İMMUN SÜKUTU
Azərbaycanda suçiçəyi və qızılca xəstəliyinin artan statistikasına nəzarəti necə bərpa etmək olar?
Müəllif: Sabirə ƏLƏKBƏR
Sanki neyroşəbəkələrin, kvant kompüterlərinin və kosmik turizmin mövcud olduğu XXI əsr uşaqlar arasında yayılan hava-damcı infeksiyalarını çoxdan tarixin zibilliyinə göndərməli idi. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-may aylarına dair rəqəmləri bizi yenidən sərt reallıqla üz-üzə qoyur. İlin ilk beş ayında Azərbaycanda suçiçəyi xəstəliyinə yoluxma hallarının sayı ötən ilin eyni dövründəki 17595 nəfərə qarşı 31397-yə yüksəlib. Lakin əsl həyəcan siqnalı başqa sahədə çalınmalıdır: qızılcaya yoluxma halları kəskin şəkildə artaraq 10-dan 127-yə çatıb. Bəs, əslində, sıfra doğru getməli olan bu rəqəmlər niyə birdən-birə yüksəlməyə başlayıb və cəmiyyət epidemioloji vəziyyətə nəzarəti necə bərpa edə bilər?
Qızılca və suçiçəyinin təhlükəli mahiyyəti
Yoluxucu xəstəliklərin yayılmasında dəyişkənlik dövri xarakterə malikdir. Lakin hazırkı artım daha dərin sistem problemlərini üzə çıxarır. Suçiçəyinə münasibətdə bir çoxlarının yol verdikləri əsas səhv onu uşaqlığın zərərsiz, “yaşıl boya sürtülən” mərhələsi kimi qəbul etmələridir. “Varicella zoster” virusu son dərəcə yüksək yoluxuculuğa malikdir. Elmi cəhətdən sübut olunub ki, qapalı məkanda bir belə xəstə olarsa, oradakı immuniteti zəif şəxsin yoluxma ehtimalı 90%-dən çoxdur.
Uşaqlarda bu xəstəlik əksər hallarda yüngül keçirsə, böyüklərdə o, ağır pnevmoniyaya və ensefalitlərə səbəb ola bilər. Bunun onilliklər sonra özünü ağrılı kəmərləyici dəmrov şəklində yenidən göstərməsi də mümkündür.
Qızılcaya gəlincə, o, yoluxuculuq səviyyəsinə görə virus infeksiyaları arasında “mütləq çempion” hesab olunur. Onun üçün reproduksiya indeksi 12 ilə 18 arasında dəyişir. Bu, o deməkdir ki, peyvənd olunmamış mühitdə bir xəstə ətrafındakı 18 nəfərə qədər insanı yoluxdura bilər. Üstəlik, xəstə otağı tərk etdikdən sonra belə, bu virus saatlarla havada qalır.
Elmi fakt ondan ibarətdir ki, qızılca özünəməxsus və qorxulu bir xüsusiyyətə də malikdir – o, “immun amneziyası” yaradır. Tədqiqatlar göstərir ki, qızılca virusu orqanizmdə digər xəstəliklərə qarşı formalaşmış anticisimlərin 20-50%-ni məhv edir. Qızılca keçirmiş insan, sözün əsl mənasında, “immun yaddaşı”nı itirir və əvvəllər yoluxduğu qripə, pnevmokokk infeksiyasına və digər xəstəliklərə qarşı yenidən müdafiəsiz qalır.
Göstəricilər niyə yüksəlir?
Qızılcanın yenidən yayılmasının və suçiçəyi virusunun fəallaşmasının əsas səbəbi kollektiv immunitet adlandırılan qoruyucu təbəqənin zəifləməsidir. Suçiçəyinin və qızılcanın yayılmasının qarşısının alınması üçün əhali arasında immun təbəqə, yəni peyvənd olunmuş və ya bu xəstəlikləri keçirmiş insanların payı ən azı 95% olmalıdır. Bu göstərici peyvənddən imtina, miqrasiya prosesləri və ya peyvəndlərin “sonraya saxlanılması” səbəbindən cəmi 90%-dək azaldıqda belə, virus dərhal zəif nöqtələri tapır. Yoluxma hallarının yüz dəfədən çox artması qızılca virusunun əhalinin həssas qruplarını müəyyən etdiyini göstərən klassik nümunədir.
Özümüzü necə qoruyaq?
Bir çox təhlükələrdən fərqli olaraq, bu halda bəşəriyyətin yenidən velosiped ixtira etməsinə ehtiyac yoxdur. Qızılcaya yoluxmamağın elmi cəhətdən təsdiqlənmiş yeganə təhlükəsiz və effektiv yolu spesifik profilaktika, yəni peyvəndlənmədir. İlk növbədə, həm özünüzn, həm də uşaqlarınızın immun statusunu yoxlamaq lazımdır. Milli peyvənd təqviminə əsasən, qızılca, epidemik parotit (“qulaqdibi”) və məxmərək əleyhinə peyvənd iki dəfə vurulur: uşağın 12 aylığında və 6 yaşında. Əgər peyvənd vaxtında edilməyibsə, indi poliklinikaya müraciət etmək üçün ən münasib vaxtdır.
Uşaqlıqda qızılca keçirib-keçirmədiyini və ya peyvənd olunub-olunmadığını xatırlamayan böyüklərə qızılca virusuna qarşı “IgG” anticisimləri üzrə qan analizi vermələri tövsiyə olunur. Anticisimlərin yüksək titri etibarlı qorunmanı göstərir. Yox, əgər anticisimlər aşkar edilməzsə, demək, peyvənd olunmaq lazımdır. Bu, adətən, ən azı bir ay fasilə ilə iki dozanın vurulmasını nəzərdə tutur.
Təcili profilaktika imkanı da mövcuddur. Əgər qızılcaya yoluxmuş şəxslə təmas təsdiqlənibsə, insanın təcili peyvənd olunması üçün cəmi 72 saat vaxtı var. Bu, ya xəstəliyin qarşısını tam alacaq, ya da onun mümkün qədər yüngül formada keçməsinə şərait yaradacaq.
Cəmiyyətin sağlamlığı mücərrəd anlayış deyil, fərdi qərarların cəmidir. Dövlət Statistika Komitəsinin hesabatlarında rəqəmlərin artması zərif, lakin eyni zamanda ciddi xatırlatmadır: sivilizasiya kollektiv məsuliyyət üzərində dayanır və görünməz düşmənə qarşı ən etibarlı sipər həkim otaqlarında qurulur.
MƏSLƏHƏT GÖR:

48

