PİZANI TƏLƏSMƏDƏN GƏZMƏLİ
“Yıxılan qüllə” bu Toskana şəhərində ləngimək üçün səbəblərdən yalnız biridir
Müəllif: Elçin HÜSEYNOV, Bakı-Piza-Bakı
Piza əksər səyahətçilər üçün yalnız bir görməli yerlə assosiasiya olunur. Bu yer məşhur “Yıxılan qüllədir”. Buraya bir neçə saatlığa gəlir, mütləq foto çəkdirir, ən yaxşı halda zəng qülləsinə qalxır və növbəti istiqamətə getməyə tələsirlər. Sürətli qatarlar dövründə bir çox turist bir səfərə dərhal bir neçə şəhəri yerləşdirməyə çalışır: Pizadan sonra Florensiyaya, Lukkaya və Çinkve-Terreyə yollanır, ən iddialıları isə bir gündə onu hətta Venesiya ilə birləşdirməyi bacarırlar. Nəticədə, şəhər çox vaxt marşrutda yalnız qısa dayanacağa çevrilir.
Halbuki Piza tanışlıq üçün ayrıca bir günün ayrılmasına layiqdir. Dünya şöhrətli qüllədən başqa burada Arno çayının rahat sahilboyu əraziləri, gözəl orta əsr küçələri, canlı tələbə atmosferi, ənənəvi Toskana mətbəxi ilə əla trattorialar və ən böyük turizm mərkəzlərinin səs-küyü olmadan əsl İtaliyanı hiss edə biləcəyiniz çoxlu yerlər var.
Əlbəttə ki, Pizaya gəlib yıxılan qülləni görməmək mümkün deyil. Lakin Möcüzələr meydanından (Piza qülləsi, kafedral və vəftizxana ilə tarixi kompleks) cəmi bir neçə kvartal uzaqlaşmaq kifayətdir ki, şəhərin əsas simvolunun Toskananın ən qeyri-adi incilərindən biri ilə tanışlığın yalnız başlanğıcı olduğu aydın olsun.
Yeri gəlmişkən, Pizadakı yıxılan qüllə heç də yeganə deyil. Yumşaq torpağın xüsusiyyətlərinə görə San-Nikola və San-Mikele-deli-Skalçi kilsələrinin zəng qüllələri də nəzərəçarpacaq dərəcədə əyilib. Düzdür, məhz Möcüzələr meydanındakı qüllə dünya şöhrəti qazanıb.
Milyonlarla insanın gəldiyi qüllə
Piza İtaliyanın müstəqil səyahət üçün ən rahat şəhərlərindən biridir. İnkişaf etmiş dəmir yolu şəbəkəsi sayəsində ölkənin, demək olar ki, istənilən nöqtəsindən buraya asanlıqla çatmaq mümkündür. Romadan sürətli qatar, təxminən, 2 saat 30 dəqiqə, Florensiyadan 50-60 dəqiqə, Lukkadan cəmi 25 dəqiqə, Livornadan isə 20 dəqiqədən az vaxt aparır. Qatarların əksəriyyəti mərkəzi “Pisa Centrale” vağzalına gəlir, oradan məşhur Möcüzələr meydanına piyada, təxminən, 20-25 dəqiqəyə çatmaq olar.
Bir çox səyahətçi bu şəhərə təyyarə ilə səfər edir. Qalileo Qalileyin adını daşıyan beynəlxalq hava limanı tarixi mərkəzdən cəmi 1,5 kilometr məsafədə yerləşir və Toskananın ən böyük hava limanı sayılır. 2025-ci ildə o, təxminən, 5,7 milyon sərnişinə xidmət göstərib və buna görə də bir çox turist üçün məhz Piza regionla tanışlığın başladığı ilk şəhər olur. Əgər imkanınız varsa, Pizaya bütöv bir gün ayırın. Əsas hədəfiniz, əlbəttə, Möcüzələr meydanıdır, burada məşhur qüllə, kafedral məbəd, İtaliyanın ən böyük vəftizxanası və monumental Kampo-Santo qəbiristanlığı yerləşir. Onların hər biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Avropanın ən görkəmli orta əsr memarlıq abidələrindən biri sayılır.
Bununla yanaşı, hər kəs bilmir ki, yıxılan qüllə heç də ayrıca abidə deyil, kafedralın zəng qülləsidir. Onun zirvəsinə 294 pillə aparır, oraya qalxmaq isə təxminən yarım saat çəkir. Ziyarətçi sayının məhdudlaşdırılması səbəbindən mövsümün qızğın vaxtında biletləri əvvəlcədən almaq daha yaxşıdır. Məşhur tikilinin daxilində əyilmə qeyri-adi şəkildə hiss olunur: qalxış zamanı pilləkən sanki daim kənara gedir.
Qüllə ilə ən məşhur elmi əfsanələrdən biri də bağlıdır. Hesab edilir ki, məhz burada bu gün Pizanın beynəlxalq hava limanının şərəfinə adlandırıldığı böyük alim Qalileo Qaliley məşhur təcrübələrini aparıb, müxtəlif kütləli əşyaları eyni vaxtda yüksəklikdən ataraq düşmə sürətinin cismin çəkisindən asılı olmadığını sübut edib. Tarixçilər bu günə qədər eksperimentin, həqiqətən, məhz bu yerdə keçirilib-keçirilmədiyi barədə mübahisə edirlər, lakin bu gözəl hekayə çoxdan şəhərin simasının bir hissəsinə çevrilib və davamlı olaraq turistlərin diqqətini cəlb edir.
Əlbəttə ki, foto mövzusundan yan keçmək mümkün deyil. Turistin guya qülləyə əli ilə dayaq verməsi kimi klassik kadr uzun müddətdir ki, Pizanın vizit kartına çevrilib. Lakin, həqiqətən, qeyri-adi fotolar çəkdirmək istəyirsinizsə, imkanlar daha çoxdur. Qülləni iki barmaqla “tutmaq”, ovucda “qaldırmaq”, boru ilə “içmək” və ya dondurma kimi “yemək” olar. Ən təsirli fotolar isə erkən səhər və ya axşama yaxın alınır, meydanda xeyli az adam olur və kadrda onlarla başqa turistin yox olmasını gözləmək lazım gəlmir.
Piza turist izdihamının bitdiyi yerdə başlayır
Səyahətçilərin əksəriyyəti Möcüzələr meydanını ziyarət etdikdən sonra geri dönüb vağzala doğru gedirlər. Amma nahaq yerə. Çünki əsl Pizanı görmək üçün tarixi mərkəzə doğru cəmi bir neçə yüz metr getmək kifayətdir.
İlk dayanacaq Arno çayının mənzərəli sahili ola bilər. Qüllədən ora təxminən on beş dəqiqəlik piyada yoldur. Yol boyu turist mağazaları tədricən kiçik dükanlar, kafelər və yaşayış kvartalları ilə əvəz olunur, şəhərin özü isə nəzərəçarpacaq dərəcədə sakitləşir. Arno sahilləri tələsmədən gəzinti üçün ən yaxşı yerlərdən biridir. Rəngarəng saraylar suda əks olunur, körpülərdən fasiləsiz velosipedçilər keçir, çoxsaylı bar və qəhvəxanalarda yerli sakinlər və tələbələr toplaşır.
Marşrutu kiçik Santa-Mariya-della-Spina kilsəsinə doğru davam etdirməyə dəyər. Kiçik ölçüsünə baxmayaraq, onu tez-tez İtaliyanın ən gözəl qotik kilsələrindən biri adlandırırlar. O, sanki birbaşa çay sahilindən ucalır və Arno fonunda xüsusilə effektli görünür.
Buradan Cəngavərlər meydanına cəmi bir neçə dəqiqəlik yoldur: Pizanın əhəmiyyətinə görə ikinci meydanı. Möcüzələr meydanı şəhərin turistik baxımdan qəlbi sayılırsa, burada onun tarixi və intellektual ruhu hiss olunur. Onun əsas bəzəyi qeyri-adi naxışlı fasadı olan Karovana sarayıdır, burada bu gün İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan məşhur Ali Normal Məktəb yerləşir.
Növbəti dayanacaq Borqo-Strettodur. Uzun arkadaları olan bu küçə Pizanın ən gözəl küçələrindən biri sayılır. Burada görməli yerlərə baxmaqdansa, sadəcə gəzmək, kiçik mağazalara nəzər yetirmək, qəhvə içmək və ya əsl italyan celatosundan (dondurma) bir top (3-5 avro) üçün dayanmaq daha xoşdur. Məhz burada Pizanın hər şeydən əvvəl gənc və çox canlı atmosferi olan bir universitet şəhəri olduğu xüsusilə yaxşı hiss edilir.
Daha az tanınan Pizanı kəşf etmək istəyirsinizsə, əsas marşrutdan bir az kənara çıxmağa dəyər. Möcüzələr meydanının düz yanında 1544-cü ildə əsası qoyulmuş Avropanın ən qədim universitet botanika bağlarından biri yerləşir. Burada nadir bitkilər və əsrlik ağaclar arasında şəhər hay-küyündən bir müddət gizlənmək olar. Vağzaldan isə o qədər də uzaq olmayan yerdə isə səyahətçiləri şəhərin başqa bir simvolu — 1989-cu ildə amerikalı rəssam Kit Harinq tərəfindən yaradılmış nəhəng Tuttomondo divar rəsmi gözləyir. Bir-birinə qarışan otuz fiquranın birləşməsindən ibarət parlaq panno ustadın son işlərindən biri olub və müasir Pizanın ən məşhur görməli yerlərindən biri sayılır.
Pizanı yerli sakinlərin tanıdığı kimi görmək istəyirsinizsə, “Piazza delle Vettovaglie” meydanına baş çəkin. Gündüz burada kiçik bazar işləyir, kafelər və mağazalar açıqdır, axşam isə meydan şəhərin ən canlı yerlərindən birinə çevrilir. Masalarda tələbələr, ailələr və dost qrupları toplaşır, musiqi səslənir, barlar və şərab müəssisələri işləyir. Burada Pizanın yalnız turist şəhəri deyil, həm də Möcüzələr meydanından kənarda öz adi həyatını yaşamağa davam edən gənc bir universitet mərkəzi olduğu xüsusilə yaxşı hiss olunur.
Vaxt imkan verirsə, vağzala qayıtmağa tələsməyin. Daha yaxşısı, gün batımına yaxın bir daha Arno tərəfə çıxın. Axşam şəhər nəzərəçarpacaq dərəcədə dəyişir: ekskursiya qrupları artıq dağılır, küçələr sakitləşir, işıqlandırılmış saraylar və körpülər isə burada heç olmasa daha bir neçə saat qalmağa səbəb olan atmosfer yaradır.
Pizanın qiymətləri və dadları
Roma, Venesiya və ya Florensiya ilə müqayisədə Piza İtaliyanın ən əlçatan turist şəhərlərindən biri hesab olunur. Bahalı alış-veriş planlaşdırılmırsa və premium sinif hotellərdə qalınmırsa, şəhərlə ciddi xərclər olmadan tanış olmaq üçün bir gün tamamilə kifayətdir.
Xərclərin ən bahalı hissəsi, adətən, yıxılan qülləyə qalxış olur. Bilet, təxminən, 25 avrodur, lakin bir çox səyahətçi Möcüzələr meydanı memarlıq ansamblının bir neçə abidəsini eyni anda ziyarət etməyə imkan verən kompleks biletlərə üstünlük verir. Yalnız şəhərdə gəzinti ilə kifayətlənərsinizsə, xərclər xeyli az olacaq. Bir fincan espresso, orta hesabla, 1,5-2 avroya başa gəlir, turist küçələrindən uzaqda yaxşı bir trattoriyada tam nahar isə adam başına 20-30 avrodur. Nəticədə, qüllənin ziyarəti, qidalanma və kiçik alış-verişlər daxil olmaqla, Pizada zəngin bir gün, adətən, yol və yaşayış xərcləri nəzərə alınmadan 70-120 avroya sığır.
İtaliyanın əksər populyar turist şəhərlərində olduğu kimi, Möcüzələr meydanının yaxınlığında qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəkdir. Arno və ya Borqo-Stretto istiqamətində 5-10 dəqiqə getmək kifayətdir, restoran seçimi xeyli maraqlı olacaq, yeməklərin qiyməti isə çox vaxt daha aşağı olacaq. Məhz burada şəhər sakinləri özləri nahar edirlər, demək, yalnız turistlər üçün nəzərdə tutulmuş yeməklər deyil, əsl Toskana mətbəxini dadmaq şansı daha yüksəkdir.
Mütləq qatı tərəvəz şorbası ribollita, çörək şorbası pappa al pomodoro, trüfel və ya ağ göbələkli təzə pasta, Toskana boyunca səyahət davam edirsə isə məşhur Florensiya steyki – “bistekka alla fiorentina” sifariş etməyə dəyər. Dəniz məhsulları həvəskarları kaçukko — qonşu Livornunun vizit kartı sayılan, lakin Pizanın bir çox restoranlarında da əla hazırlanan qatı balıq şorbası — diqqət yetirməlidirlər. Desertə isə ən yaxşısı Vin Santo şirin desert şərabına batırılmış ənənəvi Toskana badam peçenyesi olan kantuççi sifariş etməkdir.
Və səfərdə faydalı olacaq bir neçə məsləhət. Pizanın tarixi mərkəzi kifayət qədər kompaktdır, ona görə də əksər turistlərə ictimai nəqliyyat lazım olmayacaq: demək olar ki, istənilən nöqtəyə piyada getmək mümkündür. Bank kartları, demək olar ki, hər yerdə qəbul edilir, lakin kiçik kafelər və ya suvenir dükanları üçün bir neçə avro nağd pul yanınızda olmalıdır. Yay aylarında gəzintiyə daha erkən başlamaq yaxşıdır: artıq günortaya temperatur tez-tez 30 dərəcəni keçir, açıq Möcüzələr meydanında isə kölgə demək olar ki, yoxdur.
Şəhərlə tanış olmaq üçün səbəb
Piza xoş sürpriz etməyi bacaran nadir şəhərlərdəndir. Görünür ki, onun haqqında hər şey məlumdur: yıxılan qüllə, turistlərin əyləncəli fotoları və əsas meydanın baxışı üçün bir neçə saat. Lakin burada bir az daha çox qalın, adi marşrutdan dönün və tələsmədən sadəcə gəzməyə icazə verin, şəhər tamamilə başqa bir tərəfdən açılmağa başlayır.
Arno boyunca tələsmədən gəzinti, tarixi mərkəzin rahat küçələri, səs-küylü tələbə kafeləri, təzə dəmlənmiş espressonun ətri, ənənəvi Toskana mətbəxi və əksər ekskursiya qruplarının artıq dağıldığı axşam Möcüzələr meydanı tamamilə fərqli bir təəssürat yaradır: daha sakit, daha səmimi və daha təbii.
Bəlkə də məhz buna görə yalnız məşhur qüllə xatirinə buraya gələn bir çox səyahətçi əsas kəşfin heç də qüllə olmadığı hissi ilə gedir. Axı, Piza ən məşhur görməli yerin yalnız ilk baxışda gözlədiyinizdən qat-qat çox parlaq təəssürat bəxş edə bilən bir şəhərlə tanışlıq üçün səbəb olduğu nadir hallardandır.
MƏSLƏHƏT GÖR:















104

