23 Sentyabr 2026

Çərşənbə, 18:31

DÖRDÜNCÜ RESPUBLİKAYA DOĞRU

Paşinyan hökuməti ilə Ermənistan müxalifəti arasında mübarizə getdikcə daha da sərtləşir

Müəllif:

01.09.2026

Təxminən üç ay əvvəl parlament seçkisinin keçirildiyi Ermənistanda siyasi proseslər növbəti “qızğın payız” mərhələsinə daxil olur. Bir tərəfdən hökumətin elan etdiyi kimi, “Üçüncü respublika” dövrünün sona çatması, digər tərəfdən isəAzərbaycan-Ermənistan münasibələrinin nizamlanması prosesinin həlledici mərhələyə daxil olması (əsas mövzu məhz budur) fonunda yaşananlar xüsusilə diqqət çəkir.

 

Sabiqlərməsuliyyətə cəlb olunurlar

Ermənistanda siyasi həyatın konturlarının müəyyənləşməsi baxımından avqust çox zəngin ay olub. Yeni çağırış parlament fəaliyyətə başlayıb, yeni hökumətformalaşdı. Seçkinin nəticələrinə görə hakim “Vətəndaş müqaviləsi” parlamentdə konstitusion çoxluğu qazana bilməsə də, hökumət yenə də birpartiyalı olaraq qalıb və ona yenə də Nikol Paşinyan rəhbərlik edir. Bununla yanaşı, keçmiş və indikihakimiyyətlər arasında barışmaz qarşıdurma, siyasi mübarizə getdikcə daha sərt xarakter alır.

Vəzifə səlahiyyətlərindən sui-istifadədə, rüşvət almaqda və xüsusilə külli miqdarda “çirkli pulun yuyulmasında” ittiham olunan keçmiş prezident Robert Koçaryanın məsuliyyətə cəlb edilməsi bu mənada diqqətəlayiqdir. Məhkəmə Koçaryanın, həmçinin onun oğlu Sedrakın iki aylıq müddətə həbs edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, bu, “Vətəndaş müqaviləsi”nin hakimiyyəti dövründə Koçaryanın ilk həbsi deyil.

Digər sabiq dövlət başçısı Serj Sarqsyan da bu iş üzrə təqsirləndirilən şəxslər siyahısındadır. Lakin Ermənistanda 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra dəfələrlə cinayət məsuliyyətinə cəlblə bağlı adı hallanan Sarqsyan barəsində hələlik sadəcə ölkəni tərk etməmək haqqında iltizam tədbiri seçilib.

Yaşananlar fonunda Baş nazir Paşinyan qanunsuz əldə edilmiş bütün əmlakın, xüsusilə Koçaryanlar ailəsinin əmlakının dövlətə qaytarılması məsələsini gündəmə gətirir. “Qanunsuz əldə edilmiş hər şey, addım-addım, son qəpiyə, sentə, avrosentə, hər bir kababa qədər Ermənistan Respublikasına və onun xalqına qaytarılmalıdır, başqa variant yoxdur”, - deyə hökumət başçısı bildirib. O, Koçaryan və Qagik Sarukyan kimi şəxslərin yalnız qanuni gəlirləri və pensiyaları hesabına yaşamalı olduqlarını söyləyib.

Yeri gəlmişkən, diqqət mərkəzində olan daha bir şəxs Sarukyandır. Ölkədə səs-küylü cinayətlər törətməkdə ittiham olunan, eyni zamanda hazırkı hakimiyyətin əsas siyasi rəqibləri kimi çıxış edən şəxslərin cinayət təqibi məhz bu oliqarxın həbsi ilə geniş vüsət alıb. Paşinyan müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasına rəhbərlik edən Sarukyanı əmlakından məhrum etməklə hələ may ayında, seçki kampaniyasının qızğın çağında hədələmişdi. Bu partiya parlamentə düşmək üçün minimal baryeri aşa bilməyib. Amma seçkidən qısa müddət sonra onun liderini daha böyük uğursuzluq gözləyirmiş. İyulun əvvəlində Sarukyanın malikanəsində və müəssisələrində axtarışlar aparılıb və ardınca o, həbs edilib.

Barəsində cinayət işi açılmış və ya istintaqa cəlb olunmuş müxalifətçi siyasətçilər arasında “Daşnaksütyun” partiyasının lideri İşxan Saqatelyan, “Ayakve” platformasının koordinatoru Avetik Çalabyan və “Güclü Ermənistan” partiyasından seçilmiş deputat Narek Karapetyan da var. Sonuncu “Güclü Ermənistan”ın lideri, erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğludur. Yeri gəlmişkən, Samvel Karapetyan hələ seçkidən xeyli əvvəl ev dustağı edilib.

Nəhayət, erməni hakimiyyətləri ilə katolikosat arasındakı qarşıdurma dayanmır. Katolikos Qaregin II və onun ən yaxın ətrafından daha altı nəfərə (yepiskoplara və arxiyepiskoplara) qarşı açılmış cinayət işləri, xüsusilə erməni baş keşişinin əleyhdarlarına qarşı kilsədaxili təqibləri əhatə edir.

Ermənistanda gedən siyasi prosesdə hüquq-mühafizə və antikorrupsiya istiqaməti açıq şəkildə ifadə olunsa da, aydındır ki, yaşananlar sadəcə hakimiyyət uğrunda mübarizənin ayrı-ayrı epizodları deyil. Onlar Ermənistan dövlətinin gələcəyini də müəyyən edəcək. Bu gələcək isə ilk növbədə, Azərbaycanla sülhdən asılıdır. Sülhə və sülh prosesinə qarşı çıxanlar məhz hazırkı hökumətin siyasi rəqibləridir. Söhbət keçmiş prezidentlərin ətrafında qruplaşmış və erməni kilsəsinin (anti-Azərbaycan və türkfob fəaliyyətin ənənəvi “beyni”) ilham verdiyi, yeni “qəhrəmanlıq”lara hazırlaşan qüvvələrdən gedir.

 

Sülh xilas şansı kimi

Yeri gəlmişkən, 2026-cı ilin avqustu Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində mühüm hadisələrlə yadda qalıb.Bunlardan biri əlamətdar tarixin ildönümü olub. Söhbət Vaşinqton sammitində Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflandığı gündən gedir. Həmin gün – avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıblar. Danışıqlar zamanı amerikalı liderin sülh prosesinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Bundan başqa, Paşinyan Azərbaycan Prezidentinə də zəng edib. Bu, tərəflərin dayanıqlı sülhün bərqərar edilməsinə sadiqliyi bir daha təsdiqləyir. Bütün bunlar regionda postmünaqişə dövrünün başladığının ciddi göstəriciləridir.

Bu da son deyil. Vaşinqton sammitinin birinci ildönümü münasibətilə Azərbaycan, Ermənistan və ABŞ birgə bəyanat yayıb. Onilliklərlə davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqaz üçün daha firavan gələcək yolu açmış əsas üzərində işi davam etdirmək əzminin ifadə olunduğu bəyanatda tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ermənistan və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini təsdiqləyiblər. Sənəddə xüsusilə qeyd olunub ki, Ermənistan və Azərbaycan etimadın möhkəmləndirilməsi, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və uzunmüddətli sabitliyin təmini istiqamətində konkret addımlar atırlar.

Ümumilikdə, istər Azərbaycanla Ermənistan, istərsə də bu iki dövlət arasında prinsipial əhəmiyyət daşıyan razılaşmaların əldə olunmasına yardım göstərmiş ABŞ ötən il ərzində regionda sülh və sabitliyin təmin edilməsinə nail olunduğu fikrindədirlər. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin qurulması, xüsusilə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, habelə oraya Azərbaycan ərazisindən tranzit yüklərin daşınması da buna sübutdur. Eyni zamanda Azərbaycanın əsas ərazisini Ermənistan üzərindən Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan TRIPP marşrutunun açılması istiqamətində də praktiki addımlar atılır.

Sülh prosesinin bütün bu aşkar uğurları fonunda Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlığın əsasını təşkil etməli olan dövlətlərarası müqavilənin imzalanması yolunda yeganə maneə indi daha da qabarıq görünür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri İnyatsio Kassis ilə avqustun əvvəlində Bakıda keçirdiyi görüşdə Bakının sülh sazişinin imzalanması ilə bağlı mövqeyinin açıq olduğunu və dəyişmədiyini bildirib. Sülh prosesinin bundan sonra daha da irəli aparılması Ermənistanın atmalı olduğu addımlardan asılıdır. Şübhəsiz ki, söhbət Azərbaycanın ərazi bütövlüyünə qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir.

Görünən odur ki, Ermənistan hökuməti bu problemi yaxın vaxtlarda aradan qaldırmaq niyyətindədir. Hər halda, Paşinyan son vaxtlar davamlı olaraq konstitusiya islahatları hazırlığından, xüsusilə orada “Ermənistanın müstəqilliyi haqqında Bəyannamə”yə istinadın olmayacağından danışır. Bu, dövlətlərarası sülh müqaviləsinin bağlanması yolunda Azərbaycanın tələbinə tam uyğundur. Məsələ ondadır ki, həmin sənəddə qeyd olunan “ümummilli məqsədlər” Azərbaycanın ərazisinin bir hissəsinin ilhaqını nəzərdə tutur.

Lakin artıq qeyd olunduğu kimi, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası son seçkidə parlamentdə konstitusion çoxluğu əldə edə bilməyib. Odur ki, indi yeni Konstitusiya layihəsinin ali qanunverici orqandan kənar, alternativ yollarla referenduma çıxarılması imkanları nəzərdən keçirilir. Ermənistan mediasının məlumatına görə, mümkün variantlar sırasında 300 min vətəndaş imzasının toplanması da var. Bu, yeni konstitusiya layihəsinin avtomatik olaraq referenduma çıxarılmasına imkan verəcək.

Bu arada, ölkədə gözlənilən konstitusiya islahatı Paşinyan hökumətinin elan etdiyi “Üçüncü respublikanın ideologiyasından imtina” siyasətinə də tam uyğundur. Baş nazir bildirib ki, “Ermənistan əsasını “Real Ermənistan” konsepsiyası və regional sülh məntiqinin təşkil etdiyi yeni tarixi mərhələyə qədəm qoyur”. Hökumətin 2026-2031-ci illər nəzərdə tutulmuş yeni proqramı da buna uyğundur. Proqram Ermənistanın “Dördüncü respublika mərhələsi”nə daxil olmasını hədəfləyir. Paşinyanın bəyanatlarından isə belə məlum olur ki, “Dördüncü respublika” “Qarabağ hərəkatı”ndan imtina edir, “sülh məntiqi əsasında formalaşmağı” nəzərdə tutur. Çünki “xalq qarşısında ən böyük öhdəlik regionun və Ermənistan Respublikasının dinc inkişafı üçün imkanların açılmasıdır”.

Proqrama əsasən, Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində işi davam etdirmək niyyətindədir. Bu kontekstdə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasının davam etdirilməsi planlaşdırılır. Həmçinin Türkiyə ilə diplomatik və ticarət-iqtisadi münasibətlərin qurulması, Ermənistan-Türkiyə sərhədinin açılması da nəzərdə tutulur.

Paşinyan əvvəllər onun özünün də Azərbaycanla müharibəyə yönəlmiş “Üçüncü respublika” ideyalarını bölüşdüyünü etiraf edir. İndi isə, görünür, baş nazir və onun hökuməti Azərbaycana qarşı aqressiv siyasətin elə Ermənistanın özü üçün də zərərli olduğunu anlayıb. Azərbaycanın Böyük Qələbəsinin ən mühüm tarixi nəticələrindən biri də məhz budur!

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması fonunda regionunda sülhün möhkəmlənməsi üçün, həqiqətən də, tarixi şans mövcuddur. Xüsusilə qlobal geosiyasi təlatümlərin bütün təzahürləri nəzərə alınmaqla, bu sülh həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacibdir. İrəvan üçün Azərbaycanla sülh həm də ikiqat təminat deməkdir. Söhbət suverenliyin möhkəmləndirilməsindən və onun bir dövlət kimi yaşamaq qabiliyyətinin təminindəın gedir. Bu məqsədlərə nail olunması isə yalnız Ermənistanın 30 illik işğal siyasəti dövründə apardığı siyasətin “miras”ından və həmin siyasəti həyata keçirən siyasətçilərdən tam imtinadan keçir. Hər kəsə aydındır ki, Ermənistan təcavüzkar kursa qayıtması halında Azərbaycanla qaçılmaz olacaq yeni müharibədən sadəcə olaraq sağ çıxmayacaq.



MƏSLƏHƏT GÖR:

76