ELAN OLUNMAMIŞ MÜHARİBƏ
Diversiyalar, dronlar, kabellər: Avropa yeni təhdidlərə hazırlaşır
Müəllif: Zaur HƏSƏNOV
Avropa bir müddət əvvələdək hərbi qarşıdurmanın tərkib hissəsi kimi təsəvvür edilməsi belə, çətin olan hücum və diversiyalarla getdikcə daha tez-tez üzləşməkdədir. Sualtı kabellərin zədələnməsi, hava limanları üzərində şübhəli pilotsuz uçuş aparatları (dronlar), dəmir yollarının və enerji obyektlərinin işinə müdaxilə kimi hallar rəsmi olaraq müharibə vəziyyətində olmayan ölkələr üçün tədricən yeni reallığa çevrilir.
Avropa hakimiyyət orqanları bu cür əməlləri Rusiyanın “kölgə müharibəsi”nin tərkib hissəsi adlandırır. Moskva isə ittihamları rədd edir. Lakin hər bir halda, Avropa ölkələri artıq kritik infrastrukturun mühafizəsinə yanaşmanı da dəyişir. Sanki artıq söhbət hansısa hipotetik təhlükədən yox, tamamilə real qarşıdurmadan gedir.
Cəbhə xətti infrastrukturdan keçir
Əvvəllər elektrik yarımstansiyası, sualtı kabel və ya yük hava limanı, ilk növbədə, mülki infrastrukturun elementləri kimi qəbul edilirdisə, indi Avropada onlara daha çox açıq hərbi münaqişə həddindən aşağı səviyyəli hücumlar və digər düşmənçilik hərəkətləri üçün potensial obyektlər kimi baxırlar. Litvanın Rusiya Kalininqradı ilə sərhəd yaxınlığında yeni elektrik yarımstansiyasının tikintisi zamanı qəbul etdiyi qərar bu təşvişin miqyasını əyani şəkildə göstərir. Burada transformatorların beton mühafizə qurğularında gizlədilməsi, mümkün yeraltı tunel qazılması haqda məlumatverici qurğuların və zərbə dronlarından müdafiə sisteminin quraşdırılması qərara alınıb. Bu cür əlavə təhlükəsizlik tədbirləri layihənin dəyərini ən azı 48 milyon avro artırıb.
Enerji layihələrində indi, həmçinin onlarla kiloqram partlayıcı maddəsi olan “Shahed” tipli pilotsuz uçuş aparatlarının hücum ssenariləri belə, nəzərə alınır.
Daha bir siqnal isə yenə NATO-nun şərq sərhədindən gəlib. Sentyabrın 16-da Litvanın hava məkanında “Gerbera” dronunun vurulduğu məlum olub. Prezident Gitanas Nauseda bildirib ki, böyük ehtimalla Ukraynaya doğru hərəkətdə olan aparat həmin ölkənin radioelektron mübarizə vasitələrinə görə marşrutdan yayınıbmış. O, Litvada ümumi təhlükəsizliyin sabit olaraq qaldığını, lakin ayrı-ayrı təxribatların, diversiya və ya özgə bayrağı altında əməliyyatların istisna olunmadığını söyləyib.
Polşada həyəcan artıq hökumətin rəsmi xəbərdarlıqları səviyyəsinə keçib. Baş nazir Donald Tusk Seymdə sentyabrın 17-də etdiyi çıxışında deyib ki, kəşfiyyatın qiymətləndirmələrinə əsasən, Rusiyanın planlarına Ukraynanı dəstəkləyən ölkələrə, o cümlədən Polşaya dron və raketlərlə hibrid zərbələr də daxil ola bilər. Tusk NATO-nun reaksiyasını çətinləşdirmək və ya zəiflətmək üçün bu cür zərbələrin təsadüf kimi görünəcəyi mümkün ssenari haqqında ayrıca danışıb. Bununla yanaşı, o, söhbətin mümkün hücumların sübutundan yox, Polşa hakimiyyəti və kəşfiyyatının qiymətləndirməsindən getdiyini söyləyib.
Almaniya baş verənlər də göstərici kimi qəbul edilir. Avqustun 4-də Leypsiq/Halle hava limanında Ukrayna yük təyyarəsinin yanında partlayıcı qurğusu olan dron aşkar edilib. Almaniya hakimiyyəti baş verənləri hibrid hücum cəhdi kimi qiymətləndirib. Artıq sentyabrın 1-də Berlin bəyan edib ki, təhqiqat məlumatları, tətbiq olunmuş vasitələrin xarakteri və kəşfiyyat informasiyası bu fakta görə Rusiyanın məsuliyyət daşıdığını göstərib. Bununla belə, cinayət təhqiqatı davam edir. NATO-nun Baş katibi Mark Rütte baş verənləri kəskin şəkildə pisləyərək, bunu Rusiyanın “amansız hibrid hücumu” adlandırıb. Xüsusi bəyanatla çıxış edən baş katib deyib: “NATO Almaniya ilə tam həmrəyliyini ifadə edir. Sizin tərəfinizdə durmağa hazır olan 31 dostunuz və müttəfiqiniz var”. O, bu cür əməllərə Ukraynaya dəstəyin artırılması ilə cavab veriləcəyini söyləyib.
Eyni zamanda NATO Baltik dənizindəki kritik infrastrukturun mühafizəsini möhkəmləndirməyin zəruriliyini də vurğulayır.
Beləliklə, söhbət artıq ayrı-ayrı həyəcanlı epizodlardan deyil, təhlükənin yeni tipindən gedir ki, burada enerji, nəqliyyat, hava limanları, kabellər və kritik infrastrukturun digər elementləri qarşıdurma obyekinə çevrilir. Odur ki, Avropa hökumətləri onların mühafizəsinə yanaşmanın özünü dəyişməyə məcburdur: enerji obyektləri fiziki olaraq möhkəmləndirilir, hava məkanını dronlardan qorumaq lazım gəlir, hələ silahlı hücum hesab olunmayan əməllər üçün isə kollektiv reaksiyanın xüsusi mexanizmləri yaradılır. İndi sülh ilə açıq müharibə arasındakı bu mərhələ yeni qarşıdurma meydanına çevrilir.
Moskva: sübutsuz ittihamlar
Leypsiq/Halle hava limanındakı insidentdən sonra Kreml adi təkziblə kifayətlənməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 4-də bəyan edib ki, Almaniyanın baş verənlərdə Moskvanın əlinin olması barədə ittihamları “tamamilə boşdur” və “heç olmasa, bir inandırıcı arqumentasiyaya” malik deyil. O, ölkəsinin bu ittihamları “qətiyyətlə rədd etdiyni” söyləyib. Peskov onu da deyib ki, Almaniya “Şimal axınları”nın partladılması ilə bağlı araşdırmalardan sonra “heç Kiyevə qarşı belə ittihamlar irəli sürməmişdi”.
Məsələyə Rusiya XİN-i də münasibət bildirib. Nazirlik Berlinin ittihamlarını “tamamilə uydurma” adlandırıb. XİN-in bəyanatında bildirilir ki, Almaniya “şüurlu şəkildə aşkar təxribata gedir” və Moskva bunu Rusiya-Almaniya münasibətlərinin kəskinləşməsi ilə əlaqələndirir. Nazirlik Almaniya hakimiyyətinin əməllərinə “sərt cavab veriləcəyini” də bəyan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə daha da irəli gedib. O, “Vesti”yə müsahibəsində Almaniyanın ittihamlarını Berlinin Rusiya idarələrinə qarşı sonrakı qərarları ilə əlaqələndirib. “Bu, ümumiyyətlə, gerçək müharibənin başlanğıcıdır”, - deyə nazir qeyd edib. Lavrov həmçinin Rusiyanın Almaniyadakı nümayəndəliyinin bağlandığını xatırladıb, baş verənləri İkinci Dünya müharibəsi ərəfəsindəki diplomatik addımlarla müqayisə edib.
Bununla yanaşı, Moskva baş verənlərə daha geniş izahat da istəyir. Rusiya nümayəndələri dəfələrlə bəyan ediblər ki, “hibrid müharibə” haqqında deyilənlər hərbi xərclərin artırılmasına və Rusiya ilə qarşıdurmanın dərinləşməsinə bəraət qazandırılmasına hesablanıb. O, hesab edir ki, bu mənada, dronla bağlı növbəti insident Rusiyanın əməliyyatının sübutu olmaqdan çox, Avropa ölkələrinin siyasətinin daha da sərtləşdirilməsi üçün bəhanəyə çevrilir.
Beləliklə, bir epizod ətrafında prinsipcə iki müxtəlif versiya meydana çıxır. Almaniya buna Rusiyanın Avropa ölkələrinə qarşı hibrid əməlləri kontekstində baxır, Moskva isə belə ittihamları sübutsuz sayır, onları vəziyyətin daha da kəskinləşdirilməsinə aparan şüurlu təxribat kimi görür.
Reallıqda hansı versiyanın sübuta yetiriləcəyindən asılı olmayaraq, sxemin özü təhlükəlidir: insident-ittiham-cavab tədbirləri-kəskinləşmədə.
Qaydalar dəyişir
Beləliklə, Avropa ölkələri tədricən ayrı-ayrı obyektlərin mühafizəsindən hibrid təhlükələrə qarşı mübarizənin ümumi sisteminin yaradılmasına keçir. Sentyabrın 16-da Ursula fon der Lyayen bəyan edib ki, kiberhücumlar, diversiyalar, yanğınlar və dron müdaxilələri artıq daha tez-tez baş verir. O, Avropada “Emergency Security Protocol” (“Təcili Təhlükəsizlik Protokolu”) yaradılması təklifi ilə çıxış edib. Söhbət bir dövlətin “həyəcan siqnalı” ilə Aİ-nin koordinasiya, sonrakı kəskinləşmənin qarşısının alınması və fəsadların minimuma endirilməsi üçün toplanmalı olacağı mexanizmin yaradılmasından gedir. O, məhz silahlı təcavüz səviyyəsinə çatmayan, lakin artıq milli təhlükəsizliyə təhdid yaradan insidentlər zamanı birgə müzakirələri və tədbirlərin görülməsini nəzərdə tutmalıdır.
Paralel olaraq NATO da kritik infrastrukturun mühafizəsini gücləndirir. Alyans sentyabrda üzv ölkələrin davamlılığına dair yeni tələbləri dərc edib. Burada enerji, nəqliyyat, rabitə və digər həyati vacib sistemlərin asılı olduğu obyektlərə qarşı fiziki hücumlar və diversiyalar, kiberhücumlar və zədələnmə təhlükəsi ayrıca qeyd olunub. Baltik dənizində sualtı infrastrukturun mühafizəsi üçün artıq gəmilərin, dəniz patrul təyyarələrinin və pilotsuz sistemlərin istifadə olunduğu “Baltic Sentry” də fəaliyyətə başlayıb.
Lakin bu yerdə ortaya çox ciddi hüquqi sual çıxır. NATO Nizamnaməsindəki məlum 5-ci maddə “silahlı hücum”a şamil olunur, üstəlik, hər bir belə konkret halın ayrıca qiymətləndirilməsini nəzərdə tutur. Alyans əhəmiyyətli kiberhücumların və digər hibrid hücumların müəyyən şəraitlərdə silahlı hücum kimi nəzərdən keçirilə biləcəyini də istisna etmir. Lakin diversiyadan 5-ci maddəyə avtomatik keçid yoxdur. Bunun üçün müttəfiqlərin hər bir epizodla bağlı ayrıca qərarı olmalıdır.
Beləliklə, yeni qarşıdurma zonası yaranır: artıq əməllər kollektiv cavab tələb etsə də, açıq müharibə haqqında danışmağa mütləq əsas vermir.
Müharibə haradan başlayır?
Yeni qarşıdurmanın ən mürəkkəb problemi ondan ibarətdir ki, sülh ilə müharibə arasındakı vərdiş etdiyimiz sərhəd getdikcə kiçilir. Zədələnmiş kabel, hava limanı üzərində dron, kiberhücum və ya diversiya öz-özlüyündə hələ müharibənin başlanması demək deyil. Lakin bu cür əməllər sistemli xarakter aldıqda və kritik infrastruktura toxunduqda, dövlətlər artıq baş verənlərə hərbi ssenarilərini nəzərə almaqla reaksiya vermək məcburiyyətində qalır.
Bir sıra Avropa hökumətində hesab edirlər ki, Rusiya NATO ilə birbaşa toqquşmadan yayınmağa imkan verən alətlərdən istifadə ilə yol verilən hədləri yoxlayır. Moskva isə bu cür ittihamları münaqişə riskini artıran informasiya və siyasi kampaniyanın tərkib hissəsi sayır. Bu zaman konkret insidentlərə görə məsuliyyətin sübutu ayrıca təhqiqat mövzusu olaraq qalır. “Elan olunmamış müharibə”nin əsas təhlükəsi də məhz bundadır. Klassik münaqişə üçün başlanğıc anı bəllidir – müharibənin elan olunması, hücum, silahlı qüvvələrin tətbiq edilməsi. Yeni reallıqda isə bu an “dumanlı” ola bilər: bir tərəf diversiyadan, digəri təxribatdan, üçüncüsü isə təsadüfi insidentdən danışacaq. Nəticədə transformatorlar üçün beton sığınacaqlar, kabellərin mühafizəsi və dronlara qarşı sistemlər artıq gündəlik Avropa təhlükəsizliyinin tərkib hissəsinə çevrilir.
MƏSLƏHƏT GÖR:




43

