11 Noyabr 2026

Çərşənbə, 04:23

BÖYÜK İNVESTİSİYALAR ZAMANI

Azərbaycan qlobal kapitala uzunmüddətli tərəfdaşlığın yeni istiqamətlərini təklif edir

Müəllif:

01.10.2026

İnvestisiya resursları uğrunda rəqabət artır. Azərbaycan bu şəraitdə təkcə potensial tərəfdaşların dairəsini genişləndirməyə deyil, həm də beynəlxalq kapitala uzunmüddətli əməkdaşlıq üçün yeni istiqamətlər təklif etməyə çalışır.

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) bu imkanların miqyasını əyani şəkildə nümayiş etdirib. Forumda idarəetməsində olan aktivlərin məcmu həcmi 33 trilyon dollardan çox olan dünyanın aparıcı investisiya şirkətlərinin, suveren fondların, maliyyə institutlarının və korporasiyaların nümayəndələri iştirak ediblər.

İkigünlük dialoqun praktiki nəticəsi ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələri üzrə 23 sənədin imzalanması olub.

 

Etimad kapitalı

Forumun əsas hadisəsi ölkənin əsas üstünlüklərini və qlobal kapital üçün perspektivli istiqamətləri müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı olub. Özü də investorlarla söhbətdə çıxış nöqtəsi gələcəklə bağlı planlardan daha çox, onların reallaşdırılması üçün əvvəlki onilliklər ərzində formalaşdırılmış baza idi. “İndiyədək edilənlər, şübhəsiz ki, gələcək inkişaf üçün əsas zəmin olub. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcək barədə danışmaq çətin olardı”, - dövlət başçısı vurğulayıb.

İlham Əliyev keçilmiş mərhələnin əsas nəticələrindən biri kimi Azərbaycana etibarlı tərəfdaş kimi formalaşmış münasibəti qeyd edib: son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya cəlb edilib ki, bu məbləğin yarısı birbaşa xarici sərmayələrin payına düşür. Prezident vurğulayıb ki, bu gün iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı məhz bu mövqedən qəbul edirlər.

Uzunmüddətli investor üçün makroiqtisadi dayanıqlılıq ehtiyatı da az əhəmiyyət kəsb etmir. Azərbaycanın xarici borcu ÜDM-in 5,6%-i səviyyəsindədir, valyuta ehtiyatları isə onun həcmindən, demək olar ki, 20 dəfə çoxdur. Prezident milli valyutanın sabitliyinə də diqqət çəkib: manatın dollara nisbətdə məzənnəsi 2017-ci ilin aprelindən dəyişməz olaraq qalır. Buna İlham Əliyevin ölkənin investisiya cəlbediciliyinin mühüm amillərindən biri kimi adlandırdığı siyasi sabitlik də əlavə olunur.

Bu mənzərənin maliyyə tərkib hissəsini maliyyə naziri Sahil Babayev tamamlayıb. Onun sözlərinə görə, 2021-2025-ci illərdə Azərbaycanın qeyri-neft ÜDM-in orta artımı 6%-i ötüb. Əgər təxminən 20 il əvvəl ÜDM-in yarısından çoxu neft-qaz sektoru hesabına formalaşırdısa, bu gün qeyri-neft-qaz iqtisadiyyatının payı 70%-i üstələyir. Növbəti hədəf – dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının daha da azaldılmasıdır: 2030-cu ilin sonunadək onların dövlət büdcəsinin gəlirlərindəki payının 30%-ə qədər azaldılması planlaşdırılır.

Bundan sonrakı şaxələndirmə isə ənənəvi energetikanın hələ də ölkəyə verdiyi üstünlüklərdən imtina etmək demək deyil. Azərbaycan Prezidenti vurğulayıb ki, neft-qaz sektoru iqtisadiyyatın mühüm hissəsi olaraq qalır və yenidən investisiyalara yönəldiləcək böyük maliyyə resursları yaratmağa davam edəcək. Beləliklə, söhbət daha çox iqtisadi bazanın genişləndirilməsindən gedir: ənənəvi sektorun gəlirləri yeni istehsal sahələrinin və istiqamətlərin inkişafı üçün resurslardan birinə çevrilir.

Bununla yanaşı, cəlb edilən investisiyaların keyfiyyətinin anlaşılması da dəyişir. AIIF 2026 iştirakçılarına müraciətində Prezident xüsusi olaraq qeyd edib ki, ölkənin investisiya siyasəti yalnız kapitalın cəlb edilməsi ilə məhdudlaşmır. “Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk”, - İ.Əliyev bildirib.

Bu mənada indiki investisiya mərhələsi ölkənin zəngin karbohidrogen resurslarının xarici kapital üçün əsas maqnit rolunu oynadığı dövrdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Çünki 30 il ərzində kapital ilə yanaşı, Azərbaycan texnologiyalar, təcrübə və mühüm əhəmiyyət kəsb edən öz peşəkar kadrlarını da əldə edib. Prezidentin qeyd etdiyi rəqəm diqqətçəkicidir: əgər 1994-cü ildə hasilatın pay bölgüsü haqqında ilk sazişin bağlanmasından sonra Qərb enerji şirkətlərinin əməkdaşlarının 90%-dən çoxunu xarici mütəxəssislər təşkil edirdisə, bu gün onun sözlərinə görə, onların payı, təxminən, 5% təşkil edir. İlham Əliyev toplanmış insan resursları potensialını hətta əhəmiyyətli maliyyə resursları ilə belə, asanlıqla satın alına bilinməyən resurs kimi adlandırıb.

 

İmkanlar axtarışında olan trilyonlar

AIIF 2026-ya toplaşan auditoriyanın təmsilçiliyini, bəlkə də, ən əyani şəkildə Azərbaycan Prezidentinin “Global Infrastructure Partners”in (GIP) təsisçilərindən biri, sədri və baş icraçı direktoru, “BlackRock”un baş idarəedici direktoru Adebayo Oqunlesi ilə dialoqu nümayiş etdirib. Ölkənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə keçərək o, İlham Əliyevə müraciət edib: “Buradakı auditoriya Sizin gələcək planlarınız haqqında eşitmək üçün səbirsizlənir. Beləliklə, gəlin gələcəyə nəzər salaq. Bu zalda, təxminən, 30 trilyon dollar dəyərində aktivləri idarə edən insanlar var”.

Azərbaycan lideri də bu il iştirakçıların nəzərəçarpacaq dərəcədə genişlənmiş coğrafiyasına və beynəlxalq institutların, investorların və aparıcı şirkətlərin yüksək təmsilçilik səviyyəsinə diqqət çəkib. Dövlət başçısının sözlərinə görə, bu, həm Azərbaycana artan inamı, həm də bütün regionun iqtisadi əhəmiyyətinin yüksəlməsini əks etdirir.

Qeyd edək ki, forumda idarə olunan aktivlərin həcminə görə ən böyük oyunçu investisiyaların idarə edilməsi sahəsində dünyanın aparıcı şirkəti olan və 2026-cı ilin iyun ayının sonuna aktivlərinin həcmi 15,3 trilyon dollara çatan “BlackRock” olub. Bakıda, həmçinin onun strukturuna daxil olan və energetika, nəqliyyat, rəqəmsal və su infrastrukturlarında fəaliyyət göstərən, dünyanın ən böyük infrastruktur investorlarından biri sayılan GIP də təmsil olunub.

Digər beynəlxalq idarəedici şirkətlərin iştirakı da sanballı idi. Onların sırasında aktivləri təqribən 1,5 trilyon dollar olan PGIM, 1 trilyon dollardan çox vəsaiti idarə edən və o cümlədən infrastruktur və real aktivlər üzrə ixtisaslaşan “Brookfield Asset Management”, həmçinin idarəetməsində olan aktivlərin həcmi təqribən 1,8 trilyon dollar təşkil edən “Franklin Templeton” var idi. Forumda həmçinin “Neuberger Berman” şirkətinin nümayəndələri də iştirak ediblər.

Tədbirə suveren və dövlət investisiya institutlarının iştirakı mühüm çəki qazandırıb. Onların arasında “Abu Dhabi Investment Authority”, Sinqapurun “Temasek”, “Türkiye Wealth Fund”, Səudiyyə Ərəbistanın “Hassana Investment Company”, Bəhreynin “Mumtalakat” şirkətləri yer alıb. Bu cür tərkib sözügedən investorların xüsusiyyətləri nəzərə alınmaqla son dərəcə vacibdir: uzunmüddətli gəlirliliyə istiqamətlənərək, onlar infrastruktura, energetikaya, nəqliyyata, rəqəmsal texnologiyalara və digər strateji istiqamətlərə böyük vəsaitlər yatırırlar.

Forumun ikinci günündə Azərbaycan Dövlət Neft Fondu “BlackRock” ilə birlikdə dövlətlərin yüksəkvəzifəli səlahiyyətli nümayəndələrinin, beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznesin iştirakı ilə infrastruktur investisiya dialoqu keçirib. Müzakirələr əhəmiyyətli həcmdə uzunmüddətli kapital tələb edən üç istiqamət ətrafında mərkəzləşmişdi: süni intellekt və rəqəmsal infrastruktur, enerji infrastrukturu, eləcə də strateji nəqliyyat və logistika dəhlizləri. Müzakirələrdə xüsusən də, “BlackRock”, GIP və “Temasek Global Investments”in nümayəndələri iştirak ediblər.

Beləliklə, Bakıda eyni vaxtda praktiki olaraq institusional kapitalın bütün əsas kateqoriyaları - dünyanın ən böyük idarəedici şirkətlərindən və özəl investisiya fondlarından tutmuş suveren fondlara və beynəlxalq maliyyə institutlarına qədər təmsil olunurdu.

 

Yeni investisiya xəritəsi

Potensial investorların belə geniş tərkibi AIIF 2026-nın nəzərəçarpacaq dərəcədə genişlənmiş sahəvi gündəliyinə də uyğun idi. Mahiyyət etibarilə forum iştirakçılarına Azərbaycanın yeni investisiya xəritəsi təqdim edilib ki, bu xəritədə artıq ənənəvi istiqamətlərlə yanaşı qeyri-neft sənayesi, nəqliyyat və logistika, bərpa olunan energetika, rəqəmsal infrastruktur, turizm və şəhərsalma daha çox nəzərəçarpan yer tutur.

Bu prosesin ümumi məntiqini iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib. “Əsas prioritet - ölkə iqtisadiyyatını özəl sektorun aparıcı olduğu şaxələndirilmiş ixracyönümlü modelə transformasiya edərək nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçiddir”, - o bildirib. Bununla yanaşı, onun sözlərinə görə, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda təkcə uzunmüddətli kapitalda deyil, həm də qabaqcıl texnologiyalarda, idarəetmə təcrübəsində və qlobal bazarlara çıxışda maraqlıdır.

Orta Dəhliz də forumda məhz bu nöqteyi-nəzərdən nəzərdən keçirilib. Ayrı bir panel onun regional ticarətdə, əlaqəlilikdə və dəyər zəncirlərinin formalaşmasında roluna həsr olunub. Məqsəd ondan ibarətdir ki, nəqliyyat infrastrukturu təkcə yüklərin tranzitini təmin etməsin, həm də marşrut boyu istehsalatların, logistika mərkəzlərinin və digər iqtisadi fəaliyyət növlərinin yerləşdirilməsi üçün şərait yaratsın. M.Cabbarovun istinad etdiyi Dünya Bankının hesablamalarına görə, lazımi investisiyalar və səmərəliliyin artırılması 2030-cu ilə qədər Orta Dəhliz boyu ticarət axınlarını üç dəfə artıra və daşıma müddətlərini yarıya qədər azalda bilər. Nazir özü hədəfi son dərəcə praktiki şəkildə formalaşdırıb: Azərbaycandan keçən marşrutlar nəinki təhlükəsiz, həm də dəyər və çatdırılma vaxtı baxımından rəqabətədavamlı olmalıdır.

Əlaqəlilik AIIF 2026-nın energetika sahəsinin müzakirəsinin də əsas anlayışlarından birinə çevrilib, lakin bu dəfə artıq formalaşmaqda olan transsərhəd elektrik şəbəkələri sisteminə münasibətdə. “Bu gün əlaqəlilik iqtisadi və geosiyasi münasibətlərin yeni arxitekturasının təməlidir”, - energetika naziri Pərviz Şahbazov bildirib. Əgər XX əsrin enerji xəritəsini neft-qaz yataqlarının coğrafiyası və boru kəmərləri marşrutları müəyyən edirdisə, XXI əsrdə onu getdikcə daha çox elektrik şəbəkələri, enerji saxlama sistemləri və “yaşıl enerji” dəhlizləri formalaşdırır. Azərbaycan Asiyadan Avropaya qədər inteqrasiya olunmuş və şaxələndirilmiş elektrik enerjisi əlaqələri şəbəkəsi yaratmaq niyyətindədir. Bu da nazirin qeyd etdiyi kimi, beynəlxalq maliyyə institutları və özəl sektor üçün yeni investisiya imkanları açır.

İnvestisiya gündəliyinin daha bir mühüm istiqaməti rəqəmsal infrastruktur olub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanı rəqəmsal sənayenin regional mərkəzinə çevirmək məqsədi barədə məlumat verib. O, ölkənin rəqabət üstünlükləri kimi enerji potensialını, şaxələnmiş fiber-optik şəbəkəni və strateji coğrafi mövqeyi fərqləndirib.

Şəhərlərin, daşınmaz əmlakın və turizmin inkişafı da müstəqil investisiya istiqamətinə çevrilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, Qarabağın və Şərqi Zəngəzurun kompleks planlaşdırılması perspektivdə əhalisi 1,1 milyon nəfərə çatacaq 12 şəhər, 11 qəsəbə və 900-ə yaxın kənd daxil olmaqla, təxminən 13,6 min kvadratkilometr ərazini əhatə edir. “Biz sadəcə infrastrukturu və yaşayış məntəqələrini bərpa etmirik, həm də yeni şəhər və iqtisadi mərkəzlər yaradırıq”, - o qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanı yalnız turistlərin ziyarət üçün seçdiyi ölkə deyil, həm də investorların uzunmüddətli potensial gördüyü bir ölkə olmasını istəyir.

AIIF 2026-nın gündəliyində xüsusi yeri aqrobiznes tutub ki, burada da əsas vurğu müasir əlavə dəyər zəncirlərinin formalaşdırılmasına və innovasiyaların tətbiqinə yönəldilib. Bu mövzu ilə bağlı keçirilən panelin iştirakçıları kənd təsərrüfatı məhsullarının emalına, müasir texnologiyalara, məhsuldarlığın artırılmasına və ixrac potensialının genişləndirilməsinə investisiya imkanlarını müzakirə ediblər. Bununla da, aqrar sektor artıq yalnız ərzaq istehsalı nöqteyi-nəzərindən deyil, həm də texnoloji və uzunmüddətli investisiyalar üçün perspektivli istiqamət kimi nəzərdən keçirilirdi.

Və nəhayət, ayrı bir müzakirə onsuz sadalanan bütün layihələrin reallaşdırılmasının prinsipcə qeyri-mümkün olduğu bir resursa – insan kapitalına həsr edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək bazarının gələcək peşə bacarıqlarına uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının gücləndirilməsi istiqamətində görülən işləri təqdim edib.

Beləliklə, forumun investisiya gündəliyi fiziki infrastruktura qoyulan sərmayələrin çərçivəsindən çox kənara çıxıb: söhbət kapital, texnologiyalar, yeni istehsal sahələri, əlaqəlilik və insan resurslarının vahid artım modelinin elementləri kimi işləməli olduğu bütöv bir ekosistemin formalaşdırılmasından gedir.

 

Maraqdan layihələrə

Yekun nəticədə investisiya forumunun səmərəliliyinin əsas göstəricisi təmsilçilik miqyası və ya hətta keçirilən müzakirələrin sayı deyil, onların praktiki davamı olur. Bu baxımdan, AIIF 2026 olduqca sanballı nəticə ilə başa çatıb: beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan layihələrin reallaşdırılmasını nəzərdə tutan 23 sənəd imzalanıb. Onlar geniş istiqamətlər dairəsini - süni intellekt, energetika, o cümlədən bərpa olunan enerji mənbələri, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatını əhatə edir. İyunda Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələri də nəzərə alsaq, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun qeyd etdiyi kimi, forum iştirakçıları Azərbaycana investisiya yatırmaq üçün bütün mümkün variantları nəzərdən keçirirlər: “Ümid edirik ki, belə bir forumun nəticəsi real layihələr və investisiyalar olacaq”. Bununla da, AIIF 2026 çərçivəsində imzalanmış sənədlər Bakıda baş tutan dialoqun praktiki davamını artıq müəyyən etmiş olub.

Bununla yanaşı, vəzifə təkcə yeni vəsaitlərin cəlb edilməsindən deyil, həm də davamlı investisiya iştirakının formalaşdırılmasından ibarətdir. “Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar və təkrar investisiyalar yaratmaqda davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti öz mənfəətlərini burada yenidən investisiya etməyə üstünlük verirlər”, - M.Cabbarov vurğulayıb.

Məhz bu kontekstdə AIIF 2026-nın yekunları xüsusi əhəmiyyət kəsb edir: söhbət təkcə yeni investorların cəlb edilməsindən deyil, həm də artıq formalaşmış tərəfdaşlıqların iqtisadiyyatın yeni sahələrinə doğru genişləndirilməsindən gedir. Bakıda imzalanmış sazişlərin geniş spektri isə göstərir ki, belə bir əməkdaşlıq modeli ənənəvi energetikadan tutmuş infrastruktur, sənaye və yeni texnologiyalara qədər getdikcə daha çox sahəni əhatə edir.



MƏSLƏHƏT GÖR:

114