YENİ AXININ XƏRİTƏSİ
Azərbaycan və Türkiyə sınaqdan keçmiş neft-qaz modelini elektrik enerjisi sektoruna daşıyır
Müəllif: İlahə MƏMMƏDLİ
Enerji tərəfdaşlığı miqyas və məzmun dəyişir. Otuz il ərzində yaradılmış neft-qaz marşrutları onun təməli olaraq qalır, lakin bu gün Bakı və Ankara artıq təkcə yataqları və bazarları deyil, milli elektrik enerjisi sektoru sistemlərini də birləşdirmək niyyətindədir. Yeni gündəliyə interkonnektor xətləri, “yaşıl enerji”nin ixracı, enerji saxlancları, rəqəmsal idarəetmə və süni intellekt daxildir.
Bakıda keçirilən V Azərbaycan-Türkiyə Enerji Forumunun yekunları göstərib ki, tərəflər boru kəməri əməkdaşlığında toplanmış təcrübəni elektrik enerjisi dövrünə daşımağa çalışırlar. Əvvəlki model hasilat, nəqletmə və satış ətrafında qurulurdusa, yeni model enerji axınlarının birləşdirilməsi, balanslaşdırılması və birgə idarə edilməsini nəzərdə tutur.
Təməl qalır
Artıq yaradılmış infrastrukturun miqyası məhz enerjinin nə üçün Azərbaycan-Türkiyə tərəfdaşlığının ən dayanıqlı dayaqlarından birinə çevrildiyini anlamağa imkan verir. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, fəaliyyət göstərən neft-qaz sistemi vasitəsilə indiyə qədər Türkiyəyə və beynəlxalq bazarlara 561 milyon ton Azərbaycan nefti və 196 milyard kubmetr qaz tədarük edilib. Türkiyə bazarının payına 130 milyard kubmetr qaz düşüb, o cümlədən, təxminən, 40 milyard kubmetr TANAP vasitəsilə tədarük olunub.
Bu həcmlərin arxasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və Cənub Qaz Dəhlizi ətrafında ardıcıl şəkildə qurulmuş sistem dayanır. Bu sistem Azərbaycana böyük xarici bazarlara çıxışı, Türkiyəyə isə Xəzər ilə Avropa arasında əsas enerji qovşaqlarından biri rolunu təmin edib. Məhz bu təcrübə növbəti mərhələ üçün əsas olur.
“Bu gün Azərbaycan-Türkiyə Enerji Forumunun platformasından istifadə edərək enerji sahəsində indiki işimizi davam etdirməyə çalışırıq. Amma bununla yanaşı, gələcəyə də baxırıq”, - P.Şahbazov qeyd edib.
Bu məqamda qeyd edək ki, elektrik enerjisinə keçid karbohidrogenlərdən imtinanı ifadə etmir. Bakı-Tbilisi-Ceyhan vasitəsilə bu gün sutkada, təxminən, 500-600 min barel neft nəql edilir və Ankara Mərkəzi Asiyadan olan xammal daxil olmaqla, marşrutun yüklənməsini artırmağı planlaşdırır. “Məqsədimiz Mərkəzi Asiyanın və türk dünyasının neftini bu arteriyaya cəlb etmək və mövcud infrastrukturdan tam gücü ilə istifadə etməkdir”, - Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Lazımi həcmlərin olduğu halda bu istiqamətdə tədarüklər perspektivdə sutkada 1 milyon barelə yaxınlaşa bilər.
SOCAR ilə TPAO arasında əməkdaşlıq da davam edir. Şirkətlər təkcə Azərbaycan və Türkiyədə deyil, üçüncü ölkələrdə də layihələri nəzərdən keçirirlər, “Şəfəq-Asiman”dan sonra isə “Qarabağ” layihəsi daxil olmaqla birgə geoloji-kəşfiyyat işlərini inkişaf etdirmək niyyətindədirlər. Beləliklə, ənənəvi energetika gəlir mənbəyi, infrastrukturun yüklənməsi və investisiya kooperasiyası rolunu qoruyub saxlayır. Yeni konstruksiya əvvəlkini əvəz etmir, onun üzərində qurulur.
“Elektrik TANAP”ı
Yeni modelin əsas nümunəsi Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti üzrə dördtərəfli layihə olub. A.Bayraktar onu “elektrik TANAP”ı adlandıraraq Azərbaycanı Türkiyə və Avropa bazarları ilə birləşdirən qaz kəməri ilə birbaşa paralel aparıb. İndi eyni məntiq elektrik enerjisinə daşınır: hasilat edilmiş xammalın nəqli əvəzinə bir neçə dövlətin generasiya və şəbəkələrinin birləşdirilməsi nəzərdə tutulur.
Bu zəncirdə hər bir ölkənin öz funksiyası var. Azərbaycan əhəmiyyətli günəş və külək energetikası potensialına malikdir. Türkiyə tutumlu daxili bazarı, inkişaf etmiş infrastrukturu və Avropaya coğrafi çıxışı birləşdirir. Gürcüstan mühüm tranzit halqası, Bolqarıstan isə Avropa enerji sisteminə giriş nöqtələrindən biri ola bilər. Belə bir modeldə interkonnektorlar sadəcə tədarük xətləri rolunu oynamır. Onlar gücün yenidən bölüşdürülməsinə, ayrı-ayrı sistemlərdəki kəsirin kompensasiyasına və BOEM-dən qeyri-sabit generasiyanın daha səmərəli istifadəsinə imkan verir. A.Bayraktarın sözlərinə görə, onlara dövlətlərin enerji sistemlərini yaxınlaşdıran “strateji əməkdaşlıq sahəsi” kimi baxmaq lazımdır.
Naxçıvana xüsusi yer ayrılır. Cəbrayılda Ağbənd istiqamətində 330 kV gərginlikli 74 kilometrlik ikidövrəli elektrik ötürmə xəttinin tikintisi başa çatmaq üzrədir. Onun buraxıcılıq qabiliyyəti, təxminən, 1000 MVt təşkil edəcək. Növbəti addım Zəngəzur enerji dəhlizi vasitəsilə Naxçıvan və Türkiyə ilə əlaqənin yaradılması olmalıdır. Muxtar respublika ərazisində artıq layihə işləri yerinə yetirilib və çevirici yarımstansiya üçün sahə ayrılıb.
“Zəngəzur enerji dəhlizinin yaradılması vasitəsilə Naxçıvanın Azərbaycanın vahid elektroenerji sisteminə qoşulması bölgə ölkələrinin elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərini genişləndirəcək”, - P.Şahbazov vurğulayıb.
İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 GVt-a qədər elektrik enerjisinin ixracı nəzərdən keçirilir. Lakin strateji nəticə kommersiya tədarükündən daha genişdir: muxtar respublika enerji baxımından təcrid olunmuş ərazi olmaqdan çıxaraq Azərbaycanın əsas enerji sistemi ilə Türkiyə arasında birləşdirici halqaya çevrilə biləcək. Layihənin TRIPP-in enerji komponenti ilə əlaqəsi ona regional kommunikasiya ölçüsü də verir.
Avropaya “yaşıl marşrut”
Daha bir istiqamət Qara dəniz vasitəsilə keçir. Sualtı kabel layihəsi Azərbaycan və Gürcüstanın Rumıniya və Macarıstanla birləşdirilməsini nəzərdə tutur, Türkiyə isə təşəbbüsə qoşulmağa hazır olduğunu bildirib. Onun həyata keçirilməsi Azərbaycan elektrik enerjisi üçün coğrafi əhəmiyyətinə görə neft-qaz marşrutları ilə müqayisə edilə bilən, lakin ilk növbədə bərpa olunan generasiyaya yönəlmiş yol açmağa imkan verəcək.
Avropa üçün təkcə əlavə həcmlər deyil, enerjinin mənşəyi, karbon izi və tədarükün etibarlılığı da vacibdir. Buna görə Azərbaycan iki funksiyanı birləşdirə bilər: keçid yanacağı kimi təbii qaz tədarükçüsü olaraq qalmaq və tədricən “yaşıl elektrik enerjisi” bazarına çıxmaq. Lakin belə ixracın rəqabət qabiliyyəti generasiya və nəqletmə dəyəri, şəbəkələrin ötürücülük qabiliyyəti, ticarət mexanizmləri və enerjinin mənşəyinin Avropa bazarında tanınması ilə müəyyən olunacaq.
Gələcək sistemin potensialı Azərbaycanın öz resursları ilə məhdudlaşmır. Bakı Qazaxıstan və Özbəkistanla əməkdaşlığı inkişaf etdirir ki, bu da perspektivdə Cənubi Qafqazı Mərkəzi Asiya elektrik enerjisinin Avropaya çıxarılması marşrutu kimi nəzərdən keçirməyə imkan verir. Qazaxıstan neft ehtiyatlarına və böyük uran sənayesinə, Türkmənistan əhəmiyyətli qaz ehtiyatlarına, regionun dövlətləri isə kritik əhəmiyyətli minerallara və BOEM potensialına malikdir. Azərbaycan və Türkiyə isə öz növbəsində Qərb bazarları ilə artıq fəaliyyət göstərən nəqliyyat və enerji əlaqələri təklif edir.
“Mərkəzi Asiyanın türk dövlətlərinin zəngin resursları Azərbaycan və Türkiyənin mövcud nəqliyyat və enerji infrastrukturları vasitəsilə müxtəlif dünya bazarlarına çıxarıla bilər”, - A.Bayraktar qeyd edib. Beləliklə, mübarizə təkcə enerji həcmləri üçün deyil, həm də gələcəkdə xammal və elektrik enerjisinin hərəkət edəcəyi marşrutlar uğrunda gedir.
Azərbaycan eyni zamanda öz “yaşıl generasiyası”nı genişləndirir. İlin sonuna qədər Kəlbəcər və Laçında 4 kiçik su elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihəsi həyata keçirilir, Naxçıvanda isə ümumi gücü 1000 MVt olan günəş elektrik stansiyalarının tikintisinə türk investorlarının iştirakı müzakirə olunur. Transsərhəd layihənin irəlilədilməsi üçün ən yaxın siyasi nöqtə Antalyada keçiriləcək COP31 olacaq, burada Türkiyə “yaşıl elektrik enerjisi”nin ötürülməsi və ticarəti üzrə sənədin imzalanma mərasimini keçirməyi planlaşdırır. Hökumətlərarası saziş “elektrik TANAP”ı ideyasını siyasi formuldan praktik müstəviyə keçirə bilər.
Enerji rəqəmsallaşır
Günəş və külək stansiyalarının payı nə qədər yüksəkdirsə, enerji sisteminin idarə olunması bir o qədər mürəkkəbdir. Belə obyektlərdə istehsal hava şəraitindən asılıdır, halbuki istehlak fasiləsiz dəyişir. Sistem generasiyanı və tələbi proqnozlaşdırmalı, enerji yığıcılarını idarə etməli, balansı qorumalı və ölkələr arasında enerji axınlarını əlaqələndirməlidir. Buna görə rəqəmsallaşma və süni intellekt energetikaya xarici əlavə deyil, gələcək şəbəkələrin dayanıqlı işləməsinin şərtinə çevrilir.
P.Şahbazov süni intellekt və rəqəmsal transformasiyanı Azərbaycan-Türkiyə Enerji Forumunun yeni prioriteti etməyi təklif edib. Perspektivdə məlumatların keyfiyyəti və onların emal sürəti sənaye üçün istifadəyə verilmiş meqavatların həcmindən az əhəmiyyət kəsb etməyə bilər. Bu, xüsusilə bir seqmentdə kənara çıxmanın digər iştirakçılara təsir edə biləcəyi transsərhəd sistem üçün vacibdir.
Məhz buna görə forumun altı işçi qrupunun gündəliyi neft və qazın çərçivəsindən çox kənara çıxıb. Mütəxəssislər elektroenergetika bazarının tənzimlənməsini, ötürmə və paylanmanı, interkonnektor xətlərini, BOEM-i, enerji saxlanclarını, “ağıllı sayğaclar”ı, enerji səmərəliliyini və digər məsələləri müzakirə ediblər. Ayrıca əməkdaşlıq vektoru binaların enerji səmərəliliyinin artırılması ilə bağlıdır: gələcək model təkcə istehsalı artırmalı deyil, həm də itkiləri azaltmalıdır.
Forumun yekun protokolu əsas iş istiqamətlərini təsbit edir, lakin real nəticə texniki-iqtisadi əsaslandırmaların, investisiya qərarlarının və hökumətlərarası sazişlərin hazırlanma sürəti ilə müəyyən olunacaq. Elektrik dəhlizləri boru kəmərlərindən mürəkkəbdir: onlar üçün qaydaların sinxronizasiyası, daimi balanslaşdırma və bir neçə enerji sisteminin razılaşdırılmış idarə olunması lazımdır. Lakin onların yaradılmasının effekti adi ixrac sövdələşməsindən daha genişdir.
Bir sözlə, 30 il ərzində Azərbaycan və Türkiyə ayrı-ayrı neft layihələrindən Xəzəri Avropa ilə birləşdirən mürəkkəb infrastruktura qədər yol keçiblər. İndi neft kəmərləri və qaz magistrallarının yanında elektrik ötürmə xətləri, çevirici stansiyalar, enerji saxlancları və rəqəmsal platformalar yaranmalıdır. Əgər bu sistem yaradılsa, ikitərəfli tərəfdaşlıq öz təbiətini dəyişəcək: istehsalçı və tranzit ölkə arasında qarşılıqlı fəaliyyətdən enerji sistemlərinin inteqrasiyasına keçəcək. Məhz belə bir şəbəkə regionun yeni enerji coğrafiyasının əsası ola bilər.
MƏSLƏHƏT GÖR:



49

