəraitdə keçirilib.
Beləliklə, həm insan, həm də dövlət resurslarını tükəndirən Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün tammiqyaslı sülh prosesinin alternativi görünmür. Bunu BMT-nin baş katibi Antonio Qutyerreş də etiraf edib. O, Moskva ilə Kiyevi “bərabər şərtlərə əsaslanan birbaşa danışıqlara” çağırıb.
MƏSLƏHƏT GÖR:



52

