MALİYYƏ KODU
Rəqəmsal texnologiyalar Azərbaycanın maliyyə sektorunun transformasiyasını sürətləndirir
Müəllif: Zəhra QULUZADƏ
Maliyyə bazarı tədricən ayrı-ayrı xidmətlərin rəqəmsallaşdırılmasından bankları, ödəniş təşkilatlarını, elektron pulları, açıq maliyyəni, innovativ ödəniş həllərini və yeni rəqəmsal xidmətləri birləşdirən tamhüquqlu fintex-ekosisteminin formalaşdırılmasına keçir.
Bu prosesdə Azərbaycan Mərkəzi Bankı (AMB) getdikcə daha fəal rol oynayır. Belə ki, o, tənzimləyicinin ənənəvi funksiyaları ilə yanaşı, bu gün innovativ mühitin inkişafı vəzifəsini də öz üzərinə götürür.
Məhz bu məsələlər tənzimləyicinin, bank ictimaiyyətinin və fintex-sənayesinin nümayəndələrinin bazarın sonrakı inkişafının prioritetlərini müzakirə etdiyi “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” tədbirinin əsas mövzusu olub.
Gündəlik həyatın bir hissəsi
AMB-nin maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidinin sözlərinə görə, rəqəmsal maliyyə xidmətləri artıq gündəlik həyatın adi bir hissəsinə çevrilib: “Əgər bir neçə il əvvəl biz rəqəmsallaşmanın və rəqəmsal maliyyə xidmətlərinin gələcəyindən danışırdıqsa, bu gün biz artıq həmin gələcəkdə yaşayırıq. Gələcək artıq buradadır. Bu gün bank hesabı açmaq, köçürmə etmək və ya müxtəlif maliyyə xidmətlərindən istifadə etmək üçün demək olar ki, filiala və ya xidmət məntəqəsinə fiziki olaraq getməyə ehtiyac yoxdur”.
İnnovativ mühitin inkişafının əsas alətlərindən biri Azərbaycan Mərkəzi Bankının nəzarəti altında məhdud mühitdə yeni maliyyə məhsullarının sınaqdan keçirilməsinə imkan verən xüsusi tənzimləyici rejim - “Sandbox” olub. Bu proqram çərçivəsində artıq 35-dən çox müraciət daxil olub, növbəti addım isə layihələrin qəbulu üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılması olmalıdır.
Buna paralel olaraq AMB maliyyə sektorunun rəqəmsal yetkinliyinin qiymətləndirilməsi sistemi kimi genişmiqyaslı layihə üzərində işləri başa çatdırır. Belə ki, ilk dəfə olaraq bankların, ödəniş təşkilatlarının, fintex-şirkətlərin, sığorta bazarının və kapital bazarının rəqəmsallaşma səviyyəsinin hərtərəfli qiymətləndirilməsi aparılacaq. Beləliklə, sonrakı inkişafı artıq maliyyə sisteminin müxtəlif seqmentlərinin rəqəmsal yetkinliyinin obyektiv göstəriciləri əsasında qurmaq planlaşdırılır.
Fintexlər bankları əvəz etmir
Müzakirənin ən maraqlı mövzularından biri fintex şirkətlərin maliyyə bazarındakı rolunun dəyişməsi olub. Əgər bir neçə il əvvəl onlar əsasən gənc texnoloji startaplar kimi qəbul edilirdisə, indi tədricən maliyyə ekosisteminin tamhüquqlu iştirakçılarına çevrilirlər. Bununla belə, geniş yayılmış fikrin əksinə, fintex şirkətlər bankları rəqib kimi qəbul etmir.
Azərbaycan Fintex Assosiasiyasının (“AzFina”) İdarə Heyətinin sədr müavini Eynar Abdullayev peşəkar mühitdə məşhur olan ifadəni xatırladıb: “Bank olmaq istəməyən və ya bankları əvəz etməyi məqsəd qoymayan fintex, fintex deyil”.
Lakin onun sözlərinə görə, reallıqda sənayenin inkişafı tamamilə fərqli bir ssenari üzrə gedir: “Fintex şirkətlər bankları əvəz etmək və ya onları sıxışdırıb çıxarmaq üçün yaradılmayıb. Əksinə, bunlar bank xidmətlərini daha sadə, daha sürətli və ayrı-ayrı istiqamətlər üzrə daha ixtisaslaşdırılmış formada təqdim edən iştirakçılardır”.
Məhz bu əməkdaşlıq modeli bazarın inkişafının əsasına çevrilir. Banklar depozitlərlə işləyən və ciddi tənzimləmə altında olan institutlar kimi əsas rolunu saxlayır, fintex şirkətlər isə daha çevik model sayəsində innovativ həlləri daha sürətlə tətbiq etmək və müştərilərin tələblərinə daha operativ cavab vermək qabiliyyətinə malikdir.
Yeni infrastruktur
Fintexin inkişafını artıq ödəniş bazarının transformasiyasından ayrı nəzərdən keçirmək mümkün deyil.
AMB-nin ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasovun sözlərinə görə, bu dəyişikliklərin əsas hərəkətverici qüvvələrindən biri istifadə miqyası sürətlə artmağa davam edən Ani Ödənişlər Sistemi (AÖS) olaraq qalır.
Sistemin aylıq dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 1 milyard manatı keçib. Bununla belə, sistemin inkişafı üzrə işlər heç də başa çatmayıb: “Onun genişləndirilməsi məqsədilə sektorun iştirakçıları - banklar və fintex şirkətlərlə birgə bir sıra layihələr həyata keçirilir. Bu layihələr müştərilər arasında köçürmələri, Ani QR vasitəsilə ödənişləri (QR-kodlarla işləmək üçün alət), dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi vasitəsilə aparılmasını, həmçinin bu sistem vasitəsilə hesablaşmaların həyata keçirilməsini əhatə edir”.
Növbəti mərhələ AÖS-nin elektron ticarətdə istifadəsinin genişləndirilməsi, QR-ödənişlərin daha da inkişaf etdirilməsi, fintex şirkətlərin sistemə qoşulması, həmçinin Azərbaycanın AÖS-nin digər dövlətlərin analoji platformaları ilə inteqrasiyası olacaq.
Bunun üçün artıq fintex şirkətlərə ən uyğun iş formatını seçməyə imkan verən iki qoşulma modeli - birbaşa və dolayı modellər hazırlanıb.
Ə.Abbasov qeyd edib ki, cəmi bir il ərzində Ani QR vasitəsilə əməliyyatların sayı 30 dəfədən çox artıb. Cari ayda onların sayı 40 milyona yaxınlaşıb. Ölkədə fəaliyyət göstərən 100 mindən çox POS-terminal artıq QR-ödənişləri dəstəkləyir. Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov bildirib ki, növbəti mərhələ statik QR-kodların tətbiqi olacaq və bu da bahalı avadanlıq olmadan hətta kiçik ticarət obyektlərində belə nağdsız ödənişlərin qəbuluna imkan verəcək.
Dövlət ödənişlərinin dinamikası da az əhəmiyyətli deyil. Son bir il ərzində Dövlət Ödənişləri Portalı vasitəsilə Ani Ödənişlər Sistemi üzərindən aparılan əməliyyatların sayı 20 dəfədən çox artıb.
Növbəti mərhələ
AMB-nin daha bir prioriteti Açıq Maliyyə (Open Finance) modelinin inkişafıdır. Əgər əvvəlki mərhələ açıq bankinqin tətbiqinə həsr olunmuşdusa, indi söhbət bankları, ödəniş təşkilatlarını, sığorta şirkətlərini və digər maliyyə institutlarını vahid rəqəmsal məkanda birləşdirən daha geniş konsepsiyadan gedir.
“AzFina” İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayevin fikrincə, AÖS-nin tətbiqindən sonra bazar iştirakçıları arasında əməkdaşlıq yeni səviyyəyə çıxıb. Beləliklə, yeni modelin əsas üstünlüklərindən biri lisenziyalı ödəniş təşkilatları ilə elektron pul təşkilatları arasında qarşılıqlı əlaqədir. “Bu əməkdaşlıq modeli sayəsində bütün qanuni ödəniş kanalları üzrə vahid nöqtədən təhlükəsiz ödəniş xidmətlərinin göstərilməsi təmin edilir”, - E.Abdullayev vurğulayıb.
Mühüm istiqamət, həmçinin sahibkarlıq mühitinin rəqəmsallaşdırılmasıdır. “AzFina”nın İdarə Heyətinin üzvü Zeynal Kərimzadənin qeyd etdiyi kimi, bu bazarın potensialından hələlik yalnız qismən istifadə olunur.
Yeri gəlmişkən, Dövlət Vergi Xidmətinin məlumatlarına görə, Azərbaycanda 882 min aktiv vergi ödəyicisi var ki, onlardan, təxminən, 822 mini kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. Lakin sahibkarların 1%-dən azı tam rəqəmsallaşdırılıb.
“Müsbət tərəf ondan ibarətdir ki, bazarda böyük imkanlar mövcuddur. Gələcəkdə minlərlə sahibkar rəqəmsal texnologiyalara keçəcək, onların istifadə etdiyi xidmətlər də rəqəmsal forma alacaq”, - Z.Kərimzadə qeyd edib.
Bununla yanaşı, o, mövcud problemlərə də diqqət çəkib: “Hazırda kifayət qədər böyük həcmdə ödənişlər qeyri-rəsmi kanallar vasitəsilə keçir. Ümid edirik ki, yaxın illərdə, bəlkə də yaxın aylarda bu əməliyyatların böyük hissəsi rəsmi və şəffaf rəqəmsal mühitə keçəcək”.
Həmçinin Z.Kərimzadənin fikrincə, Azərbaycanda elektron ticarətin inkişafına onlayn alış-verişlər üçün ƏDV geri al mexanizminin tətbiqi, B2B-kreditləşmə, ödənişlərin aparılmasında süni intellekt texnologiyalarından və biometrik identifikasiyadan istifadə və s. əlavə təkan verə bilər.
Rəsmi rəqəmsal bazarın genişləndirilməsi nəinki hesablaşmaların şəffaflığını artırmağa imkan verəcək, həm də bu gün əsasən məhdud sayda aktiv istifadəçilər uğrunda rəqabət aparan fintex şirkətlər üçün yeni imkanlar yaradacaq.
Görünən odur ki, əgər bir neçə il əvvəl əsas məqsəd rəqəmsal maliyyə xidmətlərinin tətbiqi idisə, bu gün söhbət artıq perspektivdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılmasının və onun müasir maliyyə texnologiyalarının regional mərkəzi kimi mövqelərinin möhkəmləndirilməsinin amillərdən birinə çevrilə biləcək tamhüquqlu fintex ekosisteminin formalaşdırılmasından gedir.
MƏSLƏHƏT GÖR:

41

