31 Oktyabr 2026

Şənbə, 15:11

BAKI SON HƏDDƏ

1500 idmançı, 113 km və finiş bir saniyəyə müəyyən edilib

Müəllif:

15.09.2026

Azərbaycanın idman tarixində 5 sentyabr 2026-cı il müstəsna bir hadisəyə çevrildi. Paytaxt Bakı şəhəri dünyanın ən nüfuzlu, dözümlülük və iradə sınağı hesab olunan idman tədbirlərindən birinə – ilk dəfə olaraq "ALUFAR IRONMAN 70.3 BAKU" beynəlxalq triatlon yarışına uğurla ev sahibliyi etdi. Bu tarixi tədbir sadəcə yerli idman ictimaiyyəti üçün deyil, bütövlükdə ölkənin qlobal miqyasda idman turizmi, logistika, şəhər infrastrukturunun idarə olunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində atılmış strateji addımdır.

 

“Half IRONMAN” nədir?

Triatlon dünyasında "IRONMAN 70.3" seriyası "Half IRONMAN" (Yarım İRONMAN) olaraq adlandırılır. Bu ad yarışın formatındakı ümumi məsafəsindən (70,3 mil) irəli gəlir və klassik tam IRONMAN məsafəsinin (140,6 mil / 226 km) tam yarısını təşkil edir. Bakı sahillərində və küçələrində keçirilən yarışda idmançılar ümumilikdə 113 kilometrlik son dərəcə çətin bir məsafəni qət etməli oldular.

Yarışın "Half IRONMAN" statusu idmançılardan həm sürət, həm də yüksək dözümlülük tələb edir. Tam məsafəli yarışlarla müqayisədə dinamika daha yüksəkdir və hər bir saniyə strateji əhəmiyyət daşıyır. Bakı trası bu baxımdan üç əsas mərhələyə bölünmüşdü: 1,9 km üzgüçülük, 90 km veloyürüş və 21,1 km qaçışdan ibarət yarış cəmdə 113 km-i (70,3 mil) əhatə etdi.

Yarış Xəzər dənizinin Bakı sahillərində, xüsusi təyin olunan ərazidə başladı. Suyun temperaturunun 23°C civarında olması triatletlər üçün hidrokostyum seçimində kritik rol oynadı. Digər tərəfdən Xəzərin buxta hissəsində dalğaların az olması idmançılara üzgüçülük mərhələsində yüksək sürət yığmağa imkan verdi.

Üzgüçülük mərhələsini bitirən triatletlər dərhal tranzit zonasına daxil olaraq velosiped mərhələsinə keçid etdilər. 90 kilometrlik bu məsafə 2 dövrədən ibarət idi. Bakı Bulvarı, tarixi neft mədənləri sahəsi və paytaxtın geniş magistral yollarından ibarət marşrut maraqla qarşılandı. Bu, dağlıq traslarla müqayisədə düzənlik hesab olunsa da, Bakının simvolu olan güclü və dəyişkən külək idmançıların mövqeyini qorumasını və güc ötürülməsini ciddi şəkildə sınağa çəkdi.

Yarışın son mərhələsi olan yarım marafon məsafəsi (21.1 km) Bakının ən estetik zonalarını əhatə edən 3 dövrədən ibarət idi. İştirakçılar Dənizkənarı Milli Park boyu, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhərin qədim divarlarının yanından və “Formula 1” Bakı Şəhər Əməliyyat Halqasının müəyyən hissələrindən keçdilər. Trasın tamamilə hamar olması idmançıların finişə qədər maksimal sürəti saxlamasına şərait yaratdı.

 

Sensasiyalı intriqa

Bakı yarışı "IRONMAN 70.3" turnirlərinin tarixinə keçəcək ən dramatik finişlərdən birinə səhnə oldu. 62 ölkədən 1500-dən çox idmançının qatıldığı yarışda peşəkarlar (Pro) kateqoriyasında qələbənin taleyini saniyələr yox, salisələr həll etdi.

ABŞ təmsilçisi Maksim Kriat finiş xəttini fiziki olaraq birinci keçərək lenti qırdı və saatını 04:01:21 göstəricisi ilə dayandırdı. Lakin triatlon yarışlarında tətbiq olunan "xalis vaxt" (net time) hesablaması – yəni idmançının start xəttindəki elektron çipi keçdiyi andan finişə çatmağa qədər olan fərdi müddət – yekun protokolda sensasiyaya səbəb oldu.

Xorvatiyalı triatlet Matej Jukić yarışı 04:01:20 nəticə ilə bitirərək, xalis vaxtda rəqibini cəmi 1 saniyə qabaqladı və "ALUFAR IRONMAN 70.3 BAKU" yarışının rəsmi və ilk çempionu adını qazandı. Bu nəticə "Half IRONMAN" məsafəsində rəqabətin nə dərəcədə kəskin olduğunu və Bakı trasının yüksək sürətli idmançılar üçün nə qədər əlverişli olduğunu sübut etdi.

Qeyd edək ki, Bakı yarışı sadəcə regional turnir statusu daşımadı. Qaydalara əsasən, kişilər və qadınlar arasında öz yaş kateqoriyalarında ən yüksək nəticə göstərən 25 idmançı, 2027-ci ildə Amerika Birləşmiş Ştatlarında keçiriləcək IRONMAN 70.3 dünya çempionatına birbaşa vəsiqə qazandı. Bu amil xarici elit idmançıların Bakı yarışına motivasiyasını maksimuma çatdırmışdı.

"Half IRONMAN Bakı" yarışı yerli triatlonçular üçün böyük bir sınaq və eyni zamanda sıçrayış nöqtəsi oldu. Yarışda 123 yerli idmançı mübarizə apardı. Azərbaycan idmançıları arasında finiş xəttini ilk olaraq Teymur Fərəcov keçdi. O, 113 kilometrlik məsafəni 04:36:10 göstərici ilə tamamlayaraq yerli triatlon tarixində böyük bir uğura imza atdı.

Əsas yarışdan əlavə, proqrama daxil edilən "IRONKIDS" (uşaqlar üçün) və "Fun Run" (5 km-lik kütləvi qaçış) tədbirləri triatlonun Azərbaycanda populyarlaşmasına, gənc nəsil arasında sağlam həyat tərzinin aşılanmasına xidmət etdi. 47 komandanın iştirak etdiyi estafet  yarışı isə korporativ sektorun idmana inteqrasiyasını gücləndirdi.

 

Bakı sınaqdan keçdi

Dənizdə üzgüçülük mərhələsi, velosiped yarışı (90 km mərkəzi yolların bağlanması ilə) və şəhərin mərkəzində yarımmarafonun keçirilməsi yüksək səviyyədə idarəetmə tələb edir. Yarış günü şəhərin 13 müntəzəm avtobus marşrutunun hərəkət trayektoriyası çevik şəkildə dəyişdirildi. Yolların mərhələli şəkildə bağlanması və yarış bitdikdən dərhal sonra operativ olaraq açılması şəhər sakinlərinin diskomfortunu minimuma endirdi. Xəzər dənizindəki üzgüçülük mərhələsində sahil təhlükəsizliyi və xilasedicilər, quruda isə velosiped qəzalarına qarşı tibbi nöqtələr yüksək peşəkarlıqla fəaliyyət göstərdi. Yüzlərlə yerli könüllünün idmançılara su, idman qidaları paylaması və marşrut naviqasiyasında kömək etməsi tədbirin beynəlxalq standartlara cavab verməsini təmin etdi.

 

İdman, turizm və beynəlxalq imic

Qeyd edək ki, "Half IRONMAN" formatlı yarışlar dünyada iqtisadi gəlirliliyi və turizm effektinə görə ən öncül tədbirlərdən hesab olunur. Xarici triatletlər adətən yarışa tək deyil, ailələri, məşqçiləri və dəstək qrupları ilə birlikdə gəlirlər. Sirr deyil ki, 62 ölkədən gələn qonaqlar Bakının hotellərində, restoranlarında və nəqliyyat sistemində xeyli pul xərclədilər. Bu səbəbdən yarışın sentyabrın əvvəlinə təyin edilməsi paytaxtda yay turizmi mövsümünün müddətini effektiv şəkildə uzatdı.

Yarış zamanı idmançıların keçdiyi marşrutlar (Qız qalası, Alov Qüllələri, Bulvar) qlobal IRONMAN media platformalarında işıqlandırıldı. Bu, Azərbaycanın təhlükəsiz, müasir və idmansevər bir ölkə imicini beynəlxalq arenada yenidən təsdiqlədi.

“Formula 1”, Avropa Oyunları və UEFA oyunlarından sonra ölkəmiz kütləvi iştirakçılığa əsaslanan açıq hava şəhər yarışlarını da mükəmməl səviyyədə keçirə bildiyini nümayiş etdirdi. Bu yarışın uğuru gələcəkdə ölkəyə tam məsafəli IRONMAN (226 km) yarışlarının gətirilməsi üçün böyük bir zəmin yaradır. Eyni zamanda, yerli idmançıların yaş kateqoriyalarındakı qələbələri ölkədə triatlon klublarının çoxalmasına və bu idman növünə olan marağın kütləviləşməsinə güclü təkan verəcəkdir. Bakı birdaha sübut etdi ki, o, təkcə neft və mədəniyyət paytaxtı deyil, həm də sındırılmaz iradəyə malik "dəmir adamların" görüş məkanıdır.



MƏSLƏHƏT GÖR:

72