RİSKİN ƏKS TƏRƏFİ
Yeni çağırışlara görə Azərbaycanda sığortanın inkişafı ilə bağlı fərqli fəlsəfə tələb olunur
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Geosiyasi qeyri-sabitlik, rəqəmsal transformasiya, kibertəhlükələrin yayılması və demoqrafik proseslər dövlətlərin, biznesin və vətəndaşların üzləşdiyi çağırışlar dairəsini əhəmiyyətli dərəcədə genişləndirib.
Bu şəraitdə sığorta tədricən yalnız maliyyə xidməti olmaqdan çıxaraq iqtisadi dayanıqlılığın ən mühüm elementlərindən birinə çevrilir.
Məhz buna görə sığorta bazarının inkişaf səviyyəsi getdikcə daha çox milli iqtisadın yetkinlik göstəricisi kimi nəzərdən keçirilir. Bu mənada Azərbaycan da istisna deyil. Son illərdə bu sahənin nəzərəçarpan artımına baxmayaraq, milli sığorta bazarının qarşısında keyfiyyətcə yeni vəzifələr durur. Onların həlli yalnız qanunvericiliyin təkmilləşdirilməsini deyil, həm də sığortaya münasibət mədəniyyətinin özünün dəyişdirilməsini tələb edir.
Kompensasiyadan idarəetməyə
Qlobal sığorta sahəsinin müasir inkişaf mərhələsinin əsas xüsusiyyəti onun funksional rolunun dəyişməsidir. Sığorta artıq maliyyə itkilərinin ödənilməsi ilə məhdudlaşmır, riskin idarə edilməsi və dayanıqlı inkişafın təmin olunması alətinə çevrilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı XI Azərbaycan Beynəlxalq Sığorta Forumundakı çıxışında məhz buna diqqət çəkərək əlavə edib ki, bu gün sığorta yalnız maliyyə itkilərinin kompensasiyası mexanizmi deyil, həm də iqtisadi dayanıqlılığın, sosial rifahın və sabit inkişafın təmin olunmasının mühüm alətidir.
Bu qiymətləndirmə qlobal tendensiyalara tam uyğundur. Belə ki, “Allianz Global Insurance Report 2026”ın məlumatına görə, dünya sığorta bazarı 7,1% artım nümayiş etdirərək 6,9 trilyon avro həcminə çatıb. Öz növbəsində “BlackRock Global Insurance Report 2025” göstərir ki, sığorta şirkətlərinin təxminən 30%-i özəl bazarlara investisiyaları artırmağı nəzərdə tutur, 87%-i hibrid aktiv idarəetmə modelinə keçir, 73%-i isə süni intellekt və data analitikasını tətbiq edir. Bundan əlavə, şirkətlərin, təxminən, 70%-i ESG strategiyalarını (ekoloji, sosial və idarəetmə aspektləri) və dayanıqlı investisiya prinsiplərini həyata keçirməyə davam edir.
Əslində sahə struktur transformasiya yaşayır. Sığorta şirkətləri tədricən sadəcə öz məhsullarını satan tərəf olmaqdan çıxaraq əhəmiyyətli həcmdə kapitalı idarə edən və iqtisadiyyatın maliyyələşdirilməsində getdikcə daha nəzərəçarpan rol oynayan iri institusional investorlara çevrilir.
“2022-2023-cü illərdəki aktiv artım dövründən sonra qlobal sığorta bazarı 2024-cü ildə sabitləşmə mərhələsinə daxil olub, 2025-2026-cı illərdə isə tədricən “yumşaq bazar” adlanan fazaya keçir ki, bu da sığorta məhsullarının əlçatanlığının artmasına və risklərin daha çevik idarə olunmasına kömək edir”, - V.Qasımlı vurğulayıb.
Məhz bu tendensiya Azərbaycan daxil olmaqla əksər ölkələrin sığorta bazarlarının gündəliyini böyük ölçüdə müəyyənləşdirir.
Əsas məqsəd - daha böyük artım
Azərbaycan sığorta bazarı son bir neçə ildə kifayət qədər inamlı inkişaf nümayiş etdirir. Lakin forumun, demək olar ki, bütün iştirakçılarının yekdil qənaətinə görə, sahə keyfiyyətcə yeni mərhələyə daxil olur və artıq sadəcə biznes həcminin artırılması kifayət deyil.
V.Qasımlının sözlərinə görə, 2022-ci ildən 2025-ci ilə qədər sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata, yəni təxminən 55% artıb, sığorta ödənişlərinin həcmi isə iki dəfədən çox - 433 milyondan 921 milyon manata yüksəlib. Eyni dövrdə sığortanın iqtisadiyyata nüfuzetmə səviyyəsi 0,73%-dən 1,17%-ə qalxıb, adambaşına düşən sığorta haqları isə 95 manatdan 147 manata artıb.
Mühüm göstəricilərdən biri sığorta xidmətlərindən istifadə edən vətəndaşların sayının artması olub. Əgər bir neçə il əvvəl sığorta məhsulları əhalinin nisbətən dar qrupunun payına düşürdüsə, hazırda ölkənin yetkinlik yaşına çatmış sakinlərinin dörddə birinin artıq azı bir qüvvədə olan müqaviləsi var. Maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə Dövlət Proqramı bu göstəricini 32%-ə çatdırmaq vəzifəsini qoyur.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrin birinci müavini Əliyar Məmmədyarov qeyd edib ki, son iki ildə sığorta sektorunun aktivləri 2,1 milyard manata çatıb, şirkətlərin məcmu kapitalı isə tənzimləyicinin minimum tələblərini, təxminən, iki dəfə üstələyir: “Bu göstəricilər nümayiş etdirir ki, sığorta sektoru sağlam trayektoriya üzrə inkişaf edir, maliyyə dayanıqlılığı isə möhkəmlənməyə davam edir”.
AMB artıq sığorta bazarının inkişafının yeni strategiyasının işlənib hazırlanmasına başlayıb. Əsas prioritetlər arasında risklərə əsaslanan prudensial nəzarət modelinin tam tətbiqi, reaktiv nəzarət modelindən proaktivə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi və rəqəmsal innovasiyaların inkişafı yer alır.
Əsas kəsir
Əsas maliyyə göstəricilərinin müsbət dinamikasına baxmayaraq, forum zamanı Azərbaycan sığorta bazarının hazırkı inkişaf mərhələsini, yəqin ki, ən dəqiq xarakterizə edən bir fikir səslənib. Sahənin əsas problemi artıq kapital çatışmazlığı və hətta sığorta məhsullarının məhdud çeşidi deyil. Cəmiyyətin sığortanın özünə münasibətini dəyişdirmək daha çətindir.
Bu mövzuya forumun bir neçə iştirakçısı çıxışlarında toxunub və məhz bu, müzakirələrin bir növ leytmotivinə çevrilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə xatırladıb ki, sığorta hələ də əhalinin əhəmiyyətli hissəsi tərəfindən maliyyə planlaşdırmasının zəruri elementi kimi qəbul edilmir: “Açıq etiraf etmək lazımdır ki, az olmayan hallarda biznes nümayəndələri və hətta adi vətəndaşlar sığorta xərclərini artıq xərclər kimi qiymətləndirirlər. Bununla yanaşı, dərk etmək lazımdır ki, istənilən halda bunlar risklərin idarə olunmasına yönəldilmiş vəsaitlərdir”.
Əslində söhbət yalnız Azərbaycan üçün deyil, bir çox inkişaf edən bazarlar üçün xarakterik olan psixoloji maneədən gedir. Sığorta polisi çox vaxt məcburi olmayan xərc maddəsi kimi qəbul edilir. Halbuki müasir risk-menecmentin öz məntiqi bu prinsip üzərində qurulub: sığorta maliyyə sarsıntılarını sonradan kompensasiya etməməli, onların qarşısını almalıdır.
Demək olar ki, eyni problemi “AzRe Təkrarsığorta”nın idarə heyətinin sədri Vüsal Abbasov da qeyd edərək sığorta savadlılığının artırılmasını bütün bazarın bir nömrəli vəzifəsi adlandırıb: “Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi, həmçinin bəzi müəssisələr sığortanı risklərin ötürülməsi aləti kimi deyil, tənzimləmə tələbi kimi qəbul edir”.
Belə yanaşma bazarın sonrakı inkişaf imkanlarını obyektiv olaraq məhdudlaşdırır. Axı, əsasən icbari sığorta növlərinə söykənən artımın təbii hədləri var.
Yeni risklər - yeni həllər
Forum zamanı, həmçinin məlum oldu ki, AMB bazarın tənzimləyicisi qismində artıq icbari və könüllü sığorta növləri üzrə qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə başlayıb.
AMB-nin baş direktoru Vüsal Qurbanovun bildirdiyinə görə, hazırda bədbəxt hadisələrdən icbari sığorta sisteminin təkmilləşdirilməsi aparılır, icbari avtomobil sığortasına yanaşmalar yenilənir, həmçinin könüllü sığortanın yeni modeli formalaşdırılır.
Xüsusilə diqqətəlayiq olan bir neçə tələb olunan sığorta məhsulunun vahid kompleks təkliflərdə birləşdirilməsi qərarıdır. Belə yanaşma dünya təcrübəsinə uyğundur, burada müştərilər getdikcə daha çox ayrı-ayrı polislər deyil, kompleks sığorta müdafiəsi alırlar.
Eyni zamanda, bazar tamamilə yeni sahələri araşdırmağa başlayır: kiber sığorta, rəqəmsal xidmətlərin daha geniş istifadəsi və bank sığortasının inkişafı. Bu istiqamətlər yaxın illərdə sahənin artımının əsas mənbələrindən birinə çevrilə bilər. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan bank sektorunun rəqəmsallaşması artıq yüksək səviyyəyə çatıb, bankların sığorta məhsullarının satışının tamhüquqlu kanalı kimi istifadəsi isə hələ potensial səviyyəsindən xeyli aşağıdır.
Gələcək inkişafın daha bir amili beynəlxalq əməkdaşlığın genişləndirilməsi ola bilər. Təsadüfi deyil ki, forum zamanı Türkiyə Sığortaçılar Birliyinin sədri Əhməd Yaşar türk dövlətlərinin ortaq sığorta məkanının formalaşdırılması imkanı, o cümlədən vahid sığorta hovuzunun yaradılması, təkrarsığorta sahəsində əməkdaşlığın inkişafı və ortaq statistik bazanın hazırlanması barədə bəyanat verib.
Əgər bu təşəbbüs həyata keçirilsə, milli sığorta bazarlarının təbii fəlakətlər və iqlim dəyişikliyi ilə bağlı iri risklərin idarə edilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə yol açacaq.
MƏSLƏHƏT GÖR:

39

