11 Avqust 2026

Çərşənbə axşamı, 23:34

ÜMİD GÜCƏDİR?

Ermənistanda seçkisonrası həbslər, axtarışlar və yeni siyasi böhran riskləri

Müəllif:

01.07.2026

Ermənistanda parlament seçkisi başa çatıb, səslərin sayılması da yekunlaşıb. Məntiqə görə, bundan sonra siyasi sakitlik dövrü başlamalı idi. Üstəlik, ölkədə koalision hökumətin qurulması belə, gündəmdə deyil. Hazırkı baş nazirin rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının topladığı səslər ona təkpartiyalı hökumət formalaşdırmaq imkanı verir.

Öz növbəsində, müxalifət düşərgəsi məğlubiyyətin səbəblərini araşdırmağa başlanmalı idi. Əsas sual aydındır: uduzulmuş iki müharibədən və mahiyyət etibarilə Yerevanın kapitulyasiyası kimi qiymətləndirilən Vaşinqton razılaşmalarının imzalanmasından sonra belə, müxalifət Nikol Paşinyanı niyə hakimiyyətdən uzaqlaşdıra bilmədi?

Lakin reallıqda Ermənistanda sanki seçki kampaniyası hələ də davam edir. Hələ də qarşılıqlı ittihamlar, sözatımalar, hətta həbslər və müxalifət partiyalarının ofislərində axtarışlar...

 

Seçici neçəyədir?

Müxalifət fəallarına qarşı irəli sürülən ittihamlar standartdır: seçicilərin ələ alınması. Hazırkı baş nazirin komandasının rəsmi təbliğat platforması hesab edilən “Baqramyan 26” “Telegram” kanalı mütəmadi olaraq dinlənilmiş telefon danışıqlarını yayımlayır. Həmin materiallarda gah Samvel Karapetyanın “Güclü Ermənistan” hərəkatı, gah Robert Koçaryanın “Ermənistan” bloku, gah da Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının səsvermə ərəfəsində seçicilərə rüşvət paylaması ifşa olunur. Məhz bu səbəbdən Ermənistan hakimiyyəti müxalifətin “böyük üçlüyü” adlandırılan Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Sarukyanın Rusiyaya uçmaq cəhdlərinin qarşısını alaraq, onların ölkədən çıxmasına imkan verməyib.

Digər təqsirləndirilən şəxs “Hayakve” ictimai təşəbbüsünün koordinatoru Avetik Çalabyandır. Çalabyan artıq saxlanılıb və məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Çalabyanın həyat yoldaşı deyir ki, məhkəmə müttəhimin səhətindəki problemləri belə, nəzərə almayıb. Qadının fikrincə, məqsəd müxalifət qüvvələrinin seçkilərin nəticələrinə etiraz edən iddialarına Konstitusiya Məhkəməsində baxılması ərəfəsində Çalabyanı cəmiyyətdən təcrid etməkdir.

Əslində, müxalif siyasətçilərin bu məhkəməyə ümidinin əsaslı olduğu özü böyük sual doğurur. Paşinyan Ermənistanda hələ 2020-ci il müharibəsindən əvvəl şəxsi hakimiyyət rejimini qurmağa başlamışdı. Dəfələrlə qeyd edildiyi kimi, o, Konstitusiya Məhkəməsini də öz nəzarətinə götürüb. Belə bir vəziyyətdə baş nazirin maraqlarına zidd qərarın qəbulu ehtimalı olduqca zəif görünür.

Seçkiqabağı rüşvət və seçicilərin satın alınmasına gəlincə, bu, Ermənistanda uzun illərdir mövcud olan problemdir. “Qarabağ klanı” dövründə seçiciləri ələ almaq üçün vaxtı keçmiş mürəbbə və yaşlı qadınlar arasında populyar olan ucuz yaylıqlardan istifadə edilirdi. Nəzərə alsaq ki, həmin dövrdə Ermənistanın bölgələrində elektrik enerjisinin haqqı bəzən toyuq yumurtası ilə ödənilirdi, bu, təəccüblü görünmürdü. İndi isə seçici səsinin qiyməti artıb – artıq onun qarşılığı pulla ödənilir.

Əvvəlki seçkilər zamanı seçkiqabağı rüşvət faktlarını hətta Ermənistanda seçki qanunvericiliyinin pozuntularına çox vaxt göz yuman Avropa müşahidəçiləri də etiraf etməyə məcbur olmuşdular.

Qanun pozuntularına görə məsuliyyət daşımaq lazımdır. Hətta seçkiqabağı rüşvətlə mübarizə yel dəyirmanları ilə döyüşü xatırlatsa belə. Lakin indi Paşinyanı seçki prosesinin şəffaflığının düşündüyünü söyləmək çətindir. O, qələbə qazanıb, parlamentdə çoxluğu əldə edib və baş nazir postunda qalma müddətini uzadıb. Doğrudur, müxalifət liderləri davamlı olaraq bunun uzun çəkməyəcəyini iddia edirlər. Ancaq onların Paşinyanı hakimiyyətdən hansı yolla uzaqlaşdırmağı planlaşdırdıqları hələ də aydın deyil. Hər halda, müxalifət konkret plan açıqlamağa tələsmir.

Belə bir vəziyyətdə ölkədə iki önəmli hadisə xüsusi diqqət mərkəzindədir. Onlardan birincisi Robert Koçaryan barəsində cinayət işinin başlanması və onun ölkədən çıxışına qadağa qoyulmasıdırsa, ikincisi “Daşnaksutyun” Partiyasının lideri İşxan Saqatelyanın ofisində və yaşadığı mənzildə axtarışların aparılmasıdır.

 

“Seçkiqabağı rüşvət” yazılır, “hərbi çevriliş” oxunur?

Robert Koçaryana qarşı irəli sürülmüş ittiham standartdır – seçki qanunvericiliyinin pozulması. Maraqlıdır ki, Ermənistanın ikinci prezidenti, hərbi cinayətlərdə təqsirləndirilən və Xocalı soyqırımının iştirakçısı kimi təqdim olunan Robert Koçaryan barəsində cinayət işi onun Rusiyaya gedişinin əngəllənməsindən cəmi bir gün sonra açılıb. Seçicilərin 10%-nin səsini qazanmış “Ermənistan” bloku 5%-lik seçki baryerini keçdiyindən, Koçaryanı parlamentdən kənarda saxlamaq mümkün deyil. Bununla belə, onun Paşinyan və komandası üçün seçki anlamında ciddi təhlükə yaratdığı da inandırıcı görünmür.

Demək, məsələ başqadır. Koçaryan siyasi fəaliyyətinə hələ keçmiş SSRİ-nin komsomol strukturlarında başlamış təcrübəli siyasətçidir və hakimiyyət dəhlizlərində işlərin necə görüldüyünü çox yaxşı bilir. Paşinyan isə artıq səkkiz ildən çoxdur baş nazir olsa da, bu cür siyasi intriqalarda hələ kifayət qədər təcrübə toplamayıb.

Bundan başqa, Koçaryan “Qarabağ klanı”nın mübahisəsiz lideri hesab olunur. Üstəlik, bu “klan”da Xankəndidən çıxmış keçmiş separatçı lider rək deyil. Koçaryanın, ardınca isə Serj Sarqsyanın iyirmi illik hakimiyyəti dövründə Qarabağdan çoxsaylı şəxslər Yerevanda hakimiyyət strukturlarına yerləşdiriliblər. Paşinyan vaxtaşırı bu strukturlarda “təmizləmə” aparsa da, bu “əməliyyat”ların nə dərəcədə səmərəli olduğu sualı açıq qalır.

Ən əsası isə Koçaryan təkcə təcrübəli və riyakar oyunçu deyil. Bir daha xatırladaq ki, o, məqsədə çatmaq üçün vasitə seçimində, siyasi fəaliyyətində tərəddüd ütmədən terror və siyasi qətllərə belə, əl atır.

Məlum olduğu kimi, Ermənistanda terror kultu bir ilin, on ilin məhsu deyil. Ermənistan bu təcrübədən hələ doxsanıncı illərdə Azərbaycana qarşı açıq şəkildə istifadə edib. Qatarların, Bakı metrosunun və s. partladılmasını unutmaq mümkün deyil. Lakin Azərbaycandan qayıdan terrorçuların “evdə” nümunəvi oğlana çevriləcəyini düşünmək sadəlövhlük olardı. Belə xislət gec-tez özünü elə doğma evdə də göstərməyə başlayır.

Belə ki, 1992-ci ilin aprelində pəncərədən atılan qumbaranın partlaması nəticəsində Qarabağ separatçılarının ilk lideri Artur Mkrtçyan həlak olub. Koçaryanın Qarabağ hərəkatında ön mövqelərə yüksəlməsi məhz bu qətldən sonra mümkün olub. Qətlin üstü indiyədək açılmayıb, irəli sürülən versiyaların heç biri isə təsdiqini tapmayıb.

Ermənistanda terrorun növbəti dalğası 1997-1998-ci illərdə, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırıldığı “məxməri çevriliş” dövrünü əhatə edib. O zaman Yerevanda hər kəs Qarabağdan gəlmiş terrorçular və Qarabağ nömrə nişanlı avtomobillər haqda danışırdı. Çox keçmədən dövrün baş nazir olan Koçaryan prezidentliyə yiyələnib. Bir il sonra, 1999-cu ilin oktyabrında isə Ermənistanda misli görünməmiş hadisə baş verib. Beş silahlı şəxs parlamentin iclas zalına soxularaq orada əsl qətliam törədib. Həlak olanlar arasında parlamentin sədri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan da var idi. Nə təsadüf isidə (?), onlar Koçaryanın ən təhlükəli siyasi rəqibləri sayılırdılar.

Bu gün Ermənistanın ikinci prezidentinin əlində hansı “güc kozırları”nın olduğu barədə yalnız ehtimallar irəli sürmək olar. Amma görünür, Baqramyan 26-da bununla bağlı ciddi narahatlıqlar var.

Prinsip etibarilə, Paşinyan Koçaryanı məhkəmə qarşısına çıxara və onu uzun müddətə həbsxanaya göndərə bilər. Əslində o, Koçaryanı artıq bir dəfə həbs edib. Lakin sonradan onu azad etməli olub. Çünki o zaman Moskva baş nazirə kifayət qədər ciddi təzyiq göstərmişdi. Koçaryanın Rusiya Prezidenti Vladimir Putinin dostu olduğunu hər kəs yaxşı bilir. Bunun nəticəsidir ki, ilk həbs zamanı iş hökmün çıxarılmasına qədər gedib çıxmayıb, məhkəmə araşdırması niyəsə dayandırılıb.

Bu gün Yerevanla Moskva arasında münasibətlər son dərəcə gərgindir. Halbuki, Avropa İttifaqının bütün emosional jestlərinə baxmayaraq, Ermənistanın Rusiyadan asılılığı olduğu kimi qalmaqdadır. Söhbət təkcə, məsələn, çiyələk ixracıdan yox, həm də neftin, qazın və emal olunmamış almazların daxili qiymətlərlə idxalından gedir.

 

Koçaryansız güc ssenarisi

Paşinyanın komandasında çox yaxşı anlayırlar ki, Koçaryan özü bir əlində tüfəng, digər əlində bayraq tutaraq küçələrə çıxmayacaq. Hətta özü üçün ordu da toplamayacaq. Onun işi intriqalar qurmaq və icraçıları tapmaqdır. Belələri isə var. Bəli, Paşinyanın rəqiblərinin orduda və güc strukturlarında söykənə biləcəkləri şəxslər az deyil. Müəyyən “təmizləmə”lərə baxmayaraq, həmin struktirlarda Qarabağ klanının nümayəndələri bu gün də kifayət qədərdir. Üstəlik, Ermənistan ordusu həmişə Rusiyapərəst olub və rəsmi Yerevanın NATO ilə yaxınlaşmaq cəhdlərinə baxmayaraq, görünən odur ki, bu, indi də belədir.

Bütün bunlarla yanaşı, Ermənistanda Rusiyanın hərbi bazası da yerləşir, Moskva ilə ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi qüvvədə qalır. Nəhayət, quru qoşunları və hava hücumundan müdafiə qüvvələrinin birgə qruplaşmaları fəaliyyətini davam etdirir.

Ekspertlər Ermənistanda artlq bir hərbi çevriliş cəhdinin olduğunu xatırladırlar. Bu, 44 günlük müharibədən dərhal sonra baş vermişdi. Lakin o zaman baş verənlər hərbi qiyamdan çox hərbi üslubda qurulmuş operettanı xatırladırdı. Çevriliş iştirakçılarını Rusiya ilə birgə qruplaşmalara daxil olan erməni hərbi hissələri dəstəkləməmiş, nəticədə daha ağır nəticələrdən qaçmaq mümkün olmuşdu.

Düzdür, “Daşnaksutyun” kimi bir qüvvə də var. Xatırladaq ki, Ermənistanın “ənənəvi partiyaları” olan “Daşnaksutyun”, “Ramkavar Azatakan”, “Hnçak” hələ XIX əsrin sonlarından terror üsullarından istifadə edirdilər. Hazırda “Ramkavar” və “Hnçak” siyasi səhnədə gözə dəyməsələr də, “Daşnaksutyun” fəaliyyətini davam etdirir. Bu partiyanın gənc üzvləri bu gün də öz sələflərinin məzarı başında əllərini silaha basaraq sədaqət andı içirlər...

“Daşnaksutyun” xaricdə geniş əlaqələrə malikdir. Partiyaya oradan həm maliyyə, həm də lazım gələrsə, silah göndərilə bilər. Əlbəttə, söhbət müharibə aparılmasına kifayət edəcək miqdarda silahlardan getmir. Amma bu, terror kampaniyası aparmaq üçün tam yetərli ola bilər.

Beləliklə, təəssüf ki, bu ölkədə güc ssenarisini istisna etmək olmur...



MƏSLƏHƏT GÖR:

64