BÖYÜK RADİUSLU İTTİFAQ
Bakı ilə Daşkənd arasında yaxınlaşma ikitərəfli münasibətlər çərçivəsini necə aşır və regionun siyasi coğrafiyasını necə dəyişir?
Müəllif: Elçin HÜSEYNOV
Son beş ildə Azərbaycan-Özbəkistan münasibətlərinin miqyası və məzmununəzərəçarpacaq dərəcədə dəyişib. Təsəvvür edin ki, bu müddət ərzində iki ölkə arasında ən yüksək səviyyədə 15 qarşılıqlı səfər baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana avqustun 23-24-də etdiyi səfər isə Bakı ilə Daşkənd arasında siyasi yaxınlaşmanın daha bir göstəricisi sayıla bilər.
Bu səfər sadəcə iki ölkə arasında xüsusi yaxınlığın təsdiqi kimi əhəmiyyət daşımır. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi və əldə olunmuş razılaşmalar göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri keyfiyyətcə yeni mərhələyə keçir. Üstəlik, onların əhəmiyyəti tədricən ikitərəfli gündəmin hüdudlarından kənara çıxaraq, getdikcə daha böyük regional məzmun qazanır.
İttifaqı möhkəmləndirən müqavilə
İlham Əliyevin Özbəkistana səfərinin əsas siyasi məzmunundan danışsaq, bu, şübhəsiz ki, iki ölkə arasında unikal “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənədin adı özü artıq onun xüsusi xarakterindən xəbər verir. Lakin daha vacib olan onun hansı təməl üzərində qurulmasıdır. İlham Əliyevin UZA agentliyinə müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan münasibətləri “misli görünməmiş inkişaf mərhələsinə daxil olub” və ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə çatıb.
Beləliklə, “Əbədi dostluq haqqında Müqavilə” yeni prosesi başlatmır. O, Bakı ilə Daşkənd arasında artıq formalaşmış siyasi etimad səviyyəsini möhkəmləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də sənədin imzalanmasından sonrakı çıxışında məhz buna diqqət çəkib: “Artıq regionlar, biznes, hökumətlər və parlamentlər arasında münasibətlərin hansı səviyyəyə çatdığını təsəvvür edirsinizmi? Bu, sadəcə sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq üçün birgə səylərimizin əksidir”.
Amma bu müqavilə zəngin siyasi proqramın yalnız bir hissəsidir. Həmin gün Daşkənddə iki dövlətin münasibətlərinin əlaqələndirilməsinin əsas mexanizmi olan Ali Dövlətlərarası Şuranın üçüncü iclası da keçirilib. Mirziyoyev onu “dövlət səfərinin əsas tədbiri” adlandırıb. Orada prezidentlər ikitərəfli münasibətlərin bütün istiqamətlərini ətraflı müzakirə edib, əsas istiqamətlər üzrə məruzələri dinləyib və siyasi dialoqu, parlamentlər və hökumətlər, sahəvi qurumlar və regionlar arasında əlaqələri möhkəmləndirmək barədə razılığa gəliblər.
Burada daha bir mühüm nəticə yeni yol xəritəsidir. Mirziyoyev mətbuat üçün bəyanatında deyib: “Biz yeni yol xəritəsi qəbul etdik, əmtəə dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılığa gəldik. Əlbəttə, bu, son hədd deyil”.
Beləliklə, budəfəki sammit əlaqələrə bir anda bir neçə səviyyədə siyasi çərçivə qazandırıb. “Əbədi dostluq haqqında Müqavilə” münasibətlərin xüsusi xarakterini möhkəmləndirirsə, Ali Dövlətlərarası Şura onların əlaqələndirilməsi üçün daimi mexanizm təmin edir, yeni yol xəritəsi isə gələcək hərəkətlər üçün konkret istiqamətlər müəyyənləşdirir. Bu, artıq sadəcə siyasi bəyanatlar mübadiləsi deyil. İndi söhbət əldə edilmiş razılaşmaların ardıcıl inkişafını təmin edəcək sistemdən gedir.
İlham Əliyev öz qiymətləndirmələrində dəfələrlə vurğulayıb ki, münasibətlərin hazırkı səviyyəsi son illərdə məqsədyönlü şəkildə aparılmış işin nəticəsidir. Nəticədə, avqustun 23-də Daşkənddə yeni mərhələnin özünəməxsus siyasi konstruksiyası formalaşıb: münasibətlərin uzunmüddətli formulu kimi əbədi dostluq, onların real məzmunu kimi müttəfiqlik. Buradan isə daha geniş suala keçmək olar: Azərbaycan-Özbəkistan müttəfiqliyi iki dövlət arasında münasibətin hüdudlarını aşan xarakteri necə qazanır?
Mərkəzi Asiya Xəzərə çıxır
Əlaqələrin hazırkı mərhələsinə xüsusi xarakter verən amil onların getdikcə daha aydın görünən regional məzmun qazanmasıdır. Burada Özbəkistanın Azərbaycan üçünroluəvəzsizdir. İlham Əliyev hələ bundan əvvəl qeyd etmişdi ki, iki ölkənin müasir münasibətlərinin mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə təsiridir. İndi bu qiymətləndirmə konkret təsdiqini tapıb. Ali Dövlətlərarası Şuranın üçüncü iclasında İlham Əliyev özbəkistanlı həmkarının Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına cəlb olunmasındakı rolunu xüsusi qeyd edib. Bakının bu formatda tamhüquqlu iştirakına dair qərar 2025-ci ilin noyabrında məhz Daşkənddə qəbul olunub. Həmin vaxt Şavkat Mirziyoyev bunu tarixi hadisə adlandırmış, Azərbaycanın burada iştirakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpü qurmağa imkan verəcəyini vurğulamışdı. İndi bu proses artıq ikitərəfli səviyyədə davam etdirilir. Son illərin ən maraqlı siyasi nəticələrindən biri də məhz budur. Azərbaycan Mərkəzi Asiyanın gündəmində getdikcə daha fəal iştirak edir, Özbəkistan isə öz növbəsində Bakı ilə münasibətlərdən Mərkəzi Asiyanın Cənubi Qafqazla əlaqələrinin möhkəmləndirilməsi üçün istifadə etmək imkanı qazanır. Nəticədə, qarşılıqlı fəaliyyət məkanı yaranır və burada Xəzər dənizi artıq ayırıcı sərhəd kimi görünmür. Əksinə, o, iki region arasında birləşdirici halqaya çevrilir.
Üstəlik, söhbət hər hansı birlik iştirakçılarının sayının formal şəkildə genişləndirilməsindən getmir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi və nəqliyyat əlaqələrinin, regionlararası əməkdaşlığın müstəqil sistemi formalaşır. Bu mənada, prezidentlərin regionlararası kooperasiya üzrə yol xəritəsinin qəbuluna dair razılığa gəlmələri də önəmlidir. İlham Əliyevin tərəflərin “çox aydın tədbirlər planına malik olduqları” və hər bir layihənin konkret məzmunla doldurulduğu barədə sözləri kontekstində bu, son dərəcə vacibdir.
Eyni zamanda burada siyasi məzmun ayrı-ayrı layihələrdən çox genişdir. Özbəkistanla Azərbaycan coğrafi baxımdan fərqli, lakin bir-birini tamamlayan mövqelərdə yerləşir: Daşkənd Mərkəzi Asiyanın əsas mərkəzlərindən biridirsə, Bakı Xəzər regionunda və Cənubi Qafqazda mühüm yer tutur. Onların daha sıx əməkaşlığı obyektiv olaraq iki regionun siyasi baxımdan, həmçinin nəqliyyat-logistika və humanitar sahələrdə birləşməsi üçün əlavə imkanlar yaradır. Odur ki, budəfəki səfərə yalnız ikitərəfli müttəfiqlik prizmasından baxmaq lazım deyil. Ən mühüm məsələ bu müttəfiqliyin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx qarşılıqlı fəaliyyət məkanının formalaşmasında oynaya biləcəyi roldur. Burada Daşkəndin mövqeyi xüsusilə vacibdir: Özbəkistan Azərbaycanla əlaqələrin genişləndirilməsini ardıcıl şəkildə dəstəkləyir, İlham Əliyev isə bu əməkdaşlığı Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması prosesi ilə birbaşa əlaqələndirir. Azərbaycan-Özbəkistan müttəfiqliyinin həmin “böyük radiusu” özünü məhz burada göstərir.
Türk amili
Azərbaycan-Özbəkistan müttəfiqliyinin daha bir xüsusiyyəti ondan ibarətdir ki, bu münasibətlər eyni vaxtda bir neçə çoxtərəfli formatda inkişaf edir. Onların arasında Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yer tutur. Burada Bakı ilə Daşkənd sadəcə iki üzv dövlət kimi deyil, türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinin fəal tərəfdarları kimi çıxış edirlər.
İlham Əliyev görüş ərəfəsində bu istiqamətin əhəmiyyətini xüsusi vurğulayıb. Onun fikrincə, TDT çərçivəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Prezident daha geniş hədəfi də dilə gətirib: türk dünyasının birliyinin möhkəmləndirilməsi, onun siyasi, iqtisadi və hərbi potensialının artırılması. Bununla yanaşı, İlham Əliyev bildirib ki, Azərbaycanla Özbəkistan TDT-yə yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ümumi tarix, mədəniyyət və mənəvi dəyərlərə bağlı birlik kimi baxırlar.
Burada TDT-də baş verən mühüm siyasi keçidə diqqət yetirmək lazımdır. Bir müddət əvvələdək türk inteqrasiyasından danışarkən əsasən humanitar və mədəni əlaqələr nəzərdə tutulurdusa, bu gün gündəm əhəmiyyətli dərəcədə genişlənir: siyasi dialoq, nəqliyyat əlaqələri, beynəlxalq platformalarda koordinasiya və ümumi maraqların birgə irəli çəkilməsi tədricən daha sıx əməkdaşlıq məkanı formalaşdırır.
Azərbaycanla Özbəkistan bu prosesdə müstəsna coğrafi mövqelərə malikdirlər. Onların biri Xəzər və Cənubi Qafqazın qovşağında, digəri isə Mərkəzi Asiyanın mərkəzində yerləşir. Buna görə Bakı-Daşkənd əməkdaşlığı yalnız öz-özlüyündə əhəmiyyət daşımır, həm də türk məkanının müxtəlif istiqamətlərinin birləşdirilməsi üçün əlavə imkanlar yaradır.
Burada nəqliyyat əlaqələri daha geniş inteqrasiyanın alətlərindən birinə çevrilir. İlham Əliyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının perspektivlərini qeyd edir, bunu region üçün yeni iqtisadi və tranzit imkanları kimi xarakterizə edir. Burada daha vacib olan isə nəqliyyat layihələrinin siyahısından çox onların siyasi mənasıdır. Dövlətlər arasında birbaşa əlaqələr artdıqca, onların qarşılıqlı fəaliyyət məkanı da daha sıx olur. Bu baxımdan Orta Dəhliz artıq yalnız yükdaşımalar marşrutu kimi deyil, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Qərb istiqaməti arasında formalaşan əlaqənin əsaslarından biri kimi çıxış edir.
Məhz burada Azərbaycan-Özbəkistan müttəfiqliyi, həqiqətən də, geniş radius qazanır. Bakı ilə Daşkənd hər hansı yeni siyasi blok yaratmır və özlərini digər dövlətlərə qarşı qoymurlar. Əksinə, söhbət TDT, ikitərəfli münasibətlər, regional formatlar və beynəlxalq təşkilatlar vasitəsilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən gedir. İlham Əliyev Azərbaycanın C6 platformasında iştirakını məhz bu geniş perspektivlə əlaqələndirir. Onun fikrincə, yeni əməkdaşlıq mexanizmləri yalnız dövlətlərarası münasibətlərin inkişafına deyil, bütün Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.
İttifaqın maddi təcəssümü
Azərbaycanla Özbəkistanın siyasi yaxınlaşması getdikcə daha real və gözlə görünən məzmun qazanır. Bu, İlham Əliyev və Şavkat Mirziyoyevin Özbəkistanda bir sıra Azərbaycan layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etdikləri budəfəki səfər zamanı xüsusilə aydın olub. Daşkənddə “Davr Bank”, “Matanat-A” gips zavodu və Landau adına iki STEAM məktəbi açılıb. Eyni zamanda SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və kurort kompleksinin, “Baku City” yaşayış kompleksinin, gümüş tərkibli filizin zənginləşdirilməsi fabrikinin və meyvə bağlarının salınması layihəsinin təməli qoyulub. Beləliklə, Azərbaycanın Özbəkistanda mövcudluğu getdikcə daha çoxşaxəli və uzunmüddətli xarakter alır. Bu mövcudluq artıq ayrı-ayrı investisiya təşəbbüsləri ilə məhdudlaşmır. İndi söhbət bank sektoru, sənaye, təhsil, yanacaq infrastrukturu, mənzil tikintisi, turizm və kənd təsərrüfatından gedir.
Bu mənada avqustun 23-də keçirilmiş bu mərasim həmin gün qəbul edilmiş siyasi qərarların praktiki davamı sayıla bilər. “Əbədi dostluq haqqında Müqavilə”, Ali Dövlətlərarası Şuranın fəaliyyəti və yeni yol xəritəsi münasibətlərin siyasi əsasını müəyyən edirsə, həyata keçirilən layihələr bu əsasın tədricən konkret məzmunla necə zənginləşdirildiyini göstərir.
Sənaye və kommersiya layihələri ilə yanaşı, burada təhsil obyektlərinin də yer alması rəmzi məna da daşıyır. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub, Yeni Daşkənddə isə prezidentlər “Azərbaycan” parkının təməlini qoyublar. Bu, əlbəttə ki, müttəfiqliyin başqa tərəfidir. Yəni müttəfiqlik yalnız biznes sahəsində deyil, təhsil, mədəniyyət və ictimai məkanlarda da inkişaf etdirilir.
Yeri gəlmişkən, münasibətlərin hazırkı mərhələsinə prezidentlərin təltif olunması mərasimi də xüsusi rəmzi məna verib. İlham Əliyev Özbəkistanın ən yüksək dərəcəli ordeni olan “Dostlik” ordeni, Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Bu mükafatlar iki liderin ölkələr arasındakı münasibətlərin inkişafına şəxsi töhfəsinin tanınmasının daha bir rəsmi ifadəsidir.
Beləliklə, dövlət səfərinin siyasi məzmunun praktiki və rəmzi davamı da olub. Lakin səfərin əsas nəticəsi, yəqin ki, ayrı-ayrı sənədlərdə, layihələrdə və ya mərasimlərdə deyil. Onların hamısı birlikdə Bakı ilə Daşkənd arasında qarşılıqlı əlaqələr sisteminin nə qədər dərinləşdiyini, onun əhəmiyyətinin nə üçün adi ikitərəfli diplomatiyanın hüdudlarından xeyli kənara çıxdığını göstərir.
Yeni coğrafiya
Beş il ərzində Azərbaycan-Özbəkistan münasibətləri intensiv strateji tərəfdaşlıqdan müttəfiqliyə qədər yol keçib və o, növbəti, rəmzi və siyasi baxımdan olduqca güclü olan “əbədi dostluq” formulu ilə tamamlanıb. Lakin son səfərin əhəmiyyəti bununla məhdudlaşmır. “Əbədi dostluq haqqında Müqavilə”, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, yeni yol xəritəsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatında iştirakı vahid prosesin elementləridir. Bu fonda İlham Əliyevin münasibətlərin hazırkı mərhələsinin misli görünməmiş xarakterindən danışması da təsadüf deyil. Bu münasibətin məzmunu artıq ənənəvi ikitərəfli diplomatiyanın çərçivəsindən xeyli genişdir.
Daha bir vacib məqam var. Bakı ilə Daşkənd yalnız öz ittifaqlarını möhkəmləndirmirlər. Onların qarşılıqlı fəaliyyəti vasitəsilə yaxın vaxtlara qədər əsasən ayrı-ayrılıqda nəzərdən keçirilən məkanlar – Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqaz getdikcə bir-birlərinə daha sıx şəkildə bağlanır. Bu mənada Azərbaycan-Özbəkistan münasibətləri daha sıx regional bağlılığın formalaşması kanallarından birinə çevrilir.
Hər bir halda, səfərin nəticələri yalnız imzalanmış sənədlər, yeni layihələr və ya keçirilmiş mərasimlərlə ölçülmür. Daşkənddə münasibətlərin artıq formalaşmış siyasi səviyyəsi nümayiş etdirilib, eyni zamanda onun daha da genişləndirilməsi imkanları ortaya qoyulub, Bakı-Daşkənd ittifaqının, həqiqətən də, böyük fəaliyyət radiusuna malik olduğu aydın olub. Bu gün həmin radius yalnız iki paytaxt arasındakı məsafə ilə deyil, bu münasibətlərin birləşdirə bildiyi məkanla müəyyən olunur.
MƏSLƏHƏT GÖR:






87

