11 Avqust 2026

Çərşənbə axşamı, 23:36

QEYB OLMUŞ YEREVAN

Fransa Prezidentinin Ermənistana səfəri zamanı qədim Yerevan tarixi qəflətən aktuallıq qazanıb

Müəllif:

01.07.2026

“Avropa Siyasi Birliyi”nin bu yaxınlarda Yerevanda keçirilən sammiti zamanı Fransa Prezidenti Emmanuel Makron rəsmi proqramda iştirakı dövlət səfəri ilə birləşdirmişdi. “İki bacı ölkə” kimi təqdim edilən Ermənistanla Fransa arasındakı xüsusi münasibətlər müxtəlif formalarda vurğulanırdı. Şəhərdə birgə gəzinti, Yerevanda səhər qaçışı və nəhayət, yadda qalan və özünəməxsus təsirli bir epizod: Makron erməni əsilli fransalı şanson ifaçısı Şarl Aznavurun məşhur “La Bohème” mahnısını oxuyur, Ermənistanın Baş naziri Nikol Paşinyan isə ona zərb alətində müşayiət edir.

Məlum olduğu kimi, “La Bohème” mahnısı Parisin bohema həyatına, xüsusilə küçə rəssamlarına həsr olunub. Rəsmi videoklipdə müxtəlif rakurslardan Montmartr təpəsində yerləşən məşhur “Sakre-Ker” bazilikası (Sacré-Cœur), vaxtilə Oqüst Renuar, Vinsent van Qoq və Pablo Pikasso kimi sənətkarların əsərlərində əks olunan “Mulen de la Qalett” dəyirmanı (Moulin de la Galette), Montmartrın daş döşənmiş küçələri, Sen-Jan-de-Montmartr kilsəsi (église Saint-Jean-de-Montmartre), Foyatye küçəsində (Rue Foyatier) funikulyorun qalxdığı pilləkənlər görünür...

Paris rəssamlarının on illər əvvəl tablolarında əks etdirdiyi bu məkanlar bu gün də qorunub saxlanılır. Onları demək olar ki, eyni vəziyyətdə görmək mümkündür. Bəli, bu məkanlar müharibələri, inqilabları və siyasi sarsıntıları aşaraq günümüzə gəlib çıxıb. Necə deyərlər, Paris həmişə Paris olaraq qalır.

Lakin bu hekayə insanı istər-istəməz başqa bir şəhər barədə də düşünməyə vadar edir.

 

Tablolarda qalan Yerevan

Eyni dövrdə – XIX əsrin sonu, XX əsrin əvvəlində başqa rəssamlar da heç də az olmayan ilhamla digər şəhərin, hazırkı Ermənistan paytaxtının gözəl mənzərələrini çəkirdilər. Lakin o zaman onun adı Yerevan deyil, Rəvənqulu xanın şərəfinə İrəvan və ya İrəvani (Erivan) idi. O dövrün rəsmlərində və qravyuralarında qala, xan sarayları, məscid günbəzləri, minarələr, Şərq interyerləri və şəhər mənzərələri əks olunub.

Budur, rus döyüş rəssamı Frants Rubonun “İrəvan qalasının alınması” tablosu. Üfüqdə Ağrı dağının zirvəsi görünür. Söhbət Ermənistanda Ararat adlandırılan dağ silsiləsindən gedir. Seyrçinin qarşısında məscid günbəzləri və minarələri olan şəhər mənzərəsi açılır.

Rus rəssam və memarı knyaz Qriqori Qaqarinin əsərləri. “İrəvan xanının iqamətgahında” tablosunda İrəvan xanlarının sarayının zəngin Şərq interyerləri görünür. Dövrün adamları deyirlər ki, bu, bütün Şərqdə ən gözəl tikililərdən biri olub – “Büllur zal”, möhtəşəm vitrajlar, istirahət otağı…

1820-1840-cı illərin rus hərbi-tarixi nəşrindən “İrəvan qalasının hücumla alınması” qravyurası.

Döyüş rəssamı V.Moşkovun “1 oktyabr 1827-ci ildə İrəvanın fars qalasının hücumla alınması” litoqrafiyası.

Budur, fransalı rəssam Dübua de Monperenin İrəvan xanının hərəmxana həyətini təsvir edən rəsm.

Rus fotoqraf Dmitri Yermakovun əsərləri. Eyni sarayın “Büllur zal”ını və onun möhtəşəm vitrajlarını görmək mümkündür.

Fotoqraf G.Linç tərəfindən çəkilmiş “Sərdar sarayının Güzgülü zalının istirahət otağı” adlı şəkil.

 

Artıq mövcud olmayan şəhər

Bəs Parisdə olduğu kimi, bu memarlıq abidələrini bu günün Yerevanda da görmək mümkündürmü? Təəssüf ki, yox. Bir zamanlar rəssamları, fotoqrafları və səyyahları valeh edən İrəvanın “Şərq nağılı” artıq yoxdur. Üstəlik, bu, nə genişmiqyaslı müharibələr, nə də dağıdıcı zəlzələlərin nəticəsidir. Möhtəşəm qala, gözəl xan sarayı, yeddi məsciddən altısı – bunların hamısı əsasən 1960-cı illərdə kütləvi şəkildə dağıdılıb. Tarixin acı ironiyasıdır ki, Şarl Aznavurun “La Bohème” mahnısı məhz həmin dövrdə yaranıb, Parisdə məhz həmin illərdə səslənməyə başlayıb. Eyni vaxtda Azərbaycan irsi ilə tanınan İrəvan şəhəri tədricən erməni şəhəri Yerevana çevrilirdi...

Bəli, Yerevanın ümumi tarixi siması köklü şəkildə dəyişdirilib. Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı nümayəndə heyətinin yerləşdiyi və onun səhər qaçışına çıxdığı “Marriott” hoteli məhz sökülmüş İrəvan qalasının yerində inşa edilib. Bu gün həmin qalanı yalnız rəssamların tablolarında və onun alınmasına həsr edilmiş xatirə medallarında görmək mümkündür.

 

Sərdar sarayından konyak zavoduna

Sərdar sarayının taleyi də nümunə sayıla bilər. Qarşınızda bir vaxtlar İrəvan xanlarının iqamətgahının yerləşdiyi təpə var. Budur köhnə fotoşəkil. Və artıq müasir görüntü. Xan sarayının yerində… konyak zavodu tikilb.

Yəqin İrəvan xanlarının müsəlman olduqlarını, spirtli içki qəbul etmədiklərini xatırlatmaq artıqdır. Onların keçmiş iqamətgahının zirzəmilərində bu gün brendi istehsal edilir.

Yeri gəlmişkən, 2020-ci ildə azərbaycanlıların azad edilmiş ərazilərdə gördükləri də bənzərdir. Bu bina bir vaxtlar məscid olub. Görün, onu hansı məqsədlər üçün istifadə ediblər. Konyak zavodu ilə paralel aparmaq olar, elə deyil?

Amma köhnə İrəvanın yoxa çıxarılma tarixi bununla bitmir.

Təpəbaşı təpəsində yerləşən və kənd adlandırılan ərazidəki məscidlərdən birinin qalıqları. Bu gün Yerevan bələdiyyəsi bu rayonun “bərpası”nı planlaşdırır. Üstəlik, bu işin fransalı investorlarının köməyi ilə görülməsi nəzərdə tutulur. Yəni planda tarixi tikililərin son izlərinin də məhv edilməsi var.

Bu isə Abbas Mirzə məscidindən qalanlar.

 

Şəhərin görünüşü niyə dəyişdi?

Bu, dünya tarixində nadir hallardan biridir. Yad irslər adətən qorunur. Məsələn, ispanlar Rekonkista sonrası Əlhambra sarayını sökmədilər. Amerikalılar da Meksika ilə müharibə apararkən Meksika müstəmləkə memarlığının incisi sayılan “Santa-Feni”ni qoruyub saxladılar.

Çünki bu, gözəllikdir. Çünki bu, tarixdir.

Yerevanda başqa yol seçildi. İrəvanın tarixi tikililəri bu şəhərin güclü müsəlman, Azərbaycan memarlıq irsinə malik olduğunu son dərəcə açıq şəkildə göstərdiyindən, şəhərdə genişmiqyaslı yenidənqurma işlərinə “zərurət” yaranmışdı. Dünyada elə bir ölkə varmı ki, orta əsr müsəlman memarlığını dağıdıb onun yerində yeni xristian memarlığı inşa etməklə öz şəhər görünüşünü köklü şəkildə dəyişsin? Bu, həm də toponimiyanın kütləvi şəkildə dəyişdirilməsinin nadir nümunəsidir: təxminən iki min toponim və hidronim tarixi Azərbaycan adlarından yeni erməni adlarına dəyişdirilib.

Əlbəttə, Fransa Prezidenti Emmanuel Makron bəlkə də açıq səma altında dağıdılmış irsin, tarixin qalıqlarının üzərində gəzişdiyinin fərqində deyil...

 

Qulaqardına vurulan xəbərdarlıq

Köhnə İrəvanın unikal memarlıq irsinin qorunmağa ehtiyacı olduğu barədə hələ onun yoxa çıxmasından çox əvvəl danışılırdı. Bu tarixi abidələrin qorunması üçün konkret cəhdlər də edilmişdi. Onların əhəmiyyətini ən yaxşı anlayanlardan biri görkəmli rus və sovet şərqşünası, arxeoloq və akademik Nikolay Marr idi. Akademik Sərdar sarayının öyrənilməsində və onun xilas edilməsinə yönəlmiş cəhdlərdə əsas rol oynamış şəxslərdəndir. Yerevana (İrəvan) arxeoloji və yoxlama səfərləri zamanı o, bu tarixi kompleksin vəziyyətini araşdırmış, onu ətraflı sənədləşdirmişdi. Alim memarlıq kompleksinin son dərəcə baxımsız vəziyyətini qeydə almış, o dövrdə sarayın dərhal dağılma təhlükəsinin olmadığı qənaətinə gəlmuişdi. Akademik xüsusi olaraq qeyd edirdi ki, Xan sarayının acınacaqlı vəziyyəti Cənubi Qafqazda müsəlman tarixi abidələrinin qorunmasına qarşı ümumi laqeydliyin göstəricisidir.

Nikolay Marr İrəvan qalasının digər tikililərini təsvir edərkən öz hesabatını bu gün xəbərdarlıq kimi səslənən sözlərlə tamamlamışdı: “Bütün bu abidələr əla şəkildə qoruna bilərdi. İndi qalanları qorumaq olar və lazımdır: arxeologiyada hətta xarabalıqların da böyük əhəmiyyəti var, amma bəlkə də tam məhv olunmanın qarşısını almaq üçün də imkanlar tapılacaq. Hər şeydən əvvəl mühafizə lazımdır: hasar… gözətçi, daşıma və çirkləndirmənin qarşısının alınması. Sadalanan abidələrin sırf elmi əhəmiyyəti ilə yanaşı, dövlət nöqteyi-nəzərindən az önəmi olmayan başqa maraqlar da nəzərə alınmalıdır. Rusiyanın Qərb sivilizasiyalı ölkə kimi nüfuzu tələb edir ki, əgər Şərq mədəniyyəti sərhədində onun adı ilə heç bir parlaq mədəni iş görmək mümkün deyilsə, ən azı onu dağıdıcı kimi rüsvay etməsinlər. Belə bir şərəf tələbi, xüsusilə bu abidələrin müsəlman əhalinin çox olduğu yerlərdə – İrəvan şəhərində, həmçinin İran və Türkiyə ilə yaxın qonşuluqda yerləşməsi ilə daha da güclənir. Sərdar sarayına, xüsusilə, rus imperatoru I Nikolayın xatirəsi də ehtiramlı yanaşma tələb edir. O, 1837-ci ildə İrəvanda olmuş və Sərdar sarayında qalmışdı. Həmçinin rus yazıçısı Aleksandr Qriboyedovun xatirəsi – onun “Ağıldan bəla” komediyası müəllifi sağ ikən cəmi bir dəfə məhz Sərdar sarayında səhnələşdirilmişdi...”.

Marr yalnız hesabatla kifayətlənmirdi. O, II Nikolaya Dmitri Yermakovun Sərdar sarayı və İrəvan qalasını əks etdirən fotoşəkillərini təqdim etmiş, imperator isə öz növbəsində, 1912-ci ildə sarayın və bütünlükdə İrəvan qalasının bərpası haqda göstəriş vermişdi.

Təəssüf ki, bu planlar həyata keçməyib. Qısa müddət sonra Birinci Dünya müharibəsinin başlaması ilə dövrün bir çox mədəni layihələri yarımçıq qalıb. Artıq sovet dövründə – 1964-cü ildə isə Sərdar sarayı və İrəvan qalasının qalan hissələri buldozerlərlə tamamilə məhv edilib. Bütün bunların SSRİ-də ikinci şəxs olan Anastas Mikoyanın himayəsi ilə baş verdiyini tam əminliklə demək mümkündür.

 

Epiloq əvəzi

Tarix felin lazım formasını tanımır. Bu gün nə İrəvan qalasını geri qaytarmaq mümkündür, nə Sərdar sarayını, nə də köhnə İrəvanın məscidlərinin böyük hissəsini. Onların yerini yeni binalar, yeni küçələr və şəhərin yeni memarlıq görüntüsü tutub.

Amma tarix başqa bir şeyi qoruyub saxlayıb. Söhbət rəssamların tablolarından, köhnə fotoşəkillərdən, qravyuralardan, arxiv sənədləri və dövrün şahidliklərindən gedir. İndi insanlara XIX əsr rəssamlarını ilhamlandırmış, səyyahları Şərq memarlığı ilə heyrətləndirmiş və bu gün artıq müasir Yerevanın xəritəsində tapılması mümkün olmayan İrəvanı görmək imkanını yalnız bunlar verir.

Odur ki, Fransa Prezidenti Emmanuel Makronun Yerevan küçələrində gəzintisi istər-istəməz başqa məna qazanır. Səfəri zamanı o, müasir şəhər görübsə, bir vaxtlar həmin yerdə mövcud olmuş İrəvanı görə bilməyib. Söhbət yalnız Frants Rubo, Qriqori Qaqarin, Dübua de Monpere kimi rəssamların tablolarında, Dmitri Yermakovun fotoşəkillərində və dövrün digər sənədlərində qorunub saxlanılan şəhərtdən gedir.

Qəribədir ki, Fransa Prezidentinin səfəri Şarl Aznavurun “La Bohème” mahnısı ilə müşayiət olunub. Yaddaş, rəssamlar və köhnə Paris haqqında mahnı. Öz tarixi ruhunu qoruyub saxlaya bilmiş Paris haqqında. Köhnə İrəvanın bu baxımdan bəxti daha az gətirib. Bu gün onu yalnız zamanın buldozerlərdən güclü olduğu yerlərdə, məsələn, muzey kolleksiyalarında, arxiv fotoşəkillərində, köhnə qravyuralarda və rəssamların gələcək nəsillər üçün qoruyub saxladığı tablolarında görmək mümkündür.



MƏSLƏHƏT GÖR:

84