YENİ DÜNYA DİPLOMATİYASI
ASEAN xarici işlər nazirlərinin Manila görüşü çoxqütblü dünya nizamına keçidi necə əks etdirdi?
Müəllif: İrina XALTURİNA
Dünya düzənində sürətli dəyişikliklər baş verir. Beynəlxalq münasibətlərin əvvəlki birqütblü modeli yerini tədricən daha mürəkkəb və çoxqütblü dünya nizamına verir. Belə bir vəziyyətdə dövlətlərin açıq siyasi dialoqu davam etdirmək bacarığı xüsusi əhəmiyyət kəsb edir. ASEAN ölkələrinin xairici işlər nazirlərinin iyulun 18-dən 24-dək Filippinin Manila şəhərində “Gələcəyimizi birlikdə quraraq” şüarı altında keçirilən 59-cu görüşü məhz belə beynəlxalq əməkdaşlıq elementlərindən birinə çevrilib.
Regional təhlükəsizlik arxitekturasındakı rol
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri hər zaman beynəlxalq media və ekspert ictimaiyyətinin diqqət mərkəzinə düşür. Bu gün Cənub-Şərqi Asiya ölkələrinin siyasi, iqtisadi və mədəni əməkdaşlığını birləşdirən bu regional hökumətlərarası təşkilat dünyanın ən dinamik inkişaf edən inteqrasiya birliklərindəndir. ASEAN-a 11 dövlət daxildir: İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos, Myanma, Kamboca və Şərqi Timor.
ASEAN ölkələrinin ümumi əhalisi, təxminən, 700 milyon nəfərdir. Onun ümumi ərazisi 4,5 milyon kvadrat kilometrdən çox, birgə nominal ÜDM-i 4 trilyon dollardır. Manila görüşü yalnız təşkilatın daxili inkişaf məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşımırdı. O, həm də geniş beynəlxalq dialoq üçün platformaya çevrilib. Görüşdə Myanma istisna olmaqla, ASEAN-ın bütün dövlətlərinin nümayəndələri, eləcə də təşkilatın çoxsaylı dialoq tərəfdaşları iştirak edib.
Xarici işlər nazirləri artan geosiyasi rəqabət, aparıcı dövlətlər arasında strateji rəqabətin güclənməsi və davam edən beynəlxalq böhranlar şəraitində regional təhlükəsizlik arxitekturasının formalaşdırılmasında ASEAN-ın mərkəzi rolunun qorunub saxlanmasının zəruriliyini vurğulayıblar.
2026-cı ildə Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 50 illiyinin qeyd olunması xüsusi rəmzi əhəmiyyət daşıyır. Dinc-yanaşı yaşayış, suverenliyə hörmət və qarşılıqlı əməkdaşlıq prinsiplərini təsbit edən bu hüquqi baxımdan məcburi sənəd yarım əsrdir regional nizamın fundamental elementlərindən biri olaraq qalır.
Qlobal risklər
Ötən onilliklər ərzində ASEAN ölkələri iqtisadi inteqrasiya mexanizmlərini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə nail olublar. Bu gün region böyük demoqrafik potensiala, sürətlə böyüyən bazarlara, inkişaf etmiş sənaye bazasına və yüksək investisiya cəlbediciliyinə malikdir. Məhz bu amillər Cənub-Şərqi Asiyanı dünya iqtisadiyyatının əsas mərkəzlərindən birinə və formalaşmaqda olan çoxqütblü beynəlxalq münasibətlər sisteminin mühüm elementinə çevirib.
Lakin sürətli iqtisadi inkişaf qaçılmaz olaraq yeni çağırışlarla da müşayiət olunur.ASEAN ölkələri dünya iqtisadiyyatına nə qədər dərindən inteqrasiya olunurlarsa, beynəlxalq ticarətin, qlobal təchizat zəncirlərinin, enerji infrastrukturunun və rəqəmsal kommunikasiyaların fasiləsiz fəaliyyətindən bir o qədər çox asılı vəziyyətə düşürlər. Son illərin hadisələri dövlətlərin enerji təchizatının və qlobal logistika zəncirlərinin pozulması qarşısında nə qədər həssas olduqlarını əyani şəkildə ortaya qoyub. Regionun beynəlxalq ticarətdən asılılığı səbəbilə ASEAN üzvləri üçün bu risklər xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Yaxın Şərqdə – Hörmüz boğazında və Qırmızı dənizdə – yaranmış vəziyyət enerji, gübrə və ərzaq tədarükü baxımından ASEAN-a ciddi təsir göstərir. Enerji sistemlərinin həssaslığına gəldikdə, bu da bir sıra amillərə bağlıdır – iqlim dəyişikliklərinin özünü getdikcə daha çox göstərən nəticələri, geosiyasi qarşıdurmalar, süni intellektin sürətli inkişafı və s. Yəni əsas məsələ artıq daha təmiz və ya daha ucuz enerjinin necə istehsal edilməsi deyil. İndi söhbət getdikcə daha çox münaqişələrə tab gətirə, eyni zamanda müasir iqtisadiyyatlar və silahlı qüvvələr üçün zəruri olan etibarlı elektrik enerjisini təmin edə biləcək sistemlərin necə qurulmasından gedir.
Məsələnin aktuallığı Ukrayna və İranda elektrik stansiyalarına, elektrik ötürücü xətlərinə, yanacaq anbarlarına və neft emalı zavodlarına, qaz kəmərlərinə və gəmilərə, logistika qovşaqlarına, qatarlara və mayeləşdirilmiş təbii qaz terminallarına davam edən hücumlarla bir daha təsdiqlənir. Bütün bu obyektlər, təbii ki, aerodromlar və ya hərbi-dəniz bazaları qədər strateji əhəmiyyət daşıyır.
İndi eyni zamanda məlumatların emalı mərkəzləri, yarımkeçirici istehsalı müəssisələri və müasir bulud platformaları da milli iqtisadiyyatın kritik əhəmiyyətli elementlərinə çevrilir. Süni intellektin inkişafı hesabına onların enerji istehlakı yüksək templə artır. Bununla yanaşı, belə obyektlər kiberhücumların və hibrid əməliyyatların potensial hədəfləri kimi getdikcə daha çox nəzərdən keçirilir. Çünki həm mülki iqtisadiyyatın, həm də müdafiə sektorunun fəaliyyəti onların işindən asılıdır.
Bütün bunlar nəzərə alınaraq, son toplantının sənədlərində təchizat zəncirlərinin təhlükəsizliyi və enerji sabitliyi məsələləri də öz əksini tapıb. Görüşün yekunlarına əsasən, Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ ilə İran arasındakı hərbi əməliyyatlar da daxil olmaqla, münaqişənin eskalasiyasından dərin narahatlığın ifadə olunduğu, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırışın yer aldığı birgə bəyanat qəbul edilib.
Rubio və Lavrov əsas məsələlər barədə
Beynəlxalq gündəm üçün ən mühüm məqamlardan biri ASEAN sammiti çərçivəsində Manilada Rusiyanın xarici işlər naziri ilə ABŞ dövlət katibinin 35 dəqiqəlik görüşünün keçirilməsi olub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüçdə “ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə ətraflı fikir mübadiləsi aparılıb”. Lavrov amerikalı həmkarını təmas xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin Moskvanın siyasi-diplomatik nizamlanmaya hazır olduğunu və Ankoricdə müzakirə edilmiş təkliflərə sadiqliyini təsdiqləyib.
Marko Rubio isə görüşdən sonra bildirib ki, Ukraynada sülhün əldə edilməsi üçün “yeni ideyalar” tələb olunacaq. “Əvvəllər irəli sürülən təkliflər o zaman Ukrayna üçün qəbuledilməz idi. Fikrimcə, onların Kiyev üçün indi də məqbul sayılması çətin olacaq”, - deyə dövlət katibi qeyd edib: “Əgər sülh bərqərar olacaqsa, bu, hansısa yeni ideyalar və yeni konsepsiyalar sayəsində baş verəcək. İmkan yaranacağı və müvafiq şəraitin yaradılacağı təqdirdə biz onları uyğun mühitdə və formada təklif etməyə hazırıq. Biz bu rolu oynamağa hazırıq”.
Maraqlıdır ki, bundan cəmi bir gün danışıqlarda ABŞ tərəfindəın iştirak edən şəxslər – xüsusi nümayəndə Stiven Uitkoff və ABŞ Prezidentinin müşaviri Cared Kuşner Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə görüşərək “münaqişənin dayandırılması üzrə diplomatik səylərin bərpası yolları”nı müzakirə ediblər. ABŞ-ın Kiyevlə məsləhətləşmədən sonra Rusiya xarici işlər naziri ilə görüş təşəbbüsü göstərməsi Vaşinqtonun sülhə nail olmaq üçün mümkün addımları qiymətləndirməyə çalışdığını göstərir. Daha əvvəl xarici siyasətdə əsas diqqəti Yaxın Şərq böhranına yönəltmiş Ağ Ev indi yenidən Ukrayna məsələsində əlaqələri bərpa etməyə çalışır.
Bununla belə, Manilada yarım saatlıq işgüzar təmasın əhəmiyyətini şişirtmək və ondan hansısa sıçrayış gözləmək doğru olmazdı. Orada, güman ki, söhbət daha çox ilkin mövqeləri öyrənməkdən gedib.
Rəqəmsal transformasiya milli təhlükəsizliyin elementi kimi
Toplantının yekun bəyanatlarına və kuluarlarda keçirilən görüşlərə əsasən, demək olar ki, region ölkələrini rəqəmsal texnologiyalarla bağlı məsələlər də son dərəcə narahat edir. Bu kontekstdə xüsusilə Çin ilə ABŞ-nin bu sahədəki rəqabəti ön plana çıxır. ASEAN üzvləri üçün məsələ yalnız texnologiyalara çıxış əldə etməkdən ibarət deyil, həm də dünyanın ən böyük dövlətləri arasında artan rəqabət şəraitində strateji muxtariyyətin qorunub saxlanılmasıdır. Onlar həm Vaşinqton, həm də Pekinlə əməkdaşlığın inkişafında maraqlıdırlar və iki güc mərkəzi arasında sərt seçim etməkdən yayınırlar. Nəticıdə rəqəmsal transformasiya sadəcə iqtisadi məsələ deyil. İndi o, həm də milli təhlükəsizliyin bir hissəsinə çevrilir.
Region dövlətləri telekommunikasiya şəbəkələrinin etibarlılığını, kibertəhdidlərdən müdafiəni və rəqəmsal iqtisadiyyatın əsas elementlərinin müstəqilliyini təmin etməyə çalışırlar. Burada regional əməkdaşlıq mexanizmlərinin yaradılması xüsusi rol oynayır. Məsələ ondadır ki, ASEAN ölkələri texnoloji inkişaf səviyyəsinə və qabaqcıl texnologiyalara çıxış imkanlarına görə bir-birindən fərqlənirlər.
Bununla yanaşı, Cənub-Şərqi Asiya ölkələrinin qarşısında əhəmiyyətli imkanlar da açılır. Region artıq dünyanın ən böyük elektronika istehsalı mərkəzlərindən birinə çevrilir, süni intellekt, məlumatların emalı mərkəzləri, bulud texnologiyaları və yarımkeçirici istehsalı sahələrinə investisiyalar cəlb edir. Lakin gələcək artım dövlətlərin dayanıqlı enerji bazasını, ixtisaslı kadrları və təhlükəsiz rəqəmsal mühiti təmin etmək qabiliyyətindən asılı olacaq. Beləliklə, ASEAN-ın gündəliyi tədricən ənənəvi regional təhlükəsizlik məsələlərinin çərçivəsindən xeyli kənara çıxır. Bu baxımdan, ASEAN-ın xarici tərəfdaşlıq şəbəkəsini fəal şəkildə genişləndirməyə davam etməsi diqqətəlayiqdir. Forum çərçivəsində bir sıra dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, Türkiyə ASEAN-ın dialoq tərəfdaşı, Almaniya və Qətər isə sektorlar üzrə dialoq tərəfdaşı statusu əldə edib. Bu, təşkilatın texnologiyalar, investisiyalar, enerji və davamlı inkişaf kimi istiqamətlərdə qarşılıqlı fəaliyyəti dərinləşdirmək istəyini əks etdirir.
Beynəlxalq iqtisadiyyatın dəyişməsi və geosiyasi rəqabətin artması şəraitində tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi ASEAN üçün xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı ASEAN-ın 2026-cı ilin noyabrında keçiriləcək 49-cu sammitinə hazırlıq çərçivəsində əsas istiqamətlər də razılaşdırılıb. Gözlənilir ki, üzv dövlətlərin liderləri “2045-ci ilədək ASEAN İcmasının Vizyonu”nun həyata keçirilməsini, gələcək inteqrasiya məsələlərini və dəyişən beynəlxalq şəraitdə regional təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini müzakirə edəcəklər.
Beləliklə, ASEAN formalaşmaqda olan çoxqütblü dünyada balanslaşdırma və tərəfdaşlıq şəbəkəsini genişləndirməklə öz mərkəzi rolunu qoruyub saxlamağa çalışır. O, preventiv diplomatiyaya, mübahisələrin dinc yolla nizamlanmasına, dənizdə təhlükəsizliyə və beynəlxalq hüquq normalarına riayət olunmasına üstünlük verir. Məhz buna görə təşkilat, eyni zamanda ABŞ, Çin, Avropa İttifaqı, Rusiya, Türkiyə, Yaxın Şərq ölkələri və digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirir.
Müxtəlif maraqları bir araya gətirmək və böyük dövlətlər arasında qarşıdurma şəraitində dialoqu davam etdirmək bacarığı ASEAN-ın əsas üstünlüyü olaraq qalır. Bu mənada xarici işlər nazirlərinin 59-cu görüşü yalnız aktual böhranların müzakirəsi üçün platforma deyil, həm də daha dərin prosesin – dünya sistemində çoxqütblülüyə keçidinin əksi sayıla bilər. Bu sistemdə isə təsir gücü yalnız ayrı-ayrı dövlətlərin hərbi qüdrəti ilə deyil, həm də dayanıqlı tərəfdaşlıq şəbəkələri yaratmaq qabiliyyəti ilə müəyyən olunacaq.
MƏSLƏHƏT GÖR:




52

