10 Sentyabr 2026

Cümə axşamı, 21:05

Viva España!

Tarixin ən böyük dünya çempionatında nələr yadda qalacaq?

Müəllif:

01.08.2026

2026-cı il futbol üzrə dünya çempionatı 48 komandalı yeni format və Amerika qitəsini bürüyən nəhəng oyun arealı ilə beynəlxalq futbol tarixinə tamamilə fərqli bir mərhələ kimi yazıldı. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnir həm idman miqyası, həm də gətirdiyi yeniliklər baxımından qlobal futbol sənayesində uzun müddət müzakirə olunacaq nəticələr ortaya qoydu.

 

Yeni rekordlar dövrü

Uzun illər tətbiq olunan 32 komandalı klassik sistem bu turnirlə rəsmən tarixə qovuşdu. FİFA-nın qərarı ilə komandaların sayı 48-ə artırıldı və oyunların ümumi sayı 64-dən 104-ə çatdırıldı. Komandalar hər birində 4 komanda olmaqla 12 qrupa bölündü. Qrup mərhələsində ilk iki yeri tutan 24 komandaya əlavə olaraq, ən yaxşı nəticə göstərən 8 üçüncü yer sahibi də 1/16 final mərhələsinə vəsiqə qazandı.

Dünya çempionatının ümumi müddəti 39 günə uzadıldı. Çempion olan komanda kuboku qazanmaq üçün əvvəlki kimi 7 yox, tam 8 qarşılaşmada mübarizə aparmalı oldu. İlk dəfə matçlar 3 ölkənin 16 şəhərində yerləşən nəhəng stadionlarda keçirildi. Matçların böyük hissəsinə (60-dan çox) ABŞ ev sahibliyi etdi. Final qarşılaşması isə Nyu-York/Nyu-Cersi stadionunda reallaşdı.

Əminliklə söyləmək olar ki, başa çatan dünya çempionatı qol sayına görə unudulmayacaq. Turnir boyu vurulan 308 qol dünya çempionatları tarixinin ən yüksək göstəricisi kimi qeydə alındı. Çempionat rəqəmsal təhlillərə görə turnir tarixinin “ən yaşlı” start heyətlərinə sahib oldu. Böyük təzyiq və geniş miqyas qarşısında məşqçilər gənc istedadlardan daha çox, emosional dayanıqlılığı yüksək olan təcrübəli oyunçulara güvəndilər. Kabo-Verdenin 40 yaşlı qapıçısı Vozinyanın turnirdəki möhtəşəm çıxışı buna ən yaxşı nümunə oldu. Eyni zamanda 39 yaşlı Lionel Messi, 41 yaşlı Kriştiano Ronaldo azarkeşlərə unudulmaz anlar yaşatdılar.

İntensiv səfərlər, yüksək temperatur və matç sayının çoxluğu məşqçiləri 5 əvəzetmə hüququndan maksimum dərəcədə taktik vasitə kimi istifadə etməyə məcbur etdi. Sonradan meydana daxil olan oyunçuların matçların taleyini həll etmə faizi əvvəlki turnirlərə nisbətən kəskin şəkildə artdı.

 

Çempionlar və debütantlar

Yarımfinala FİFA reytinqinin ilk dörd pilləsində qərarlaşan İspaniya, Argentina, Fransa və İngiltərə millilərinin yüksəlməsi güclülərin sona qədər yarışda olduğunu təsdiqlədi. İspaniya finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixinin ikinci dünya çempionluğunu bayram etdi.

Yeni format sayəsində mundiala vəsiqə qazanan İordaniya, Özbəkistan, Kürasao və Kabo-Verde kimi komandalar turnirə rəng qatdı. Xüsusilə, kiçik ada dövləti olan Kabo-Verde İspaniya və Uruqvayla heç-heçə oynayaraq, 1/16 finalda isə Argentinanı əlavə vaxta qədər sıxışdıraraq turnirin ən böyük rəğbətini qazandı. Norveç isə Martin Edeqorun liderliyi ilə tarixində ilk dəfə 1/4 finala qədər irəlilədi.

Şimali Amerika qitəsində turnir təşkil etmək həm böyük iqtisadi uğur, həm də ciddi çətinliklər demək idi. Komandalar və azarkeşlər dörd fərqli saat qurşağı arasında minlərlə kilometr məsafə qət etməli oldular. Vankuverin sərin havasından Mayaminin yüksək rütubətli iqliminə keçid oyunçuların fiziki dözümlülüyünü son həddə çatdırdı. Təsadüfi deyil ki, bir neçə oyun havayla əlaqədar nəzərdə tutulan vaxtdan gec başladı, bəzi oyunlarda hissənin ortasında ildırım təhlükəsinə görə məcburi fasilə qaçılmaz oldu.

İlk dəfə hissənin ortasında futbolçulara su fasiləsi yaradıldı. Su fasiləsində efirdə reklam yayımlayan TV-lər böyük pullar qazana bildi.

Yüksək bilet qiymətlərinə və təşkilati çətinliklərə baxmayaraq, Dünya Kuboku rekord sayda - 6,6 milyondan çox tamaşaçı topladı.

 

Əsas nəticələr

2026-cı il futbol üzrə dünya çempionatı sübut etdi ki, qlobal futbol artıq sadəcə idman yarışı deyil, qitələri birləşdirən nəhəng bir sənaye və mədəniyyət hadisəsidir.

İspaniyanın taktiki nizamı və autsayderlərin mübarizə əzmi futbolun ruhunun hələ də canlı olduğunu nümayiş etdirdi. İkinci dəfə dünya çempionu olan Lamin Yamal və komandası turnirin ən parlaq və taktiki cəhətdən nizamlı komandası oldu. Hücum xəttindəki dinamika və orta xəttin üstünlüyü sayəsində finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək kuboku qazandı. 8 matçda qapısında yalnız 1 qol izləyən ispanlar ən etibarlı müdafiəsi ilə diqqəti cəlb etdi.

Dörd il əvvəl çempion olan Argentina titulunu qorumağa çox yaxın idi. Turnir boyu xarakter nümayiş etdirərək finala qədər yüksəlsələr də, həlledici matçda İspaniyanın gənc və sürətli heyətinə müqavimət göstərə bilmədilər. Bununla belə 39 yaşlı Lionel Messinin Misir və İngiltərə ilə matçda komandanın lideri kimi özünü yenidən sübut etməsi xüsusi vurğulanmalıdır. Argentinalı ulduzun liderliyi sayəsində iki dəfə milli məğlub durumdan qalib komandaya çevrildi.

Yarımfinalçılar Fransa və İngiltərə komandaları turnirin əsas favoritlərindən hesab olunurdu. Sabit oyunla yarımfinala qədər irəliləsələr də, İspaniya və Argentina səddini keçə bilməyərək mübarizəni dayandırdılar. ¼ finalda uduzan Norveç turnirin ən böyük sürprizlərindən biri oldu. Martin Edeqorun liderliyi ilə balanslı futbol oynayan komanda öz tarixlərində ilk dəfə dörddəbir final mərhələsinə qədər yüksəlməyi bacardı. Çempionatın sensasiyası Kabo-Verde seçməsi oldu. Yeni format sayəsində mundiala vəsiqə qazanan bu kiçik ada dövləti azarkeşlərin sevimlisinə çevrildi. Nəticədə, qapıçı Vozinya ulduza çevrildi, Kabo-Verde isə turistlərin diqqətini cəlb etdi. Qrupda İspaniya və Uruqvaydan xal alan komanda, 1/16 finalda isə Argentinaya qarşı əlavə vaxta qədər qəhrəmancasına mübarizə apardı. Təşkilatçı ölkələr ABŞ, Kanada və Meksika azarkeşləri önündə qrup mərhələsini adlasalar da, pley-offun erkən mərhələlərində Avropa və Cənubi Amerikanın daha təcrübəli komandalarına məğlub olaraq turnirlə vidalaşdılar.

Beləliklə futbol bayramı İspaniyanın qələbəsi ilə başa çatdı.

 

2030 dünya çempionatı

2030-cu il futbol üzrə dünya çempionatı turnirin 100 illik yubileyi şərəfinə futbol tarixində ilk dəfə olaraq 3 fərqli qitədə (Avropa, Afrika və Cənubi Amerika) və 6 fərqli ölkədə keçiriləcək. FİFA-nın qəbul etdiyi bu tarixi qərar həm logistika, həm də idman mədəniyyəti baxımından qlobal futbol sənayesində yeni bir dövrün əsasını qoyur.

Yubiley turnirinin əsas təşkilatçıları qitələrarası ortaq bəyannamə ilə çıxış edən üç ölkədir. Lakin ilk çempionatın (1930) xatirəsini canlandırmaq üçün Cənubi Amerikaya xüsusi status verilib. Turnirin əsas oyunları İspaniya, Portuqaliya və Mərakeşdə olacaq. 104 matçın böyük hissəsi bu üç ölkədə qrup, dörddəbir final, yarımfinal və final mərhələləri üzrə paylanacaq.

İlk dünya çempionatının keçirildiyi regiona diqqəti yönəltmək üçün Uruqvay, Argentina və Paraqvay turnirin ilk üç açılış matçına ev sahibliyi edəcək. Bu üç ölkənin milli komandaları birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Tarixdə ilk dəfə eyni çempionatda tam 6 komanda (İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina, Paraqvay) ev sahibi statusu ilə seçmə mərhələlərdən azad edilərək birbaşa qruplarda iştirak hüququ qazanacaq. Yeri gəlmişkən FIFA artıq indidən 2030-cu ildəki yarışda iştirakçı sayını artırmağı düşünür. Rəsmi olmayan məlumata görə növbəti mundialda 68 ölkənin iştirakı gözlənilir.



MƏSLƏHƏT GÖR:

59