7 Noyabr 2026

Şənbə, 15:30

NAMƏLUM İTALİYA: GENUYA

Kolumbun, Paqanininin, pestonun və Orta əsr labirintlərinin şəhəri

Müəllif:

01.09.2026

İtaliya şəhərlərinin əksəriyyətinin bir ortaq keyfiyyəti var: onlar ilk baxışdan insanı ovsunlamağı bacarırlar. Roma əzəməti ilə heyrətləndirir, Venesiya romantik filmə dekorasiya kimi görünür, Florensiya muzeyləri və meydanları ilə heyran edir. Genuya (Liquriya vilayətinin mərkəzi) fərqli təsir bağışlayır. O, sanki insanın xoşuna gəlməyə çalışmır. Üstəlik, şəhərlə ilk tanışlıq hətta yüngül çaşqınlıq da yarada bilər.

Təyyarə və ya qatar səyahətçini İtaliyanın ən böyük limanına gətirir: əsrlər boyu dənizlə yaşamış və bu günə qədər sənaye xarakterini gizlətməyən şəhərə. Burada vahid açıqça panoraması yoxdur, zərif meydanlar əvəzinə nəzərimiz əvvəlcə saysız-hesabsız gəmilərin yan aldığı körpülərə, yük kranlarına, bərələrə, konteyner terminallarına və nə gündüz, nə də gecə həyatın dayanmadığı səs-küylü limana sataşır. Genuya dərhal açıq hava muzeyinə deyil, həqiqətən, canlı bir şəhərə baxdığınızı göstərir.

Lakin limandan bir neçə addım atmağa dəyər, çünki mənzərə gözlənilmədən dəyişir. Sərt fasadların arxasında dəniz respublikasının Aralıq dənizinin ən varlı dövlətlərindən biri olduğu dövrdə genuyalı aristokratlar tərəfindən tikilmiş möhtəşəm saraylar gizlənir. Dar küçələr qəfildən əzəmətli kilsələrə, daxili həyətlərə və mərmər pilləkənlərə çıxarır, nəzərə çarpmayan qapıların arxasında isə küçədən mövcudluğunu güman etməyin mümkün olmadığı əsl xəzinələr gizlənir.

Genuyanın Roma, Venesiya və ya Florensiyadan əsas fərqi də məhz bundadır. Burada gözəllik nümayişə qoyulmayıb. Onu axtarmalı, şəhəri tədricən, təbəqə-təbəqə aşkar etməlisən. Genuya ani təəssürat yaratmağa çalışmır, əvəzində adi turist marşrutlarından kənara çıxmağa və ona bir az vaxt ayırmağa hazır olanları səxavətlə mükafatlandırır.

Bəlkə də məhz buna görə bir çox səyahətçilər etiraf edirlər ki, Genuyaya, əslində, dərhal deyil, bir neçə gün sonra aşiq olurlar: liman səs-küyü, dəniz qoxusu, Orta əsr küçələrinin labirintləri və qədim sarayların əzəməti vahid bir obrazda birləşəndə. Məhz həmin an aydın olur ki, Genuya hamının xoşuna gəlməyə çalışan şəhərlərdən deyil. Amma onun xarakterini hiss edə bilənləri “əlindən buraxmır”.

Genuyanın digər diqqət çəkən xüsusiyyəti isə motosiklet və skuterlərin çoxluğudur. Təsadüfi deyil ki, şəhər tez-tez İtaliyanın motosiklet paytaxtlarından biri adlandırılır. Təpəli relyef, dar Orta əsr küçələri və xroniki parklanma yeri çatışmazlığı səbəbindən ikiçarxlı nəqliyyat uzun müddətdir ki, gündəlik həyatın bir hissəsinə çevrilib. Burada skuterlərlə tələbələr və ofis işçiləri, yaşlı insanlar və iş adamları gedirlər. Bəzən elə görünür ki, Genuyada motosikletlər avtomobillərdən daha çoxdur, mühərriklərin xarakterik uğultusu isə dəniz qoxusu, qağayıların səsi və təzə fokaççanın (lavaş) ətri kimi şəhərin ayrılmaz hissəsinə çevrilib.

 

Karuçi labirintlərində

Deyirlər ki, əsl Genuya geniş prospektlərdən və hətta məşhur köhnə limandan başlamır. Onun qəlbi karuçidə gizlənir: yerli sakinlər Avropanın ən böyük tarixi mərkəzlərindən birini təşkil edən sonsuz dar Orta əsr küçələri şəbəkəsinə belə deyirlər. Burada düz xətt üzrə hərəkət etmək mümkün deyil, xəritələr və naviqatorlar isə bəzən yararsız olur. Hətta genuyalılar zarafatla söyləyirlər ki, köhnə şəhərdə azmaq tamamilə normaldır.

Bəzi küçələr o qədər dardır ki, iki nəfər bir-birinin yanından güclə keçə bilir və hər iki tərəfdəki evlər, demək olar ki, yuxarıda birləşir və yalnız dar bir səma zolağı qalır. Günəş işığı buraya gündə cəmi bir neçə saat nüfuz edir, müasir İtaliyanın sanki orta əsrlərə yol verdiyi xüsusi bir atmosfer yaradır. Daş tağlar, köhnə lövhələr, evlər arasında asılmış paltar, kiçik meydanlar, artıq bir ailənin bir neçə nəslinin fokaçça bişirdiyi və ya ədviyyat satdığı dükanlar - bütün bunlar əsl Genuyadır.

Lakin karuçi yalnız romantika deyil. Əsrlər boyu bu məhəllələr dənizçilərin, tacirlərin, qaçaqmalçıların və macəraçıların dünyası olub. Meyxanalarda sövdələşmələr bağlanır, qaranlıq küçələrdə isə pul kisəsini itirmək asan idi. Liman həmişə yalnız tacirlər deyil, qanunun sərhədində yaşayan insanları da cəlb edirdi. XIX və XX əsrlərdə burada fahişəxanalar çiçəklənirdi, bəzi rayonlar isə olduqca şübhəli reputasiyaya malik idi. Yeri gəlmişkən, bu keçmişin əks-sədalarını bu gün də Genuyanın bəzi mərkəzi rayonlarında hiss edə bilərsiniz.

Son onilliklərdə tarixi mərkəz nəzərəçarpacaq dərəcədə dəyişib. Bir çox qədim evlər bərpa olunub, rahat barlar, restoranlar və sənət emalatxanaları yaranıb. Lakin Genuya hələ də ziddiyyətlər şəhəri olaraq qalır. Bir küçədə zərif kafe ilə rastlaşmaq, ondan təxminən 10 metr məsafədə isə tamamilə fərqli atmosferin hakim olduğu məhəlləyə düşmək olar. Məhz buna görə yerli sakinlər turistlərə köhnə şəhərdə gündüz və ya erkən axşam gəzməyi, gecənin gec saatlarında isə Banki meydanı, Pre küçəsi və bəzi qonşu məhəllələr ətrafındakı ən tənha küçələrdən yan keçməyi məsləhət görürlər.

Lakin məhz bu dolaşıq labirintlərdə qüsursuz bərpa edilmiş turistik mərkəzlərdə tapmağın mümkün olmadığı məqamlar gizlənir. Genuya öz tarixini gizlətmir, ideal görünməyə çalışmır və keçmişi teatr dekorasiyalarına çevirmir. Karuçi öz həyatı ilə yaşayır: səs-küylü, bir az xaotik və heyrətamiz dərəcədə həqiqi.

Burada deyirlər ki, Genuya ilə tanış olmağın ən yaxşı yolu marşrutları unutmaq və sadəcə özünə azmağa icazə verməkdir. Gec-tez saysız-hesabsız küçələrdən biri mütləq kiçik bir meydana, qədim kilsəyə, səs-küylü bazara və ya rahat trattoriyaya çıxaracaq. Orada isə bir çoxlarının niyə məhz köhnə şəhəri Genuyanın əsas xəzinəsi hesab etdikləri aydın olacaq.

Karuçi labirintlərindən əlavə, Genuya çox sayda klassik görməli yer də təklif edə bilər. Şəhərin simvolu dünyanın ən qədim fəaliyyət göstərən mayaklarından biri olan Lanterna hesab olunur. O, artıq təxminən min ildir limanın üzərində ucalır. Yenilənmiş köhnə limanda (Porto Antiko) gəzmək mütləq lazımdır, burada İtaliyanın ən böyük Genuya Akvariumu, həmçinin panoramik “Biqo” lifti yerləşir. Tarixi mərkəzin qəlbi isə məşhur fəvvarəsi ilə Ferrari meydanıdır, onun ətrafında dojlar sarayı və Karlo Feliçe opera teatrı yerləşir. Memarlıq incilər arasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm Palassi-dei-Rolli sarayları, həmçinin Kral sarayı və San-Lorenso kafedralı seçilir. Gözəl mənzərələri sevənlər Kastelletto təpəsinə qalxmalıdırlar, oradan Genuyanın ən yaxşı mənzərələrindən biri açılır, şəhəri dəniz tərəfdən görmək istəyənlər isə miniatür balıqçı kəndinə bənzəyən mənzərəli Bokkadasse məhəlləsinə getməlidirlər.

 

Kolumbdan Paqaniniyə qədər: dünyanı dəyişdirən iki dahi

Genuya dünyaya adlarını heç vaxt İtaliyada olmamış insanların belə tanıdığı şəxsiyyətlər bəxş edib. Biri bəşəriyyətin dünya haqqında təsəvvürünü, digəri isə musiqi dünyasını dəyişdirib.

Ümumqəbul edilmiş varianta görə, Xristofor Kolumb 1451-ci ildə Genuyada doğulub. Böyük dənizçi avropalılar üçün Yeni Dünyanı kəşf edən insan kimi tarixə əbədi olaraq daxil olub. Bu gün məşhur genuyalını Porta Soprana qapıları yaxınlığındakı miniatür ev-muzeyi, çoxsaylı abidələr və hətta əsrlər boyu dəniz və uzaq səyahətlərlə yaşamış şəhərin özünün ruhu xatırladır. Kolumbun təvazökar və hətta bir qədər gözdən kənar evi dünya xəritəsini dəyişdirmiş insanın şəxsiyyətinin miqyası ilə kəskin təzad təşkil edir. Şəhər böyük dənizçinin xatirəsini qoruyub saxlayır, baxmayaraq ki, onun mənşəyi haqqında mübahisələr bu günə qədər dayanmır. Lakin yerli sakinlər bu məsələni çoxdandır ki, öz bildikləri kimi həll ediblər: onlar üçün Kolumb genuyalı olub və genuyalı olaraq qalır.

Üç əsr sonra Genuya dünyaya daha bir dahini Nikkolo Paqanini bəxş edib. Skripkaçının inanılmaz ustalığı müasirlərini o qədər heyrətləndirirdi ki, bir çoxları ciddi şəkildə inanırdı ki, o, şeytanla sövdələşmə bağlayıb. Arıq, uzun barmaqları və demək olar ki, mistik baxışı olan Paqanini bu dünyadan olmayan bir insan kimi görünürdü. Onun ölümündən sonra kilsə uzun müddət musiqiçini dəfn etməkdən imtina edib və onun qalıqları onilliklər ərzində Avropanın müxtəlif şəhərlərinə aparılıb.

Genuyalılar təkrar etməyi sevirlər ki, Kolumb yeni dünya, Paqanini isə insan istedadının yeni imkanlarını kəşf edib. Aralarında yüzlərlə il olmasına baxmayaraq, hər ikisi heyrətamiz şəkildə doğma şəhərin xarakterini əks etdirir: müstəqil, bir az sirli və tamamilə başqalarına bənzəməyən.

 

Heyrətləndirən Genuya

Genuya sürprizlər təqdim etməyi bacaran şəhərlərdən biridir. Burada nə qədər çox vaxt keçirsəniz, bu şəhərin öyrəşdiyiniz İtaliyadan nə qədər fərqli olduğunu bir o qədər çox anlayacaqsınız.

Genuyanın tarixi mərkəzinin Avropanın ən böyük mərkəzlərindən biri hesab olunduğunu az adam bilir. Onun sahəsi yüz hektarı keçir, Orta əsr küçə və xiyabanlar şəbəkəsi isə o qədər dolaşıqdır ki, burada asanlıqla azmaq olar. Üstəlik, yerli sakinlər bu məsələdə narahat olmağa lüzum olmadığını düşünürlər - Genuyada azmaq yeni bir şey kəşf etmək deməkdir.

Daha bir heyrət düz küçələrə öyrəşmiş olanları gözləyir. Genuya sözün əsl mənasında təpələrə dırmaşır, buna görə də burada çoxdan qeyri-adi həll yolu tapılıb. Avtobuslar və metrodan əlavə, şəhər sakinləri hər gün ictimai liftlərdən, funikulyorlardan və hətta dişli dəmir yolundan istifadə edirlər. Genuyalılar üçün bu adi nəqliyyatdır, turistlər üçün isə şəhəri qeyri-adi bucaqdan görmək üçün daha bir imkandır.

Genuyalılar İtaliyada son dərəcə qənaətcil insanlar reputasiyasına malikdirlər. Liquriya sakinlərinin xəsisliyi haqqında lətifələrin sayına görə onlar məşhur şotlandiyalılarla rəqabət edə bilərlər. Deyirlər ki, əsl genuyalı bir avro qənaət etmək üçün bütöv bir saat sərf etməyə qadirdir. Əlbəttə, bunlar sadəcə xoşniyyətli zarafatlardır, lakin ağıllı qənaətə məhəbbət burada, həqiqətən, fəzilət sayılır.

Lakin Genuyanın əsas xüsusiyyəti başqa məqamla bağlıdır. Sanki şəhər öz sərvətini qəsdən nümayiş etdirməkdən çəkinir. Kənardan bir çox binalar heyrətamiz dərəcədə təvazökar görünür, ağır qapıların arxasında isə mərmər pilləkənləri, daxili bağları, freskaları və kral iqamətgahlarına layiq salonları olan möhtəşəm saraylar gizlənir. Genuyada heç vaxt zənginliyi yoldan keçənlərə nümayiş etdirmək qəbul edilməyib. Əsl dəbdəbə burada həmişə kənar gözlərdən gizlədilirdi.

Yəqin ki, səyahətçilər üçün xoş sürprizlərdən biri qiymətlərlə əlaqədardır. Roma, Milan, Venesiya və ya Florensiya ilə müqayisədə Genuya ölkənin ən əlçatan böyük şəhərlərindən biri olaraq qalır. Burada hotellər çox ucuz olmasa da, restoranların qiymətləri və gündəlik xərclər o qədər yüksək deyil. Demək, əsl İtaliya ilə büdcəyə ziyan vurmadan tanış olmaq olar.

 

Liquriya dadının qiyməti neçəyədir?

Genuyada yemək nə kult, nə də qastronomik şoudur, o, gündəlik həyatın bir hissəsidir. Burada insanlar tələsməyə öyrəşməyiblər, bir çox reseptlər isə əsrlər boyu, demək olar ki, dəyişməyib. Və səyahətçinin üzləşdiyi ilk şey - səhər tezdən bütün şəhəri bürüyən təzə fokaçça ətridir.

Genuyalılar üçün fokaçça sadəcə çörək deyil, demək olar ki, milli simvoldur. Onu səhər yeməyində yeyir, kapuççino ilə içirlər, işə özləri ilə götürürlər, məktəbdən sonra uşaqlara alırlar və naharda çörək əvəzinə süfrəyə qoyurlar. Ən sadə klassik fokaçça böyük bir tikə üçün 2-4 avroya başa gəlir, zeytun, soğan və ya pendirli variantların qiymətləri isə 4-7 avrodur. Liquriyanın xüsusi qüruru fokaçça di Rekko hesab olunur. Kafedə zərif ərimiş pendirlə nazik xəmirin bir porsiyası üçün 8-12 avro ödəmək lazım gələcək.

Lakin Genuyanın əsas qastronomik xəzinəsi - məşhur pesto sousudur. Məhz burada mağaza analoqlarının əksəriyyəti ilə heç bir ortaq cəhəti olmayan Pesto alla Genovese yaranıb. Əsl sous Liquriya reyhanından, şam qozu ləpəsindən, parmezan, pekorino pendiri, sarımsaq və ilk soyuq sıxım zeytun yağından hazırlanır. Ən yaxşı istehsalçılar hələ də inqrediyentləri mərmər həvəngdəstələrdə əzirlər.

Keyfiyyətli pestonun qiymətləri təəccübləndirə bilər. Təxminən, 90-100 qramlıq kiçik bir banka 6-10 avro arasında başa gəlir, tanınmış istehsalçıların və ya sənətkar dükanlarının məhsulları isə 12-18 avro ola bilər. DOP reyhanından və ən yaxşı pendirlərdən əl ilə hazırlanan bəzi növlər daha da bahadır. Buna görə yerli sakinlər zarafat edirlər ki, Genuyada yaxşı pesto, demək olar ki, bahalı ətir qədər qiymətləndirilir.

Ənənəvi olaraq pestonu trofe pastası ilə - Liquriyanın qastronomik simvolu sayılan qısa burulmuş makaronla təqdim edirlər. Adi trattoriyada bir boşqab pestolu pasta 12-16 avrodur, məşhur turistik müəssisələrdə isə qiymət 18-20 avroya çata bilər.

Mütləq dadmalı olan daha bir yemək - farinatadır. İlk baxışdan nazik blin və ya lavaşa bənzəyir, lakin noxud unundan və zeytun yağından hazırlanır. Sadəliyinə baxmayaraq, farinata Genuyanın əsas yeməklərindən biri sayılır. Bir porsiyası 5-8 avrodur.

Bu şəhər dəniz məhsulları həvəskarları üçün də sürprizlər hazırlayıb. Qızardılmış kalmar, ançous, səkkizayaqlı ilbiz, midyə və təzə balığa, demək olar ki, hər yerdə rast gəlinir. Aparmaq üçün böyük porsiya dəniz məhsullarını 10-15 avroya almaq olar, yaxşı bir restoranda bir qədəh şərabla dolu balıq yeməyi isə adambaşına 35-50 avroya başa gələcək.

Ayrıca diqqətəlayiq olan məkan isə Merkato Oriyentale bazarıdır. Burada genuyalıların özləri ərzaq alır. Təzə pendirlər, zeytun yağı, ədviyyatlar, tərəvəzlər və dəniz məhsulları turistik mağazalardan nəzərəçarpacaq dərəcədə ucuzdur. Burada, həmçinin bir şüşə yaxşı zeytun yağını 15-25 avroya, keyfiyyətli pesto bankalarını isə daha münasib qiymətlərlə almaq olar.

Yeri gəlmişkən, stereotiplərə zidd olaraq Genuya İtaliyanın ən əlçatan böyük şəhərlərindən biri olaraq qalır. Piştaxtada bir fincan espresso 1,3-1,8 avroya, kapuççino 2-3 avroya, bir stəkan yerli şərab 5-7 avroya başa gəlir, trattoriyada tam nahar isə adambaşına nadir hallarda 20-25 avronu keçir.

Məhz Genuyada xüsusilə yaxşı başa düşürsən ki, əsl İtaliya mətbəxi yüksək qastronomiya və ağ süfrə örtüklü restoranlar deyil, sadə məhsullar, zamanla sınaqdan keçmiş reseptlər və ən adi şeylərdən həzz almaqdır: hətta qonşu küçədəki kiçik çörəkxanadan alınmış isti fokaçça tikəsindən belə.

 

Bokkadasse: böyük şəhərin içindəki kiçik kənd

Ən gözəl açıqça üçün hara gedəcəyinizi Genuya sakinlərindən soruşsanız, çoxları dərhal Bokkadasse adını çəkəcək. Bu qədim balıqçı məhəlləsi buradan cəmi bir neçə kilometr aralıda yerləşən səs-küylü liman şəhərinə heç bənzəmir. Sanki kimsə Çinkue-Terredən bir parça diqqətlə kəsib birbaşa Genuyaya köçürüb.

Dar küçələr gözlənilmədən dənizin üzərindən sözün əsl mənasında asılan rəngarəng evlərlə əhatə olunmuş kiçik buxtaya çıxarır. Sahildə balıqçı qayıqları yırğalanır, səs-küylü sahil yolları əvəzinə isə burada heyrətamiz dərəcədə sakit ab-hava hökm sürür. Bokkadasseyə muzeylər və görməli yerlər xatirinə deyil, sadəcə dəniz kənarında oturmaq, dalğaların səsini dinləmək və bir neçə saat şəhər əngəlini unutmaq üçün gəlirlər.

Buraya ən yaxşısı axşama yaxın gəlməkdir. Günəş üfüqə enməyə başlayanda kiçik meydan və daşlı çimərlik tədricən yerli sakinlərlə dolur. Kimsə bir qədəh şərabla gəlir, kimsə bir paket təzə fokaçça ilə, kimsə isə sadəcə daşların üstünə oturub Liquriya dənizi üzərində gün batımını qarşılayır. Buradakı atmosfer o qədər sərbəstdir ki, sanki zaman daha yavaş axır.

Bokkadasse kiçik qastronomik ləzzətlərə icazə verməyin xüsusilə xoş olduğu yerlərdən biridir. Yerli celateryalarda bir top dondurma təxminən 3-4 avro, özünüzlə aparmaq üçün bir porsiya dəniz məhsulları 12-15 avro, bir fincan qəhvə isə 2-3 avroya başa gəlir. Barda bir stəkan yerli ağ şərab üçün 6-8 avro, buxtaya mənzərəsi olan restoranda şam yeməyi üçün isə adam başına təxminən 35-50 avro ödəmək lazım gələcək.

Populyarlığına baxmayaraq, Bokkadasse sadəliyini qoruyub saxlaya bilib. Burada hələ də “torlar qurudulur”, balıqçılar ovla qayıdır, yaşlı genuyalılar isə dəniz kənarındakı skamyalarda oturub xəbərləri müzakirə edirlər. Və məhz bu, məhəlləni xüsusi edir. Hər şeyin çoxdan turistlərə tabe edildiyi qlamur Portofinodan fərqli olaraq, Bokkadasse özününkülər üçün yer olaraq qalır.

Yeri gəlmişkən, buraya gəlmək çox asandır. Genuyanın mərkəzindən avtobusla təxminən 20-30 dəqiqəyə çatmaq və ya Korso İtaliya sahil yolu boyunca dəniz kənarında gəzmək olar. Bu gəzinti şəhərdəki ən xoş gəzintilərdən biri hesab olunur: xüsusilə axşam, hava sərinləşəndə və dəniz qızılı və çəhrayı çalarlara boyananda.

Bir çox səyahətçilər etiraf edirlər ki, məhz Bokkadasse onların Genuyada ən sevimli yerinə çevrilir. Burada məşhur kafedrallar, möhtəşəm saraylar və ya böyük muzeylər yoxdur. Əvəzində bələdçilərlə ölçmək mümkün olmayan bir məsələ var: əsl Liquriya hissi, sakit, tələsməyən və heyrətamiz dərəcədə gözəl.

Beləliklə, Genuya açıqçaya bənzəmir və ilk dəqiqələrdən təsir yaratmağa çalışmır. O, səs-küylü və bir az xaotikdir, bəzi yerlərdə sərt və heç də ideal deyil. Amma onun cazibəsi məhz bundadır. Köhnə evlərin fasadlarının arxasında burada saraylar gizlənir, dar karuçinin növbəti döngəsindən rahat meydanlar açılır, İtaliyanın ən böyük limanının səs-küyü isə heyrətamiz şəkildə balıqçı Bokkadassesinin sakitliyi və təzə fokaçça ətri ilə uyğunlaşır.

Bəlkə də məhz buna görə Genuya bir günlük şəhərə çevrilmir. Buraya Roma və ya Florensiya kimi həftəsonu ərzində getməyə çalışmırlar. Genuyanı tədricən kəşf edirlər və bura yenidən qayıdırlar. Və bu şəhəri nə qədər çox tanıyırsan, bir o qədər yaxşı başa düşürsən: bəzi yerlər hamının xoşuna gəlməyə çalışmır. Onlar sadəcə özləri olaraq qalırlar. Və məhz buna görə də əbədi yadda qalırlar.



MƏSLƏHƏT GÖR:

101