QAFQAZ YOLAYRICI
Sülh yeni marşrutlar açır və regionun nəqliyyat konfiqurasiyasını dəyişir
Müəllif: Namıq H. ƏLİYEV
Cənubi Qafqazda nəticələri Azərbaycan-Ermənistan sülh prosesindən xeyli miqyaslı ola biləcək yeni reallıq formalaşır. Əgər onilliklər ərzində regionun siyasi xəritəsi qapalı sərhədlər, münaqişələr və nəqliyyat kommunikasiyalarının təcridi ilə müəyyənləşirdisə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tədricən bunun əksinə olan əlaqələrin bərpası və yeni marşrutların açılması tendensiyası yaranır.
Azərbaycan və Ermənistan üçün bu, ilk növbədə, sülh, təhlükəsizlik və iqtisadi inkişaf məsələsi, Türkiyə üçün regionun nəqliyyat-iqtisadi konfiqurasiyasını dəyişdirmək imkanı, Mərkəzi Asiya və Avropa üçün isə yeni əlaqələrin, yollarının yaranması deməkdir. Gürcüstana gəlincə, yeni reallıq onun üçün transformasiya imkanları ilə yanaşı, strateji çağırış yaradır.
Gürcüstan tranzit rolunu necə əldə edib?
Son onilliklər ərzində Gürcüstan faktiki olaraq Azərbaycan ilə Türkiyə arasında, onların vasitəsilə isə Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında əsas quru körpüsü olub. Azərbaycan nefti və qazı, Mərkəzi Asiyadan gələn yüklər, Orta Dəhliz dəmir yolu, avtomobil daşımaları kimi axınların əhəmiyyətli hissəsi məhz Gürcüstan ərazisindən keçir. Bəs Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülh bərqərar olarsa, sərhədlər açılarsa və yeni nəqliyyat marşrutları fəaliyyətə başlayarsa, hansı dəyişikliklər baş vberə bilər? Gürcüstan sülhün əsas iqtisadi benefisiarına çevriləcək, yoxsa əksinə, sülh onu tranzit monopoliyasından məhrum edəcək? İndi ön plana məhz bu sual çıxır.
Bu gün Gürcüstan ərazisi Orta Dəhlizin Cənubi Qafqaz seqmentinin ən mühüm hissəsidir. Azərbaycanı Türkiyə və Avropa bazarları ilə birləşdirən dəmir yolu və dəniz marşrutları məhz Gürcüstandan keçir. Odur ki, Gürcüstana münasibətdə formal “monopoliya”dan deyil, faktiki tranzit üstünlüyündən danışmaq daha düzgün olardı. Bu üstünlük isə heç də coğrafi baxımdan Gürcüstan marşrutunun yeganə mümkün variant olması səbəbilə yaranmayıb. Buna regiondakı siyasi vəziyyət səbəb olub. İndi isə bu vəziyyət müəyyən qədər dəyişir.
Sülh xəritəni dəyişə bilər
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh perspektivinin açılması təkcə iki dövlət üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradıb. Ermənistan onilliklər ərzində faktiki olaraq əsas regional nəqliyyat zəncirlərindən kənarda qalmışdı. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması onun tranzit layihələrində iştirak imkanlarını məhdudlaşdırırdı.
İndi vəziyyət dəyişə bilər. Məsələ ondadır ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi üzərindən nəqliyyat əlaqəsi vasitəsilə Naxçıvanla birləşdirməyi nəzərdə tutur və özündə bu marşrutun daha geniş trans-Xəzər ticarət sisteminə daxil edilməsini ehtiva edir. 2026-cı ilin mayında İrəvanla Vaşinqton arasında TRIPP üzrə Ermənistan ərazisindən keçən multimodal tranzit əlaqəsinin inkişafını nəzərdə tutan çərçivə sazişi də imzalanıb. Əgər bu layihələr saziş və konsepsiya mərhələsindən real infrastruktur mərhələsinə keçərsə, Cənubi Qafqazın xəritəsində yeni bir xətt – Azərbaycan-Ermənistan-Türkiyə xətti meydana çıxacaq. Tbilisi üçün bu, prinsipial olaraq yeni vəziyyətdir. Doğrudur, Ermənistan marşrutlarının açılması Gürcüstanın “lazımsız” olacağı anlamına gəlmir. Bu, hətta uzaq perspektivdə belə, praktiki olaraq mümkün deyil. Gürcüstanın fəaliyyətdə olan dəmir yolu şəbəkəsi, avtomobil yolları, Poti və Batumi limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, inkişaf etmiş logistika infrastrukturu və Orta Dəhlizin tərkibində fəaliyyət təcrübəsi var.Ermənistanın hazırkı infrastrukturu bir anda bu sistemi əvəz etmək iqtidarında deyil. Buna görə də ortamüddətli perspektivdə Azərbaycan və Gürcüstan üzərindən keçən marşrut, böyük ehtimalla, öz əhəmiyyətini qoruyub saxlayacaq. Lakin sərhədlərin açılması və miqyaslı investisiyaların cəlbi ilə Ermənistan istiqaməti tədricən əlavə marşruta çevrilə bilər.
Yəni söhbət ondan getmir ki, sabah Gürcüstan tranziti yoxa çıxacaq. Söhbət Gürcüstana alternativlərin yarana biləcəyindən gedir. Bu isə artıq strateji dəyişiklikdir. Rəqabətə girə biləcək marşrutun meydana çıxması nəqliyyat bazarının şərtlərini dəyişəcək, nəticədə, daşıyıcı seçim etmək, investor müqayisə aparmaq, dövlətlər isə artıq bir neçə tranzit istiqaməti ilə danışıqlar aparmaq imkanı qazanacaqlar.
Cənubi Qafqaz üçün bunun müsbət təsiri ola bilər. Marşrutlar arasında rəqabət tranzit xərclərinin azalmasına, gömrük prosedurlarının sürətləndirilməsinə, dəmir yollarının müasirləşdirilməsinə, limanların inkişafına, logistikanın rəqəmsallaşdırılmasına, infrastrukturun keyfiyyətinin yüksəldilməsinə və s. stimul verə bilər. Bu halda Gürcüstan üçün əsas sual artıq fərqli qoyulacaq: o, öz əhəmiyyətini alternativlərin olmaması hesabına deyil, öz marşrutunun keyfiyyəti sayəsində qoruyub saxlaya biləcəkmi? Bu, əlbəttə ki, artıq tamamilə başqa inkişaf modelidir.
İmkan nə qədər çoxdursa...
Alternativ marşrutların meydana çıxması Bakı üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycan uzun illər ərzində öz nəqliyyat infrastrukturuna, ilk növbədə Ələt limanına, dəmir yollarına, avtomobil magistrallarına və logistika mərkəzlərinə investisiya yatırıb. Hazırda o, Orta Dəhlizin Cənubi Qafqaz hissəsinə Xəzər üzərindən əsas giriş nöqtəsidir.
Azərbaycanın qərbində nə qədər əlçatan marşrut olarsa, onun nəqliyyat imkanları da bir o qədər genişlənər. Ermənistan istiqamətinin açılması Gürcüstanın müstəsna rolunu azaltmaqla yanaşı, Azərbaycanın əhəmiyyətini artıracaq. Belə ki, bu halda Bakı bir neçə istiqaməti inkişaf etdirmək imkanı əldə edəcək: Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Ermənistan-Türkiyə, daha geniş kontekstdə isə Orta Dəhlizin müxtəlif kombinasiyaları.
Beləliklə, Azərbaycan yalnız marşrutlardan birinin keçdiyi dövlət olmaqdan tədricən bir neçə istiqaməti birləşdirməyə qadir regional nəqliyyat qovşağına çevrilir.
İrəvana gəlincə, onun üçün bu dəyişiklik daha fundamental əhəmiyyət daşıyır. O, nəqliyyat təcridindən çıxmaq, regional bazarlara çıxışını genişləndirmək və yeni tranzit gəliri mənbələri yaratmaq imkanı qazanacaq.
TRIPP-in həyata keçirilməsi halında söhbət yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsindən getmir. ABŞ-Ermənistan sazişi bu layihəni trans-Xəzər Ticarət Marşrutunun və regional iqtisadi inteqrasiyanın elementi kimi nəzərdə tutur. Demək, Ermənistan ərazisi potensial olaraq daha geniş Avrasiya nəqliyyat sisteminin bir hissəsinə çevrilir. Beləliklə, sülh Ermənistanın yalnız siyasi deyil, həm də iqtisadi rolunu dəyişə, nəticədə o, periferik dalan olmaqdan çıxaraq Cənubi Qafqazın tranzit həlqələrindən birinə çevrilə bilər.
Bəs bütün bunlardan Gürcüstan nə əldə edir? Əsas sual da məhz burada gizlənir. Tbilisinin faktiki olaraq iki variantı var. Birincisi, rəqabətdir. Ermənistan yeni, daha əlçatan tranzit marşruta çevrilərsə, xüsusilə Ermənistan marşrutu daha qısa, daha ucuz, daha əlverişli olarsa, yüklərin bir hissəsi Gürcüstan istiqamətindən gedən marşrutdan çıxa bilər. İkincisi yeni ixtisaslaşmadır. Tbilisi rəqabətə öz marşrutunun səmərəliliyini artırmaqla cavab verə bilər ki, bu halda bir dəhlizin əvəzinə bir-biri ilə əlaqəli istiqamətlərdən ibarət şəbəkə formalaşar. Hər bir halda, Gürcüstan mühüm üstünlüklərə malikdir və bu üstünlüklər heç yerə itmir: Poti və Batumi limanları, dəmir yolu infrastrukturu, Qara dənizə, Türkiyəyə və Avropa bazarına çıxış. Ermənistanın belə imkanları yoxdur. Bundan başqa, regionda ticarətin ümumi həcminin artması halında ayrı-ayrı marşrutlarda Gürcüstanın payı azalsa belə, ölkəyə əlavə yük axınlarını təmin edə bilər. Başqa sözlə, artan regional tranzitdə daha kiçik pay qaçılmaz olaraq daşımaların mütləq həcminin azalması demək deyil. Tbilisinin əsas şansı da məhz bundan ibarətdir.
Amma Ermənistan və Gürcüstan marşrutlarının bir-biri ilə rəqabət aparması heç də vacib deyil. Onlar bir-birini tamamlaya da bilər. Azərbaycanda məhz Ermənistan və Gürcüstanın müxtəlif funksiyaları yerinə yetirəcəyi vahid regional nəqliyyat şəbəkəsinin yaradılması daha sərfəli ola bilər.
Beləliklə, ortaya yeni məntiq çıxır: Azərbaycan – Xəzər logistika qovşağı, Ermənistan – Azərbaycanla Türkiyə arasında tranzit həlqəsi, Gürcüstan – Qara dənizə və şimal-qərbə çıxış, Türkiyə – böyük Avrasiya paylama mərkəzi.
Sülh Gürcüstan üçün təhlükədir, yoxsa imkan?
Əsas paradoks da məhz bundan ibarətdir. Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında maraqlıdır, çünki bu, daha çox ticarət, investisiya, regional sabitlik və potensial olaraq daha çox yük deməkdir. Eyni zamanda Ermənistan kommunikasiyalarının açılması onu müstəsna tranzit üstünlüklərinin bir hissəsindən məhrum edə bilər. Bu problemi Orta Dəhliz kontekstində nəzərdən keçirmək lazımdır. İndiyədək onun Cənubi Qafqaz konfiqurasiyası əsasən bir bəlli ox üzərində qurulmuşdu: Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə.
Ermənistan kommunikasiyaları açılarsa, sistem daha şaxələnmiş hala gələcək ki, bu da Cənubi Qafqazın ümumi ötürücülük qabiliyyətini artıra, bir marşrutdan asılılığı azalda bilər. Buna görə də məsələ mütləq şəkildə “Gürcüstan, yoxsa Ermənistan?” seçimi kimi qoyulmamalıdır. “Gürcüstan və Ermənistan” sistemi də mümkündür və bu sistemdə marşrutlar bir-birini tamamlayır. Beynəlxalq biznes üçün bu, daha böyük dayanıqlılıq deməkdir: bir istiqamətdə yaranan problem bütün sistemi iflic etməməlidir.
Lakin burada mühüm bir şərt var. Yeni marşrutlar yalnız hökumətlərin saziş imzalaması ilə meydana gəlmir. Avtomobil və dəmir yolları, sərhəd-keçid məntəqələri, səmərəli gömrük prosedurları, investisiyalar və özəl biznes üçün aydın qaydalar vacibdir. Ən əsası isə siyasi sabitlikdir. Məhz buna görə Ermənistan nəqliyyat alternativi kimi hələlik yalnız perspektiv olaraq qalır. Başqa sözlə o, hələ ki, Gürcüstan marşrutunun real əvəzedicisinə çevrilməyib. Yeni layihələrin həyata keçirilməsi vaxt və əhəmiyyətli investisiyalar tələb edir. Başqa sözlə, Gürcüstanın tranzit üstünlüyü bir anda yox olmayacaq. Lakin Tbilisi artıq bu gün nəzərə almalıdır ki, onun üstünlükləri qarşıdakı onilliklər üçün heç də təminat altında deyil.
Cənubi Qafqazın yeni nəqliyyat konfiqurasiyasına siyasi əhəmiyyət qazandıra biləcək daha bir məqam var. Bu, Gürcüstanın ərazi münaqişələridir. Abxaziya və Cənubi Osetiya uzun illərdir Rusiya-Gürcüstan qarşıdurması kimi, Moskvanın hərbi-siyasi təsiri prizmasından nəzərdən keçirilir. Regional nəqliyyat kommunikasiyalarının genişlənməsi isə tədricən Rusiya üçün Cənubi Qafqazın daha sıx inteqrasiyasında şəxsi iqtisadi maraq yarada bilər.
Orta Dəhliz Çin, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən mühüm marşruta çevrilir. Onun gələcək inkişafı nəqliyyat axınlarının keçdiyi və ya potensial olaraq keçə biləcəyi ərazilərin sabitliyininiqtisadi dəyərini artırır. Tbilisi üçün məhz burada yeni imkan pəncərəsi yarana bilər. Əgər Rusiya üçün formalaşmaqda olan Avrasiya kommunikasiyaları sistemində iştirak mühüm iqtisadi əhəmiyyət kəsb edərsə, onun regionun nəqliyyat baxımından daha sıx əlaqələndirilməsinə dair praqmatik marağı güclənə bilər. Bu halda Tbilisi qarşıdurmaya əsaslanan deyil, iqtisadi məntiqə söykənən tənzimləmə modelinə üstünlük verə bilərmi? Məsələn, Abxaziya və Cənubi Osetiyanın regional nəqliyyat və iqtisadi əlaqələrə mərhələli şəkildə cəlbi təklifi kimi. Belə olan halda Rusiyanın iqtisadi maraqlarının bir hissəsi potensial olaraq Gürcüstanın ərazi bütövlüyünün bərpası marağı ilə üst-üstə düşə, bununla da, nəqliyyat siyasəti siyasi nizamlanmanın əlavə amillərindən birinə çevrilə bilər.
Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh yalnız iki dövlət arasında siyasi nizamlanma olmayacaq. O, Cənubi Qafqazın bütün nəqliyyat-iqtisadi arxitekturasının yenidən qurulmasının başlanğıcına çevrilə bilər. Gürcüstan isə bu arxitekturada tranzit kimi alternativsizliyini itirsə belə, daha geniş regional sistemdə mövqe tutmaq imkanı qazanacaq.
MƏSLƏHƏT GÖR:



73

