SÜRPRİZLİ KAŞ
Adi Türkiyə kurortundan daha maraqlı olan kiçik Aralıq dənizi şəhəri
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Kaş-Bakı
Türkiyə sahillərində dəniz, günəş və əyləncələrlə dolu istirahət məkanlarının olduğu bir çox istiqamətlər var. Amma Kaş başqa aləmdir. Burada özünü nəhəng turizm burulğanında hiss etmirsən: ucu-bucağı görünməyən otel silsilələri əvəzinə, yamacdan dənizə doğru enən kiçik bir şəhər, səs-küylü gəzinti yerlərinin əvəzinə isə dar küçələr, köhnə evlər, bugenvil (sarmaşan kol), kafelər və kiçik mağazalar var.
Kaş şəhəri sanki tətildə sadəcə hovuz kənarında uzanmaq istəməyənlər üçün yaradılıb. Gündüz burada dənizə gedə, axşam köhnə şəhərdə gəzə, ertəsi gün isə antik xarabalıqlara və ya mənzərəli qonşu körfəzlərdən birinə yollana bilərsiniz. Bütün bunlar dağların, Aralıq dənizinin və burada muzey divarları arxasında gizlədilməyən, sözün əsl mənasında müasir mənzərəyə inteqrasiya olunmuş Likiya tarixinin fonunda baş verir.
Müasir Kaş qədim Likiyanın mühüm limanı olan Antifellosun yerində yaranıb. Buna görə də antik teatr, sarkofaqlar və digər abidələrə düz şəhər hüdudları daxilində rast gəlinir, ondan kənarda isə qədim Likiyanın nəhəng tarixi landşaftı başlayır. Türkiyənin rəsmi turizm portalı Kaşı Likiya irsi, dənizi və aktiv istirahətlə tanış olmaq üçün regionun əsas yerlərindən biri adlandırır.
Məhz buna görə də Kaşı növbəti çimərlik kurortu kimi deyil, Aralıq dənizinin bu guşəsinə səyahət etmək üçün əlverişli başlanğıc nöqtəsi kimi qəbul etmək daha yaxşıdır.
Necə getmək və tanışlığa nədən başlamaq lazımdır?
Səyahətçilərin əksəriyyəti üçün Kaşa yol iki hava limanının birindən - Dalaman və ya Antalyadan başlayır. Və bu zaman seçim mühüm əhəmiyyət kəsb edir. Dalaman hava limanından Kaşa qədər olan məsafə 145-150 kilometrdir (km). Avtomobillə və ya transferlə uzun fasilələr olmadan yol 2-2,5 saat çəkir. Kaşa gedən marşrut hələ də bir çox turistə məlum olmayan Göcək, Fəthiyə, Patara və Kalkandan keçir. Antalya hava limanından Kaşa qədər olan məsafə təxminən 190 km-dir və yol 3-3,5 saat çəkəcək. Əsas marşrut da mənzərəli D400 trası ilə gedir: əvvəlcə Kəmər, sonra Kumluca, Finike və Demre, bundan sonra isə yol Kaşa çıxır. Bu variant daha uzundur, lakin marşrut Türkiyənin Aralıq dənizi sahilinin ən gözəl hissələrindən birindən keçir.
İctimai nəqliyyat da var. Hər iki hava limanından ən yaxın şəhərlərin avtovağzalları vasitəsilə transferlərlə getmək mümkündür, ancaq baqajınız varsa, bu variant nəzərəçarpacaq dərəcədə az rahatdır və daha çox vaxt aparır. Bir cütlük və ya ailə üçün fərdi transferin qiymətini avtobus marşrutu ilə əvvəlcədən müqayisə etmək məntiqlidir: bir neçə sərnişin olduqda, adambaşına hesablanan fərq çox da böyük olmaya bilər.
Bununla belə, avtomobil icarəyə götürənlər üçün Kaş, demək olar ki, idealdır. Mərkəz özü yığcamdır və maşın şəhərdə gəzməkdən daha çox, çimərliklərə, antik abidələrə və qonşu kurortlara getmək üçün lazım olacaq.
İlk tanışlığa piyada başlamaq daha yaxşıdır. Mərkəzi küçələr sizi sürətlə şəhər həyatının əhəmiyyətli hissəsinin, o cümlədən görməli yerlərin, restoranların, mağazaların cəmləşdiyi limana aparır. Buradan dəniz boyu gəzintilər başlayır, əks istiqamətdə isə küçələr köhnə məhəllələrə doğru qalxır. Kaşın əsas xüsusiyyətlərindən biri də məhz buradadır: antik tarix müasir həyatla tamamən yanaşı yerləşir.
Qeyd etdyimiz ki, Kaş qədim Antifellosun yerində ucalıb. Onu xatırladan əsas xatirə isə yaxşı qorunub saxlanılmış ellinistik teatrdır. Yaxınlıqda Likiya qəbirləri və sarkofaqları, o cümlədən şəhərin simvollarından birinə çevrilmiş məşhur Aslanlı qəbir yerləşir.
Lakin Kaşın dəyəri yalnız ayrı-ayrı abidələrdə deyil. Şəhər qədim Likiya ərazisinin daxilində yerləşir, buna görə də onu antik şəhərlərə və regionun digər tarixi yerlərinə getmək üçün başlanğıc nöqtəsi kimi istifadə etmək əlverişlidir. Marşrutdan asılı olaraq buradan Patara, Ksantos və Letoona, şərq istiqamətində isə Demre və qədim Miraya yollanmaq olar.
Eyni zamanda, səfəri arxeoloji ekspedisiyaya çevirmək heç də vacib deyil. Kaşda başqa bir kombinasiya yaxşı işləyir: səhər - köhnə küçələrdə gəzinti, gündüz - dəniz, axşam - limanda şam yeməyi. Ertəsi gün isə şəhərin ətrafındakı çoxsaylı istiqamətlərdən birini seçmək olar.
Kaşa gəlməyə səbəb olan çimərlik
Kaşda dənizdə üzmək üçün kifayət qədər çox yer var, lakin onlardan biri uzun müddətdir ki, onun vizit kartına çevrilib. Kaputaş - fotoları ən çox Türkiyənin Aralıq dənizi reklamlarında görünən həmin kiçik çimərlikdir: hündür qayalar arasında dar, açıq rəngli qum zolağı, onun qarşısında isə inanılmaz göy-firuzəyi rəngli su var.
Kaputaş Kaşın mərkəzindən Kalkan istiqamətində 21 km məsafədə yerləşir. Çimərlik isə kanyonun girişində kiçik bir körfəzdə yerləşir. Yuxarıdan, yəni yoldan o, az qala oyuncaq kimi görünür və ilk təəssürat aldadıcı ola bilər: dənizə çatmaq üçün uzun bir pilləkəni qət etməli olacaqsınız. Bunun əvəzində hələ yuxarıdan minlərlə turistin bura gəlməsinə səbəb olan həmin mənzərə açılır. Kaş bələdiyyəsi də Kaputaşı Türkiyənin ən gözəl çimərliklərindən biri adlandırır.
Kaşdan buraya gəlmək kifayət qədər asandır. Kaş və qonşu Kalkan arasında müntəzəm olaraq dolmuşlar (mikroavtobuslar) hərəkət edir və onlar birbaşa Kaputaşda dayanırlar. Mövsümdə interval, təxminən, yarım saat ola bilər. Avtomobillə getmək isə daha asandır: Kaputaş düz D400 magistral yolun kənarında yerləşir. Düzdür, parklanma ilə bağlı vəziyyət daha mürəkkəbdir. Burada xüsusi böyük parklama yeri yoxdur və yol kənarındakı yerlər, xüsusən də mövsümün ən qızğın vaxtında tez tükənir. Buna görə də maşın hərəkət azadlığı verir, amma mütləq şəkildə vaxta qənaət etmir.
Giriş üçün rəmzi məbləği ödədikdən sonra sizi pilləkənlərlə eniş gözləyir. Aşağı düşmək asandır, amma xüsusən də günəş altında bir neçə saat keçirdikdən sonra yuxarı qalxan zaman insan təngnəfəs olur. Kaputaşın əsas xüsusiyyəti enişdən sonra aydın görünür: çimərlik böyük deyil. Bu, hər kəsin öz boş guşəsini tapa biləcəyi kilometrlərlə uzanan qum deyil. Yüksək mövsümdə burada adam çox olur, ona görə də tək qalacağınızı düşünməyin. Əvəzində su, həqiqətən, təəccübləndirir: təmiz, şəffaf, bəzən fotoşəkillərdə fotoşopun nəticəsi kimi görünən həmin parlaq firuzəyi-mavi çalarda. Amma burada o, həqiqətən də, təbiidir.
Sahilə yaxın dəniz gözlədiyinizdən daha sərin ola bilər. Səbəbi kanyondan dənizə tökülən şirin sudur. Bundan əlavə, dərinlik kifayət qədər tez artır, buna görə də Kaputaş dayaz və sakit suya girməyə ehtiyacı olan kiçik uşaqlardan daha çox, özünəinamlı üzgüçülər üçün uyğundur.
Çimərliyin özü Kaş bələdiyyəsinin idarəçiliyi altındadır. Burada tualetlər, duş otaqları, paltardəyişmə kabinələri var, lakin çətirlər və şezlonqlar üçün ayrıca ödəniş edilir. Sahildə bələdiyyə kafesi də fəaliyyət göstərir. Bu kafe ona görə rahatdır ki, su və ya qəlyanaltı üçün uzağa getmək lazım gəlmir, ancaq buradakı qiymətlər Kaşın özündəkindən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Hətta dondurma, qarğıdalı və ya sərinləşdirici içkilər kimi ən sadə şeylər belə, şəhərdəkindən xeyli baha başa gələcək. Buna görə də, Kaputaşda bir neçə saat keçirmək istəyirsinizsə, su və kiçik qəlyanaltını əvvəlcədən almaq məntiqlidir.
Bununla belə, Kaputaşı sadəcə “gözəl çimərlik” adlandırmaq kifayət etməzdi. Onun dəyəri məhz bir neçə amilin vəhdətindədir: sahilin ən mənzərəli yerlərindən biri ilə uzanan yol, yuxarıdan açılan möhtəşəm mənzərə, qeyri-adi körfəz, şəffaf su və praktiki olaraq Türkiyə haqqında bir reklam çarxının dekorasiyalarında çimmək imkanı.
Kaputaş - Kaşın əsas çimərlik istiqamətidir, lakin dənizdə üzməyin mümkün olduğu yeganə yer deyil. Üstəlik, adi bir çimərlik günü üçün bir çox turist şəhərə daha yaxın yerləri seçir. Ən qısa və rahat variant isə Küçük Çakıldır. O, praktiki olaraq mərkəzdə yerləşir, ona görə də Kaşda gəzdikdən sonra buraya piyada gəlmək olar. Bu, çox təmiz suyu olan kiçik bir çınqıllı körfəzdir və onun ətrafında kafelər və çimərlik klubları fəaliyyət göstərir. Yer çox deyil, bunun əvəzində sürətli səhər və ya axşam üzgüçülüyü üçün ən əlverişli variantlardan biridir.
Büyük Çakıl mərkəzdən 1,5 km aralıda yerləşir. Bu, artıq iri çınqılları, restoranları və çimərlik meydançaları olan sahilin daha geniş bir hissəsidir. Buradan dənizə və Meis (Kastellorizo) adasına gözəl mənzərə açılır. Su burada çox şəffafdır, olduqca tez dərinləşir, ona görə də bu çimərliyi xüsusilə məhz üzmək üçün gələnlər çox sevir.
Digər məşhur variant isə Kaşdan 3-4 km məsafədə yerləşən Akçagermedir. Bu, xırda çınqıllı, suya daha maili girişi və inkişaf etmiş infrastrukturu olan bələdiyyə çimərliyidir. Bura xüsusilə uşaqlı ailələr üçün çox əlverişlidir: bura, adətən, daha sakit və dayaz olur. Çimərliyə giriş pulsuzdur, lakin çətirlər və şezlonqlar üçün ayrıca ödəniş edilir.
Çukurbağ yarımadasında Hidayet Köyü və İnceboğaz daxil olmaqla, çimmək üçün başqa yerlər də var. Hidayet Köyü maska ilə üzməyi və sualtı dünyanı izləməyi sevənlər üçün daha uyğundur, İncəboğaz isə dar bir bərzəx üzərindəki qeyri-adi yerləşməsi ilə maraqlıdır. Burada sahilin iki tərəfi arasında seçim edə bilərsiniz. Nəhayət, Kaşdan qayıqla getməyin ən rahat olduğu bir körfəz var: Limanağzı. Həmin körfəzə gedən yol yoxdur, əvəzində səyahətin özü çox az vaxt aparır. Burada su daha sakitdir, çimərlik klubları fəaliyyət göstərir və bu məkan bütün günü dəniz kənarında keçirmək üçün çox uyğundur.
Kekova və digər macəralar
Əgər Kaputaş Kaşın çimərlik istirahəti üçün əsas yeridirsə, Kekova isə onun əsas ekskursiyasıdır. Buraya, heç olmasa, bir neçə günlüyə gələn, demək olar ki, hər kəs gec-tez özünü sahil boyu Kekova adasına gedən bir qayıqda tapır.
Marşrutun əsas görməli yeri isə batmış şəhərdir. Zəlzələlərdən sonra qədim yaşayış məskəninin bir hissəsi su altında qalıb və bu gün qayıqlar sahil boyu hərəkət edərək şəffaf sudan sualtı xarabalıqları seyr etməyə imkan verir. Birbaşa arxeoloji obyektlərin yanında çimmək qadağandır, ancaq körfəzlərdə bir neçə dayanacaq nəzərdə tutulub. Adətən, səyahət bütün günü əhatə edir və 45-50 avroya başa gələ bilər.
Daha kiçik əhatəli bir səyahət istəyirsinizsə, dəniz kayakı (qayıqçılığı) var. Kaşdan Kekova boyu marşrutun başladığı Üçağıza transfer təşkil olunur. Bu cür variant adi qrup qayığından daha bahadır - Kaşdan transfer və nahar daxil olmaqla, adambaşına, təxminən, 55 avro təşkil edir. Bunun əvəzində kiçik qrup və sahilə, demək olar ki, su səviyyəsindən baxmaq imkanı bu səyahəti aktiv istirahət sevənlər üçün qat-qat maraqlı edir.
Daha bir variant isə Saklıkent bölgəsinə cip-safaridir. Bu artıq dəniz deyil, tamamilə fərqli bir mənzərədir: kanyon, dağ yolları, şəlalələr və səyahəti Pataranı ziyarət etməklə birləşdirmək imkanı. Yerli operatorlarda bu cür turlar indi proqramdan asılı olaraq 40-50 avro təşkil edir.
Tarix həvəskarları Likiya boyu ayrıca bir səyahət – Ksantos, Letoon və Pataranı seçə bilərlər. Avtomobiliniz varsa, bu yerləri müstəqil şəkildə ziyarət etmək çətin deyil, lakin marşrut və qrafiklə məşğul olmaq istəməyənlər üçün ekskursiya daha rahatdır. Nəticədə, bir gün ərzində qədim Likiyanın birdən-birə bir neçə mühüm abidəsini görmək olar.
Kaş, həmçinin Türkiyənin Aralıq dənizindəki əsas dayvinq mərkəzlərindən biri hesab olunur. Burada yeni başlayanlar üçün proqramlar və sertifikatı olanlar üçün tamhüquqlu dalışlar mövcuddur. Bəzi yerli təkliflərdə sınaq dalışı 35-40 avrodan başlayır.
Sahilə baxmağın daha da təsirli bir yolu - paraqlaydinqdir (paraplanda uçuş). Uçuş Kaşın üzərindən keçir və şəhəri, dənizi, həmçinin ətraf adaları yüksəklikdən görməyə imkan verir. Kaşda tamamilə sakit variantlar da var - adi qayıq gəzintiləri, körfəzlərə turlar, dəniz balıqçılığı, SUP-sörfinq və digər su əyləncələri. Yunanıstanın Kastellorizo (Meis) adası da çox yaxındır - ada Kaşın sahilboyu xiyabanından görünür və turizm mövsümündə ora gəmilər yola düşür.
Harada qalmalı, yeməli və nə gətirməli?
Kaş hotel seçiminin əsasən “hər şey daxil” sistemi ilə müəyyən edildiyi Türkiyə kurortlarına aid deyil. Burada yerləşmə mövqeyi daha vacibdir. Əgər hər axşam köhnə küçələrdə gəzmək, kafedə oturmaq və otağa piyada qayıtmaq istəyirsinizsə, mərkəzdə və ya limanın yaxınlığında bir mehmanxana seçmək daha yaxşıdır. Bir çox kiçik butik hotellər və ailəvi pansionatlar məhz burada yerləşir.
Daha sakit bir istirahət üçün Çukurbağ yarımadasında məskunlaşmaq olar. Burada hovuzları, terrasları və dənizə mənzərəsi olan hotellər daha çoxdur, ancaq mərkəzə qədər getmək lazım gələcək. Üçüncü variant da var: Büyük Çakıl bölgəsi: o, dənizə yaxın, lakin şəhərdən də çox uzaq olmaq istəməyənlər üçün əlverişlidir.
Kaş, ümumiyyətlə, kiçik hotelləri ilə fərqlənir, ancaq nəzərə alın ki, onlarda da qiymətlər heç də ucuz deyil.
Restoranlarla bağlı vəziyyət daha sadədir: axşam mərkəzə çıxmaq kifayətdir və böyük bir seçimlə qarşılaşacaqsınız. Əsas həyat limanın və köhnə şəhərin piyada küçələrinin ətrafında cəmləşib. Menyuda, demək olar ki, hər yerdə balıq və dəniz məhsulları, məzə (qəlyanaltılar), salatlar, qril ət, türk səhər yeməkləri olacaq. Şam yeməyi üçün ənənəvi meyxanəni, daha yüngül bir variant üçün isə dəniz mənzərəli kiçik kafeni seçə bilərsiniz.
Eyni zamanda, Kaşda ən bahalı restoranı axtarmaq heç də mütləq deyil. Burada həzz, böyük ölçüdə atmosferin özündədir: dar bir küçədə stol seçmək, bir neçə məzə, təzə balıq və ya dəniz məhsulları sifariş etmək və axşamı tələsmədən keçirmək.
Suvenirlər üçün isə köhnə Kaşın ən gözəl küçələrindən biri olan Uzun Çarşıya getməyə dəyər. Burada zinət əşyaları, keramika, tekstil, əl işləri, xalçalar və Likiya motivli əşyaların satıldığı kiçik mağazalar və emalatxanalar yerləşir. Xüsusilə yerli ustaların zinət əşyaları və məhsulları olan çoxlu sayda kiçik butiklər var.
Həqiqətən də, Kaşla bağlı bir şey gətirmək istəyirsinizsə, kiçik əl işi keramikaya, zinət əşyalarına, tekstilə və üzərində Likiya simvolları olan məhsullara diqqət yetirə bilərsiniz. Yeməli hədiyyələrdən isə zeytun yağı, yerli şirniyyatlar və regionun digər məhsullarını seçmək olar.
Amma “qədim” sikkələrin, daşların və guya arxeoloji tapıntıların alınmasına ehtiyatla yanaşmağa dəyər. Əsl antik əşyalar – sadəcə çamadana qoya biləcəyiniz suvenir deyil. Likiya tarixini elə aid olduğu yerdə qoyub, evə isə müasir ustalar tərəfindən hazırlanmış bir əşyanı gətirmək daha yaxşıdır.
Tələsməmək
Kaş mütləq edilməli olanlar üçün uzun bir siyahı tələb etmir. İki-üç gün şəhərlə tanış olmağa, çimməyə və Kaputaş və ya Kekovaya getməyə imkan verəcək. Dörd-beş gün isə Patara və ya Kalkanı, Likiyanın antik şəhərlərini və ya dəniz ekskursiyalarından birini əlavə etməyə imkan yaradacaq.
Səyahət üçün ən yaxşı vaxt isə taqətdənsalıcı yay istisinin hələ olmadığı və ya artıq bitdiyi yazın sonu, yayın əvvəli və sentyabr-oktyabr aylarıdır. Lakin Kaşın əsas üstünlüyü nə ayla, nə də konkret bir çimərliklə bağlıdır. Buraya məhz yavaşlamaq imkanı üçün gəlməyə dəyər: səhər - dəniz, gündüz - sahilboyu səyahət, axşam - köhnə küçələr və liman kənarında şam yeməyi.
Bir sözlə, Kaş şəhəri onunla yaxşıdır ki, burada kurort, səyahət və tarix arasında seçim etmək lazım gəlmir. Bütün bunlar bir yerdədir.
MƏSLƏHƏT GÖR:













79

