23 Sentyabr 2026

Çərşənbə, 18:31

QILINCLARI YIXAN SÜKUT...

Nuraniyə (Tofiqəxanım Qasımovaya) ithaf

Müəllif:

01.09.2026

Exo qəzetində işləməyə başladığım zaman, hələ tamamilə təcrübəsiz bir jurnalist kimi, belə bir nəhəng şəxsiyyətlə eyni havanı udmaq, onunla eyni məkanda çalışmaq imkanının özü mənə taleyin inanılmaz bir hədiyyəsi kimi görünürdü. Bu, sadəcə peşə yolumun başlanğıcı deyildi, həm də milli analitikanın canlı əfsanəsinə toxunmaq idi.

İlk görüşümüzədək Nurani haqqında nə bilirdim? 1990-2000-ci illərin peşəkar jurnalistika məkanında onun adı Azərbaycanın barışmaz intellektual müdafiəsi ilə sinonimə çoxdançevrilmişdi. Ermənistan-Azərbaycan münaqişəsinin qızğınçağında onun kəskin, akademik dəqiqliklə hazırlanmış və məntiq baxımından amansız məqalələri düşmənə istənilən artilleriya atəşindən daha dəqiq zərbə vururdu. Jurnalist dairələrində sərhədin o tayındakı opponentlərin onun iti qələmindən necə təşvişə düşdükləri barədə hekayələr ağızdan-ağıza dolaşırdı. Nuraninin analitik yazıları qarşı tərəfdə o qədər dərin qəzəb doğururdu ki, hətta onun başına az qala açıq şəkildə mükafat qoyulduğu da deyilirdi. O, qarşı tərəf üçün sadəcə siyasi şərhçi deyildi, bütöv bir ideoloji cəbhə idi.

Onun analitik yazılarını nəfəs dərmədən, böyük maraqla oxuyurdum. Nurani təsəvvürümdə ciddi, monumental görkəmli, sərt baxışlı yaşlı bir qadın kimi canlanırdı. “Exo”nun redaksiyasında xəbər otağına keçib ətrafında sanki bütün məkanın donduğu zərif, gənc və inanılmaz dərəcədə sakit bir qadın görəndə heyrətim son dərəcə böyük oldu. Ondan heyrətamiz, az qala müqəddəs bir sükut yayılırdı.

Onun həyat yolu ilə bağlı öyrəndiklərim isə daha böyük bir kəşf idi. Tofiqəxanım Qasımova məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Tibb Universitetində təhsilini fərqlənmə ilə başa vuraraq həkim diplomu almışdı. Lakin 1992-ci ildə, ölkənin taleyinin bir dövrün dönüş nöqtəsində həll olunduğu vaxt, o, seçimini şüurlu şəkildə jurnalistikanın xeyrinə etmişdi. Əvvəlcə “Yurddaş” və “Ayna”-“Zerkalo” nəşrlərində, daha sonra “Exo” qəzetinin Beynəlxalq aləm şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdi. Bununla belə, o, ömürlük həkim olaraq qalmışdı: məqalələri cərrahi dəqiqliklə “əməliyyat edirdi”.

O, sakit səslə danışırdı. Qlobal geosiyasətdən bəhs edərkən sözlərini o qədər təmkinlə söyləyirdi ki, bütün otaq istər-istəməz susurdu. Onun ən kiçik fikrini belə, qaçırmaqdan qorxaraq həmişə diqqətlə dinləmək istəyirdin. Anası həmişə onun yanında idi – nurlu, mənəvi ucalığı və sarsılmaz cəsarəti ilə seçilən Dilbər xanım Axundzadə. Əfsanəvi alim-seleksiyaçı Tofiq Axundzadənin qızı. O, Tata(yaxınları Nuranini belə çağırırdılar) üçün sadəcə ana deyil, həm də silahdaş idi, qoruyucu idi. Onlar vahid və bölünməz bir kainat kimi yaşayırdılar.

Biz heyrətamiz təfərrüatları məhz Dilbər xanımdan öyrənmişdik: Tofiqənin gəncliyi, ananın qızı ilə duyduğu sonsuz qürur, balaca Tofiqəni fundamental kitablardan ayırmağın mümkünsüzlüyü, həyatda sakit olan bir qadının kağız üzərində nə üçün Nurani nur, işıq adını qəbul etməsi, öz xalqının sarsılmaz qalxanına çevrilməsi və s. barədə.

Uşaqlıqda Tofiqə valideynləri ilə birlikdə Təbrizdə istirahət edirmiş. Onlar yerli dükanlardan birinə daxil olduqda oranın yaşlı sahibi balaca qıza misilsiz məhəbbətlə baxaraq Azərbaycan dilində sakitcədeyir: Nə nurani qızdır… Nə işıqlı, nurlu qızdır…”. Bu isti söz – “Nurani” onun qəlbinə həkk olunur və illər sonra Tofiqə xanım yaradıcılıq təxəllüsü kimi məhz bu adı seçir. Bəli, o, Azərbaycan mətbuatının tarixinə bu adla daxil olur. Oxucular onu bu təxəllüslə oxuyur, bu təxəllüsdən sitat gətirir, Nuraninin doğma ölkəsinin düşmənləri isə bu ada ehtiramla yanaşı, qorxu da duyurlar.

Həyatda yaxınları və anası üçün o, sakit “nurlu qız” olaraq qalırdısa, kağız üzərində onun nuru həqiqətin qorxunc qılıncına çevrilirdi. Nəhəng statusuna – Azərbaycanın Əməkdar jurnalisti, fikirləri ən yüksək səviyyələrdə nəzərə alınan aparıcı şərhçi olmasına baxmayaraq “Tata” böyük peşəkarlara xas snobizmdən tamamilə məhrum idi.

O, canlı ensiklopediya idi. İndiki dövrdə istənilən tarixi və ya siyasi faktı süni intellektin köməyi ilə axtarmaq adət halı alıb. O vaxt isə redaksiyanın qaynayan xəbər otaqlarında ən mürəkkəb sualı ucadan səsləndirmək kifayət idi və “Tata” nəzərini kompüterin monitorundan ayırmadan, növbəti təcili material üzərində işini dayandırmadan, zərgər dəqiqliyi və incəliyi ilə hərtərəfli məlumat verirdi. Sakit, təmkinli səslə. Amma onu bütün zal eşidirdi...

“Exo” qəzetinin qurucularının əsas özəyinin, onun təməlini qoymuş, mətbuatımız üçün ən yüksək standartları müəyyən edən ustadların bir-birinin ardınca bu dünyadan köçdüyünü görmək ağırdır. “Exo”nun ilhamvericisi və baş redaktoru Rauf Talışinski getdi, Dilbər xanım Axundzadə, Nairə Əliyeva, Samir Əliyev aramızda yoxdur… İndi bu cərgəyə Tofiqə Qasımova da qoşuldu. Bu adları xatırlayarkən istər-istəməz düşünürsən: əgər bizim dünyəvi varlığımızın hüdudlarından kənar haradasa ideal bir redaksiya otağı mövcuddursa, bu yolu başladanlar bu gün orada yenidən bir araya gəliblər. Onlar yenə mübahisə edir, həqiqət axtarır və növbəti təzə nömrəni dizayn edirlər – mediadakı bütün həyatları kimi, qüsursuz!

Nurani üçün jurnalistika heç vaxt sadəcə bir sənət olmayıb. Bu, onun anasına olan müqəddəs sevgisi ilə bərabər missiyası, xidməti, mövcudluğunun mənası idi. İki il əvvəl Dilbər xanım dünyasını dəyişdikdə onunla birlikdə çalışan, artıq redaktor, peşəkar jurnalist olan hamı anlayırdı ki, “Tata” burada uzun müddət tək qala bilməyəcək. Onların ruhlarını bir-birinə bağlayan bu bağ çox incə idi...

Nurani ağır xəstəliyə rəğmən, ömrünün son günlərinədək yazmağa, “Minval.az” saytında işləməyə davam etdi. O, bu dünyadan olmayan insan idi – həddindən artıq saf, dünyanın təlaşına yad. O, bir dövr idi.

İndi Nuraninin bu dünyadakı yolu başa çatdıqda, bizə yalnız onun işıqlı xatirəsi, möhtəşəm irsi qalır. Əlvida, əziz “Tata”. Sənin səsin Azərbaycan mətbuatının tarixində ən gur və ən dürüst səs kimi əbədi qalacaq. Biz inanırıq və bilirik: belə nurlu ruhlar yalnız Cənnətdə rahatlıq tapır, onlar həyatlarından çox sevdikləri insanlarla yenidən qovuşurlar.

Allah rəhmət eləsin! Ruhun şad olsun!



MƏSLƏHƏT GÖR:

38