31 Oktyabr 2026

Şənbə, 15:12

ALTISI BİRİNDƏ

Yeni viza Fars körfəzi ölkələrinə səyahət qaydalarını dəyişə bilər

Müəllif:

15.09.2026

Yaxın gələcəkdə “ərəb Şengeni” yarana bilər. Bunu Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casem Məhəmməd Əl-Budeyvi elan edib. Onun sözlərinə görə, birliyə daxil olan altı ölkə üçün vahid turist vizası tezliklə tətbiq olunacaq. Layihədə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı iştirak edir. Vahid viza turistlərə bu ölkələrin hər birinə giriş üçün ayrıca icazə almadan, bir səfər çərçivəsində regionun bir neçə dövlətini ziyarət etmək imkanı verəcək.

İlk baxışda söhbət sanki yalnız səyahətçilərin rahatlığından gedir. Lakin layihənin arxasında daha böyük məqsəd dayanır. Söhbət 6 ayrı turizm istiqamətini vahid məkana və ümumilikdə Fars körfəzini beynəlxalq turizmin yeni nəhəng mərkəzinə çevirməkdən gedir.

 

Altı ölkə, bir viza

Fars körfəzi ölkələri üçün vahid turist vizası ideyası yeni yaranmayıb. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin liderləri belə bir sistemin yaradılması barədə qərarı hələ 2023-cü ildə qəbul ediblər. İndi isə görünən odur ki, dəqiq tarix açıqlanmasa da, layihə reallaşmağa yaxındır. Prinsip kifayət qədər sadədir: turist bir icazə ilə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına səfər edə biləcək. Yəni onun hər ölkə üçün ayrıca viza rəsmiləşdirməsinə ehtiyac qalmayacaq. Üstəlik, sənədləşdirmənin tam elektron formata keçirilməsi də planlaşdırılır. Vahid viza ilə səfər olunmuş ölkələrdə qalma müddətinin 30-90 gün olması nəzərdə tutulur. Lakin yekun parametrlər hələ razılaşdırma mərhələsindədir.

Məhz bu cəhətlərinə görə layihə qeyri-rəsmi olaraq “ərəb Şengeni” adlandırılır. Lakin onun Avropa sisteminin tam analoqu olduğunu söyləmək mümkün deyil. Şengen sistemi yalnız ümumi viza siyasətini deyil, həm də iştirakçı ölkələr arasındakı daxili sərhədlərdə adi pasport nəzarətinin olmamasını nəzərdə tutur. “Ərəb Şengeni”nə gəldikdə isə söhbət, ilk növbədə, altı dövlət arasında səfərləri asanlaşdırmalı olan vahid turist icazəsindən gedir. Burada milli sərhədlər, immiqrasiya prosedurları və təhlükəsizlik məsələləri qüvvədə qalır.

Layihənin gecikməsi isə altı ölkə arasında yalnız viza qaydalarının deyil, həm də texniki prosedurların, sərhəd nəzarətinin və məlumat mübadiləsinin razılaşdırılması zərurəti ilə izah olunur. Hazırda müvafiq qurumlar texniki və normativ-hüquqi razılaşdırmanı başa çatdırmaq üzrədirlər. Hər şey plana uyğun gedərsə, turistlər Körfəz ölkələrinə artıq altı ayrı istiqamət kimi deyil, vahid böyük marşrut kimi baxa biləcəklər.

 

Körfəz vahid kurort kimi

Aydındır ki, Fars körfəzi ölkələri üçün vahid turist vizası yalnız səyahətçilərin həyatını asanlaşdırmaq vasitəsi olmayacaq. Bu, altı dövlətin eyni qonaq uğrunda rəqabət aparmasından çox, turistlərin regionda daha çox qalmasından fayda əldə olunacaq ümumi turizm bazarının formalaşmasına kömək etməlidir.

Bunu layihənin təşəbbüskarlarından biri, BƏƏ-nin iqtisadiyyat naziri Abdullah bin Touk Əl-Mərrinin sözləri də təsdiqləyir. Nazir bildirib ki, vahid turist vizası hotel gəlirlərinin, turist xərclərinin və səyahətçilərin birlik ölkələrində qalma müddətinin artmasına təkan olacaq. Burada məntiq sadədir. Bu gün turist, məsələn, Dubaya uçaraq orada bir neçə gün qala və qonşu ölkələrə getmədən evinə qayıda bilər. Vahid viza isə başqa ssenarini daha cəlbedici vəziyyətə gətirməlidir: bir neçə gün BƏƏ-də qaldıqdan sonra Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və ya Omana səyahət. Marşruta nə qədər çox dövlət daxil olarsa, turist regionda bir o qədər çox qalacaq, hotellərdə, restoranlarda, ticarət mərkəzlərində, nəqliyyatda və turizm infrastrukturunda bir o qədər çox pul xərcləyəcək.

Bu, Körfəz ölkələri üçün iqtisadiyyatın şaxələndirilməsi üzrə genişmiqyaslı proqramlar fonunda xüsusilə vacibdir. Onilliklər ərzində neft-qaz gəlirlərindən asılı olan dövlətlər turizmi, hotel biznesini, əyləncə sektorunu və beynəlxalq tədbirlərin keçirilməsini fəal şəkildə inkişaf etdirir. Səudiyyə Ərəbistanı bunu “2030 baxışı” proqramı çərçivəsində həyata keçirirsə, BƏƏ artıq dünyanın ən iri turizm mərkəzlərindən birinə çevrilib. Qətər, Oman və Bəhreyn isə beynəlxalq bazarda özünəməxsus yer tutmağa çalışırlar.

Beləliklə, vahid viza xarici turistə ayrı-ayrılıqda Dubay, Doha və ya Ər-Riyadı deyil, bütün regionu birdəfəyə “satmalıdır”. Burada altı ölkə, əslində, ayrı-ayrılıqda əldə edilməsi xeyli çətin olan bir məqsədə çatmağa çalışır. Söhbət Fars körfəzinin vahid turizm məkanına çevrilməsindən gedir.

 

Daha çox turist, yoxsa daha çox marşrut?

Yeni sistemin potensialı, həqiqətən, böyükdür. 2025-ci ildə Fars körfəzi ölkələri 75,7 milyon turist qəbul edib. Halbuki bir il əvvəl bu rəqəm 72,2 milyon olub. 20,1 milyon turist səfəri region ölkələrinin öz aralarındakı səyahətlərin payına düşüb.

Beynəlxalq şirkət olan “Colliers”in hesablamasına görə, vahid vizanın tətbiqi regiondaxili turizmi ən azı 20% artıra, səyahətçilərin orta qalma müddətini, təxminən, 3,5 gecədən 7 gecəyədək yüksəldə bilər. Bu, hotel biznesi, aviaşirkətlər, restoranlar, ticarət mərkəzləri və turizm şirkətləri üçün tələbin nəzərəçarpacaq dərəcədə artması demək olacaq.

Lakin burada bir məqama diqqət yetirmək lazımdır. Qonşu ölkənin sərhədini keçən hər əlavə turist bütün region üçün yeni turist sayılmayacaq. Səyahətçilərin bir qismi bu gün də Körfəz ölkələrinin bir neçəsinə səfər edir, vahid viza isə sadəcə bu marşrutu asanlaşdıracaq. Odur ki, artımın müəyyən hissəsi yeni tələbin yaranması deyil, onun şəhərlər və ölkələr arasında yenidən bölüşdürülməsi demək olacaq. Layihənin real effekti də məhz bundan asılıdır. Yəni bu işdə yalnız viza kifayət deyil: rahat hava marşrutları, inkişaf etmiş quru nəqliyyatı əlaqələri, birgə turizm paketləri və aydın qiymət siyasəti çox önəmlidir. Bir neçə ölkəyə səfər bir ölkəyə səyahətdən yalnız bundan sonra daha cəlbedici ola bilər.

“Colliers” şirkətində vahid vizanı turizm tələbinin artımına orta və uzunmüddətli təsir göstərəcək amil hesab edirlər. Eyni zamanda, bundan yalnız Dubay və Ər-Riyad kimi iri mərkəzlər deyil, turistləri əlavə bir neçə günə cəlb edə biləcək daha az tanınan istiqamətlər də faydalana bilər.

Beləliklə, əsas sual artıq vahid vizanın səfərləri asanlaşdırıb-asanlaşdırmayacağı deyil. Daha maraqlısı başqa məqamdır: Körfəz ölkələri turisti burada daha uzun müddət qalmağa və yalnız bir yox, birdən-birə bir neçə ölkəni seçməyə razı sala biləcəklərmi?

 

Turistlər üçün nə dəyişəcək?

Azərbaycanlı səyahətçilər üçün yeni rejim xüsusilə maraqlı olacaq. Çünki bu gün Körfəz ölkələrinə səfərlər nisbətən əlçatan olsa da, hər bir ölkəyə giriş qaydaları fərqlidir. Məsələn, Azərbaycan vətəndaşları BƏƏ-yə vizasız səyahət edə bilir və adi pasport sahiblərinin orada 90 günədək qalmasına icazə var. Bunu BƏƏ Xarici İşlər Nazirliyi də təsdiqləyir. Qətərə də əvvəlcədən viza almadan getmək mümkündür. O, Azərbaycan vətəndaşları üçün vizasız girişin mümkün olduğu ölkələr siyahısındadır. Səudiyyə Ərəbistanına səfər zamanı isə Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş prosedur tətbiq olunur: turist elektron vizasını onlayn rəsmiləşdirmək, qaydalarda nəzərdə tutulan hallarda isə gəliş zamanı viza almaq imkanına malikdir. Artıq mövcud olan bu sistem səfəri ənənəvi konsulluğa müraciətlə müqayisədə xeyli asanlaşdırır.

Oman və Bəhreynə gəlincə, bu ölkələrə səfər üçün elektron vizanın əvvəlcədən rəsmiləşdirilməsi tələb olunur.

Yəni turist hələ də hər bir ölkənin tələblərini ayrıca araşdırmalı, müvafiq sistem vasitəsilə ərizə təqdim etməli və ölkəyə giriş üçün ayrıca icazə almalıdır.

Ən mürəkkəb istiqamət Küveytdir. Ekspertlər bildirirlər ki, burada Azərbaycan vətəndaşları üçün viza prosedurları Körfəzin digər ölkələri ilə müqayisədə xeyli ağırdır ki, bu da mövcud sistemin əsas problemini aydın şəkildə göstərir: altı qonşu dövlətin altı fərqli qaydalar toplusu var.

İndi vahid turist sənədi bu “viza mozaikası”nı dəyişdirməlidir. Doğrudur, azərbaycanlı səyahətçi üçün bu, hazırda getməyin çətin başa gəldiyi yerlərə mütləq çıxış demək olmayacaq. Vacib olan başqadır: turist hər bir ölkənin tələblərini ayrıca yoxlamaqdansa, bütün region üzrə səfərini vahid sistem çərçivəsində planlaşdıra biləcək.

Yeni vizanın qiyməti isə ayrı mövzudur. Hələlik vahid icazənin rəsmi qiyməti açıqlanmadığından, onun ayrı-ayrı vizaların məcmusundan ucuz olub-olmayacağını demək çətindir. Lakin turist üçün qənaət yalnız konsulluq rüsumunun məbləğindən ibarət olmaya bilər. Bir ərizə, bir sənəd toplusu və bir neçə ölkə üçün icazələrin ayrıca rəsmiləşdirilməsinə ehtiyacın olmaması çoxkomponentli səfəri həm vaxt, həm də təşkilati xərclər baxımından daha sadə və daha ucuz edir.

 

Yaxınlaşma nöqtəsi

Hər bir halda, vahid turist sənədi Körfəz ölkələrini “Avropa Şengeni”nə çevirməyəcək və onların mövcud sərhədlərini aradan qaldırmayacaq. Lakin o,regional turizmin modelini dəyişdirə bilər. Bu gün səyahətçi Dubay, Doha, Ər-Riyad və ya Maskat arasında seçim edirsə, gələcəkdə onları vahid böyük səyahətin tərkib hissələri kimi nəzərdən keçirə biləcək ki, bu da daha asandır. Ölkələrin özləri üçün isə bu, turistlərin qalma müddətini artırmaq, marşrutları genişləndirmək, qonaqları vaxtını və pulunu yalnız bir şəhərdə deyil, bütün regionda xərcləməyə yönəltmək imkanıdır.

Bu layihənin daha bir cəhəti var. Körfəz ölkələri öz aralarında investisiyalar, turistlər, beynəlxalq tədbirlər, nəqliyyat axınları və əsas regional mərkəz statusu uğrunda kifayət qədər sərt rəqabət aparırlar. Vahid turist vizası bu rəqabəti aradan qaldırmayacaq. Lakin o, bölgədə rəqabətin tədricən daha sıx əməkdaşlıqla tamamlanacağı bir məkan yarada bilər.

Bəlkə də, daha dərin yaxınlaşma məhz belə praktiki addımlardan başlayır. Yəni söhbət vahid siyasi ittifaqdan və ya “ərəb Aİ”sindən yox, ayrı-ayrı dövlətlərin birgə fəaliyyətinin daha sərfəli olduğu sahələrdə tədricən ümumi mexanizmlərin meydana çıxmasından gedir.

Odur ki, “ərəb Şengeni”nin əsas əhəmiyyəti vizanın özündə olmaya bilər. O, Körfəzin altı ölkəsinin regionu yalnız rəqabət meydanı kimi deyil, həm də ümumi məkan kimi qəbul etməyi öyrənəcəyi daha bir birləşdirici nöqtəyə çevrilə bilər.



MƏSLƏHƏT GÖR:

55