13 Oktyabr 2026

Çərşənbə axşamı, 20:32

MARŞRUT YENİDƏN QURULUB

Yeni dövlət proqramı turizmin inkişafına və Azərbaycanın dünya bazarında tanıdılmasına yanaşmaları dəyişir

Müəllif:

01.09.2026

Postpandemiya dövründə (2022-2024-cü illər) Azərbaycanın rekreasiya sektoru böhrandan əvvəlki göstəriciləri 80%-dən çox bərpa edə bilib. Bu artımın hərəkətverici qüvvəsi gəlmə (incoming) istiqamət olub: turizm məhsulları və yeni istiqamətlər Fars körfəzi, Mərkəzi və Cənubi Asiya ölkələrində, Çində, Avropada, Rusiyada və s. keçirilən ixtisaslaşdırılmış sərgi və forumlarda fəal şəkildə təbliğ olunurdu.

Lakin keçən il gəlmə sektorda azalma müşahidə olunub, 2026-cı ilin yanvar-iyul aylarında isə 9,2%-lik geriləmə qeydə alınıb.

Bununla əlaqədar ətalətin aradan qaldırılması və sahənin inkişafının sürətləndirilməsi üçün “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib və avqustun 20-də Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin məqsədi perspektivli destinasiyaların tətbiqi, nəqliyyat əlaqəliliyinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması, turizm infrastrukturunun inkişafıdır.

 

Artım modeli

Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi dəyişikliklər, həmçinin iqlim neqativi Azərbaycanın turizm sektorunda islahatlar aparılması zərurətini yaradır. Siyasi problemlərlə bağlı bir sıra səbəblərə görə 2025-ci ildə rusiyalı və hindistanlı turistlərin səfərlərində ciddi azalma müşahidə olunub. Bir sıra postsovet ölkələrindən, həmçinin münaqişələrin aviareyslərinin gecikmələrinə səbəb olduğu və səyahətləri çətinləşdirdiyi Yaxın Şərq dövlətlərindən gələn səyahətçilərin sayı da azalıb. Bununla yanaşı, yüksək inflyasiya, resessiya əlamətləri, əsas isə aviayanacağa qiymətlərin misli görünməmiş artımı müşahidə olunur. Bütün bunlar aviabiletlərin qlobal miqyasda bahalaşmasına gətirib çıxarıb və ölkələrin əksəriyyətində turizmin inkişafını ciddi şəkildə ləngidib.

Son illər ərzində Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun səyləri qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə və sahəvi ətalətin aradan qaldırılmasına yönəlib. Bu fəaliyyət yerli rekreasiya sahəsinin inkişafına düzəlişlərin edilməsini, turizm məhsullarının tətbiqini, hotel və digər turizm obyektlərinin sertifikatlaşdırılmasını və ulduz dərəcəsinin verilməsini nəzərdə tuturdu.

Bununla belə, sektorun inkişafı, hələ ki, mövcud potensiala tam uyğun deyil. Məsələn, Azərbaycanda gəlmə seqmentin sərnişin nəqliyyatının işi ilə daha çevik əlaqələndirilməsinə tələbat var. Eyni zamanda regionlardakı vəziyyətə daha çox diqqət yetirmək lazımdır, çünki burada çox vaxt bahalı hotel xidmətləri və ictimai iaşə aşağı səviyyəli servis və əyləncə xidmətləri ilə müşayiət olunur.

Sadalanan problemlərin həlli yeni dövlət proqramında ətraflı şəkildə təsvir edilib. Onun preambulasında qeyd olunur ki, islahatların əsas məqsədləri turizmin ölkənin sosial-iqtisadi inkişafında və qeyri-xammal iqtisadiyyatının diversifikasiyasında rolunun gücləndirilməsi, regionların rəqabət qabiliyyətliliyinin artırılması və Azərbaycanın beynəlxalq turizm istiqaməti kimi mövqelərinin möhkəmləndirilməsidir. Hökumətin qiymətləndirmələrinə görə, bu vəzifələrin yerinə yetirilməsi 2030-cu ilə qədər turizm üçün xarakterik olan sahələrdə əlavə dəyərin 40% real artımını təmin etməlidir. Sənədə əsasən, 2027-ci ildə sektorda 8,5 milyard manat həcmində əlavə dəyərin formalaşdırılması, 2030-cu ilə qədər isə bu göstəricinin 12,2 milyard manata çatdırılması nəzərdə tutulur.

Qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə yanaşma kompleksdir. Bu, qanunvericiliyin və inzibati mexanizmlərin optimallaşdırılması, gəlmə turizm seqmentində bazar iştirakçılarının həvəsləndirilməsi üçün stimullar sisteminin yaradılması, investisiyaların cəlb edilməsi və yeni inklüziv istiqamətlərin inkişafı zamanı beynəlxalq təcrübədən istifadə edilməsidir.

Dövlət proqramının həyata keçirilməsi nəticəsində turizm sektorunun regional və qlobal rəqabətqabiliyyətliliyi güclənməli və yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid paketdə birləşdirildiyi istiqamətlər formalaşmalıdır.

Turizm sektorunun spesifikasını nəzərə alaraq bu sahədə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi üçün addımlar da müəyyən edilib. Bunun üçün maraqlı tərəflərin iştirakı ilə turizmin idarə edilməsinin vahid və əlaqələndirilmiş modeli formalaşdırılacaq ki, bu da milli və regional səviyyələrdə lazımi strateji planlaşdırma və institusionallaşdırmanı təmin edəcək.

Bu proqramın mühüm elementi dövlət dəstəyi olacaq. Ölkəyə xarici turistlərin cəlb edilməsinə görə turizm operatorlara subsidiyaların verilməsi nəzərdə tutulur. Çarter aviareyslərinin, həmçinin hədəf turizm bazarlarında əlavə müntəzəm reyslərin təşkilatçılarının xərclərinin kompensasiyası üçün subsidiya mexanizmləri işə salınacaq. Xərclərin bir hissəsinin kompensasiyası turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsertlərin və əyləncə proqramlarının təşkilatçıları üçün də əlçatan olacaq. Yerləşmə infrastrukturuna investisiya yatıran investorlar və bu sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün də dəstək nəzərdə tutulur. Nəhayət, dövlət dəstəyi ilə turizm layihələrinə investisiya cəlb etmə mexanizmi tətbiq ediləcək.

 

Əlçatanlığa “stavka”

Dövlət proqramının çoxsaylı bəndləri konkret turizm istiqamətlərinin inkişafına, normativ-hüquqi bazanın islahatlarına, investisiya fəallığını həvəsləndirən və özəl sektor subyektlərinə güzəştlər verən yeni qanunvericilik mexanizmlərinin tətbiqinə həsr olunub.

Məlumdur ki, istirahət üçün ölkə seçərkən xarici turistlər, bir qayda olaraq, Azərbaycana xeyli baha başa gələn aviabiletin dəyərinə diqqət yetirirlər. “Turizmin inkişafında aviasiya əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır: turizm istiqamətlərinin inkişafı yeni hava marşrutlarının açılması üçün aviasiya sənayesi ilə sıx əməkdaşlıq müşayiət olunmalıdır”, - iyul ayında keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” forumunda Dünya Bankının özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Şon Mann bildirib.

Təəccüblü deyil ki, təsdiq olunmuş sənəddə ən mühüm bəndlər arasında xarici ölkələrlə birbaşa aviareyslər coğrafiyasının genişləndirilməsi və uçuş tezliyinin artırılması yer alır. Aviabilet qiymətlərinin əlçatanlığının artırılması, regional hava limanlarının potensialından daha tam istifadə olunması, yeni beynəlxalq reyslərin açılması və büdcəli aviakompaniyaların - loukostların cəlb edilməsi nəzərdə tutulur. 2030-cu ilin sonuna qədər Azərbaycan azı dörd yeni hədəf turizm istiqaməti üzrə aviareyslər açmağı və mövcud marşrutların intensivliyini 20% artırmağı planlaşdırır.

Dövlət proqramının daha bir vektoru turizm və aviasiya sektorları, həmçinin viza mexanizmləri arasında əlaqəliliyin gücləndirilməsidir. Birgünlük, birhəftəlik və biraylıq dəmir yolu bilet paketlərinin yaradılması, həmçinin müxtəlif populyar marşrutlar üzrə endirimli biletlərin satışı nəzərdə tutulur. Dəmir yolu biletlərinin satışı Qlobal Distribütor Sisteminə inteqrasiya olunacaq. Naxçıvan Muxtar Respublikasına səfərlərin təşkilinin yaxşılaşdırılması üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi şərtlərinin müəyyən edilməsi nəzərdə tutulur. Bundan əlavə, tur paketlərinin satışı zamanı bu reysə biletlərin bronlaşdırılmasına imkan verən model işlənib hazırlanacaq. Bu vəzifələrin tezliklə həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təklifləri qısa müddətdə hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Vizasız rejim tətbiq olunan ölkələrin sayının artırılması, xarici qonaqların cəlb edilməsinin sadələşdirilməsi üçün prosedurların daha da yumşaldılması sahəsində də yeniliklər təklif olunub. Belə ki, “rəqəmsal səyahətçi” viza alt növünün təsis edilməsi, 34 hədəf turizm ölkəsinin vətəndaşlarına ümumvətəndaş pasportu əsasında vizasız hərəkət rejiminin tətbiq edilməsi, çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi nəzərdə tutulur.

 

Cəlbedici məqamlar

Yeni destinasiyaların inkişafı və mövcud olanların təkmilləşdirilməsi prioritetlər sırasındadır. Xüsusilə, üç yeni turizm və rekreasiya zonasının yaradılması, onların ərazisində azı üç turizm mərkəzinin açılması və inkişaf baş planlarının hazırlanması nəzərdə tutulur. Bundan əlavə, səkkiz mədəni turizm məhsulunun işlənib hazırlanması, dörd yerli və bir beynəlxalq tanıtım tədbirinin (festivallar və s.) keçirilməsi, dövlət qoruqlarında abidələrin bərpası və infrastruktur işləri gözlənilir. Ən mühüm vektor - sağlamlıq turizmi üzrə strategiya və fəaliyyət planının hazırlanması, tibbi turizmdə səhiyyə qurumlarının akkreditasiyasına dair normativ-hüquqi aktların təkmilləşdirilməsi, tibbi turizm xidmətləri göstərən azı beş müəssisənin beynəlxalq akkreditasiya prosesinə cəlb edilməsi, həmçinin sağlamlıq turizmi üzrə hər il konfransın keçirilməsidir. Dövlət proqramında ayrıca bənd Naftalan şəhərində balneoloji turizmin inkişaf perspektivlərinə həsr olunub.

Həmçinin “Turizm kəndi” konsepsiyası üçün normativ-hüquqi bazanın formalaşdırılması və yüksək potensiala malik kəndlərdə müvafiq infrastrukturun yaxşılaşdırılması planlaşdırılır. Dövlət qoruqlarında (abidə ərazilərində) və təbii ərazilərdə, o cümlədən milli parklarda və s. dayanıqlı turizmin təşkili nəzərdə tutulur. Ölkədə aktiv istirahət növlərinin inkişafı üçün dağ və macəra turizmi sahəsində peşəkar bələdçi və təhlükəsizlik sistemi yaradılacaq.

 

Azərbaycanda, həmçinin Bayıl kulinariya praktik təcrübə mərkəzi və şərab zavodu ilə üzüm bağlarının ziyarətini əhatə edən Tuğ enoturizm mərkəzi yaradılacaq. Proqramın məqsədləri arasında azı bir beynəlxalq qastronomik tədbirinin təşkili, seçilmiş qastronomik regionlarda beş festivalın və beynəlxalq səviyyədə dörd açıq çempionatın keçirilməsi yer alır.

Gəlmə sektorun optimallaşdırılması üçün dövlət proqramı ilə Turizm İnformasiya Sisteminin yaradılması və inkişafı, həmçinin “Azerbaijan.travel” rəqəmsal platformasının təkmilləşdirilməsi və inkişafı nəzərdə tutulur. Hava, dəmir yolu, şəhərlərarası avtobus, şəhər ictimai nəqliyyatı və metro ilə müntəzəm daşımaların dayanacaqları, marşrutları, hərəkət cədvəli və digər parametrləri barədə rəqəmsal məlumat hazırlanacaq. Turizmin nümayiş obyektlərinin siyahısının yaradılması nəzərdə tutulur ki, onlar üçün beş xarici dildə mətnlər rəqəmsallaşdırılacaq, audiobələdçilər hazırlanacaq və QR kodlar və digər rəqəmsal alətlər vasitəsilə onların işə salınması təmin ediləcək.

Son nəticədə yeni dövlət proqramının nəticəliliyi elan olunmuş təşəbbüslərin miqyası ilə deyil, onların praktiki həyata keçirilməsinin effektivliyi ilə müəyyən olunacaq. Əgər özəl sektora dəstək və yeni destinasiyaların tanıdılması üçün nəzərdə tutulan mexanizmlər tam gücü ilə işləyərsə, turizm nəinki itirilmiş tempini bərpa edə, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatına töhfəsini nəzərəçarpacaq dərəcədə artıra biləcək. Bununla da, 2030-cu ilə qədər söhbət artıq ayrı-ayrı turizm bazarlarındakı dalğalanmalardan və xarici konyunkturdan daha az asılı olan, daha dayanıqlı sahə modelinin formalaşdırılmasından gedir.


MƏSLƏHƏT GÖR:

54