BAKININ MALİYYƏ DİPLOMATİYASI
İslam İnkişaf Bankı Azərbaycanla əməkdaşlığın yeni mərhələsini açır
Müəllif: İlahə MƏMMƏDLİ
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun “Davamlı rifah naminə regional inteqrasiya” şüarı altında 51-ci İllik Toplantısının keçirilməsi əslində ölkənin beynəlxalq maliyyə diplomatiyasının əsas məkanlarından biri kimi rolunu təsdiqləyib. Burada təkcə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunmur, həm də Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında iqtisadi əməkdaşlığın arxitekturası formalaşdırılır.
Azərbaycan IsDB Qrupunun illik toplantılarına ikinci dəfədir ki, ev sahibliyi edir. Ölkədə ilk dəfə bu tədbir 2010-cu ildə keçirilmişdi.
Bu genişmiqyaslı tədbirin başa çatmasından cəmi iki həftə sonra Bakının daha bir beynəlxalq maliyyə forumuna - Azərbaycanın sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi etməsi də simvolikdir.
Maliyyə diplomatiyasının cazibəsi
Son illərdə Azərbaycan ən böyük beynəlxalq tədbirlərin təşkilatçısı kimi mövqelərini ardıcıl olaraq möhkəmləndirir və beynəlxalq maliyyə təşkilatları tərəfindən qlobal inkişaf məsələlərinin müzakirəsi üçün getdikcə daha çox neytral və əlverişli məkan kimi nəzərdən keçirilir. Bu, təkcə forumların yüksək təşkili səviyyəsini deyil, həm də Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkənin artan siyasi və iqtisadi rolunu əks etdirir.
“Bildiyiniz kimi, Azərbaycan ikinci dəfədir ki, İllik Toplantıya ev sahibliyi edir və bu, həmçinin sıx əlaqələrimizi, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərir. 2010-cu ili çox yaxşı xatırlayıram. O vaxt biz ilk dəfə toplantıya ev sahibliyi edən ölkə idik. Həmin İllik Toplantı Qrup ilə tərəfdaşlığımıza, eləcə də iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanın həyata keçirdiyi islahatlara, enerji sektorundan asılılığı azaltmağa güclü təkan verdi”, - Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısının açılış mərasimində bəyan edib.
IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir isə Bakını sivilizasiyaların əsl qovşağı adlandıraraq, inkişafın təcrid şəraitində mümkün olmadığını və Azərbaycanın regional inteqrasiyanın üstünlüklərini praktikada nümayiş etdirdiyini vurğulayıb.
Dörd gün ərzində bankın 57 üzv dövlətinin, beynəlxalq maliyyə təşkilatlarının, hökumətlərin və iş dünyasının nümayəndələri inkişafın maliyyələşdirilməsinə, infrastruktur investisiyalarına və regional inteqrasiyaya yeni yanaşmaları müzakirə ediblər.
Bakı görüşlərinin əsas siyasi nəticəsi isə İslam İnkişaf Bankının 2026-2035-ci illər üçün yeni onillik strategiyasının praktiki həyata keçirilməsinin rəsmi başlanğıcı olub. Əl-Casirin qeyd etdiyi kimi, məhz Bakı bankın strateji planlaşdırmadan konkret tədbirlərə keçidinin başlanğıc nöqtəsi oldu.
Belə ki, əgər bir il əvvəl Əlcəzairdə iştirakçı ölkələr uzunmüddətli inkişaf prioritetlərini müəyyən etmişdilərsə, Azərbaycanda onlar beşillik korporativ proqramlara və konkret investisiya layihələrinə çevrilib.
İclaslar üçün regional inteqrasiya mərkəzi mövzu seçilib, çünki IsDB rəhbərliyinin fikrincə, bu gün məhz nəqliyyat əlaqəliliyi, enerji dəhlizləri və birgə infrastruktur layihələri üzv ölkələr üçün iqtisadi artımın əsas amili olur. “Bakı yenilənmiş çərçivə proqramının həyata keçirilməsinin birinci ilində ən mühüm mərhələdir”, - Əl-Casir bildirib.
Yəni əslində Azərbaycan IsDB-nin yeni strategiyasının yeni maliyyə qərarları, investisiya sazişləri və tərəfdaşlıq təşəbbüsləri şəklində praktiki təcəssümünü tapdığı ilk ölkə olub.
Real layihələr
Yeni strategiyanın təsdiqi ümumi dəyəri, təxminən, 6 milyard dollar olan 67 sazişin imzalanması olub. “Bu müqavilələr vacib sektorları hədəfləyir və vahid, əlaqəli IsDB qrupu olaraq yüksək təsirli inkişaf həlləri təqdim etmək üçün sarsılmaz öhdəliyimizi bir daha təsdiqləyir”, - IsDB-nin rəhbəri bəyan edib.
Ən böyük təşəbbüslər arasında Uqandada Malaba-Kampala dəmir yolunun, İstanbulda Şimali dəmir yolu keçidinin tikintisi, Tacikistanda avtomobil yolunun modernləşdirilməsi, Nigeriyada günəş enerjisinin inkişafı və Kot-d'İvuarda enerji sisteminin yenilənməsi yer alır. Həmçinin Banqladeş, Fələstin, Benin və Qambiyada layihələr maliyyələşdirilib.
İnvestisiyaların belə bölgüsü IsDB-nin yeni strategiyasının əsas ideyasını - eyni anda bir neçə dövlət üçün uzunmüddətli iqtisadi effekt təmin edə biləcək layihələrin maliyyələşdirilməsini əks etdirir.
Eyni zamanda, İcraçı Direktorlar Şurası nəqliyyat infrastrukturu, energetika, ərzaq təhlükəsizliyi, iqlim davamlılığı və rəqəmsal əlaqəlilik sahəsində doqquz yeni iri layihənin həyata keçirilməsinə yönəldiləcək 2,8 milyard dollarlıq yeni maliyyələşdirmə paketini təsdiqləyib.
Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom iştirakçıların diqqətini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərində infrastrukturun inkişafı üçün vəsaitlərin ciddi çatışmazlığına yönəldib: “İnfrastruktur qoyuluşlarına qlobal tələbat 2030-cu ilə qədər ildə təxminən 6,9 trilyon dollar təşkil etdiyi halda, dünya ildə 2,5-3 trilyon dollarlıq nəhəng maliyyələşdirmə kəsiri ilə üzləşir. İƏT üzv ölkələri üçün bu problem ən kritik şəkildə dayanır. Belə ki, vəsait çatışmazlığı ildə təxminən 290 milyard dollar təşkil edir. Bu kəsirin əhəmiyyətli bir hissəsi yol sektorunda (təxminən 53%), eləcə də infrastruktur boşluğunun, təxminən, 38%-ni təşkil edən telekommunikasiya, elektrik enerjisi və su təchizatı sektorlarında cəmləşib”.
O vurğulayıb ki, innovativ yanaşmalar tapılmadan və bu boşluq azaldılmadan bərpa prosesi son dərəcə çətin olacaq. Misirli nazir bu maneəni aradan qaldırmaq üçün İslam İnkişaf Bankı Qrupunun potensialını digər çoxtərəfli maliyyə institutları ilə birləşdirən birgə fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasına çağırıb.
Əməkdaşlığın yeni mərhələsi
İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəflərin “Azərbaycan-2030” milli proqramı və yeni IsDB strategiyası ilə tam uyğunlaşan 2027-2031-ci illər üçün Tərəfdaşlıq Strategiyasının hazırlanmasını başa çatdırdığını bildirib: “Yaxın beş ildə əməkdaşlığımız iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, yaşıl və davamlı infrastrukturun inkişafı, regional koordinasiyanın genişləndirilməsi kimi prioritet istiqamətlər üzrə inkişaf edəcək”.
M.Cabbarovun sözlərinə görə, bu gün birgə portfelə dəyəri təxminən 640 milyon dollar olan 11 layihə daxildir, Azərbaycanın IsDB-yə üzv olduğu andan isə artıq təxminən 1,8 milyard dollarlıq 84 layihə maliyyələşdirilib. Azad edilmiş ərazilərinin bərpasına xüsusi diqqət yetirilir: IsDB Qarabağ magistral suvarma kanalı və “Qız qalası” su anbarı layihələrinin maliyyələşdirilməsində iştirak edir ki, bu da Cəbrayıl və Füzuli rayonlarında kənd təsərrüfatının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.
Əl-Casir isə qeyd edib ki, ölkənin Qarabağ bölgəsinin işğaldan azad edilməsindən sonra bankın Azərbaycanla əməkdaşlığı nəzərəçarpacaq dərəcədə genişlənib: “Biz su ehtiyatlarının səmərəli idarə olunmasına, köhnəlmiş kanalların bərpasına və su itkisinin azaldılmasına yönəlmiş dəyəri 430 milyon dollardan çox olan böyük layihə üzərində işləyirik”.
İclaslar zamanı dəyəri 430 milyon dollardan çox olan Qarabağ magistral suvarma kanalının yenidən qurulmasının maliyyələşdirilməsinə, həmçinin su infrastrukturunun inkişafına dair sənədlər imzalanıb.
Beləliklə, əməkdaşlıq tədricən ənənəvi infrastruktur layihələrindən Qarabağ iqtisadi rayonunun kompleks bərpasına doğru istiqamət dəyişir.
“IsDB təkcə maliyyə tərəfdaşı deyil, həm də ideyaların formalaşdırılması və layihələrin həyata keçirilməsi baxımından Azərbaycanın mühüm tərəfdaşlarından biridir”, - M.Cabbarov qeyd edib.
O bildirib ki, ölkə iqtisadiyyatının inkişafı dövlətin hökmran rol oynadığı modeldən özəl sektorun aparıcı rol oynadığı iqtisadiyyata keçidlə müşayiət olunur. Bu şəraitdə Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına, xarici bazarlara çıxmasına və qlobal dəyər zəncirlərinə inteqrasiyasına kömək edən IsDB-nin maliyyə alətləri xüsusi əhəmiyyət kəsb edir.
Özəl sektor ön planda
Budəfəki iclasların daha bir xarakterik xüsusiyyəti ənənəvi dövlət maliyyələşdirməsindən biznesin dəstəklənməsinə doğru nəzərəçarpacaq aksentlərin dəyişməsi oldu.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyası (ITFC) və İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) Azərbaycan bankları, dövlət institutları və iri şirkətlərlə onlarla müqavilə imzalayıb.
ITFC-nin, təxminən, 3 milyard dollarlıq yeni müqavilələri xüsusilə diqqətəlayiqdir.
Eyni zamanda ITFC Azərbaycan kiçik və orta müəssisələrinin islam maliyyələşdirmə alətlərinə çıxışını genişləndirmək üçün “Rabitəbank” və “TuranBank” ilə əməkdaşlığa başladığını elan edib. Azərbaycan Sahibkarlığın İnkişafı Fondu isə 200 milyon manat çərçivə maliyyələşdirməsi alacaq.
Eyni zamanda, ICD həm Azərbaycanda, həm də təşkilatın digər üzv ölkələrində dövlət-özəl tərəfdaşlığı layihələrinin birgə işlənməsi üzrə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqavilə imzalayıb.
Əslində, söhbət Azərbaycan biznesinin dəstəklənməsi üçün tamhüquqlu islam maliyyələşdirmə ekosisteminin yaradılmasından gedir.
İclasdakı müzakirələrin əhəmiyyətli hissəsi təkcə investisiyalara deyil, həm də İslam Əməkdaşlıq Təşkilatının ölkələri arasında ticarətin inkişafına həsr olunub.
ITFC-nin baş direktoru Adib Yusif Əl-Aama hesab edir ki, ticarətin maliyyələşdirilməsi iqtisadi artımın ən səmərəli alətlərindən biri olaraq qalır.
Onun sözlərinə görə, təkcə 2025-ci ildə ITFC-nin əməliyyatlarının həcmi rekord 9,3 milyard dollara çatıb, bunun da, təxminən, 8 milyard dolları İƏT ölkələri arasında ticarətin maliyyələşdirilməsinin payına düşüb.
Korporasiya Azərbaycan, Mərkəzi Asiya ölkələri və digər regionlar arasında əmtəə dövriyyəsinin artmasına töhfə verməli olan layihənin inkişafına xüsusi diqqət yetirməyi nəzərdə tutur.
ICIEC-in baş icraçı direktoru Xalid Xalafalla 2025-ci ildə IsDB-yə üzv ölkələrdə ticarət və investisiya əməliyyatlarının 17,7 milyard dollar məbləğində sığorta təminatını təmin edən İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının fəaliyyətindən danışaraq, bankın digər strukturları və BMİ-lərlə əməkdaşlıq çərçivəsində Azərbaycanda və Mərkəzi Asiya ölkələrində fəaliyyəti genişləndirmək niyyətini elan edib.
X.Xalafalla qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ICIEC-ə qoşulduğu andan korporasiya ölkədə 165 milyon dollardan çox məbləğdə əməliyyatların sığortasını dəstəkləyib.
Onun sözlərinə görə, əməliyyatların əsas hissəsi ticarət sektorunun payına düşüb. Lakin korporasiya eyni zamanda Azərbaycanın telekommunikasiya sahəsinə birbaşa xarici investisiyaların cəlb edilməsi layihələrində də iştirak edib.
Yeni iqtisadi model
Təsadüfi deyil ki, forumun mərkəzi mövzusu məhz regional inteqrasiya olub. IsDB Qrupunun prezidenti hesab edir ki, regionun dövlətləri son illərdə qarşılıqlı ticarətin və infrastrukturun inkişafına uzun illər mane olan siyasi məhdudiyyətlərin böyük hissəsini aradan qaldıra biliblər.
“Region ölkələri başa düşüb ki, inteqrasiya yeganə effektiv çıxış yoludur. Coğrafi çətinliklərə baxmayaraq, dövlətlər qonşularla əlaqələri möhkəmləndirməyə və bütün region üçün fayda gətirən transformasiya layihələri həyata keçirməyə başladılar”, - Əl-Casir bildirib.
Onun sözlərinə görə, hidroenergetikanın, nəqliyyat dəhlizlərinin və enerji birləşmələrinin inkişafı yalnız qonşu dövlətlərin sıx qarşılıqlı əlaqəsi şəraitində mümkün olur. Məhz buna görə İslam İnkişaf Bankı bundan sonra da transsərhəd effekti olan layihələrə xüsusi diqqət yetirməyi nəzərdə tutur.
Bu bəyanatlar bir çox cəhətdən son illərdə ardıcıl olaraq Orta Dəhlizi, beynəlxalq dəmir yolu marşrutlarını, Bakı Beynəlxalq Dəniz Limanını və Ələt Azad İqtisadi Zonasını inkişaf etdirən Azərbaycanın rolu ilə üst-üstə düşür. Bütün bunlar ölkəni Avrasiyanın nəqliyyat sisteminin ən mühüm qovşağına çevirir.
Forumun mərkəzi mövzularından biri həcmi bu gün, təxminən, 4 trilyon dollar təşkil edən dünya islam maliyyə sektorunun daha da inkişaf etdirilməsi olub.
IsDB İnstitutunun baş direktoru vəzifələrini icra edən Sami Əl-Suvaylem qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun aktivləri, təxminən, 40 milyard dollar təşkil edir və bu, qlobal islam maliyyə bazarının yalnız kiçik bir hissəsidir: “Amma liderliyi həcm deyil, keyfiyyət müəyyən edir”.
Məhz innovasiyalar, yeni maliyyə alətlərinin işlənib hazırlanması və üzv dövlətlərlə daimi qarşılıqlı əlaqə qrupa 50 ildən artıq müddət ərzində sənayedə aparıcı mövqelərini qorumağa imkan verir.
Nəticələrə əsasən, IsDB Qrupunun İllik Toplantılarına sədrlik Azərbaycandan Burkina-Fasoya keçib. Növbəti illik toplantının 2027-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməsi planlaşdırılır.
Bakı iclaslarının əsas nəticəsi imzalanan çoxmilyardlıq müqavilələr deyil, Azərbaycanın beynəlxalq maliyyə arxitekturasındakı yerinin dəyişməsi olub. Belə ki, əgər hələ bir neçə il əvvəl ölkə əsasən beynəlxalq maliyyə institutlarının resurslarını alan tərəf kimi çıxış edirdisə, bu gün o, onların gələcək inkişaf gündəliyinin formalaşdırıldığı məkana çevrilir.
MƏSLƏHƏT GÖR:



44

