YENİ DÖVRÜN ŞUŞA KODU
Media Forumu sülh, etimad və qlobal dəyişikliklər haqqında dialoq platformasına necə çevrildi?
Müəllif: Elçin HÜSEYNOV
Son illərdə informasiya məkanı müasir dünya siyasətinin əsas meydanlarından birinə çevrilib. Dezinformasiya, süni intellekt, ənənəvi informasiya mənbələrinə etimad böhranı və rəqəmsal platformaların sürətli inkişafı dövlətləri, beynəlxalq təşkilatları və dünyanın aparıcı media qurumlarını informasiyanın etibarlılığının təmin edilməsi və peşəkar dialoqun inkişafı üçün yeni yanaşmalar axtarmağa vadar edir. Məhz buna görə də hələ yaxın vaxtlara qədər yalnız peşəkar jurnalistlər arasında müzakirə olunan məsələlər bu gün qlobal gündəliyin ayrılmaz hissəsinə çevrilib.
Nüfuzlu platforma
Şuşa Qlobal Media Forumu bir neçə il ərzində Azərbaycanın yeni beynəlxalq təşəbbüsündən dünya media mühitinin gələcəyinin müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib. Şuşada iyulun 13-14-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumda bu dəfə də dünya mediasının qarşısında duran ən aktual çağırışlar müzakirə olunub. Forum beynəlxalq jurnalist ictimaiyyətinin nümayəndələrini, media qurumlarının rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirib. Onun işində 53 ölkədən media nümayəndələri, ekspertlər və rəhbər şəxslər olmaqla, ümumilikdə, 160-a yaxın iştirakçı, 30-a yaxın beynəlxalq informasiya agentliyinin nümayəndələri, 60-dan çox aparıcı media qurumu, həmçinin onadək beynəlxalq təşkilat və şirkətin təmsilçiləri iştirak ediblər. Forumun proqramına panel müzakirələri, “birə-bir” formatında görüşlər və interaktiv sessiyalar da daxil idi. Bu sessiyalar medianın sülhyaratma prosesində rolu, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, ictimai etimadın bərpası, rəqəmsal platformalarda informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika məsələlərinə həsr olunmuşdu.
Forumun xüsusi əhəmiyyəti onun ardıcıl şəkildə keçirilməsindədir. İlk belə tədbir 2022-ci ildə “Qlobal trendlər, mediada yeni çağırışlar” şüarı altında Beynəlxalq Media Forumu kimi təşkil olunmuşdu. Sonradan bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilməyə başlayıb. Sonrakı forumlar öz dövrünün ən aktual çağırışlarına – IV sənaye inqilabı dövründə yeni media, saxta narrativlər və dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, eləcə də süni intellekt dövründə informasiya dayanıqlığının gücləndirilməsi mövzularına həsr olunub. Dörd il ərzində Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini, ekspert və rəsmi şəxsi bir araya gətirərək özünün qlobal media gündəliyinin müzakirəsi üçün aparıcı beynəlxalq platformalardan biri statusunu tam şəkildə möhkəmləndirib.
Diqqətəlayiq məqamlardan biri də budur ki, builki Forumun əsas mövzusu məsuliyyətli jurnalistika və etimadın bərpası vasitəsilə sülhün təşviqi olub. İnformasiya axınlarının getdikcə daha çox siyasi qarşıdurma alətinə çevrildiyi, etibarsız məlumatların yayılma sürətinin isə çox vaxt onların yoxlanılması imkanlarını üstələdiyi bir şəraitdə peşəkar jurnalistikaya etimad beynəlxalq sabitliyin əsas amillərindən birinə çevrilir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışları və suallara cavabları xüsusi əhəmiyyət kəsb edib. Həmin çıxışlarda regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və müasir dünyada medianın rolu ilə bağlı Bakının yanaşmaları ortaya qoyulub.
Azərbaycan orta güc dövləti kimi
IV Şuşa Qlobal Media Forumunun ən mühüm siyasi mesajlarından biri Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeni rolunun müzakirəsi olub. Xarici ekspertlərin getdikcə daha çox Azərbaycanı orta güc dövləti adlandırmasının səbəbi barədə suala cavab verən Prezident İlham Əliyev bu anlayışa dair öz baxışını ortaya qoyaraq bildirib ki, belə qiymətləndirmə üçün hələlik vahid meyarlar mövcud deyil. “Mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam”, - deyə dövlət başçısı qeyd edib: “Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir”.
Əslində, burada dövlət başçısı özü müasir orta güc dövlətinin əsas xüsusiyyətlərini müəyyənləşdirib. Bunlara müstəqil xarici siyasi kurs, güc mərkəzlərinin mövqeyindən asılı olmayaraq öz təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq bacarığı da daxildir. Söhbət təkcə dövlətin daxili dayanıqlılığından deyil, həm də onun beynəlxalq proseslərə real təsir imkanlarından gedir: “Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir”.
Belə qiymətləndirmə təsadüf deyil. Müstəqillik illərində Azərbaycan beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib, Avrasiyanın əsas enerji və nəqliyyat layihələrinin aparıcı iştirakçılarından birinə çevrilib, strateji tərəfdaşlıq şəbəkəsini genişləndirib və eyni zamanda müxtəlif güc mərkəzləri ilə dialoq qurmaq, bununla yanaşı, qəbul etdiyi qərarlarda özünü müstəqilliyini qorumaq qabiliyyətinə malik dövlət kimi təsdiqləyib. Bu kontekstdə Azərbaycanın orta güc dövlətinə çevrilməsi barədə tezis siyasi iddiadan daha çox, yeni geosiyasi reallığı əks etdirir.
Prezident İlham Əliyev Forumdakı çıxışı zamanın davamında bu fikri bir daha vurğulayaraq, ölkənin hazırkı beynəlxalq statusunu Azərbaycanın otuz ildən artıq davam edən müstəqil inkişaf dövrünün nəticələri ilə əlaqələndirib.
Cənubi Qafqazın yeni arxitekturası
İlham Əliyevin Şuşadakı çıxışındakı əsas mesajlardan biri Cənubi Qafqazın gələcəyin sülh, sabitlik və qarşılıqlı fəaliyyət məkanı kimi təqdim edilməsi olub. Burada əsas rolu region ölkələrinin özləri oynamalıdır. Azərbaycanın Prezidenti bildirib ki, ötən dövr Cənubi Qafqazın xarici qüvvələrin rəqabət meydanına çevrilməsi təhlükəsinin olduğunu göstərib. “Cənubi Qafqaza geosiyasi mübarizə meydanı kimi baxmamaq” – İlham Əliyev məhz bu yanaşmanı regionun gələcək inkişafının əsas şərtlərindən biri sayır. O, Azərbaycanın belə qarşıdurmalara cəlb olunmaqdan yayınmağı bacardığını deyib: “Biz geosiyasi intriqalara cəlb olunmağa, heç bir xarici oyunçunun bizi öz məqsədləri üçün, istər başqasına, istərsə də bilmirəm, kimə qarşı istifadə etməsinə icazə verməmişik”. Dövlət başçısı hesab edir ki, indi analoji yolu regionun digər ölkələri də keçməlidir.
Bu baxımdan, Bakı Cənubi Qafqazın gələcəyini region ölkələri arasında birbaşa əməkdaşlığın inkişafı və blok qarşıdurması siyasətindən imtina ilə əlaqələndirir. Sülh və sabitlikdə maraqlı olan dövlətlər Cənubi Qafqaz ölkələrinin hər biri ilə suverenliyə hörmət və qarşılıqlı fayda prinsipləri əsasında fərdi əməkdaşlıq formatları qurmalıdırlar.
Prezident regional əməkdaşlıq formatlarına, xüsusilə münaqişə başa çatdıqdan sonra region ölkələri arasında qarşılıqlı fəaliyyət mexanizmi kimi nəzərdə tutulan “3+3” təşəbbüsünə də xüsusi diqqət ayırıb. Onun fikrincə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Cənubi Qafqazda vəziyyətin dəyişməsi bu formata yanaşmalara da təsir göstərib.
Beləliklə, Bakının baxışına görə, Cənubi Qafqaz üçün yeni mərhələ əvvəlki qarşıdurma modelinə qayıdışla deyil, yeni münasibətlər arxitekturasının formalaşması ilə bağlıdır. Bu modeldə inkişaf gündəliyini region dövlətlərinin özləri müəyyənləşdirir, xarici tərəfdaşlar isə onlarla rəqabət deyil, əməkdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərirlər.
Prezident ayrıca ABŞ-nin danışıqlar prosesinin irəli aparılmasındakı konstruktiv rolunu da qeyd edib. İlham Əliyevin fikrincə, Vaşinqtonun fəal iştirakı qarşılıqlı qəbuledilən həll yollarının axtarışına əlavə stimul verib. Lakin beynəlxalq dəstəyin əhəmiyyətinə baxmayaraq, sülh prosesinin yekun uğuru, ilk növbədə, tərəflərin əldə olunmuş razılaşmaları yerinə yetirməyə nə dərəcədə hazır olmalarından asılıdır.
Prezident regionun gələcək arxitekturasının digər mühüm elementi kimi nəqliyyat əlaqələrinin bərpasını göstərib. O hesab edir ki, Zəngəzur dəhlizinin açılması yalnız iqtisadi deyil, həm də Cənubi Qafqazda münasibətlərin xarakterini dəyişə biləcək geosiyasi amil olacaq. “Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Şəxsən Prezident Trampa və onun komandasına dərin minnətdarlığımızı bildiririk”, - deyə İlham Əliyev bildirib.
Dəyişən dünya düzəni
Şuşa Qlobal Media Forumunun digər mühüm mövzularından biri müasir beynəlxalq münasibətlər sisteminin transformasiyası olub. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən dəfələrlə vurğulayıb ki, dünya ciddi geosiyasi dəyişikliklər dövrünə daxil olub və təhlükəsizliyin təmin edilməsi ilə beynəlxalq qarşılıqlı fəaliyyətin əvvəlki mexanizmləri artıq yeni çağırışlara tam cavab vermir. Dövlət başçısının sözlərinə görə, dünya düzəninin yeni modelinə keçid getdikcə daha aydın görünür. Bu modeldə müstəqil xarici siyasətin, milli dayanıqlılığın və dövlətlərin öz maraqlarını müstəqil şəkildə qorumaq qabiliyyətinin əhəmiyyəti artır. Odur ki, bu gün müxtəlif güc mərkəzləri ilə dialoq aparmağı bacaran, siyasi blokların bir hissəsinə çevrilməyən və öz milli maraqlarını qurban verməyən ölkələrə xüsusi ehtiyac var.
İlham Əliyev Rusiya-Ukrayna münaqişəsi ilə bağlı suala da məhz bu prinsiplər prizmasından cavab verib. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu təsdiqləyən dövlət başçısı beynəlxalq hüququn əsas prinsiplərinə dəstəyini bir daha bəyan edib: “Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”.
Bununla yanaşı, İlham Əliyev forumun ən diqqətçəkən, faktiki olaraq Ukrayna mövzusunun hüdudlarını aşan bir fikir də səsləndirib. Ukrayna xalqına müraciət edən dövlət başçısı deyib: “Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün də təkrar edəcəyəm: heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir”.
Bu sözlər yalnız Azərbaycanın Ukrayna məsələsi ilə bağlı mövqeyini deyil, həm də dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə yanaşmasını əks etdirir. Bu baxımdan, Bakı ardıcıl olaraq dövlətlərin suverenliyinə hörmət edilməsinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyinin tərəfdarı kimi çıxış edir.
Azərbaycan Prezidenti beynəlxalq münasibətlər sistemində islahatlar məsələsinə də toxunub. O, bu gün bir çox beynəlxalq institutun ciddi çağırışlarla üzləşdiyini, yeni geosiyasi reallığa uyğunlaşmağa ehtiyac duyduğunu söyləyib. Belə şəraitdə müstəqil və praqmatik xarici siyasət yürüdə bilən, müxtəlif güc mərkəzləri ilə konstruktiv münasibətlər quran dövlətlər xüsusi əhəmiyyət kəsb edir. Məhz belə yanaşma Azərbaycana beynəlxalq arenada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmək, qlobal siyasi və iqtisadi proseslərin nəzərəçarpan iştirakçılarından birinə çevrilmək imkanı verib. Yeni dünya düzəninin formalaşdığı indiki şəraitdə Prezidentin Şuşa Forumunda səsləndirdiyi fikirlərdə də göründüyü kimi, Azərbaycanın bu rolu yalnız artacaq.
Avropa ilə enerji tərəfdaşlığı: münasibətlərin yeni səviyyəsi
İlham Əliyevin ona Şuşa Media Forumunda ünvanlanan suallara verdiyi cavablarda əsas mövzulardan biri də Azərbaycanın digər ölkələrlə enerji əməkdaşlığının inkişafı məsələsi olub. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz tədarük edir və bu ölkələrin 14-ü Avropada yerləşir. Yeni istiqamətlər sırasında o, xüsusilə Avstriya və Almaniyanı vurğulayıb. Prezident deyib ki, tədarük coğrafiyasının genişlənməsi Azərbaycanın Avropanın enerji bazarındakı rolunun dəyişdiyini göstərir.
“Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik. Bu, son deyil”, - deyə İ.Əliyev qeyd edib.
Bununla yanaşı, Bakı mövcud əməkdaşlıq səviyyəsini son nəticə kimi deyil, gələcək inkişaf üçün əsas kimi qiymətləndirir. Prezident deyib ki, Azərbaycan Avropa İttifaqına üzv bir sıra dövlətlərlə yeni tədarüklərin başlanması və mövcud həcmlərin artırılması ilə bağlı danışıqları davam etdirir. Dövlət başçısı bu strategiyanın mühüm elementi kimi hasilatın artırılması və ixrac infrastrukturunun genişləndirilməsi üçün şərait yaratmağa imkan verəcək uzunmüddətli sazişlərin zəruriliyini göstərib. Beləliklə, Azərbaycan Avropa ilə enerji əməkdaşlığını ayrı-ayrı müqavilələrin hüdudlarını aşan uzunmüddətli strateji tərəfdaşlıq kimi nəzərdən keçirir.
Şuşa yeni dialoq platforması kimi
Şuşa Media Forumu göstərib ki, informasiya, beynəlxalq siyasət və qlobal təhlükəsizlik məsələləri bu gün bir-biri ilə getdikcə daha sıx şəkildə əlaqələnir. Dünyanın ciddi dəyişikliklər dövrü yaşadığı bir şəraitdə medianın rolu artıq yalnız xəbərlərin ötürülməsi ilə məhdudlaşmır. Media baş verən proseslər haqqında təsəvvürlərin formalaşdığı, yeni çağırışların müzakirə edildiyi və beynəlxalq dialoqun qurulduğu məkana çevrilir.
Belə bir Forumun keçirilməsi üçün Şuşanın seçilməsi xüsusi əhəmiyyət daşıyır. Uzun müddət münaqişə rəmzi olmuş bu şəhər bu gün beynəlxalq görüşlərin, fikir mübadiləsinin və gələcəyə dair müzakirəsinin keçirildiyi platforma kimi təqdim olunur. Prezident İlham Əliyevin bu Forumdakı çıxışı isə Azərbaycanın xarici siyasət və iqtisadi strategiyasının əsas istiqamətlərini nümayiş etdirib: Avropa ölkələri ilə tərəfdaşlığın möhkəmləndirilməsi, nəqliyyat və enerji əlaqələrinin inkişafı, regional əməkdaşlığın təşviqi və Cənubi Qafqazda yeni reallığın formalaşdırılması.
Şuşa Qlobal Media Forumunun əhəmiyyəti ondan ibarətdir ki, bu tədbir yalnız media nümayəndələrinin görüşü deyil, həm də informasiya sahəsinin hüdudlarını aşan proseslərin müzakirəsi üçün bir platformaya çevrilib. Hadisələrin qavranılması uğrunda mübarizənin beynəlxalq siyasətin bir hissəsinə çevrildiyi dövrdə belə platformalar xüsusi rol qazanır.
Bu gün Şuşa tarixin, müasirliyin və gələcəyin bir nöqtədə qovuşduğu məkana çevrilir. Məhz buna görə də bu şəhərdə keçirilən Forum daha geniş bir prosesi əks etdirir. Söhbət Cənubi Qafqazın qarşıdurma regionundan dialoq, kommunikasiya və yeni imkanlar məkanına çevrilməsi prosesindən gedir.
MƏSLƏHƏT GÖR:







142

