BAKI SON HƏDDƏ
Dramatik finiş, rekord izdiham və yeni trek perspektivləri
Müəllif: Sənan ŞƏFİZADƏ
“Formula 1” üzrə Azərbaycan Qran-Prisi “Mercedes” pilotunun qələbəsi ilə başa çatdı. 24-26 sentyabr tarixlərində keçirilən yarış, Bakıda sürət bayramının 10-cu ildönümünü qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və onların ailə üzvləri də Qran-Prinin əsas hissəsini izlədilər.
Ən gərgin
Cümə günü keçirilən sıralama turunda Corc Rassel yarışın böyük hissəsini bolidi çox fərqlə rahat şəkildə lider olaraq idarə edirdi. Lakin “Williams” pilotu Alex Albonun qəzası və ardınca gələn təhlükəsizlik maşınları bütün fərqi qapatdı. Son dövrələrdə yumşaq təkərlərə keçən “Red Bull” pilotu Maks Ferstappen Rasselə inanılmaz təzyiq göstərdi. Yarışın son dövrəsində mühərrikdə nasazlıqla qarşılaşan Rassel finiş xəttini Verstappendən cəmi 0.196 saniyə öndə keçərək mövsümdəki üçüncü qələbəsini bayram etdi. Bu sonluq, “Formula 1” tarixinin son 24 ildəki ən gərgin finişlərindən biri kimi qeydə alındı.
Bakı Qran-Prisinin yekun nəticələrinə əsasən, gərgin mübarizənin qalibi “Mercedes” pilotu Corc Rassel oldu və o, aktivinə 25 xal yazdırdı. Liderdən cəmi 0.196 saniyə geri qalan “Red Bull” pilotu Maks Ferstappen yarışı ikinci sırada bitirərək 18 xal əldə etdi. Digər “Red Bull” pilotu İsak Hacar isə liderdən 10.704 saniyə geridə qalaraq podiumun üçüncü pilləsinə yüksəldi və 15 xal qazandı. “Ferrari”dən Şarl Leklerk podiumun bir addımlığında dayanaraq dördüncü (12 xal), yarışa gerilərdən başlayan digər “Mercedes” pilotu Andrea Kimi Antonelli isə beşinci (10 xal) oldu. Gələn mövsüm “Ferrari”yə keçən təcrübəli pilot Lyuis Hamilton altıncı yeri tutaraq komandasına 8 xal qazandırdı.
“Mercedes” komandası yarış ərzində Bakı küçələrində ən sürətli və stabil maşına sahib idi. Rassel qazandığı qələbəylə “Mercedes”in Mühəndislər Çempionatındakı liderliyini daha da möhkəmləndirdi. Qəza səbəbindən sıralanma turunda problem yaşayan və yarışa 16-cı yerdən başlayan gənc istedad Andrea Kimi Antonelli isə xaosdan yayınaraq 5-ci yerə yüksəldi və böyük xal itkisinin qarşısını aldı. 2026 mövsümündə hələ qələbəsi olmayan “Red Bull” üçün Bakı yarışı böyük bir təsəlli oldu. Ferstappenin 8-ci yerdən başlayaraq ikinci olması və üç yarışlıq fasilədən sonra yenidən sükan arxasına keçən gənc pilot İsak Hacarın 3-cü yeri tutması komandaya 2024-cü ildən sonra ilk ikiqat podium sevincini yaşatdı.
Şarl Leklerk və Lyuis Hamilton Bakıda maşının performansından maksimumu sıxa bildilər. Leklerk podiumu az fərqlə qaçıraraq 4-cü, Hamilton isə gərgin mübarizələrdən sonra 6-cı oldu. Haas komandası üçün Bakı mövsümün ən uğurlu yarışı oldu. Esteban Okon (8-ci) və Oliver Birman (9-cu) hər iki maşınla ilk onluğa daxil olaraq komandaya vacib xallar qazandırdılar.
“Unikal tras”ın intriqaları
Bakı Şəhər Halqası öz dar keçidləri və sərt dönmələri ilə pilotlar üçün hər zaman böyük sınaq olub. Bu yarışda da Bakının “ənənəvi” daxili intriqaları özünü göstərdi. Yürüş zamanı “Alpine” komandasında gərginlik pik həddə çatdı. Franko Kolapinto döngədə idarəetməni itirərək həm özünün, həm də komanda yoldaşı Pyer Qaslinin yarışı tərk etməsi komanda rəhbərliyinin sərt reaksiyasına səbəb oldu.
Yarışı izləmək üçün Bakıya səfər edən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. “Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır”, - FIA prezidenti “Formula 1” üzrə Azərbaycan Qran-Prisində iştirak edərkən bildirib.
“İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm”, - Məhəmməd bin Sulayem vurğulayıb.
FIA prezidenti Azərbaycanın Formula 1 ilə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib: “Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var”.
Bakının turizm rekordu
İdman tərəfi ilə yanaşı, Bakı Qran-Prisi 2026 iqtisadi və turizm baxımından da böyük uğura imza atdı. Rəsmi məlumatlara görə, yubiley yarışını izləmək üçün paytaxta gələn xarici turistlərin sayı rekord həddə idi: 16 min nəfəri keçdi. Biletlər dünyanın 120-dən çox ölkəsindən olan azarkeşlər tərəfindən alınmışdı ki, bu da Bakı yarışının qlobal miqyasda nüfuzunun artmasının bariz göstəricisidir. Keti Perri və Kelvin Harris kimi ulduzların “Crystal Hall”dakı konsertləri isə yarış həftəsonunun əyləncə yükünü tamamladı. Bakı növbəti dəfə sübut etdi ki, o, “Formula 1” təqviminin ən gözlənilməz, dinamik və həyəcanlı şəhər yarışıdır.
Xatırladaq ki, Azərbaycan Qran-Prisi rəsmən 2030-cu ilə qədər (daxil olmaqla) təqvimdə qalıb. Ötən il 2026-cı ildə bitən müqavilə daha 4 mövsüm üçün yenilənib. Bu, o deməkdir ki, Bakı küçələri 2027, 2028, 2029 və 2030-cu illərdə də dünyanın ən sürətli bolidlərinə ev sahibliyi edəcək. Son illərdə təqvimə daxil olmaq istəyən yeni ölkələrin (məsələn, Madrid, Las-Veqas, Qətər və s.) sayının artması fonunda Bakının təqvimdən düşmə ehtimalı müzakirə olunurdu. Lakin yarışın gərgin ssenariləri və yüksək yayım reytinqləri “Formula 1” rəhbəri Stefano Domenicali tərəfindən yüksək qiymətləndirildi və Bakının statusu toxunulmaz qaldı.
“Formula 1” pilotları da etiraf edirlər ki, Bakı, təqvimdəki ən çox fərqli qalib çıxaran və proqnozlaşdırılması ən çətin olan şəhər trekidir. Bu xüsusiyyəti ona qlobal azarkeş kütləsi arasında böyük nüfuz qazandırır. Bakı Şəhər Halqası “Formula 1”in 2030-cu ilə qədər qarşısına qoyduğu “Xalis Sıfır Karbon” (“Net Zero Carbon”) hədəfinə uyğun olaraq, növbəti illərdə birdəfəlik plastiklərin tamamilə ləğvi, bərpa olunan enerjidən istifadə və tullantıların 100% təkrar emalı proqramını genişləndirəcək. “F1” rəhbərliyi ilə gələcək illərdə Bakı Qran-Prisinin bəzi Sinqapur və ya Las-Veqas kimi gecə (süni işıqlandırma altında) keçirilməsi ideyası müzakirə olunur. Bu, mərkəzi küçələrin fərqli mənzərəsini vizual olaraq daha da cəlbedici edə bilər.
MƏSLƏHƏT GÖR:








52

