15 Avqust 2026

Şənbə, 05:28

RƏQƏMSAL KARKAS

Süni intellekt Azərbaycanın inkişaf strategiyasının bir hissəsinə çevrilir

Müəllif:

15.07.2026

Dördüncü Sənaye İnqilabı (“The Fourth Industrial Revolution” - 4IR) dövlətlərdən genişmiqyaslı rəqəmsal transformasiyanın həyata keçirilməsini tələb edir. Söhbət “e-government” (elektron hökumət) sahəsinin və kibertəhlükəsizliyin inkişafından, süni intellektin (Sİ) tətbiqindən, DATA-infrastrukturunun inkişafından və s. gedir. Azərbaycan bu baxımdan 4IR və digər rəqəmsal istiqamətlər sahəsində qabaqcıl təcrübəni fəal şəkildə tətbiq edir.

Ölkənin bu sahədə strateji məqsədləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə edilib.

 

Süni intellekt ekosistemi

Aparıcı ölkələr insan kapitalının artımını təşviq edən, iqlim dəyişikliyi risklərini azaldan və rəqəmsal uçurumu azaltmaq üçün BMT-nin Davamlı İnkişaf Məqsədlərini (DİM) dəstəkləyən davamlı rəqəmsal ekosistem yaratmaq üzərində çalışır. Ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Bu sənədlərin son məqsədi ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının təmin edilməsidir. O cümlədən «Sənaye 4.0» formatında.

Son illərdə ölkədə hökumətin “G-Cloud” bulud sisteminin inkişafı, “Big Data” (böyük verilənlər) infrastrukturunun və DATA-mərkəzlərinin (server və şəbəkə avadanlığı) formalaşdırılması istiqamətində addımlar atılıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) süni intellekt ekosisteminin formalaşdırılmasına başlayır.

Lakin bir sıra sahələrdə irəliləyişlərə baxmayaraq, rəqəmsallaşma prosesləri hələ də optimallaşdırılmalı, bu sahədə iştirak edən dövlət qurumlarının dağınıq səyləri aradan qaldırılmalı və bütün layihələrin vahid koordinasiyası təmin edilməlidir.

Bu işin sürətləndirilməsi üçün cari ilin əvvəlində dövlət başçısının sədrliyi ilə vahid fəaliyyət planının – “Azərbaycanın yeni rəqəmsal arxitekturası”nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) və İqtisadiyyat Nazirliyinə digər dövlət qurumları ilə birlikdə qarşıdakı işlə bağlı konkret tədbirlər planını ən qısa müddətdə hazırlamaq tapşırılıb. Qeyd edilib ki, işin səmərəli təşkili üçün hər bir dövlət orqanında, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavin ayrılmalıdır ki, RİNN rəhbərliyi ilə əlaqə saxlasın və hər bir dövlət qurumunda bu sahə prioritet kimi tanınmalıdır.

Rəqəmsal İnkişaf Şurasının iclasında çıxışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə rəqəmsal transformasiyanın əsas istiqamətlərinə diqqət çəkib və qarşıda duran vəzifələri müəyyənləşdirib. Yeni qurumun əsas məqsədləri müxtəlif dövlət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul edilmiş qərarların vaxtında və səmərəli icrasının təmin edilməsi kimi görünür.

“Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”, - Mehriban Əliyeva vurğulayıb.

Strategiyanın prioritetləri arasında süni intellekt sahəsinin də inkişafı var və bu artıq gələcəyin məsələsi deyil, bu günün inkişafının əsas amilidir. Bu sahə, o cümlədən dövlət təhlükəsizliyinin təmin edilməsində mərkəzi yer tutur. Həmçinin qeyd edilib ki, dünyanın aparıcı dövlətlərində AI-ın inkişafı gözləniləndən daha sürətlə gedir ki, bu da öz növbəsində həm yeni imkanlar, həm də yeni risklər yaradır. Bunu nəzərə alaraq, Azərbaycanda yeni çağırışlara, xüsusilə informasiya və kiber təhlükəsizliyi sahəsində yaranan risklərə hazırlığı gücləndirmək lazımdır.

 

Süni, yoxsa mütərəqqi?

Son illərdə Sİ sahəsində nəhəng sıçrayış baş verib: bu gün süni intellektin aparat-proqram sistemləri tədricən sənayenin, energetikanın, nəqliyyat kommunikasiyalarının mürəkkəb obyektlərinin idarə edilməsi prosesini üzərinə götürür, kommunal infrastrukturun və yol hərəkətinin işini tənzimləyir, bot-servislər (proqramlar kompleksi) isə maliyyə sektorunun və “e-government” hökumət platformalarının müştərilərinə xidmət göstərir. Üstəlik, ekspertlər hesab edirlər ki, 2030-cu ilə qədər Sİ seqmentində yaradılacaq əlavə dəyər təxminən 16 trilyon dollar təşkil edə bilər.

4SIM-in təşəbbüsü ilə süni intellekt sahəsinin normativ bazasının, etik standartlarının və tənzimləmə qaydalarının işlənib hazırlanması aparılır, gənclərin hazırlanması və bütün vətəndaşların Sİ tərəfindən idarə olunan gələcək əmək bazarına, süni intellektin gətirəcəyi dəyişikliklərə uyğunlaşdırılması üçün tədris və elmi baza formalaşdırılır. IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin iştirakı ilə səhiyyə, energetika, təhsil, kənd təsərrüfatı, idman, “e-government” kimi sahələrdə, həmçinin çağrı mərkəzlərində süni intellektin məsuliyyətli istifadəsinə dair pilot layihələr artıq sınaqdan keçirilir. Generativ Sİ əsaslı həllər vasitəsilə 70 milyon manat əlavə dəyər yarada biləcək özəl işgüzar təşəbbüsün dəstəklənməsi planlaşdırılır.

Bu məqamda qeyd edək ki, ölkədə süni intellektin energetika sektorunda tətbiqinə dair ilk sistem konsepsiyası işlənib hazırlanıb. Beynəlxalq təcrübə əsasında hazırlanmış “Energetikada süni intellekt əsaslı həllər” sənədi 40 qlobal konsepsiya bazasında süni intellektin tətbiqi imkanlarını müəyyən edir, energetika sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsinə yardım göstərir.

Bu il ölkədə Sİ əsaslı yeni tətbiqin - Azərbaycanda çalışmaq istəyən xarici investorlar və startaplar üçün ölkədə yaşayış, iş, biznesin aparılması haqqında bütün məlumatları təqdim edən elektron platformanın istifadəyə verilməsi planlaşdırılır. Süni intellektin böyük dil modellərinin tətbiqi, həmçinin iqtisadiyyatda baş verən proseslərin real vaxt rejimində daha yaxşı başa düşülməsi və əks etdirilməsi üçün ölkənin rəqəmsal əkizinin yaradılması layihəsinin reallaşdırılması üzərində iş aparılır.

Eyni məqsədlə milli süni intellekt ekosistemi inkişaf etdirilir: ölkədə Milli Süni İntellekt Mərkəzi yaradılır, dövlət sektorunda  Sİ xidmətləri genişləndirilir, bu sahədə məhsullar üçün tənzimləyici “sandbox” istifadəyə verilib.

“Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur”, - Mehriban Əliyeva vurğulayıb.

Buna görə də “digital economy” (rəqəmsal iqtisadiyyat) ilə yanaşı, ölkəmizin şəbəkə məkanının qorunması üzrə əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində bu sahədə əlaqələndirmə, tənzimləmə və monitorinqi həyata keçirəcək, informasiya infrastrukturunun dayanıqlılığını təmin edəcək və kibertəhlükələr barədə xəbərdarlıq edəcək Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.

Azərbaycan Mərkəzi Bankında isə normativ-hüquqi baza təkmilləşdirilir, bank kartlarından istifadə etməklə oğurluqların qarşısının alınmasına yönəlmiş tədbirlər və texnoloji həllər kompleksi olan güclü Antifraud sisteminin formalaşdırılması üçün Sİ və blokçeyn texnologiyaları inkişaf etdirilir. Süni intellekt texnologiyalarının kütləvi istifadəsinin təhlükəsizliyinin ən vacib şərti isə ölkədə profilli yüksək peşəkar kadrların olmasıdır. Onların hazırlanması üçün keçən ilin sentyabrında Bakıda “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərən Süni İntellekt Akademiyası açılıb.

“Ümumilikdə, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”na rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüs daxil edilmişdir. 40 dövlət qurumu ilə yol xəritələri hazırlanmışdır ki, bunlardan 13-ü artıq təsdiq edilmiş və ya təsdiq mərhələsindədir”, - rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəqəmsal İnkişaf Şurasının iclasında bildirib. O, Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb.

 

Yeni arxitektura

Bu ilin əvvəlində dərc edilmiş BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında qeyd olunub ki, 2025-ci ildə dünyada bütün investisiya layihələrinin dəyərinin beşdə birindən çoxu yüksək texnologiya sektorlarının payına düşüb. Məsələn, təkcə DATA-mərkəzlərinin tikintisinə 270 milyard dollardan çox vəsait yatırılıb. Qeyd edək ki, “Big Data” infrastrukturunun inkişafı, verilənlərin emal mərkəzlərinin tikintisi və “bulud anbarları”nın potensialının genişləndirilməsi - Azərbaycanın rəqəmsallaşma strategiyasının prioritetləri – “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”na daxil edilib.

Məlum olduğu kimi, ölkəmizdə DATA-infrastrukturunun inkişafı üzrə əsas səylər RİNN-in tabeliyindəki aparıcı “bulud provayder”i “AzInTelecom” MMC-nin üzərinə düşür. O, Bakıda fəaliyyət göstərən əsas DATA-mərkəzi və Yevlaxda yerləşən ehtiyat mərkəzi idarə edir ki, bunlar beynəlxalq standartın tələblərinə cavab verir. Mərkəzlər müxtəlif “bulud xidmətlər”i göstərir, əsas və ehtiyat verilənlər bazalarının etibarlı kibertəhlükəsizliyini təmin edir. Xüsusilə, layihə operatoru olan “AzInTelecom” 287 təşkilatın informasiya sistemləri və resurslarının tam və ya qismən inteqrasiyasını təmin edib.

Bu istiqamətdə işlər davam edir: “AzInTelecom” Abşeron və Hacıqabul rayonlarında yeni iri DATA-mərkəzlərinin tikintisi layihələrini həyata keçirir, bu obyektlər “yaşıl texnologiya”lar və təbii soyutma sistemlərindən istifadə edilərək inşa olunur. Abşeronda işləri 2027-ci ildə başa çatdırmaq planlaşdırılır, hər iki kompleks isə tam olaraq 2030-cu ilə qədər istifadəyə veriləcək.

Son illərdə nazirliklər və qurumlar tərəfindən hazırlanmış müxtəlif rəqəmsal platformaların və tətbiqlərin unifikasiyası ilə bağlı “Azərbaycanın yeni rəqəmsal arxitekturası”nın reallaşdırılması vəzifəsi heç də az əhəmiyyətli deyil. Dövlət elektron xidmətlərinin vahid “Mygov” platforması vasitəsilə, yəni vahid mərkəzdən göstərilməsi təmin edilməlidir ki, bu da texniki parametrləri və proqram təminatının yenilənməsini nəzərəçarpacaq dərəcədə sadələşdirəcək, vətəndaşlar üçün böyük üstünlüklər təmin edəcək. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasının iclasında nazir R.Nəbiyev xatırladıb ki, son üç ayda “Mygov” platformasının rəqəmsal xidmətləri genişləndirilib, istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona qədər artırılıb. Bundan əlavə, platformaya bir neçə tətbiq inteqrasiya edilib, dövlət qurumlarının daha yeddi tətbiqinin xidmətləri ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək.

Dövlət qurumlarının resurslarının “Mygov” platformasına inteqrasiya dinamikası olduqca yüksəkdir. İlin sonuna qədər bir çox dövlət qurumu “Mygov” vasitəsilə tam xidmətlər göstərəcək. Artıq yaxın zamanlarda şəxsiyyət vəsiqəsi və pasport kimi sənədləri almaq və dəyişdirmək, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmək mümkün olacaq. “Mygov” interfeysi vasitəsilə, həmçinin Ədliyyə Nazirliyindən yetkinlik yaşına çatmayanların ölkədən çıxışına icazə rəsmiləşdirmək, uşaqları məktəbəqədər müəssisələrə yazdırmaq, tələbələrin ali təhsil müəssisələrinə qəbulunu qeydiyyata almaq və s. mümkündür. İyunun 1-dən isə “Mygov” platforması vasitəsilə elektron ticarət vasitəsilə alınmış malların idxalı zamanı gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün “smart-customs” (mobil tətbiq) sistemində identifikasiya prosesləri əlçatandır.

Diqqətəlayiq haldır ki, “Mygov” platformasında və “e-government” sisteminin digər resurslarında Sİ əsaslı həllərin tətbiqi genişləndiriləcək. Hazırda Azərbaycanda müxtəlif sənədlərin avtomatik hazırlanması imkanı olan “E-advisory” rəqəmsal məsləhətçi platforması hazırlanır, həmçinin istifadəçinin niyyətini anlayan, tövsiyələr verən və məsələlərin proaktiv şəkildə həllinə kömək edən çat-botlar və kontentdən xəbərdar xidmətlər yaradılır.

Bütün bu addımlar vətəndaşların hökumətlə daha rahat ünsiyyətinə kömək edir: artıq bu gün vətəndaşlar öz suallarını dövlət qurumlarına həm yazılı, həm də süni intellektin emalını öz üzərinə götürdüyü səsli mesajlar vasitəsilə göndərə bilərlər.

“E-government” sistemində bütün islahatların əsas məqsədi dövlət qurumlarında daxili inzibati proseslərin keyfiyyətinin və əlçatanlığının artırılması kimi müəyyən edilib. Söhbət hazırkı elektron hökumət mexanizmlərindən inkişafın növbəti mərhələsinə - rəqəmsal hökumətə (GovTech) keçiddən gedir.

Beləliklə, vahid rəqəmsal arxitekturanın formalaşdırılması, süni intellektin, DATA-infrastrukturunun, “GovTech”in və kibertəhlükəsizliyin inkişafı dövlətin və iqtisadiyyatın modernləşdirilməsinin uzunmüddətli strategiyasının qarşılıqlı əlaqəli elementlərinə çevrilir. Məhz bu ekosisteminin səmərəliliyindən Azərbaycanın IV sənaye inqilabı texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə rəqabətqabiliyyəti əhəmiyyətli dərəcədə asılı olacaq.



MƏSLƏHƏT GÖR:

28