“DÖRD DƏNİZ – DOQQUZ DƏHLİZ”
Avrasiyanın yeni geoiqtisadi xəritəsi və onun əsas bəndi
Müəllif: Namiq H. ƏLİYEV
Avrasiyanın geosiyasi və iqtisadi arxitekturasının sürətlə dəyişməsi fonunda Türkiyə dünyanın əsas logistika mərkəzlərindən biri roluna növbəti iddiasını irəli sürür. Ankaranın Suriya ilə birlikdə hazırladığı “Dörd dəniz – doqquz dəhliz” layihəsi adi nəqliyyat təşəbbüsü çərçivəsini xeyli aşır. Söhbət Fars körfəzi, Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Avropanı vahid iqtisadi məkanda birləşdirə biləcək yeni ticarət əlaqələri sisteminin formalaşdırılması cəhdindən gedir.
Türkiyə yaxın vaxtlaradək özünü əsasən Şərqlə Qərb arasında körpü kimi təqdim edirdisə, bu gün o, dünyanın ən böyük bazarları arasında əsas marşrutlara nəzarət etməklə qlobal yük axınlarının müstəqil cazibə mərkəzinə çevrilməyə çalışır.
Yeni nəqliyyat məkanının coğrafiyası
“Dörd dəniz – doqquz dəhliz” konsepsiyası Aralıq, Qara və Xəzər dənizlərini Fars körfəzi ilə birləşdirəcək genişmiqyaslı dəniz, dəmir yolu, avtomobil və boru kəməri marşrutları şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Mövcud məlumata görə, gələcək dəhlizin Avropa istiqaməti Azərbaycan, Türkiyə, Ermənistan, İraq, Suriya, Qətər, İordaniya, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcək. Əslində, söhbət Asiyanın istehsal mərkəzlərini və Yaxın Şərqin enerji resurslarını Avropa bazarları ilə birləşdirə biləcək alternativ nəqliyyat istiqamətinin formalaşdırılmasından gedir.
Dünya ticarətinin ənənəvi marşrutları üçün risklərin artdığı bir şəraitdə bu cür layihə xüsusilə aktuallıq qazanır. Son illərin təcrübəsi göstərib ki, Süveyş kanalından Hörmüz boğazınadək uzanan dar coğrafi “boğazlardan” keçən dəniz kommunikasiya xətləri bir sıra hallarda so dərəcə həssas ola bilir. Məhz buna görə region dövlətləri quru nəqliyyat dəhlizlərinin inkişafına getdikcə daha fəal şəkildə investisiya yatırırlar.
Türkiyənin strategiyası: tranzit ölkədən logistik supergücə doğru
Bu layihə Ankaranın ölkəni Avrasiya ticarətinin mərkəzi qovşağına çevirmək istiqamətində uzunmüddətli planlarının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Son iyirmi ildə Türkiyə nəqliyyat infrastrukturunun inkişafına davamlı olaraq investisiya yatırıb. Limanları müasirləşdirilib, sürətli dəmir yolları inşa edilib, beynəlxalq avtomobil magistrallarını və enerji boru kəmərlərinin inkişafı istiqamətində ciddi işlər görülüb. İndi isə bütün bu elementlər tədricən vahid sistemdə birləşdirilir.
Ankara özünün unikal coğrafi mövqeyindən yalnız tranzit gəlirləri əldə etmək üçün deyil, həm də siyasi təsirini gücləndirmək məqsədilə istifadə etməyə çalışır. Müasir dünyada nəqliyyat axınlarına nəzarət geoiqtisadi gücün ən mühüm alətlərindən birinə çevrilməkdədir. Hər hansı marşrutdan nə qədər çox dövlət asılı olarsa, bu marşrutun keçdiyi ölkənin siyasi çəkisi o qədər yüksək olur. Məhz buna görə də “Dörd dəniz – doqquz dəhliz” layihəsini Türkiyənin son illərdə həyata keçirdiyi xarici iqtisadi strategiyanın ən iddialı layihələrindən biri kimi qiymətləndirmək mümkündür.
Azərbaycan – Xəzər istiqamətinin əsas bəndi
Türkiyəli ekspertlər Bakını gələcək nəqliyyat sisteminin Xəzər seqmentinin başlanğıc nöqtəsi kimi qiymətləndirirlər ki, bu da tamamilə qanunauyğundur. Azərbaycan artıq bu gün Çini və Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya birləşdirən Orta Dəhlizin ən mühüm elementlərindən biridir. Müasir dəniz limanlarının, dəmir yolu infrastrukturunun və inkişaf etmiş beynəlxalq nəqliyyat əlaqələrinin mövcudluğu ölkəni regionun təbii logistika qovşağına çevirir.
Yeni layihə çərçivəsində isə Azərbaycanın əhəmiyyəti Cənubi Qafqazın hüdudlarından kənara çıxır. Mərkəzi Asiya dövlətlərinin Xəzər vasitəsilə bu sistemə qoşulması Bakını bütün Avrasiya nəqliyyat sisteminin əsas paylayıcı mərkəzlərindən birinə çevirə bilər. Bu halda Azərbaycan faktiki olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında strateji kəsişmə nöqtəsi statusunu möhkəmləndirmək imkanı əldə edir. Bu isə milli iqtisadiyyat üçün təkcə əlavə tranzit gəlirləri deyil, həm də investisiya imkanlarının genişlənməsi, sənaye logistikasının inkişafı və beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsi deməkdir.
Layihənin Yaxın Şərq ölçüsü
Fars körfəzinin ərəb dövlətlərinin layihədə iştirakı diqqətçəkən məsələdir. Məlumata görə, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri artıq bu təşəbbüsün maliyyələşdirilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Əgər bu məlumat praktik təsdiqini taparsa, layihə təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşımağa başlayacq. Fars körfəzi monarxiyalarının maliyyə imkanları on milyardlarla dollar dəyərində infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır, Vaşinqtonun dəstəyi isə onların beynəlxalq dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır.
Bundan başqa, ərəb ölkələrinin marağı ixrac marşrutlarını şaxələndirmək və ənənəvi dəniz yollarından asılılığı azaltmaq istəyi ilə də izah olunur. Körfəz dövlətləri üçün Avropa ilə quru nəqliyyat əlaqələrinin inkişafı iqtisadi təhlükəsizliyin mühüm elementinə çevrilir.
Böyük strategiyanın ilk mərhələsi
Konsepsiyanın ümumi miqyasına baxmayaraq, ekspertlər hesab edirlər ki, qısamüddətli perspektivdə ən real layihə Hicaz dəmir yolunun bərpası və müasirləşdirilməsi olaraq qalır. Bu magistral tarixən Dəməşqi Ərəbistan yarımadasının şəhərləri ilə birləşdirib və regionun ən mühüm nəqliyyat arteriyalarından biri hesab olunub. Bu gün isə ona maraq artıq yeni keyfiyyətdə artır. İndi ona Hörmüz boğazından asılı marşrutlara potensial alternativ kimi baxılır.
Hicaz dəmiryolu Ankara üçün regional əməkdaşlıq mexanizmlərini sınaqdan keçirmək, investisiyalar cəlb etmək və şəbəkənin gələcək genişləndirilməsi üçün baza formalaşdırmaq imkanı verəcək bir növ pilot layihəyə çevrilə bilər. Türkiyə hakimiyyəti də gizlətmir ki, gələcəkdə məhz bu magistral “Dörd dəniz – doqquz dəhliz” adlı daha genişmiqyaslı sistemin tərkib hissəsinə çevrilməlidir.
Avrasiyanın yeni mərkəzi?
Hazırda layihə konseptual işlənmə mərhələsindədir və onun tam həyata keçirilməsi müddəti haqda danışmaq hələ tezdir. Lakin artıq indidən aydındır ki, söhbət sadəcə yeni avtomobil yollarının və dəmiryolu xətlərinin tikintisindən getmir. İndi regionun yeni geoiqtisadi məntiqi formalaşır və bu məntiqdə nəqliyyat dəhlizləri siyasi təsirin, iqtisadi inteqrasiyanın və ticarət axınlarının təhlükəsizliyinin təmin edilməsi alətinə çevrilir. Bu layihə Türkiyə üçün Avrasiyanın əsas logistika mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirmək imkanı yaradırsa, ərəb dövlətləri üçün Avropa bazarlarına çıxışın yeni kanallarını formalaşdırır. Azərbaycana gəlincə, o, Bakıya Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında strateji nəqliyyat qovşağı mövqeyini daha da gücləndirmək imkanı verir.
Məhz buna görə “Dörd dəniz – doqquz dəhliz” layihəsini yalnız infrastruktur təşəbbüsü kimi deyil, həm də Fars körfəzindən Xəzər dənizinə və oradan da Avropa qitəsinə qədər uzanan məkanda yeni iqtisadi əlaqələr xəritəsini formalaşdırmaq cəhdi kimi qiymətləndirmək lazımdır. Layihə zəruri siyasi dəstək və maliyyə təminatı əldə edərsə, yaxın onilliklərin ən mühüm geoiqtisadi layihələrindən birinə çevrilə bilər.
MƏSLƏHƏT GÖR:



54

