PREAMBULADAN KEÇƏN YOL
Konstitusiyada bir normanın dəyişdirilməsi, yoxsa uzunmüddətli konstitusiya islahatı?
Müəllif: Namiq H. ƏLİYEV
Ermənistanda yeni Konstitusiyasının qəbulu məsələsi hakim “Vətəndaş Müqaviləsi” partiyasının gündəliyində qalmaqdadır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 5-də xalqa Konstitusiya Günü münasibətilə etdiyi müraciətində bildirib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqlar başa çatdıqdan sonra onun imzalanması yolunda əsas maneə məhz Ermənistanda qanunvericiliyin dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə uyğunlaşdırılması məsələsidir. Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad saxlanıldığı müddətdə yekun sülh sazişi imzalanmayacaq. Səbəb həmin bəyannamənin müddəalarında Azərbaycana qarşı ərazi iddiasının yuer almasıdır. Odur ki, Ermənistan Konstitusiyanın dəyişdirilməsi sülh prosesinin başa çatdırılması üçün əsas şərtlərdən birinə çevrilib.
Rəsmi İrəvan da öz növbəsində, bu tələbi nəinki rədd etmir, Nikol Paşinyan ölkədə yeni Konstitusiyasının qəbulunun zəruriliyini açıq şəkildə dilə gətirir.
Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin paraflanmasından artıq xeyli vaxt keçir. Bu müddət ərzində Ermənistanda parlament seçkisi keçirilib və onun nəticələrinə görə hakim “Vətəndaş Müqaviləsi” partiyası 64 deputat mandatı qazanmaqla parlamentdə çoxluğu qoruyub saxlayıb. Amma bu, yeni Konstitusiyanın müstəqil şəkildə qəbul edilməsi üçün kifayət deyil. Belə ki, Konstitusiya layihəsinin parlament tərəfindən referenduma çıxarılması üçün deputatların ən azı üçdə ikisinin səsi, yəni 70 səs tələb olunur.
Hər bir halda, hazırda Ermənistan faktiki olaraq tamamilə yeni Konstitusiyanın hazırlanması ideyasına köklənib ki, bu da müəyyən suallar doğurur. Azərbaycanın sülh sazişinin imzalanması üçün zəruri ilkin şərt hesab etdiyi tələbin yerinə yetirilməsi üçün həqiqətənmi konstitusiyanın tam şəkildə yenidən işlənməsi tələb olunur? Yoxsa Ermənistanın qüvvədə olan Konstitusiyasında ən ciddi fikir ayrılıqlarına səbəb olan müddəaların daha qısa müddətdə aradan qaldırılmasına imkan verən hüquqi mexanizmlər mövcuddur? Bu sualların cavabı təkcə hüquqi deyil, həm də ciddi siyasi əhəmiyyət daşıyır. Əgər belə hüquqi mexanizmlər mövcuddursa, onda təhlilin predmeti artıq dəyişikliklərin mümkün olub-olmaması deyil, onların indiyədək nə üçün tətbiq edilməməsidir.
Ermənistan Konstitusiyasını necə dəyişmək olar?
Ermənistanda Konstitusiyaya dəyişikliklərə hazırlıq ilk növbədə “Referendum haqqında” Qanunun qaydaya salınması ilə başlamalıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan Konstitusiyasının 1990-cı il Müstəqillik Bəyannaməsinə, o cümlədən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalara istinad edən preambulasının dəyişdirilməsi mütləq ümumxalq səsverməsinin keçirilməsini tələb etmir. Ermənistan Konstitusiyasının 103-cü maddəsinin 2-ci hissəsinə əsasən, “Referendum haqqında”, eləcə də həmin maddədə sadalanan daha 6 qanun Konstitusiya qanunu hesab olunur ki, onlar parlament tərəfindən deputatların ümumi sayının azı beşdə üç hissəsinin səsi ilə qəbul edilir. Yəni “Vətəndaş Müqaviləsi” partiyasının malik olduğu 64 deputat mandatı həmin qanuna dəyişiklik etməyə və ya yeni “Referendum haqqında” Qanunun qəbuluna imkan verir.
Bu məsələdə Konstitusiyanın 202-ci maddəsi həlledici əhəmiyyət daşıyır. Həmin maddənin 1-ci hissəsində dəyişikliklərin yalnız referendum yolu ilə qəbul oluna biləcəyi fəsillərin və maddələrin tam siyahısı göstərilib. Preambula bu siyahıya daxil edilmədiyindən, həmin maddənin 2-ci hissəsi ona da şamil olunur. Həmin hissəyə görə isə Konstitusiyanın digər müddəalarına dəyişikliklər Milli Məclis tərəfindən deputatların ümumi sayının azı üçdə iki hissəsinin səsi ilə qəbul edilir. Bu halda “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiyanın preambulasına dəyişiklik layihəsini Milli Məclisin müzakirəsinə təqdim edərsə, Paşinyan tərəfdarlarına layihənin qəbulu üçün 70 səs lazım olacaq. Burada iki variant mümkündür. Birinci variantda hakim partiya müxalifət deputatları arasından öz layihəsinə dəstək verənləri tapır və qanun layihəsini qəbul etdirir. Bu halda referendumun keçirilməsinə ehtiyac qalmır. İkinci variantda hakim partiyanın 64 səsinə əlavə olaraq çatışmayan səsləri toplamaq mümkün olmur, təbii ki, layihə rədd edilir və bu halda “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Konstitusiyanın 202-ci maddəsinin 3-cü hissəsindən istifadə edir. Həmin hissədə deyilir ki, “əgər Milli Məclis bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş Konstitusiya dəyişiklikləri layihəsini qəbul etməzsə, o, deputatların ümumi sayının azı beşdə üç hissəsinin səsi ilə qəbul edilən qərar əsasında referenduma çıxarıla bilər”.
Paşinyan tərəfdarları parlamentdə deputatların ümumi sayının beşdə üç hissəsinə bərabər çoxluğa malik olduqlarından, yuxarıda göstərilən şərtlər yerinə yetirildiyi halda, Konstitusiyanın preambulasına dəyişiklik layihəsini referenduma çıxarmaq və onun qəbuluna nail olmaq çətinlik yaratmır. Konstitusiyanın 207-ci maddəsinə və “Referendum haqqında” konstitusiya qanununun 35-ci maddəsinə əsasən, referendum iştirakçılarının yarıdan çoxu lehinə səs verdikdə akt qəbul edilmiş sayılır. Bununla yanaşı, “lehinə” verilən səslərin sayı referendumda iştirak edənlərin ümumi sayının ən azı dörddə birini təşkil etməlidir.
Beləliklə, Konstitusiyanın 103, 202 və 207-ci maddələrinin təhlili göstərir ki, qonşu dövlətlərə qarşı ərazi iddialarına yol açan müddəaların preambuladan çıxarılması mövcud status-kvo şəraitində həm parlament yolu, həm də referendum vasitəsilə həyata keçirilə bilər.
Hüquqi imkan və siyasi məqsədəuyğunluq
Göründüyü kimi, Ermənistanın qüvvədə olan Konstitusiyası preambulanın dəyişdirilməsi üçün hüquqi maneə yaratmır. Üstəlik, o, əvvəlcə düzəlişin parlamentdə qəbul edilməsinə, zəruri səs çoxluğu olmadığı təqdirdə isə həmin məsələnin hakim partiyanın təkbaşına qəbul edə biləcəyi qərarla ümumxalq referendumuna çıxarılmasına imkan verən ardıcıl proseduru nəzərdə tutur. Bu o deməkdir ki, yalnız preambulanın dəyişdirilməsi ilə tamamilə yeni Konstitusiyanın hazırlanması arasında həm hüquqi, həm də siyasi baxımdan prinsipial fərq mövcuddur.
Yeni Konstitusiyanın hazırlanması mürəkkəb və uzunmüddətli prosesdir. Bu proses konstitusiya komissiyasının yaradılmasını, layihənin hazırlanmasını, onun ictimai müzakirəsini, ekspert qiymətləndirməsini, parlamentdə baxılmasını və referendumun keçirilməsini nəzərdə tutur. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, belə proseslər çox vaxt bir neçə il davam edir.
Yalnız preambulanın dəyişdirilməsi isə xeyli dar çərçivəli bir vəzifədir. Odur ki, ortaya tamamilə qanunauyğun sual çıxır: əgər əsas məqsəd sülh sazişinin imzalanmasına mane olan əngəlin aradan qaldırılmasıdırsa, nə üçün hadisələrin inkişafının ən uzun müddət tələb edən variantına üstünlük verilir?
Bunun müxtəlif izahları var. Birinci izah ondan ibarətdir ki, Ermənistan rəhbərliyi həqiqətən də yeni Konstitusiyanın qəbulunu dövlətin ciddi şəkildə müasirləş.dirilməsinin tərkib hissəsi kimi qiymətləndirir və bu işdə sadəcə ayrı-ayrı düzəlişlərlə kifayətlənmək istəmir. İkinci izaha görə isə genişmiqyaslı konstitusiya islahatı siyasi baxımdan ən həssas məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına imkan verir. Ermənistanda daxili siyasi vəziyyət hələ də mürəkkəb olaraq qalır. Müstəqillik Bəyannaməsinə hər hansı dəyişiklik edilməsi və ya Konstitusiyanın preambulasından ona istinadın çıxarılması istər-istəməz müxalifətin bir hissəsinin və millətçi mövqedən çıxış edən siyasi qüvvələrin tənqidinə yol açacaq. Belə şəraitdə kompleks konstitusiya islahatı ictimai müzakirələrin yalnız ərazi məsələsi üzərində cəmləşməsinə yol verməyən daha əlverişli siyasi format kimi qəbul oluna bilər.
Ermənistanın Konstitusiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli anti-konstitusiya qərarı da ikinci variantın lehinə sübut saymaq olar. Bu qərarda Konstitusiyanın preambulasını Ermənistan Konstitusiyasının dəyişdirilməz müddəalarına aid etmək cəhdi edilir ki, bu da Konstitusiyanın 203-cü maddəsinə ziddir.
Bu şərhlərdən hansının həqiqətə daha yaxın olduğunu hadisələrin sonrakı inkişafı göstərəcək. Hüquqi təhlil isə göstərir ki, problem zəruri prosedurların olmaması deyil. Bu prosedurlar mövcuddur və qüvvədə olan Konstitusiyada ətraflı şəkildə tənzimlənib. Odur ki, bu gün əsas məsələ artıq tam konstitusiya islahatının başa çatmasını gözləmədən preambulanın dəyişdirilməsinin mümkün olub-olmaması deyil, belə bir imkandan sülh sazişinin mümkün qədər tez imzalanması üçün istifadə edilib-edilməyəcəyidir. Ermənistan rəhbərliyinin sülh sazişinin imzalanmasını sürətləndirməyə real olartaq hazır olub-olmadığının göstəricisi də məhz bu sualın cavabındadır. Əgər yaxın vaxtlarda Konstitusiyanın preambulasının dəyişdirilməsi prosedurlarına başlanılarsa, bu, mövcud hüquqi maneənin mümkün olan ən qısa müddətdə aradan qaldırılması istəyini göstərəcək.
MƏSLƏHƏT GÖR:



108

