31 Oktyabr 2026

Şənbə, 15:11

BAKIDAN SONRAKI İQLİM

Azərbaycan COP29-da əldə olunan razılaşmaları enerji layihələrinə çevirir və şəhər səmərəliliyinin yeni standartlarını tətbiq edir

Müəllif:

15.09.2026

2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi daxil olmaqla, bir sıra təşəbbüslər irəli sürən Azərbaycan “yaşıl gündəliyin” sürətləndirilməsi üzrə yeni təkliflərlə çıxış edir. Bunlar da Türkiyədə keçiriləcək COP31-də nəzərdən keçiriləcək.

Sentyabrın 7-dən 11-dək bu və digər məsələlər Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsində (CW4) müzakirə edilib.

 

Yeni hədəf

COP29-dan sonra Azərbaycan qlobal iqlim gündəliyində nəzərəçarpacaq yerini qoruyur. Ölkə Belem prosesində iştirak edir və Antalyada keçiriləcək COP31 ərəfəsində bu dialoqu dəstəkləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violettinin qeyd etdiyi kimi, iki il əvvəl Bakıda əldə edilmiş razılaşmalar qlobal iqlim gündəliyinin daha da irəli aparılması və qəbul edilmiş öhdəliklərin praktiki yerinə yetirilməsi üçün mühüm əsas olaraq qalır.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin sözlərinə görə, yeni iqlim maliyyə hədəfi Bakıda razılaşdırılmış şərtlərə əsaslanır: 2035-ci ilədək ildə azı 300 milyard dollar, eyni zamanda 1,3 trilyon dollara qədər vəsaitin səfərbər edilməsi üzrə səylər. “Yeni iqlim dövrü diqqəti öhdəliklərin razılaşdırılmasından onların praktiki həyata keçirilməsinə yönəltməlidir, bunun üçün əsas şərt isə əlçatan maliyyələşdirmədir”, - Y.Rəfiyev qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkiyədə keçiriləcək konfrans bu keçidi sürətləndirməyə kömək etməlidir.

“Kiçik ada dövlətləri və Afrika ölkələri maliyyə və texniki dəstəyə ehtiyac duyur və bu məsələ dəstək paketi ilə birlikdə COP31-in gündəliyinə daxil ediləcək”, - COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bildirib. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə sənayenin və nəqliyyatın elektrikləşdirilməsi, həmçinin binaların enerji səmərəliliyinin artırılması üzrə hədəflərə çatmaqda kömək etmək üçün yeni mexanizm hazırlanır. Altı ölkənin iştirakı ilə pilot layihə Nyu-Yorkda təqdim olunacaq. Türkiyənin digər təşəbbüsləri arasında 2035-ci ilədək qlobal elektrikləşdirmə səviyyəsinin 35%-ə çatdırılması da var.

Ümumiyyətlə, Azərbaycanın “yaşıl enerji”yə keçid sahəsində beynəlxalq əməkdaşlığa yanaşması ideyaların və təcrübənin birləşdirilməsinə, vahid standartların tətbiqinə və dünya bazarına çıxmaq üçün qonşu dövlətlərin səylərinin əlaqələndirilməsinə əsaslanır.

“Ölkələr, eyni zamanda enerji təhlükəsizliyini, enerjinin əlçatanlığını və münasib qiymətini təmin etməlidir: bizim region müxtəlif enerji sistemlərinə, iqtisadi strukturlara və inkişaf ehtiyaclarına malik ölkələri əhatə edir. Lakin texnologiya və maliyyələşdirmə boşluqları, həmçinin standartlar, bacarıqlar və institusional potensial məsələləri daxil olmaqla oxşar maneələr də az deyil. Buna görə regional əməkdaşlıq ölkələrin üzləşdiyi bir çox problemi səmərəli şəkildə həll etməyə imkan verəcək”, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.

Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi ölkələrə təmiz texnologiyaların tətbiqini sürətləndirməkdə, mövcud maneələri birgə aradan qaldırmaqda və bir ölkənin işləmələrini digərində tətbiq üçün uyğunlaşdırmaqda kömək edə bilər.

Fars körfəzi ölkələri, Çin, Türkiyə və Avropa İttifaqından (Aİ) olan investorlar və ixtisaslaşmış şirkətlərlə uğurlu tərəfdaşlıq sayəsində Azərbaycan bu gün bərpa olunan enerji mənbələri (BOEM) əsasında generasiyanın inkişafı üzrə regional liderlərdən biridir. Ölkədə Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan şirkətlərin maliyyə və texniki dəstəyi ilə, həmçinin BP və “Nobel Energy”nin investisiyaları hesabına günəş və külək elektrik stansiyaları fəal şəkildə inşa olunur. Gözlənilir ki, artıq 2027-ci ilədək belə 11 obyektin tikintisinə qoyulan investisiyaların həcmi, təxminən, 2,8 milyard dollara çatacaq, ölkənin enerji sistemi isə daha 2 GVt əldə edəcək. 2032-ci ilədək BOEM obyektlərinin məcmu potensialı 8 GVt-a çatacaq. Nəticədə, bərpa olunan mənbələrin enerji sisteminin quraşdırılmış gücündəki payı 2030-cu ilədək 39%, 2035-ci ilədək isə, təxminən, 43% təşkil etməlidir.

 

Enerji dəhlizləri

CW4 zamanı müzakirələrin əhəmiyyətli hissəsi “yaşıl energetika”nın inkişafına və alternativ istehsalın dünya ölkələrinin enerji sistemlərinə inteqrasiyasına həsr olunub. Xüsusilə, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi 2030-cu ilədək BOEM potensialının üç dəfə artırılmasını qlobal enerji keçidinin prioritet vəzifələri sırasına daxil edib. 2025-ci ildə mütləq rekord qeydə alınıb: 692 GVt yeni güc istifadəyə verilib. Ötən ilin sonuna “yaşıl enerji” dünyadakı elektrik stansiyalarının məcmu quraşdırılmış gücünün 49%-ni və bütün yeni generasiyanın 85%-ni təşkil edirdi.

Bu qədər sürətli genişlənmə artıq nəzərəçarpacaq praktiki nəticələr verir: fəaliyyət göstərən BOEM obyektləri yalnız keçən il ərzində qalıq yanacağına çəkilən xərcləri 480 milyard dollar azaltmağa və 8,4 giqatonluq CO₂ emissiyasının qarşısını almağa imkan verib.

Azərbaycanda yeni istifadəyə verilən bərpa olunan enerji qurğuları daxili istilik elektrik stansiyalarında ildə, təxminən, 1,1 milyard kubmetr təbii qaza qənaət edəcək, 5 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək və istixana qazı tullantılarını 2,5 milyon ton azaldacaq. Bundan başqa, “yaşıl enerji”ni İT sektorunun enerji tutumlu sahələrinin, məsələn, data-mərkəzlərin inkişafı üçün istifadə etmək, qənaət edilmiş “mavi yanacağı” isə xarici bazarlara yönəltmək nəzərdə tutulur. Azərbaycan, həmçinin “yaşıl enerji”nin Avropanın enerji çatışmazlığı yaşayan bölgələrinə ötürülməsinin təşəbbüskarı olub. Bu məqsədlə Qazaxıstan və Özbəkistanla “təmiz enerji”nin ixracı üçün enerji sistemlərinin inteqrasiyası barədə saziş imzalanıb.

“2032-ci ildən Azərbaycan iki “yaşıl enerji” dəhlizinin istismarına başlayacaq. Daha bir strateji prioritet regional və regionlararası bağlılığın inkişafı vasitəsilə “yaşıl enerji” ilə beynəlxalq bazarlara çıxmaqdır. Ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa: “yaşıl enerji” dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması artıq bu layihələri praktiki müstəviyə keçirir, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov vurğulayıb.

2032-ci ildə Qara dəniz üzərindən keçən marşrutun birinci mərhələsinin və Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” dəhlizinin istismara veriləcəyi gözlənilir. Eyni zamanda Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan bölgəsi vasitəsilə “yaşıl enerji”nin Türkiyəyə və Avropaya ötürülməsi üçün yeni interkonnektorların inkişafı istiqamətində konkret addımlar atılır.

“Mərkəzi Asiya ölkələrinin müxtəlif enerji sistemləri var, eyni zamanda onlar arasında regional tərəfdaşlıq inkişaf edir. Həmçinin “yaşıl enerji”nin Avropaya tədarükü üçün Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi formalaşır”, - İƏT-in Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova bəyan edib. Onun sözlərinə görə, bu cür təşəbbüslərin reallaşdırılması üçün qarşılıqlı əlaqəli enerji sistemləri, eləcə də süni intellekt daxil olmaqla innovativ texnologiyalarla işləməyə hazır olan mütəxəssislər lazımdır.

 

Şəhərlər enerjini hesablayır

Meqapolislərdə enerjiyə qənaət edən texnologiyaların tətbiqinin genişləndirilməsi CW4-ün daha bir əsas mövzusu olub. Bu məsələ “Binaların enerji səmərəliliyi üzrə pasportlaşdırılması” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində iştirakçıların təqdimatlarının əksəriyyətinin mərkəzində idi.

BMT-nin qiymətləndirmələrinə görə, 2050-ci ilədək dünya əhalisinin 67%-i, yəni 6,3 milyard nəfərdən çoxu şəhər aqlomerasiyalarında yaşayacaq. Bir çox meqapolislər artıq həddən artıq sıx məskunlaşıb, köhnəlmiş yanaşmalardan istifadə edən bələdiyyələr üçün isə təhlükəsizliyi təmin etmək, ekoloji problemləri həll etmək, ictimai nəqliyyatı, kommunal təsərrüfatı və energetikanı səmərəli idarə etmək getdikcə çətinləşir. “Dünya əhalisinin 55%-dən çoxu hazırda şəhərlərdə yaşayır və temperaturun və əhalinin artması soyutma sistemlərinə əlavə yük yaradacaq. Eyni zamanda, şəhərlər artıq dünya enerjisinin, təxminən, 75%-ni istehlak edir və qlobal tullantıların 70%-ə qədərini istehsal edir: bu sahədə dayanıqlılığı qorumaq üçün qlobal elektrik şəbəkələrinə illik investisiya, təxminən, 400 milyard dollardan 600 milyard dollara qədər artmalıdır”, - M.Babayev vurğulayıb.

Lakin elektrik enerjisi sahəsinin inkişafı, o cümlədən “yaşıl generasiya”nın genişləndirilməsi qlobal problemlərin həlli üçün kifayət deyil. Enerjiyə qənaət edən texnologiyaları tətbiq etmək, resurslardan rasional istifadə etmək və binaların istilik təchizatı və soyutma sistemlərindəki itkiləri azaltmaq eyni dərəcədə vacibdir. Bu, həmçinin ən böyük emissiya mənbələri olan şəhər müəssisələrinə, nəqliyyata və digər sahələrə aiddir. Azərbaycanda əhalinin artımı, aqlomerasiyaların ərazi baxımından genişlənməsi və azad edilmiş ərazilərdə şəhərsalma layihələrinin həyata keçirilməsi nəzərə alınmaqla, ilk növbədə, mənzil-kommunal sektorunda enerji səmərəliliyinin artırılmasına ehtiyac da nəzərəçarpacaq dərəcədə artıb.

Son illərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda, sonradan isə respublikanın digər şəhərlərində tamhüquqlu “Smart City” (“Ağıllı şəhər”) sisteminin yaradılması barədə qərar qəbul edilib. Proqram səmərəsiz avadanlığın enerjiyə qənaət edən texnologiyalarla əvəz olunmasını, Bakı, Sumqayıt və Şamaxıda küçə və ev işıqlandırmasında LED texnologiyalarının tətbiqini nəzərdə tutur. Kommunal təsərrüfatda istilik və soyutma itkilərinin azaldılması üzrə pilot tədbirlər də həyata keçirilir. Gəncədə analoji işlər Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” proqramı üzrə maliyyə dəstəyi ilə aparılır. Dörd il yarımdan çox əvvəl Avropa İttifaqı və Dünya Bankı respublika hökuməti ilə Azərbaycan üçün Operativ Texniki Yardım Qrant Proqramı üzrə saziş imzalayıb. Gəncə, Şəki və Qaxda onlarla ictimai bina üzrə məlumatlar toplanıb, obyektlər tipologiya və iqlim zonalarına görə təsnifləşdirilib və enerji auditinə məruz qalıb.

Energetika Nazirliyinin enerji səmərəliliyi şöbəsinin rəisi Cahid Mikayılov yeni tikililər, yenidənqurulan və əsaslı təmir edilən binalarda enerji resurslarından rasional istifadənin zəruriliyini qeyd edib. “Cari ilin oktyabrında ölkədə binaların enerji səmərəliliyi üzrə pasportlaşdırma elektron sisteminin hazırlanması başa çatdırılacaq: layihəçi Binaların Enerji Səmərəliliyi İnformasiya Sisteminə layihə barədə məlumatları daxil edəcək, sistem isə bir kvadratmetr sahəyə illik enerji istehlakını özü hesablayacaq, binaya A, B və ya C sinfi təyin edəcək və pasport formalaşdıracaq”, - o qeyd edib.

Eyni zamanda ölkə enerji səmərəli binaların layihələndirilməsi, tikintisi və idarə olunmasında Türkiyə və Avropa təcrübəsini fəal şəkildə tətbiq edir. Bakının 2040-cı ilədək Baş planına əsasən, paytaxtda istilik istehlakı, təxminən, 6,5 MVt-a çatacaq ki, bu da 2020-ci il göstəricisini 4,4 dəfə üstələyir. Aydındır ki, ciddi islahatlar olmadan 14 il sonra Bakının enerji və istilik gücləri üzərindəki yük dəfələrlə artacaq, əlavə risklər yaradacaq.

Enerjiyə qənaət edən həllər hazırda “yaşıl şəhər” modelinə əsaslanan Qarabağ və Şərqi Zəngəzurun dirçəliş layihələrində geniş istifadə olunur. Evlərin tikintisində müasir izolyasiya materialları, isitmə, soyutma və mənzillərin isti su ilə təchizatı üçün isə günəş su kollektorları və istilik nasosları istifadə edilir. Elektrik enerjisinin idarə olunmasının intellektual sistemləri inkişaf etdirilir, binaların damlarına günəş panelləri quraşdırılır, küçələr isə avtonom LED işıqlandırıcılarla işıqlandırılır. Ümumiyyətlə, Qarabağ regionunda aşağı enerji səmərəliliyinə malik evlərin tikintisinə icazə verilməməsi planlaşdırılır. Azərbaycanın Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq A, B, C, D və E siniflərini təsdiqləyib. Ölkədə C-dən aşağı göstəricili yeni evlərin istismarı qadağan edilib.

Beləliklə, Bakı İqlim Həftəsi göstərib ki, qlobal “yaşıl gündəlik” tədricən bəyanatlardan praktiki mexanizmlərə - maliyyələşdirməyə, infrastruktura və vahid standartlara doğru dəyişir. Azərbaycan üçün bu, təkcə BOEM güclərinin artırılması və beynəlxalq enerji dəhlizlərinin yaradılması deyil, həm də bilavasitə şəhərlərdə və binalarda enerji səmərəli həllərin tətbiqi deməkdir. Bu istiqamətlərin birləşdirilməsi ölkəyə, eyni zamanda enerji təhlükəsizliyini möhkəmləndirməyə, ixrac potensialını genişləndirməyə və daxili resurs istehlakını azaltmağa imkan verəcək.



MƏSLƏHƏT GÖR:

56