DÜNYA 9/11-dən SONRA
Amerikanı, beynəlxalq siyasəti və təhdidlər haqda təsəvvürləri dəyişdirən hücum
Müəllif: İrina XALTURİNA
ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilən terror aktı bütün dünyanı sarsıtdı.Həmin səhər ABŞ vətəndaşları və 90-dan çox digər ölkənin vətəndaşları olmaqla, təxminən, 3 min insan həlak oldu. Faciənin üzərindən 25 il keçməsinə baxmayaraq, xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları, fəlakətin nəticələrinin aradan qaldırılması üçün çalışmış işçilər, könüllülər və sağ qalanlar, o cümlədən fəlakət bölgəsində yaşayan, işləyən və ya təhsil alan insanlar arasında xəstəliklərdən zərər çəkənlərin sayı artmaqda davam edir. Onların bir çoxunda Dünya Ticarət Mərkəzinin dağılmasından sonra havada yaranmış toksikliyinin səbəb olduğu ağır xəstəliklər yaranıb.
Bu hadisə müasir tarixdə ən çox insanın həlak olduğu terror aktıdır. Onu canlı yayımda milyonlarla insan izləyə bilmişdi. Bu miqyaslı faciə Birləşmiş Ştatlarda görünməmiş vətənpərvərlik ruhu və birlik yaratmış, hətta partiyalararası mübahisələr belə, müəyyən müddətə yox olmuşdu.
Beynəlxalq münasibətlər üzrə bir sıra tədqiqatçıların fikrincə, terror aktları ilkin mərhələdə ABŞ ətrafında beynəlxalq həmrəyliyi gücləndirmiş, Vaşinqtona terrorçuluğa qarşı koalisiya yaratmaq imkanını da məhz bu vermişdi. Bu məqam öz ifadəsini Fransanın “Le Monde” qəzetində faciədən iki gün sonra dərc olunmuş məqalənin başlığında çox yaxşı tapmışdı: “Hamımız amerikalıyıq!”
Amerikanı dəyişdirən müharibə
Bu hadisədən sonra Vaşinqton terrorçuluğa qarşı qlobal müharibəyə başladı və o müharibənin nəticələri bu günə qədər mübahisə mövzusudur. Çünki söhbət heç bir aydın strateji planı olmayan müharibədən gedir. Qərbin ABŞ bayrağı altındakı birliyinin tədricən aradan qalxmasının səbəbi də məhz budur.
Amerika 2001-ci il oktyabrın 7-də Əfqanıstanda “Sarsılmaz azadlıq” adlı hərbi əməliyyatlara başlasa da, 2021-ci ildə qoşunlarını oradan çıxarıb və nəticədə, “Taliban” hakimiyyətə qayıdıb. Bu isə dünyanı yenidən sarsıdıb. Belə ki, ABŞ və digər ölkələr tərəfindən Əfqanıstan təhlükəsizlik qüvvələrinə verilmiş böyük həcmdə silah və texnika taliblərin əlinə keçib.
Birləşmiş Ştatların daha mübahisəli qərarı İraqa zərbə olub. 11 sentyabr terrorunun planlaşdırılması və icrasında Səddam Hüseyn rejiminin iştirakını göstərən heç bir sübutun olmamasına baxmayaraq, 2003-cü ilin martında Bağdadın bombalanması ilə “İraqın azadlığı” əməliyyatına başlanılıb. Bu müharibə təxminən doqquz il davam edib və ən azı 110 min iraqlının, 4 mindən çox amerikalının həyatına son qoyub. Lakin Hüseyn rejiminin devrilməsi İraqa vəd edilən azadlığı gətirməyib. Əksinə, ölkə miqyaslı silahlı və məzhəblərarası qarşıdurmalar meydanına çevrilib və bu, 2006-2007-ci illərdə vətəndaş müharibəsinə çevrilib.
Nəhayət, 2011-ci ildə ABŞ bu ölkədən də qoşunlarını çıxarmaqla, təhlükəsizlik boşluğuna səbəb olub. Nəticədə, yaranmış şəraitdə cihadçı qruplaşmalar, xüsusilə İŞİD “çiçəklənməyə” başlayıb.
Sonradan Yaxın Şərqdəki xaosa Suriya hadisələri də əlavə olunub və bu vəziyyətdə İŞİD hətta müəyyən müddət ərzində öz “dövlət”ini – xilafət yaratmağı da bacarıb. O, ABŞ da daxil olmaqla, bir sıra Qərb ölkələrində miqyaslı terror aktları da törədə bilib.
Bəzi fikirlərə görə, Yaxın Şərqdəki uzunmüddətli müharibələr ABŞ-nin mövqelərini zəiflədib, İranın regional təsirinin güclənməsinə şərait yaradıb. Bəzi analitiklər Çinin Hind-Sakit okean regionunda və ümumilikdə bütün dünyada mövqeləri daha da möhkəmlənməsini də bu siyasətin nəticələri ilə əlaqələndirir.
Maraqlıdır ki, 11 sentyabr hadisəsindən 25 il sonra terror qurbanlarının ailələri məxfiliyi açılmış sənədlərdən əldə edilmiş yeni materiallara əsasən, yaşananlarda Səudiyyə Ərəbistanının məsuliyyəti barədə danışırlar. Doğrudur, bu iddialar yeni deyil. Lakin onların uzun illərdir davam edən bu iddilarının məhkəmə araşdırmasına yaxınlaşdığı indiki vaxtda həlak olanların ailələri Tramp administrasiyasını daha çox sənədi məxfilikdən çıxarmağa çağırırlar. Onların fikrincə, bu sənədlər, nəhayət, ədalətin bərpasına imkan verə bilər.
Məhkəmə iddiasının mərkəzində 1990-cı illərdə San-Dieqo ərazisində yaşamış və FTB-nin araşdırmasında ilk şübhəlilərdən biri olmuş, lakin ittiham irəli sürülmədən azad edilmiş Səudiyyə Ərəbistanı vətəndaşı Ömər əl-Bayumi dayanır. Bayumidən götürülmüş materiallar arasında təyyarənin təsviri, hündürlük və məsafə üzrə riyazi hesablamaların yer aldığı bir vərəq də olub. Həmin vərəqin terror aktının hazırlanmasında istifadə edildiyinə dair sübutlar olmasa da, iddiaçılar bunu şübhəli hesab edirlər. Eyni zamanda bu sənədin 11 sentyabr hadisələrini araşdıran Komissiyanın bəzi məruzələrinə daxil edilmədiyi iddiaları da var.
Guya Bayuminin sonradan Ərəbistan yarımadasında “Əl-Qaidə”nin ən tanınmış ideoloq və rəhbərlərindən birinə çevrilmiş Ənvər əl-Əvlaki ilə yaxınlığını sübut edən videolar da var. Üstəlik, onun adı təyyarələri qaçıran iki şəxsin imzaladığı mənzil kirayəsi müqaviləsində də aşkarlanıb. Bununla belə, Səudiyyə Ərəbistanı bütün ittihamları rədd edir. Ər-Riyad məhkəmədə bəyan edib ki, o, “ABŞ-nin müttəfiqi və “Əl-Qaidə”nin and içmiş düşməni olaraq qalır”.
Təhlükəsizliyin qiyməti
11 sentyabrdan cəmi 45 gün sonra ABŞ Vətənpərvərlik Aktının qəbul edilməsi milli təhlükəsizliyin konstitusiya təminatları ilə necə balanslaşdırılmalı olduğuna dair müzakirələrə yol açıb. Terror aktlarından sonra ABŞ-də mövcud olan iki böyük okeanın (Sakit və Atlantik okean) ölkənin materik hissəsini hücumlardan qoruduğuna inam sarsılıb. Bununla yanaşı, ölkə daxilində və xaricdə telefon danışıqlarının dinlənilməsini də əhatə edən geniş müşahidə, həmçinin saxlanılma səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi vətəndaş azadlıqlarının pozulması ilə bağlı mübahisələrə səbəb olub.
Terrorçuluqda şübhəli bilinən şəxslərin Kubadakı Quantanamo, İraqdakı Əbu-Qreyb həbsxanalarında, eləcə də üçüncü ölkələrdə yerləşən müxtəlif gizli mərkəzlərdə saxlanılmaları da ABŞ-nin insan hüquqlarını pozması ilə bağlı mübahisə və ittihamlara yol açıb. Çoxsaylı şahid ifadələrinə görə, orada məhbuslara yuxusuz saxlama, cinsi alçaltma və su ilə işgəncə (boğulmanın imitasiyası) kimi “gücləndirilmiş dindirmə üsulları” tətbiq olunub.
11 sentyabrdan sonra ABŞ-də və digər Qərb ölkələrində yaşayan qanuna tabe müsəlmanlar (və ya zahirən müsəlmana oxşayan insanlar) belə, təzyiq və düşmənçiliklə, o cümlədən ölümcül hücumlarla üzləşməyə başlayıblar. İlk qurbanlardan biri Arizonadakı yanacaqdoldurma məntəqələrindən birinin sahibi Balbir Sinqh Sodhi olub. O, 11 sentyabr terrorundan dörd gün sonra güllələnərək qətlə yetirilib. Məlum olub ki, saqqallı, əmmamə taxan və siqh dininə etiqad edən Sodhini ərəb sayaraq öldürüblər.
Müsəlmanlara qarşı belə münasibətə bəzən indi də rast gəlinir. Məsələn, Demokratlar Partiyasının Miçiqan ştatından Senata namizədi Abdul Əl-Sayed (seçiləcəyi təqdirdə o, ABŞ Senatında ilk müsəlman senator olacaq) dəfələrlə ittiham və hücumlarla üzləşib. Onun tərəfdarları bu hücumların, digər amillərlə yanaşı, islamofob stereotiplərlə də əlaqəli olduğunu bildirirlər.
Bəzi media orqanları və siyasi şərhçilər Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdanini Dünya Ticarət Mərkəzində törədilmiş terror aktının qurbanlarının anım mərasiminə qatılmamağa çağırıblar. Onun bu mərasimdə iştirakına şəhərə 1994-2001-ci illərdə rəıhbərlik etmiş Rudi Culiani də etiraz edir. Bənzər tənqidlər digər siyasətçilər və ictimai fəallar tərəfindən də səsləndirilir.
Beləliklə, 11 sentyabr hadisəsindən 25 il keçməsinə baxmayaraq, siyasi baxışların tənqidi ilə dini və ya etnik ayrı-seçkilik arasında sərhəd məsələsi Amerikada ictimai müzakirələrin tərkib hissəsi olaraq qalır. Terror aktından əvvəl də qızğın mübahisələrin mövzusu olan immiqrasiya məsələləri isə “11 sentyabr”dan sonra milli təhlükəsizlik amili ilə bir-birinə qarışıb.
Yeri gəlmişkən, sözügedən hadisədən sonra “milli təhlükəsizlik” anlayışının özü də ciddi dəyişikliklərə məruz qalıb. Terror təşkilatlarını araşdıran tədqiqatçılar vurğulayırlar ki, 11 sentyabr hadisələri “heçdən yaranmayıb”. O, beynəlxalq terrorçuluğun uzun illərdən keçmiş təkamülünün, “Əl-Qaidə”nin inkişafının, Amerika aviasiya sisteminin zəifliyinin, həmçinin xüsusi xidmət və hüquq-mühafizə orqanları daxilindəki ciddi institusional problemlərin nəticəsi olub.
11 sentyabr hadisəsini araşdıran komissiya da müxtəlif dövlət strukturları arasında informasiya mübadiləsində çoxsaylı uğursuzluqları ətraflı təsvir edib. MKİ və FTB “Əl-Qaidə” və onun üzvləri haqqında ayrı-ayrı məlumatlara malik olsalar da, bu məlumatlar heç də həmişə vaxtında birləşdirilməyib və nəticədə vahid mənzərə formalaşmayıb. Ehtimal etmək olar ki, dövlət qurumları arasında daha səmərəli əməkdaşlıq ABŞ hökumətinə hücumun qarşısını almaq üçün əlavə imkanlar verə bilərmiş.
Fakt isə budur ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə”nin 19 silahlısı hava limanının təhlükəsizlik yoxlamasından keçərək dörd təyyarəni qaçıra bilib. Müəyyən edilib ki, 9 silahlı CAPPS sistemi tərəfindən yüklərin əlavə yoxlanılması üçün seçilibmiş. Lakin bu, sərnişinin özünün əlavə yoxlanılması demək deyil. Təsadüfi deyil ki, ABŞ aviasiyası məhz bu hadisədən sonra təhlükəsizlik sistemində ən genişmiqyaslı yenidənqurma işi aparıb, üstəlik, bu nümunəni digər ölkələr də diqqətlə nəzərdən keçirməyə başlayıb. Nəticədə, bu cür ciddi təhdidlərlə mübarizə aparmaq üçün bütün səviyyələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.
11 sentyabrdan sonrakı təhdid
Hazırda 11 sentyabr terroru kimi miqyaslı, bənzər xarakterli hücumun təkrarlanması ehtimalı son dərəcə azdır. Belə planların bir çoxu indi hücumdan əvvəl aşkar edilir və inun qarşısı alınır. Lakin bu, terror təşkilatlarından gələn təhdidin tam aradan qalxdığı anlamına gəlmir. 2026-cı ilin sentyabrında biz proqnozlaşdırılması son dərəcə çətin, sürətlə dəyişən dünyada yaşayırıq. Üstəlik, bu dünya əvvəlki geosiyasi istiqamətlərini və “qırmızı xətlər”ini itirməkdədir. Texnologiyalarda və fiziki dünyada həm valeh edən, həm də qorxudan dəyişikliklər baş verir. Bu isə kifayət qədər qiymətləndirilməmiş yeni risk kombinasiyaları yarada bilər. Məsələn, onlayn təbliğatın, ucuz pilotsuz uçuş aparatlarının və süni intellektdən istifadə ilə təçkil olunan kiberhücumların birləşməsi tam bir “cəhənnəm qarışığı”na çevrilə bilər. Növbəti fəlakət müasir dövlətlərin fəaliyyətinin əsasını təşkil edən fiziki deyil, rəqəmsal infrastrukturun zəifliyini üzə çıxara bilər. Potensial olaraq isə süni şəkildə yaradılmış və ya modifikasiya edilmiş patogen səbəblə baş verə biləcək növbəti pandemiyanın olacağı da istisna deyil.
Bu gün Avropada “nihilistik zorakı ekstremizm”in yeni formasından – konkret ideologiyadan daha çox zorakılığa, şöhrətə və internet icmalarına maraq göstərən gənclərdən danışılır. Avropa İttifaqının doqquz ölkəsində aparılan araşdırma belə onlayn şəbəkələrdən biri ilə əlaqəli 4300-dən çox veb ünvan aşkar edib.
Bu yerdə ortaya çox mühüm bir sual çıxır: “11 sentyabr” amerikalıların və digərlərinin şəxsən xatırladığı hadisə olmaqdan çıxdıqda nə baş verəcək? ABŞ-də 100 milyondan çox insan terror aktlarından sonra doğulub və həmin günlə bağlı şəxsi xatirəsi yoxdur. 2026-cı ilin sentyabrında Amerika mediası 9/11 hadisəsi haqda, ilk növbədə, valideynlərin söhbətləri, məktəb dərslikləri və tarixi sənədlər vasitəsilə məlumat almış gənc nəslə diqqət çəkib. Məhz bu səbəbdən 11 sentyabr hadisəsi artıq yalnız terror hücumunun baş verdiyi tarix deyil. O, bir faciənin Amerikanın xarici siyasətini, milli təhlükəsizlik sistemini, immiqrasiyaya və dinə münasibətini, beynəlxalq hüququ, hətta müasir dövlətin nə dərəcədə müdafiəsiz ola biləcəyi barədə təsəvvürləri dəyişdiyi tarixidir. 25 il sonra əsas sual hələ də açıq qalır: dünya daha təhlükəsiz vəziyyətə gələ bilibmi? Yoxsa o, növbəti böyük təhdidlərin tamamilə fərqli ola biləcəyi bir dövrdə sadəcə keçmişə xas təhdidlərə hazırlaşmağı öyrənib?
MƏSLƏHƏT GÖR:





55

