“ŞİMAL KRALI” DÖVRÜ
Yeni baş nazir, köhnə çağırışlar və Leyboristlər Partiyasını yenidən “işə salmaq” cəhdi
Müəllif: İlqar VƏLİZADƏ
2026-cı ilin yayında Böyük Britaniyada baş nazirin dəyişməsi son illər bu ölkənin siyasət alımində baş verən ən gözlənilməz hadisələrindən biri sayıla bilər. Leyboristlər Partiyasının son parlament seçkisindəki inamlı qələbəsindən iki il keçməmiş, Kir Starmer öz parlament fraksiyasının təzyiqi altında istefa verməyə məcbur olub.
Böyük Britaniya hökumətinin yeni rəhbəri iyulun 20-də müəyyənləşib. Yeni Baş nazir Endi Börnhemdir. Börnhem, ilk növbədə, qarşısına Leyboristlər Partiyasına etimadın bərpası və ona ictimai dəstəyinin sürətlə azalmasının qarşısının alınmasını məqsədini qoyub.
Katolik və “kral”
Yeri gəlmişkən, Börnhem ölkə tarixində ilk katolik baş nazirdir. O, irland katolik kökləri olan ailədə böyüyüb, katolik məktəblərində təhsil alıb. Yeni baş nazir katolik sosial təliminin onun siyasi baxışlarının formalaşmasına əhəmiyyətli təsir göstərdiyini dəfələrlə dilə gətirib. Bununla belə, Börnhem özünü dini ayinləri ciddi şəkildə yerinə yetirən mömin kimi deyil, daha çox “mədəni katolik” kimi xarakterizə edir.
Məlum olduğu kimi, 2024-cü ildə Leyboristlər seçkini əsasən Britaniya cəmiyyətinin mühafizəkarların uzun illər davam edən hakimiyyətindən yorulması nəticəsində qazanıb. Kir Starmer seçiciləri inandırmışdı ki, o, baş nazirlərin silsilə şəklində əvəzlənməsindən və Mühafizəkarlar Partiyasının daxili böhranlarından sonra ölkəyə sabitlik gətirməyə qadirdir. Lakin Starmerin hakimiyyətə gəlişindın sonra yeni hökumət daha mürəkkəb reallıqla üzləşmişdi. İqtisadi artım zəif olaraq qalır, dövlət maliyyəsi sərt büdcə intizamı tələb edir, həyat bahalılığı böhranı əhaliyə təzyiq göstərməkdə davam edir, milli səhiyyə xidməti xroniki resurs çatışmazlığından əziyyət çəkirdi.
Eyni zamanda cəmiyyətdə qanunsuz miqrasiya və sərhədlərin təhlükəsizliyi ilə bağlı narahatlıq da artırdı. Belə bir vəziyyətdə Naycel Faracın rəhbərlik etdiyi “Reform UK” partiyasının populyarlığı sürətlə yüksəlir, bu partiya etirazçı elektoratı özünə getdikcə daha uğurla cəlb edirdi. Xatırladaq ki, Farac “brexit”in əsas memarıdırsa, Starmer britaniyalıları bu addımın səhv olduğuna inandırmağa çalışan siyasətçi olub. Bu baxımdan “Reform UK”nın uğurunu leyboristlərin düşdüyü siyasi böhranın ən əyani göstəricilərindən biri kimi qiymətləndirmək olar.
Nəticədə artıq 2026-cı ilin ortalarına doğru Leyboristlər Partiyasının daxilində Starmerin hökumət başında qalmasının növbəti parlament seçkiləri üçün ciddi risklər yaratdığına dair əminlik formalaşmışdı.
Bu fonda Endi Börnhemin ortaya çıxçası təsadüf deyildi. O, təxminən iki il ərzində milli siyasətdən kənarda qalaraq Böyük Mançesterin meri vəzifəsini tuturdu. Starmer hökumətinin nazirlərinin əksəriyyətindən fərqli olaraq, Börnhem kabinetin populyar olmayan qərarları ilə əlaqələndirilmir və partiyanın reytinqinin aşağı düşməsinə görə siyasi məsuliyyət daşımırdı.
Bundan başqa, onun regional lider mövqeyi də mühüm siyasi üstünlüyə çevrilmişdi. Börnhem Mançesterə rəhbərlik etdiyi illər ərzində region üçün əlavə səlahiyyətlər əldə etməyə nail olan səmərəli idarəçi kimi tanınmış, Şimali İngiltərənin maraqlarını müdafiə etmək üçün dəfələrlə mərkəzi hökumətlə açıq mübahisələrə girmişdi.
Beləliklə, partiya leyborist siyasi isteblişmentinin bir hissəsi olan, lakin cəmiyyət tərəfindən nisbətən “yeni sima” kimi qəbul edilən siyasətçini hakimiyyətə gətirmək imkanı əldə etmişdi. Halbuki Börnhem siyasətdə yeni deyil və təxminən on beş il əvvəl, leyboristlərin hakimiyyətdə olduğu əvvəlki dövrdə Birləşmiş Krallığın səhiyyə naziri vəzifəsini tutub.
Starmer və Börnhem Leyboristlər Partiyasının mötədil qanadına mənsub olsalar və dövlətin iqtisadiyyatda fəal sosial rolunun tərəfdarı kimi çıxış etsələr də, onların bu siyasətin həyata keçirilməsinə yanaşmaları əhəmiyyətli dərəcədə fərqlənir. Endi Börnhem tamamilə fərqli tip siyasətçi imicinə malikdir. Börnhemin son illərdəki siyasi karyerası regional idarəçiliklə sıx bağlı olub və bu da onun cəmiyyətlə fərqli ünsiyyət tərzi formalaşdırmasına imkan verib. O, ictimai müzakirələrdə özünü daha sərbəst aparır, sosial problemlərə daha çox toxunur, emosional arqumentlərdən daha fəal istifadə edir. Məhz buna görə bir çox britaniyalı müşahidəçi onu ictimaiyyətin əhvali-ruhiyyəsini Starmerdən daha yaxşı hiss edən siyasətçi sayır.
Bu arada maraqlı bir detalı da qeyd etmək yerinə düşəm. Böyük Mançesterə rəhbərlik etdiyi illərdə Börnhem ümumxalq şöhrəti qazanıb və qeyri-rəsmi olaraq “Şimal Kralı” ləqəbini əldə edib. Onun bu ləqəbi pandemiya dövründə Mançester, həmçinin İngiltərənin digər şimal rayonları üçün əlavə dəstək əldə etmək üçün mərkəzi hökumətlə açıq şəkildə “savaşdığı” zaman daha da möhkəmlənib.
İslahatlar
Börnhem uzun illərdir səlahiyyətlərin əhəmiyyətli hissəsinin iri şəhər aqlomerasiyalarına və regionlara verilməsinin tərəfdarı kimi çıxış edir. Onun siyasi fəlsəfəsi belədir: həddindən artıq mərkəzləşmə dövlət idarəçiliyinin səmərəliliyini azaldır, Mançester, Liverpul, Birmingem, Lids və digər iri şəhərlərin səlahiyyətlərinin genişləndirilməsi isə iqtisadi inkişafı stimullaşdırmağa və regional disproporsiyaları azaltmağa imkan verə bilər.
Bu baxımdan yeni siyasi gündəliyin əsas elementlərindən biri dövlət xərclərinin artırılmasından daha çox, ölkə daxilində idarəetmə səlahiyyətlərinin yenidən bölüşdürülməsidir.
Daha bir istiqamət sürətlə yüksələn “Reform UK” ilə bağlı siyasi strategiyanın dəyişdirilməsi olub. Börnhemin fikrincə, sağçı partiyalarla onların öz meydanında rəqabət aparmaq praktiki olaraq mümkün deyil. Buna görə də Leyboristlər Partiyası ənənəvi olaraq onun seçici dəstəyinin əsasını təşkil edən mövzulara – Milli Səhiyyə Xidmətinin inkişafına, əlçatan mənzillərin tikintisinə, dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə və regional bərabərsizliyin azaldılmasına diqqət yetirməlidir.
Əslində, Börnhem eyni anda iki vəzifəni həll etməlidir: ənənəvi leyborist elektoratın etimadını bərpa etmək və eyni zamanda partiyanın yalnız böhranlara reaksiya verən deyil, inkişaf üçün pozitiv proqram təklif etməyə qadir siyasi qüvvə imicini geri qaytarmaq. O, vəzifəsinin icrasına başladıqdan sonrakı ilk günlərdə siyasi üslubun dəyişdiyini nümayiş etdirməyə çalışıb. Hökumət yaşayış xərclərini azaltmaq vədləri ilə yanaşı, ev təsərrüfatlarının elektrik enerjisi hesablarında bir sıra ödənişlərin ləğv ediləcəyini, avtobus biletlərinin maksimal qiymətinin qorunacağını, pablar, klublar və konsert məkanları üçün vergi yükünün azaldılacağını elan edib. Yeni baş nazir evsizliyə qarşı “Housing First” (“Əvvəlcə mənzil”) prinsipinə əsaslanan milli proqram da təqdim edib.
Bununla yanaşı, Börnhem yerli hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirərək, ölkənin şimal bölgələrinin yenidən sənayeləşməsini stimullaşdıraraq regional siyasəti daha fəal həyata keçirmək niyyətində olduğunu bəyan edib. Bununla, yeni baş nazir Leyboristlər Partiyasının vətəndaşların gündəlik problemlərinin həllinə qayıtdığını, yenidən uzunmüddətli, pozitiv inkişaf gündəliyi təklif edə bildiyini göstərməyə çalışır.
Lakin bu strategiyanın uğuru etirazçı əhvalın “Reform UK” ətrafında tam şəkildə cəmləşməsinədək ciddi nəticələr əldə edə bilib-bilməyəcəyindən asılı olacaq.
Dəyişməyən xarici siyasət
Xarici siyasətə gəlincə, Londonun bu kursa radikal yenidən baxılacağını gözləmək çətindir. Baş nazirin dəyişməsindən asılı olmayaraq, milli təhlükəsizliyin əsas istiqamətlərində Britaniyanın mövqeyi dəyişməzdir. Məsələ ondadır ki, xarici siyasətin əsas istiqamətləri ənənəvi olaraq geniş partiyalararası konsensus əsasında formalaşır. Buna görə də Endi Börnhemin hakimiyyətə gəlməsi, böyük ehtimalla, Böyük Britaniyanın strateji məqsədlərinin dəyişməsinə deyil, ayrı-ayrı prioritetlərə və diplomatik üsluba düzəlişlərlə məhdudlaşacaq.
Yeni hökumətin əsas prioritetlərindən biri, ehtimal ki, Avropa İttifaqı ilə daha sıx münasibətlərin bərpası olacaq. Mühafizəkarlardan fərqli olaraq, leyboristlər “brexit”i kontinental Avropa ilə gələcək siyasi ayrılma vasitəsi kimi nəzərdən keçirmir. Bununla yanaşı, Böyük Britaniyanın Aİ-yə qayıdacağını gözləmək də mümkün deyil. İctimai rəy həddindən artıq qütbləşmiş olaraq qalır və üzvlük məsələsinin yenidən gündəmə gətirilməsi yalnız “Reform UK” partiyası və digər avroskeptik qüvvələrin mövqelərini gücləndirəcək. Buna görə də ən real ssenari “brexit”in nəticələrinə yenidən baxmadan ticarət, elm, müdafiə, enerji və miqrasiya siyasətində Brüssel ilə əməkdaşlığın tədricən genişləndirilməsi olacaq.
Yeni hökumət üçün ABŞ ilə münasibətlər də xüsusi əhəmiyyət daşıyacaq. İngiltərə-Amerika tərəfdaşlığının ənənəvi müttəfiqlik xarakterinə baxmayaraq, Kir Starmer hökumətinin Donald Tramp administrasiyası ilə əlaqələrinio problemsiz saymaq çətin idi. Onların arasında ticarət, iqlim gündəliyi, Avropanın təhlükəsizliyinə yanaşmalar və bir sıra beynəlxalq böhranların nizamlanması üsulları ilə bağlı zaman-zaman fikir ayrılıqları yaranırdı. İkitərəfli ittifaqın strateji xarakteri şübhə altına alınmasa da, siyasi dialoqda qarşılıqlı tənqiddən, mövqelərdə nəzərəçarpacaq fərqlərdən qaçmaq heç də həmişə mümkün olmurdu.
Londonun Ukrayna məsələsi ilə bağlı mövqeyində də prinsipial dəyişikliklər gözləməyə dəyməz. Böyük Britaniya, şübhəsiz ki, Kiyevə hərtərəfli hərbi-siyasi dəstək kursunu qoruyub saxlayacaq və Rusiya-Ukrayna münaqişəsini Avropanın təhlükəsizliyi üçün əsas çağırışlardan biri saymağa davam edəcək.
Bununla yanaşı, Ukraynanın müharibədən sonrakı bərpası, uzunmüddətli təhlükəsizlik zəmanətləri və döyüş əməliyyatlarının aktiv mərhələsinin başa çatmasından sonra nizamlanmanın diplomatik mexanizmlərinin axtarışı məsələlərinə daha çox diqqət yetirilməsi mümkündür.
Yaxın Şərq gündəliyi yeni hökumət üçün bir qədər mürəkkəb olacaq. Kir Starmer hökuməti həm İsrail tərəfdarları, həm də fələstinpərəst təşkilatlar tərəfindən tənqid olunurdu. İndi Börnhem daha balanslı yanaşma axtarmalı olacaq.
İrana gəldikdə, burada yeni hökumətin manevr imkanları məhdud olaraq qalır. Londonun İranın nüvə proqramı, raket texnologiyalarının inkişafı və Tehranın dəstəklədiyi silahlı qruplaşmaların Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı sərt mövqeyinə yenidən baxacağı inandırıcı deyil. Bununla belə, Börnhem hökuməti, yəqin ki, regional eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasında və diplomatik qarşılıqlı əlaqə kanallarının qorunub saxlanılmasında daha çox maraqlı olacaq. Çünki o, İranla genişmiqyaslı qarşıdurmanın dünya iqtisadiyyatına, enerji bazarlarına və dəniz kommunikasiyalarının təhlükəsizliyinə ciddi zərər vura biləcəyini anlayır.
Beləliklə, yəqin ki, yeni hökumətin xarici siyasətində strateji davamlılıqla daha praqmatik, qarşıdurmalardan qaçmağa yönələn diplomatiya üslubu bir araya gələcək. Güman etmək olar ki, Endi Börnhem kursunun əsas xüsusiyyəti ABŞ ilə ittifaqı zəiflətmədən avropalı tərəfdaşlarla münasibətləri möhkəmləndirmək, Ukraynaya dəstəyi qoruyub saxlamaq və eyni zamanda Yaxın Şərqdə diplomatik səyləri artırmaq olacaq. Başqa sözlə, söhbət Böyük Britaniyanın xarici siyasət strategiyasının dəyişməsindən deyil, onu daha çevik, proqnozlaşdırılan və beynəlxalq gərginliyin azaldılmasına yönəlmiş hala gətirmək cəhdindən gedəcək.
MƏSLƏHƏT GÖR:

52

