AMERİKA 250 İL SONRA
ABŞ-nin rolu necə dəyişir və Cənubi Qafqaz niyə Vaşinqtonun gələcək strategiyasının bir hissəsinə çevrilir?
Müəllif: İrina XALTURİNA
İyulun 4-də Amerika Birləşmiş Ştatları müstəqilliyinin 250 illiyini qeyd edib. Yubiley milli bayram çərçivəsindən xeyli kənara çıxaraq ilin ən mühüm siyasi hadisələrindən birinə çevrilib. Donald Tramp administrasiyası təntənəli tədbirlərdən xeyli əvvəl genişmiqyaslı ümumxalq kampaniyasına başlamışdı. Kampaniyanın kulminasiya nöqtəsi möhtəşəm konsert, aviaşou, hərbi mərasimlər və möhtəşəm atəşfəşanlıq olub.
Əsrlərdən keçən qlobal yol
ABŞ Prezidenti Donald Tramp çıxışında Amerikanı “bəşəriyyət tarixinin ən böyük ölkəsi” adlandıraraq deyib ki, Birləşmiş Ştatlar “yeni qızıl dövrə” qədəm qoyur. Ağ Evin rəhbəri ABŞ-nin müstəqillik tarixini ölkənin müasir daxili siyasi çağırışları ilə də əlaqələndirib, milli suverenlik, qanunsuz miqrasiya ilə mübarizə, ordunun gücləndirilməsi və ənənəvi dəyərlərin qorunması məsələlərinə xüsusi diqqət çəkib.
İki əsr yarım ərzində ABŞ 13 Britaniya müstəmləkəsinin ittifaqından dünyanın ən böyük iqtisadiyyatına, hərbi supergücünə və müasir beynəlxalq sistemin əsas memarlarından birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa və bütün Amerika vətəndaşlarına ünvanladığı təbrik məktubunda məhz bu tarixi təkamülü xüsusi vurğulayıb: “Birləşmiş Ştatlar parlaq inkişaf yolu keçmiş və bu gün dünya arenasında hərtərəfli güclü və nüfuzlu dövlətə çevrilmişdir”.
Beləliklə, Azərbaycan lideri ABŞ-nin 250 illik tarixini yeni dünya nizamının formalaşması və Vaşinqtonun qlobal təsirinin artması ilə birbaşa əlaqələndirib.
Hazırda Amerika iqtisadiyyatının vəziyyəti və Ağ Evin xarici siyasi qərarları beynəlxalq sabitliyin əsas amillərindən biri, bəlkə də ən mühümüdür. ABŞ dünyada ən böyük müdafiə büdcəsinə, bir neçə qitədə yerləşən hərbi bazalar şəbəkəsinə və Avropanı, Asiya-Sakit okean regionunu və Yaxın Şərqi əhatə edən müttəfiqlik öhdəlikləri sisteminə malikdir. NATO vasitəsilə, eləcə də ikitərəfli təhlükəsizlik sazişləri və tərəfdaşlıq mexanizmləri ilə Amerika siyasəti, demək olar ki, bütün əsas beynəlxalq böhranlara təsir göstərir. Buna görə də Amerika iqtisadiyyatının vəziyyəti, prezident seçkilərinin nəticələri və Ağ Evin xarici siyasi kursu yalnız Birləşmiş Ştatların daxili işi olmaqdan çoxdan çıxıb.
Cənubi Qafqazın gələcəyi
Vaşinqtonun regional proseslərdə iştirakı, digər məsələlərlə yanaşı, təhlükəsizlik və regiondakı qüvvələr balansı məsələsidir. Bu isə öz növbəsində, bütün digər proseslərə təsir göstərir. Belə ki, 2000-ci illərin əvvəllərində Amerikanın əsas prioritetləri Əfqanıstandakı hərbi əməliyyatlar, terrorçuluqla mübarizə və koalisiya qüvvələri üçün logistika marşrutlarının təmin edilməsi idisə, ABŞ qoşunlarının bölgədən çıxarılmasından sonra region tədricən fərqliəhəmiyyət qazanmağa başlayıb. Bu gün Vaşinqton Cənubi Qafqazı getdikcə daha çox Avropa ilə Asiya arasında yeni ticarət dəhlizlərinin yaradılması və nəqliyyat əlaqələrinin inkişafı, ənənəvi enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsini və alternativ enerji mənbələrinin inkişafını nəzərdə tutan enerji təhlükəsizliyi kimi istiqamətlər vasitəsilə inkişaf edə biləcək məkan kimi qiymətləndirir. Bununla yanaşı, süni intellektin bütün imkanlarının tətbiqinə və rəqəmsal infrastrukturun inkişafına da diqqət yetirilir.
Təbii ki, Vaşinqtonun qarşısında coğrafi amil kimi obyektiv məhdudiyyətlər də var. Məsələn, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin birbaşa qonşusu deyil və bu, genişmiqyaslı infrastruktur təşəbbüslərinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Digər məhdudlaşdırıcı amil isə xarici oyunçular arasındakı yüksək rəqabətdir. Rusiya burada təhlükəsizlik sahəsində ciddi təsirini qoruyub saxlayır, Çin infrastruktur və ticarətə fəal şəkildə investisiya yatırır, İran, Türkiyə və Avropa İttifaqı öz maraqları istiqamətində fəaliyyət göstərir. Bununla belə, ümumi istiqamət kifayət qədər aydındır – Vaşinqton Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin müstəqilliyini və suverenliyini dəstəkləməyə çalışaraq, nəqliyyat və logistika marşrutlarının inkişafında maraqlı olduğunu nümayiş etdirir. Bu, həm dəmir yolu infrastrukturuna, həm Xəzər dənizi vasitəsilə dəniz daşımalarına, həm də Orta Dəhlizin gələcək inkişafına aiddir. Yeri gəlmişkən, bu cür layihələrin dəstəklənməsi təkcə ABŞ-nin deyil, həm də onun avropalı tərəfdaşlarının maraqlarına cavab verir.
Nəhayət, təmiz və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu sahə artıq xarici siyasətin ənənəvi energetika və ya nəqliyyat qədərmühüm istiqamətlərindən birinə çevrilməkdədir.
Bakı əsas tərəfdaş kimi
Energetika, təhlükəsizlik və beynəlxalq terrorçuluqla mübarizə sahələrində uzunmüddətli əməkdaşlıq tarixinə baxmayaraq, Bakı ilə Vaşinqton arasındakı münasibətlər müəyyən dövrlərdə heç də asan olmayıb. Buna Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı fikir ayrılıqları, ABŞ qanunvericiliyindəki 907-ci düzəlişin qüvvədə olması, bəzi regional proseslərə fərqli yanaşmalar və digər məsələlər təsir göstərib.
Bununla belə, son illərin hadisələri siyasi fonu nəzərəçarpacaq dərəcədə dəyişib. Ali səviyyədə keçirilən bir sıra təmaslardan və 2025-ci il avqustun 8-də Ağ Evdə baş tutan tarixi üçtərəfli görüşdən sonra iki ölkə arasında əməkdaşlıq xeyli sürətlənib. Həmin vaxt Donald Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdikdən sonra aparılan danışıqların yekununda Bakı ilə İrəvan arasında sülh nizamlanmasına yol açan sənədlər imzalanmışdı. Buna görə də Azərbaycan Prezidenti təbrik məktubunda Donald Trampa “sülh gündəliyinin irəli aparılması istiqamətində göstərdiyi qətiyyətli səylərə” görə təşəkkürünü bildirib,Ağ Evdə keçirilən üçtərəfli görüşün regionda “tamamilə yeni və müsbət atmosfer” yaratdığını vurğulayıb.
Şübhəsiz ki, son dövrlərdə Vaşinqton abstrakt demokratiya dilində az, infrastruktur, tranzit, təhlükəsizlik və konkret razılaşmalar dilində isə daha çox danışmağa başlayıb. Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası iləErmənistan vasitəsilə birləşdirəcək TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – layihəsinin irəliləməsi buna misaldır. Bu marşrut Asiya ilə Avropa arasında yeni nəqliyyat halqasına çevrilməli, Cənubi Qafqaz vasitəsilə alternativ, etibarlı və təhlükəsiz əlaqəni təmin etməlidir. Yəni o, təkcə ticarətin inkişafına xidmət etməyəcək, həm də münaqişədən sonrakı dövrdə iqtisadi inteqrasiyanın əsasını qoyacaq.
Azərbaycan-ABŞ münasibətlərinin məntiqi inkişafının növbəti mərhələsi tərəflər arasında 2026-cı ilin fevralında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması olub. Bu sənəd ikitərəfli əməkdaşlığın çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib və münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Bakı ilə Vaşinqton arasında dialoqda energetika sahəsi də öz fundamental əhəmiyyətini qoruyub saxlayır. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat və süni intellekt də perspektivli əməkdaşlıq istiqamətləri sırasındadır. Vaşinqton üçün bu sahələrdə əməkdaşlığın inkişafı regionda texnoloji mövcudluğun möhkəmləndirilməsi deməkdirsə, Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək və neft-qaz sektorundan asılılığı azaltmaq imkanıdır. Əslində, burada Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərin yeni modelindən söhbət gedir. Bu modeldə enerji müqavilələri mühüm əsas olaraq qalsa da, artıq ikitərəfli gündəliyin yeganə məzmununu təşkil etmir.
Əlbəttə, ikitərəfli əməkdaşlığın perspektivlərinin təkcə iki ölkə rəhbərlərinin siyasi iradəsindən asılı olmayacağı aydındır. Bu prosesə beynəlxalq vəziyyət, ABŞ-nin Rusiya, Çin, Türkiyə, İran və Avropa İttifaqı ilə münasibətlərinin dinamikası, eləcə də Cənubi Qafqazda sülh prosesinin dayanıqlılığı da təsir göstərəcək. Region nə qədər sabit olarsa, genişmiqyaslı infrastruktur və investisiya layihələrinin həyata keçirilməsi ehtimalı da bir o qədər yüksək qalacaq.
Beləliklə, Bakı ilə Vaşinqton arasında tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə keçərək, Cənubi Qafqazda formalaşan yeni əməkdaşlıq arxitekturasının əsas elementlərindən birinə çevrilə bilər. ABŞ-nin 250 illik müstəqilliyi təkcə təntənələr üçün səbəb deyil, həm də gələcəkdə hansı istiqamətdə hərəkət etməyin vacibliyini anlamaq üçün “mayak”dır. Hazırda Vaşinqton praqmatik maraqlara və konkret addımlara əsaslanan yeni mərhələyə keçid edir. Bu baxımdan Cənubi Qafqaz, xüsusilə Azərbaycan, inkişafının növbəti mərhələsinə qədəm qoymuş Birləşmiş Ştatlar üçün həmin modelin nümunəvi örnəyi sayıla bilər.
MƏSLƏHƏT GÖR:


48

