TƏBİƏTİN SINAĞI
Təbii fəlakətlər müasir dövlətlərin təhlükəsizlik, texnologiyalar və dayanıqlılıq haqda təsəvvürlərini necə dəyişir?
Müəllif: Zaur HƏSƏNOV
İyulun 28-də Yaponiyanın cənub-qərbində növbəti dəfə ən dağıdıcı təbii fəlakətlərdən biri baş verib. Kyusyu adasındakı Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ binaların uçmasına, yanğınlara, yolların və körpülərin dağılmasına səbəb olub. Yeraltı təkanlardan sonrakı ilk saatlarda Yaponiya Meteorologiya Agentliyi sahilyanı rayonlar üçün mümkün sunami xəbərdarlığı edib, hakimiyyət orqanları isə sakinləri təhlükəli zonaları dərhal tərk etməyə çağırıb. Doğrudur, sonradan bu xəbərdarlıq ləğv edilib, lakin yeni güclü təkanların baş verməsi təhlükəsi qalmaqdadır.
Məlumatlar daxil olduqca baş verənlərin miqyası daha aydın görünməyə başlayıb. Bölgədə operativ şəkildə xilasetmə işləri təşkil edilib, yüz minlərlə sakinə təxliyə olunmaq göstərişi verilib, minlərlə insan müvəqqəti yerləşmə mərkəzlərinə köçürülüb. Zəlzələ nəticəsində elektrik enerjisinin təchizatında və rabitədə fasilələr yaranıb, xilasedicilər dağıntıları sökdükcə və zədələnmiş binaları müayinə etdikcə ölənlərin və zərərçəkənlərin sayı artmaqda davam edib.
Təbii fəlakət, demək olar ki, dərhal nəqliyyat sisteminin fəaliyyətinə də təsir göstərib. Kyusyu adasında “Şinkansen” sürətli qatarlarının və bir sıra regional dəmir yolu xətlərinin fəaliyyəti dayandırılıb, Kumamoto hava limanının uçuş-enmə zolağı bağlanıb, aviareyslər ləğv edilib və başqa istiqamətlərə yönləndirilib. Eyni zamanda hakimiyyət orqanları yeni qəza risklərini istisna etmək üçün körpüləri, tunelləri və digər həyati əhəmiyyətli infrastrukturu yoxlamağa başlayıb.
Təbii fəlakətin ilk iqtisadi nəticələri də özünü çox gözlətməyib. Kumamoto Yaponiyanın mühüm sənaye mərkəzlərindən biridir və burada çox sayda avtomobil, elektronika və yarımkeçiricilər sənayesi müəssisələri yerləşir. Zəlzələdən sonra “Toyota”, “Sony”, “Renesas”, “Honda” və digər istehsalçılar daxil olmaqla, bir sıra iri şirkətlər zərərin qiymətləndirilməsi və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəssisələrinin fəaliyyətini müvəqqəti dayandırıb.
Lakin baş vermş faciənin əsas xüsusiyyəti yalnız dağıntıların miqyası ilə bağlı deyil. Zəlzələ dünya ictimaiyyətinin qarşısında ildən-ilə daha kəskin şəkil alan bir sualı yenidən gündəmə gətirib: əgər təbii fəlakətlərə ən hazırlıqlı ölkələrindən biri belə, bu cür halların ağır nəticələrindən tam qaça bilmirsə, digər dövlətlər bənzər çağırışlara nə qədər hazırdır?
Texnologiyalar təbii fəlakətə qarşı
Yaponiya onilliklər ərzində zəlzələlərə hazırlıq sahəsində dünya etalonu hesab edilən ölkədir. Lakin baş verənlər aşkar bir həqiqəti bir daha təsdiqləyir: texnoloji inkişafın ən yüksək səviyyəsi belə, təbii fəlakətin ağır nəticələrini tam istisna etmir.
Tokio uzun illərdir seysmik risklərin azaldılmasına sistemli şəkildə investisiya yatırır. Burada yüksək seysmik fəallıq nəzərə alınmaqla binaların tikintisində məcburi şəkildə dünyanın ən sərt tikinti normaları tətbiq olunur. Ölkədə dağıdıcı dalğaların gəlişindən bir neçə saniyə əvvəl əhaliyə avtomatik siqnallar göndərməyə, sürətli qatarları dayandırmağa, müəssisələrdə potensial təhlükəli avadanlıqları söndürməyə və digər mühafizə mexanizmlərini işə salmağa imkan verən geniş erkən xəbərdarlıq sistemi yaradılıb. Fövqəladə hallar xidmətləri də yüksək hazırlıq səviyyəsi nümayiş etdirir. Yaponiyanın xilasetmə bölmələri dünyanın ən peşəkar və texniki cəhətdən təchiz edilmiş bölmələrindən hesab olunur, fövqəladə vəziyyətlərə reaksiya alqoritmləri isə demək olar ki, avtomatlaşdırılmış səviyyədədir. Bu, fəlakətdən dərhal sonra ən qısa müddətdə təxliyə təşkil etməyə, müvəqqəti yerləşmə məntəqələri yaratmağa, nəticələrin aradan qaldırılmasına başlamağa imkan verir.
Lakin belə kompleks müdafiə sisteminin də öz sərhədləri var. Tektonik piltələrin hərəkətini nə ən müasir texnologiyalar, nə sərt tikinti standartları, nə də uzun illərin təcrübəsi dayandıra bilər. Onlar qurbanların sayını əhəmiyyətli dərəcədə azalda, dağıntıların miqyasını kiçildə və xilasedicilərin işini sürətləndirə bilir, lakin insan faciələrinin və milyardlarla dollar həcmində iqtisadi zərərin tamamilə istisna olunması mümkün deyil.
Buna görə də son illərdə dövlətlərin təbii fəlakətlərə hazırlığının qiymətləndirilməsinə yanaşma dəyişir. Əgər əvvəllər əsas meyar dağıntıları minimuma endirmək bacarığı hesab olunurdusa, bu gün fəlakətin ardından ölkənin dayanıqlılığı getdikcə daha böyük əhəmiyyət qazanır. Söhbət belə hallarda nəqliyyatın, energetikanın, müəssisələrin, rabitə sistemlərinin fəaliyyətini nə qədər tez bərpa etməyin, cəmiyyəti normal həyata nə qədər tez qaytarmağın mümkünlüyündəın gedir.
Dünya risk zonasında
Əgər Yaponiyada baş verən faciə müstəsna hadisə təsiri bağışlayırsa, son illərin statistikası bunun əksini göstərir. Böyük təbii fəlakətlər artıq nadir hallarda baş verən sarsıntılar deyil, müxtəlif qitələrdə yerləşən dövlətlərin üzləşdiyi yeni reallığa çevrilir. Zəlzələlər, daşqınlar, qasırğalar, meşə yanğınları və anomal istilər getdikcə daha çox yalnız ayrı-ayrı regionlara deyil, dünya iqtisadiyyatına, beynəlxalq ticarətə və qlobal təchizat zəncirlərinə də təsir göstərir.
Beynəlxalq sığorta və analitik təşkilatların hesablamalarına görə, son onilliklər ərzində təbii fəlakətlərdən gələn iqtisadi zərər bir neçə dəfə artıb və hazırda hər il yüz milyardlarla dollarla ölçülür. Şəhərlərin böyüməsi, infrastrukturun inkişafı və qlobal iqtisadiyyatın mürəkkəbləşməsi ilə hər yeni təbii fəlakətin “qiyməti” də artır.
Son bir neçə ildə dünya bir sıra dağıdıcı təbii fəlakətlərlə üzləşib. 2023-cü ilin fevralında Türkiyə və Suriyada baş verən güclü zəlzələ on minlərlə insanın həyatına son qoyub və XXI əsrin ən böyük humanitar fəlakətlərindən birinə çevrilib. Həmin ilin payızında Mərakeşdə dağıdıcı zəlzələ baş verib. Əfqanıstan da çoxsaylı insan tələfatına səbəb olan güclü yeraltı təkanlara məruz qalıb. 2025-ci ilin yazında isə güclü zəlzələ Myanmanı sarsıdıb. Nəticədə, minlərlə bina və infrastruktur obyekti dağılıb.
Bununla yanaşı, ekstremal hava hadisələrinin sayı da artır. ABŞ-nin cənub ştatlarında və Meksika körfəzi sahillərində müntəzəm baş verən qasırğalar hər il bölgəyə on milyardlarla dollar həcmində zərər vurur. Son illərdə Avropa da leysan yağışların səbəb olduğu görünməmiş daşqınlarla üzləşir, Kanada, Yunanıstan, Portuqaliya, İspaniya və ABŞ-nin Kaliforniya ştatında isə rekord istilik və uzunmüddətli quraqlıqlar genişmiqyaslı meşə yanğınlarına səbəb olur. Bir sözlə, təbii fəlakətlər getdikcə daha çox lokal problem olmaqdan çıxaraq beynəlxalq miqyaslı böhranlara çevrilir.
Bununla yanaşı, dəyişən yalnız fəlakətin coğrafiyası deyil. İndi onların “qiyməti” də artır. Dünya iqtisadiyyatı mürəkkəbləşdikcə infrastrukturun, sənayenin və logistika sistemlərinin dəyəri yüksəlir və nəticədə, hər hansı genişmiqyaslı təbii fəlakətin potensial zərəri də artır. Bir neçə onillik əvvəl belə hadisələrin nəticələri əsasən milli səviyyədə hiss olunurdusa, bu gün iri sənaye regionlarından birinin və ya mühüm nəqliyyat qovşağının fəaliyyətinin dayanması avtomobil sənayesindən tutmuş, mikroelektronika istehsalına qədər bütün dünyada məhsul tədarükündə fasilələr yarada bilir.
Məhz buna görə mütəxəssislər bildirirlər ki, bəşəriyyət təbii fəlakətin, demək olar ki, qaçılmaz şəkildə iqtisadi, sosial və logistik nəticələrin zəncirvari reaksiyasına səbəb olduğu “kompleks risklər” dövrünə daxil olub. Əsas problem artıq belə hadisələrin sayının artmasında deyil, müasir, qarşılıqlı əlaqəli dünyanın hər belə zərbəyə qarşı getdikcə daha həssas olmasındadır.
İqlim və təbii fəlakət: sərhəd haradadır?
Bu gün, demək olar ki, hər bir böyük təbii fəlakət mütləq şəkildə iqlim dəyişikliyi ilə bağlı müzakirələrin bir hissəsinə çevrilir. Lakin bütün təbii fəlakətlərin mənşəyi eyni deyil və buna görə də onların elmi izahları da fərqlidir. İqlimşünasların əksəriyyəti düşünür ki, qlobal istiləşmə artıq bir çox ekstremal hava hadisələrinin tezliyinə və intensivliyinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Atmosferin və Dünya okeanının orta hərarətinin yüksəlməsi daha uzunmüddətli istilik dalğalarının yaranmasına şərait yaradır, quraqlıqları artırır, ekstremal yağıntı və daşqın ehtimalını yüksəldir, həmçinin daha güclü tropik siklonlar və genişmiqyaslı meşə yanğınları üçün əlverişli şərait yaradır. Buna görə bir çox dövlətlər onilliklər əvvəl müstəsna hadisələr hesab edilən hava anomaliyaları ilə getdikcə daha tez-tez üzləşirlər.
Bununla yanaşı, bu qanunauyğunluğu, əlbəttə ki, bütün növ təbii fəlakətlərə şamil etmək düzgün olmaz. Yaponiyada baş verən zəlzələ kimi hadisənin təbiəti fərqlidir. Onlar yer qabığının dərinliklərində baş verən tektonik piltələrin hərəkəti və qarşılıqlı təsiri nəticəsində yaranır. Hazırda qlobal iqlim dəyişikliyinin zəlzələlərin tezliyini və ya gücünü birbaşa artırdığını təsdiqləyən elmi sübutlar yoxdur. Bu məsələ ilə bağlı alimlər arasında yekdil fikir mövcud deyil. Bununla belə, iqlim dəyişiklikləri ilə təbii risklər arasındakı əlaqə ilk baxışda göründüyündən daha genişdir. Zəlzələlərin səbəbləri iqlim dəyişikliyi ilə bağlı olmasa belə, dövlətlər getdikcə daha çox seysmik fəallıqdan tutmuş ekstremal istilərə, daşqınlara, fırtınalara və meşə yanğınlarına qədər bütöv bir təhlükələr kompleksi ilə eyni vaxtda mübarizəyə hazırlaşmağa məcburdurlar. Nəticədə, infrastrukturun, səhiyyə sistemlərinin, xilasetmə xidmətlərinin və dövlət büdcələrinin üzərinə düşən yük əhəmiyyətli dərəcədə artır.
Məhz buna görədir ki, müasir milli təhlükəsizlik strategiyalarında diqqət tədricən ayrı-ayrı təbii fəlakət növlərinə qarşı mübarizədən dövlətlərin istənilən təbii riskə qarşı ümumi dayanıqlılığının artırılmasına yönəlir. Dünyanın əksər ölkələri üçün məsələ artıq bundan sonra məhz hansı fəlakətin baş verə biləcəyində deyil, cəmiyyətin, iqtisadiyyatın və infrastrukturun növbəti sınağa nə dərəcədə hazır olmasındadır.
Təhlükəsizlik xidmətində texnologiyalar
Əgər bir neçə onillik əvvəl əsas diqqət təbii fəlakətlərdən sonra xilasetmə əməliyyatlarına və bərpa işlərinə yönəldilirdisə, bu gün prioritet tədricən mümkün nəticələrin proqnozlaşdırılması və qarşısının alınmasıdır. Dövlətlər təbii fəlakətin özünü dayandıra bilməsə də, ən qiymətli resursu – vaxtı qazandırmağa imkan verən texnologiyalara getdikcə daha çox investisiya yatırırlar.
Əsas vasitələrdən biri erkən xəbərdarlıq sistemləridir. Seysmik sensorlar şəbəkəsi, peyk monitorinqi və müasir məlumat emalı vasitələri sayəsində mütəxəssislər yaxınlaşan təhlükənin əlamətlərini, demək olar ki, dərhal müəyyən edə və əhaliyə xəbərdarlıq göndərə bilirlər. Zəlzələlər zamanı söhbət çox vaxt saniyələrdən gedir. Lakin bu qədər qısa müddət belə, sürət qatarlarının hərəkətini avtomatik dayandırmaq, potensial təhlükəli sənaye avadanlığını söndürmək, liftlərin fəaliyyətini saxlamaq, aviasiya dispetçer xidmətlərini xəbərdar etmək və insanlara təhlükəsiz yerə sığınmaq imkanı yaratmaq üçün kifayət edə bilər.
Bu işlərdə getdikcə süni intellekt də böyük rol oynamağa başlayır. Müasir alqoritmlər peyklərdən, meteoroloji stansiyalardan, seysmoqraflardan, hidroloji məntəqələrdən və minlərlə digər sensorlardan daxil olan nəhəng məlumat axınını təhlil edir. Bu, potensial təhlükələri daha sürətlə müəyyən etməyə, daha dəqiq proqnoz modelləri qurmağa, fövqəladə vəziyyətlərin mümkün inkişaf ssenarilərini qiymətləndirməyə və hakimiyyət orqanlarının real vaxt rejimində qərar qəbuluna kömək edir.
Yeri gəlmişkən, təhlükəsizlik məsələləri getdikcə daha çox “ağıllı şəhərlər” konsepsiyasının da bir hissəsinə çevrilir. İndi müasir şəhər infrastrukturu fövqəladə vəziyyət zamanı yeni şəraitə mümkün qədər sürətlə uyğunlaşa biləcək şəkildə layihələndirilir: nəqliyyat axınlarını avtomatik olaraq başqa istiqamətlərə yönləndirmək, rabitə və enerji təchizatı sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də təcili yardım və digər operativ xidmətlərin fəaliyyətini əlaqələndirmək.
Bu gün faktiki olaraq, aparıcı dövlətlər arasında yeni texnoloji yarış gedir və burada əsas meyar artıq hesablamaların sürəti və ya superkompüterlərin gücü deyil, texnologiyaların insan həyatını qorumaq qabiliyyətidir. XXI əsrdə rəqabət üstünlüyünə yalnız müasir texnologiyalara malik olan ölkə deyil, həm də onlardan təbii fəlakətlər qarşısında cəmiyyətin dayanıqlılığını artırmaq üçün istifadə etməyi bacaran ölkə sahib olur.
Təbii fəlakətlərə qarşı birlik
Güclü zəlzələlər, daşqınlar, qasırğalar və meşə yanğınları getdikcə daha çox beynəlxalq koordinasiya tələb edir, müxtəlif ölkələrin xilasetmə xidmətlərinin, alimlərinin, humanitar təşkilatlarının və hökumətlərinin səylərini bir araya gətirir. Beynəlxalq axtarış-xilasetmə missiyaları, operativ humanitar yardım, texnologiyaların və elmi araşdırmaların mübadiləsi artıq xoşməramlılıq nümunəsi deyil, obyektiv zərurətə çevrilir. Fəlakətin miqyası nə qədər böyükdürsə, beynəlxalq həmrəyliyin və operativ şəkildə birgə fəaliyyət göstərməyə hazırlığın əhəmiyyəti də bir o qədər artır.
Son illərin hadisələri göstərir ki, hətta ən müasir texnologiyalar belə, bəşəriyyəti təbii təhlükələrdən tamamilə xilas etmək iqtidarında deyil. XXI əsr, adətən, süni intellekt, kosmik tədqiqatlar və rəqəmsal iqtisadiyyat dövrü hesab olunur. Lakin hər bir böyük zəlzələ, dağıdıcı qasırğa və ya genişmiqyaslı daşqın xatırladır ki, insan hələ də təbiət qüvvələrini idarə edə bilmir. Bu isə təhlükəsizlik anlayışının özünü dəyişir. Artıq dövlətin hazırlıq səviyyəsinin əsl göstəricisi qaçılmaz hadisənin qarşısını almaq qabiliyyəti deyil, insanları qorumaq, həyati əhəmiyyətli infrastrukturun dayanıqlılığını təmin etmək, normal həyatı operativ şəkildə bərpa etmək və zərurət yarandıqda beynəlxalq birliklə səyləri birləşdirmək bacarığıdır. Bəlkə də Yaponiya faciəsinin əsas dərsi məhz bundan ibarətdir: təbii fəlakət qarşısında tamamilə toxunulmaz ölkə yoxdur, amma hazırlıq, texnologiyalar və əməkdaşlıq sayəsində belə sınaqların zərərini əhəmiyyətli dərəcədə azaltmağa qadir cəmiyyətlər mövcuddur.
MƏSLƏHƏT GÖR:






65

