15 Sentyabr 2026

Çərşənbə axşamı, 19:54

“NÜVƏ” İLƏ ZOPLAMAQ!

Tabu təzyiq alətinə çevrilir

Müəllif:

15.07.2026

Müasir dünya yenidən qlobal qeyri-sabitlik dövrünə qədəm qoyub. Hərbi münaqişələr, geosiyasi rəqabət və beynəlxalq institutların yaşadığı böhranbəşəriyyəti hələ yaxın keçmişdə soyuq müharibənin qalığı kimi görünən bir mövzuya getdikcə daha çox qayıtmağa vadar edir. XXI əsrin paradoksu isə ondan ibarətdir ki, genişmiqyaslı nüvə müharibəsi heç kəsə lazım deyil – onun fəlakətli nəticələri hər kəsə tam aydındır. Elə buna görə də nüvə silahı getdikcə daha çox müharibə aparmaq vasitəsi kimi deyil, siyasi təzyiq, diplomatik şantaj və güc nümayişi aləti kimi istifadə olunur. Müasir dövrün ən böyüktəhlükələrindən biri yəqin ki, elə budur.

 

Kremlin nüvə dəyənəyi

Soyuq müharibənin başa çatmasından sonra onilliklər boyu hesab olunurdu ki, nüvə silahının əsas vəzifəsi çəkindirmədir. Strateji nüvə arsenalının mövcudluğu faktının özü onun istifadəsini mənasız etməli idi, çünki cavab zərbəsinin təsiri də həddindən artıq yüksək olacaq. Lakin son illərdə bu məntiq dəyişməyə başlayıb.

Ukraynamüharibəsinin başlanmasından sonra Moskva öz xarici siyasət strategiyasının bir hissəsi kimi müntəzəm olaraq nüvə ritorikasındanistifadə etməyə başlayıb. Rusiya rəsmilərinin öz maraqlarını bütün mövcud vasitələrlə müdafiə etməyə hazır olduqları barədə bəyanatları, taktiki nüvə silahının Belarusa yerləşdirilməsi ilə bağlı məlumatlar, strateji qüvvələrin təlimləri və Rusiyanın nüvə potensialı haqqında mütəmadi xatırlatmalar siyasi gündəliyin ayrılmaz hissəsinə çevrilib.

Bu taktika eyni vaxtda bir neçə məqsəd güdür. Birincisi, o, Qərb ölkələrini eskalasiyanın gücləndirilməsindən çəkindirməli və Ukraynaya göstərilən hərbi yardımın həcmini məhdudlaşdırmalıdır. İkincisi, bu yanaşma qeyri-müəyyənlik mühiti yaradır və siyasətçiləri, eləcə də cəmiyyətləri nüvə silahının tətbiqi kimi ehtimalı az olan ssenarini belə nəzərə almağa məcbur edir. Nəticədə belə bir riskin mövcudluğu faktının özü, onun reallaşma ehtimalı aşağı olsa belə, təzyiq elementinə çevrilir.

Bununla yanaşı, ekspert müzakirələrinin mərkəzində strateji deyil, daha çox taktiki nüvə silahı (TNS) dayanır. Digər nüvə dövlətlərinin ərazilərinə zərbə endirmək üçün nəzərdə tutulan qitələrarası raketlərdən fərqli olaraq, TNS birbaşa döyüş bölgəsində və ya ayrı-ayrı hərbi obyektlərə qarşı istifadə üçün hesablanıb. Onun gücü strateji nüvə başlıqları ilə müqayisədə xeyli aşağı olsa da, bu silahdan hətta məhdud istifadə belə, misli görünməmiş hadisəyə çevrilə bilərdi. Hər halda, bu, 1945-ci ildən bəri ilk dəfə bir münaqişədə nüvə silahından istifadə olardı. Məhz buna görə belə ssenarinin mümkünlüyü ilə bağlı istənilən bəyanat beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb olur.

Paradoks ondadır ki, məhz taktiki nüvə silahının nisbətən az gücə malik olması onu siyasi şantaj üçün əlverişli vasitəyə çevirir. Belə təsəvvür yaranır ki, guya qlobal fəlakət olmadan “məhdud” nüvə zərbəsi endirmək mümkündür. Lakin əksər mütəxəssislər xəbərdarlıq edirlər ki, belə presedent mövcud nüvə tabusunu dağıda, nəticələrinin proqnozlaşdırılması mümkün olmayan yeni eskalasiyaya yol aça bilər.

Beləliklə, nüvə silahının, hətta aşağı güclü döyüş başlığının tətbiqi mövzusu siyasi diskursun elementlərindən birinə çevrilir. Bu proses Pekində, Yeni Dehlidə, İslamabadda, Pxenyanda və Tehranda çox diqqətlə izlənilir. Əgər ən böyük nüvə dövləti mütəmadi olaraq belə ritorikadan istifadə edirsə, bu, tədricən digər dövlətlər üçün də davranış qaydalarını dəyişir.

Nüvə arsenalına sahib olmaq təkcə təhlükəsizlik amili deyil, həm də müntəzəm siyasi təzyiq alətinə çevrildiyi zaman beynəlxalq münasibətlərin mahiyyəti də dəyişir. Bu isə bütövlükdə qlobal təhlükəsizlik sisteminin qarşısında yeni çağırışlar deməkdir.

 

Pekin ördəyi

Əgər “soyuq müharibə” illərində nüvə balansı, ilk növbədə, ABŞ ilə Sovet İttifaqı arasındakı qarşıdurma ilə müəyyən edilirdisə, bu gün həmin sistemə tədricən üçüncü əsas oyunçu – Çin daxil olur. Bununla belə, Pekin uzun müddət ABŞ və ya Rusiyanın arsenalı ilə müqayisə oluna biləcək nüvə arsenalı yaratmağa can atmayıb. Onun strategiyası minimal, lakin kifayət qədər çəkindirmə prinsipinə əsaslanırdı: hücum baş verəcəyi təqdirdə zəmanətli cavab zərbəsi endirmək üçün nə qədər nüvə silahı lazımdırsa, o qədərinə sahib olmaq.

Lakin Çin ilə ABŞ arasında ziddiyyətlərin dərinləşməsi fonunda bu vəziyyət dəyişməyə başlayıb. Amerikanın qlobal hərbi mövcudluq sisteminin inkişafı, kəşfiyyat vasitələrinin, yüksək dəqiqlikli silahların və raketdən müdafiə sistemlərinin təkmilləşdirilməsi Pekin tərəfindən diqqətlə izlənilir. Çin rəhbərliyi üçün bu, strateji həssaslıq məsələsidir: genişmiqyaslı münaqişə baş verərsə, kiçik nüvə arsenalı zəmanətli cavab zərbəsini təmin edə biləcəkmi?

Odur ki, Çin öz nüvə imkanlarını ardıcıl şəkildə genişləndirməyə başlayıb. Söhbət nüvə başlıqlarının sayına görə ABŞ-ni ötüb keçmək cəhdindən deyil, ilk zərbə ilə zərərsizləşdirilməsi mümkün olmayan daha etibarlı çəkindirmə potensialının yaradılmasından gedir. Dəyişikliklərin miqyası Çin arsenalının inkişaf dinamikasında da aydın görünür. Cəmi bir neçə il əvvəl Pekin nisbətən kiçik nüvə potensialına malik idisə, bu gün o, öz tarixində nüvə qüvvələrinin ən genişmiqyaslı inkişafı ilə məşğuldur. Beynəlxalq tədqiqat təşkilatlarının qiymətləndirmələrinə görə, Çin 2010-cu illərin sonlarında təxminən 200-300 nüvə başlığına malid idisə, 2020-ci illərin ortalarında onıarn sayı 600-dən çoxdur. Analitiklər qeyd edirlər ki, bu gün Çin ildə 100-dən artıq nüvə başlığı istehsal etmək imkanına malikdir və hazırkı temp saxlanılarsa, 2030-cu illərin əvvəllərində onun arsenalı 1000 nüvə başlığı həddini aşa bilər.

Bu strategiyanı Çinin ən məşhur milli yeməyi olan Pekin ördəyinin hazırlanması ilə müqayisə etmək mümkündür. Bu yeməyi onun çoxmərhələli hazırlanma üsulu unikal edir. Yeni nüvə yarışında da çoxmərhələlilik Çinin əsas strategiyasıdır.

Vaşinqtona gəlincə, o, Çinin nüvə arsenalının böyüməsini dünyada strateji vəziyyətin dəyişməsinin əsas amillərindən biri kimi qiymətləndirir və öz nüvə triadasının – qitələrarası ballistik raketlərin, strateji sualtı qayıqların və strateji aviasiya daşıyıcılarının – müasirləşdirilməsinə daha ciddi yanaşmağa başlayır. Onilliklər üçün nəzərdə tutulmuş bu proqramlar yeni rəqibin meydana çıxacağı təqdirdə ABŞ-nin üstünlüyünü qoruyub saxlamağa xidmət etməlidir.

Tayvan ətrafındakı vəziyyət də ayrıca bir amil olaraq qalır. Ada ətrafında mümkün münaqişə ilk növbədə regional məsələ sayılsa da, Tayvanla bağlı Çinlə ABŞ arasında birbaşa hərbi toqquşma “soyuq müharibə”dən bəri nüvə dövlətləri arasında ən böyük böhran riskini yarada bilər. Beləliklə, yeni nüvə rəqabəti artıq “soyuq müharibə”nin klassik modeli üzrə inkişaf etmir. İndi Çin ABŞ və ya Rusiya ilə nüvə qüvvələri sahəsində sadəcə paritetə nail olmağa çalışmır. Onun məqsədi mümkün rəqiblərinin strateji üstünlüyə arxalana bilməyəcəkləri potensiala malik olmaqdır. Bu proses isə qarşılıqlı etimadsızlığın yeni dalğasını salır: hər bir tərəf digərinin addımlarını təhlükə kimi qəbul edərək öz müdafiə potensialını artırır.

 

Atom qonşusu

Bu gün Dünyanın bir çox ölkəsi üçün İranın nüvə proqramı qlobal təhlükəsizlik məsələsinə çevrilib. Cənubi Qafqaz üçün isə bu, həm də birbaşa regional amildir. Azərbaycan mürəkkəb geosiyasi mühitdə yerləşir: bir tərəfdə ən böyük nüvə dövləti olan Rusiya, digər tərəfdə isə onilliklər ərzində nüvə infrastrukturunu inkişaf etdirən və uzunmüddətli məqsədləri ilə bağlı beynəlxalq şübhələrin hədəfi olaraq qalan İran.

İran sistemində ən nüfuzlu strukturlardan biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rolu müşahidəçilərin diqqətini xüsusi çəkir. Bu qurum təkcə hərbi imkanlara deyil, həm də ciddi siyasi təsir gücünə malikdir və onun regiondakı fəaliyyəti uzun illərdir kəskin mübahisə mövzusudur. Xüsusi narahatlıq doğuran məsələ təkcə İranın potensial nüvə imkanlarına malik ola bilməsi deyil, həm də bu potensialın daxili sarsıntılardan və ya qeyri-dövlət güclərinin nəzarətinə keçməkdən nə qədər etibarlı qoruna biləcəyidir. Nüvə dövlətlərinin cavab zərbəsinin əsas çəkindirici amil olduğu klassik qarşıdurmasından fərqli olaraq, radikal qruplaşmalarla əlaqələr tam fərqli risk səviyyəsini yaradır. Ekspertlər qeyd edirlər ki, ən təhlükəli ssenari belə təşkilatların nüvə silahından birbaşa istifadə etməsi deyil. Çünki tamhüquqlu nüvə qurğusunun yaradılması son dərəcə böyük texnoloji və sənaye imkanları tələb edir. Daha real təhlükə onların müttəfiq strukturlar və proksi qruplar vasitəsilə nüvə materiallarına, texnologiyalarına və ya obyektlərinə çıxış əldə edilməsi ehtimalıdır. Məhz buna görə İranla əlaqəli silahlı qruplaşmaların təsir dairəsinin genişlənməsi regionda qeyri-sabitliyin əsas amillərindən biri olaraq qalır. Ən böyük narahatlıq doğuran da bu qeyri-müəyyənlikdir. Söhbət nüvə silahının avtomatik olaraq hər hansı radikal təşkilata ötürüləcəyindən getmir. Belə bir ssenari texniki baxımdan son dərəcə mürəkkəbdir və hətta həmin dövlətin özü üçün də çox böyük risk yaradır. Təhlükə başqa məqamdadır: nüvə potensialına sahib olmaq dövlətin öz cəzasızlığına inamını gücləndirə, onun müttəfiqləri və proksi strukturları vasitəsilə fəaliyyət imkanlarını genişləndirə bilər.

Odur ki, əsas çağırış təkcə nüvə silahına kimin sahib olması deyil, həm də dövlətlər arasında yox, getdikcə daha çox onlarla əlaqəli qeyri-dövlət qüvvələri vasitəsilə aparılan münaqişələrin hökm sürdüyü bir dünyada məsuliyyət və nəzarət mexanizmlərinin nə dərəcədə səmərəli işləməsidir.

 

Qaydasız?

Bütün faktları bir araya gətirdikdə aydın görünür ki, nüvə ritorikası beynəlxalq siyasətə yenidən qayıdır. Bəzi dövlətlər kütləvi qırğın silahından istifadə hədəsini təzyiq aləti kimi işlədirsə, digərləri öz nüvə arsenalını strateji balansı itirməkdən ehtiyatlanaraq genişləndirir. Üçüncü qrup dövlətlər regiondakı qüvvələr nisbətini dəyişə biləcək imkanlar əldə etməyə çalışır və s.

Lakin müasir dünyanın əsas təhlükəsi təkcə nüvə başlıqlarının sayında deyil. Təhlükə onilliklər boyu nüvə dövlətlərinin davranışını məhdudlaşdıran qaydaların tədricən aşınmasındadır. Nüvə silahı son müdafiə vasitəsindən gündəlik siyasi ritorikanın elementinə çevrildikcə, səhvlər, yanlış hesablamalar və təhlükəli eskalasiya riski artır.

Ola bilsin ki, XXI əsrin əsas sualı artıq ən böyük nüvə arsenalına kimin sahib olması deyil. Bundan daha vacib olan başqa bir məsələdir: bəzi qırmızı xətlərindən sonra hamı üçün fəlakətin baş verə biləcəyini sona qədər anlayırıqmı? Nüvə silahı dağıdıcı gücünə görə təhlükəlidir. Lakin ondan da təhlükəlisi, bu güc qarşısında qorxu hissinin yoxa çıxdığı bir dünyanın formalaşmasıdır.



MƏSLƏHƏT GÖR:

64