28 Noyabr 2026

Şənbə, 07:09

YENİ QAYDALARLA

Azərbaycanda aqrar islahatlar fermerlərə dövlət dəstəyinə, müasir texnologiyaların tətbiqinə və ixracın inkişafına yönəlib

Müəllif:

15.10.2026

İqlim dəyişiklikləri, nəqliyyat və ticarət zəncirlərinin qırılması, həmçinin enerji böhranı dünya aqrar bazarına mənfi təsir göstərir. Baş verənlərin Azərbaycanın kənd təsərrüfatına təsirlərini yumşaltmaq məqsədilə bu ilin mayında Prezident İlham Əliyevin təşəbbüsü ilə aqrar sektorda genişmiqyaslı islahatlara başlanılıb.

Söhbət yerli aqrosənaye kompleksinin (ASK) intensiv inkişaf yoluna keçirilməsindən, qənaətcil irriqasiyanın kütləvi tətbiqindən, fermerlərə dəstəkdən və bir sıra sahələrdə məhsuldarlığın artırılmasından gedir. Bu addımlar ərzaq təhlükəsizliyini təmin etməli və yerli kənd təsərrüfatı məhsullarının ixracını dəfələrlə artırmalıdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Aqrar sahə haqqında” qanun layihəsinə baxılıb, ardınca isə Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda aqrar islahatların baza hədəfləri müzakirə edilib.

 

Qanunvericilik bazası

Əlverişsiz iqlim dəyişiklikləri, həmçinin xarici və daxili inersiya prosesləri artıq neçə ildir ki, Azərbaycanın kənd təsərrüfatının inkişafını ləngidir. May ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş hökumət müşavirəsi məhz bu problemlərin həllinə həsr olunub: sahəvi islahatların dərinləşdirilməsi məqsədilə dövlət başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqram çərçivəsində dövlət və özəl sektorların aqrar sektora ümumilikdə, təxminən, 6 milyard manat dəyərində investisiyalarının cəlb edilməsi planlaşdırılır.

İslahatların əsas hədəfləri qabaqcıl irriqasiya və digər aqrotexnologiyaların tətbiqi hesabına bitkiçilikdə məhsuldarlığın artırılmasını, torpağın keyfiyyətinə görə torpaqların pasportlaşdırılması üçün rəqəmsal idarəetmə sistemlərindən istifadəni və optimal bitkilərin əkilməsi hesabına məhsuldarlığın artırılmasını nəzərdə tutur. Həmçinin aqrar xammalın emal edilərək yüksək əlavə dəyərli son məhsula çevrilməsinin artırılması, müasir texnologiyaların tətbiqi hesabına qida məhsullarının çeşidinin və istehsal həcminin genişləndirilməsi, istehsalın aqroparklarda lokallaşdırılması, yeni növ gübrələrin istehsalının qurulması və s. planlaşdırılır.

Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi də planlaşdırılıb ki, bunu da nəzərə alaraq iyunda yeni “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunlar qüvvəyə minib.

Bununla əlaqədar ASK-nın inkişafının hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edən “Aqrar sahə haqqında” qanun layihəsinin hazırlanması başa çatmaq üzrədir.

“Bu qanun layihəsinin hazırlanmasında məqsəd uzun illər ərzində aqrar qanunvericilikdə hiss olunan boşluğu aradan qaldırmaq, həmçinin dövlət dəstəyini daha ünvanlı və şəffaf etməkdir”, - kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.

O vurğulayıb ki, indiyədək aqrar sahə ayrı-ayrı istiqamətləri - taxılçılıq, çayçılıq, pambıqçılıq və s. əhatə edən qanunlarla tənzimlənirdi. Bütövlükdə aqrar sahəni əhatə edən baza sənədi mövcud deyildi, aqrar sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt yox idi. Bu da təcrübədə bir sıra problemlərə gətirib çıxarırdı. “Fermer”, “kənd təsərrüfatı məhsulları istehsalçısı”, “ilkin emal” kimi əsas anlayışların vahid təriflərinin olmaması dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqi zamanı fərqli yozumlara səbəb olurdu. Öz növbəsində subsidiyalaşdırma mexanizmləri əsasən qanunaltı aktlarla tənzimlənirdi, bu zaman isə istehsalçıların səmərəliliyi nəzərə alınmırdı.

Nazirin sözlərinə görə, yeni qanunun qəbulu ilə kənd təsərrüfatı məhsulları istehsalçıları iki kateqoriyaya bölünəcək: sahibkarlıq məqsədləri ilə fəaliyyət göstərən fermerlər və ailə-kəndli təsərrüfatları daxil olmaqla, digər istehsalçılar.

Nazir vurğulayıb ki, subsidiyalardan və güzəştli kreditlərdən tutmuş sığortaya və dövlət-özəl tərəfdaşlığına qədər ilk dəfə olaraq qanun layihəsində 12 dəstək aləti sadalanır. Bu alətlər sırasına kənd təsərrüfatı texnikasının lizinqi, qrantlar və maliyyə lizinqi, vergi və gömrük güzəştləri, aqrosığorta, həmçinin informasiya-məsləhət xidmətləri sahəsi və fermerlər üçün satış yerlərinin təşkili daxildir.

Bununla yanaşı, M.Məmmədov qeyd edib ki, dövlət dəstəyi “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin məlumatları və vəsaitlərin iqtisadi səmərəliliyini və təyinatı üzrə istifadəsini qiymətləndirəcək istehsalçıların rəqəmsal reytinqi əsasında təqdim ediləcək. O deyib ki, bu o deməkdir ki, dövlət vəsaitləri real nəticələr nümayiş etdirən istehsalçıya yönəldiləcək. Eyni zamanda sənəddə istehsalçıların əsassız müdaxilələrdən qorunması tədbirləri nəzərdə tutulur.

 

Ekstensivdən intensivə

Qanun layihəsində torpaq və su resurslarına xüsusi diqqət yetirilib. Belə ki, torpaq dövlətin himayəsində olan əsas istehsal vasitəsi kimi tanınır. O cümlədən vahid əkin, konsolidasiya və kooperasiya vasitəsilə torpaq sahələrinin parçalanmasının azaldılması nəzərdə tutulur.

Burada qeyd etmək yerinə düşər ki, son onillikdə ölkənin aqrar sektoruna mənfi iqlim dəyişiklikləri böyük ziyan vurub: xüsusən də, səhralaşma prosesləri suvarma suyunun çatışmazlığı, torpağın eroziyası və şoranlaşması, nəticə etibarilə isə məhsuldar əkin və otlaq sahələrinin azalması ilə nəticələnib. Bununla əlaqədar “Aqrar sahə haqqında” qanun layihəsində ilk dəfə olaraq iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri ayrı bir maddə ilə tənzimlənir. Həmçinin qənaətcil suvarma sistemlərinin kütləvi tətbiqi, şirin su itkilərinin azaldılması və ayrı-ayrı bitki növləri üzrə suvarma normalarının tətbiqi nəzərdə tutulur. Sənəddə kənd ərazilərinin inkişafına xüsusi yer ayrılıb. Aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizm vahid yanaşma əsasında tənzimlənəcək. Fermer mağazasından elektron platformaya qədər satış yerlərinin növləri müəyyən edilir, kooperativlərə isə öz satış yerlərini təşkil etmək hüququ verilir ki, bu da istehsalçıların birbaşa bazara çıxışını xeyli asanlaşdıracaq.

Ağdamda keçirilən 100-cü yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş panel müzakirəsi zamanı nazir M.Məmmədov qeyd edib ki, kənd təsərrüfatında islahatların əsas məqsədi daha məhsuldar və rəqabətədavamlı sistemin formalaşdırılması, ekstensiv kənd təsərrüfatından intensiv kənd təsərrüfatına keçiddir: “Biz “daha çox əkin, daha çox heyvan, daha çox resurs və daha çox məhsul” yanaşmasından imtina etməliyik, daha az xərclə daha çox məhsul istehsal etmək, məhsulun dəyərini artırmaq, ərzaq təhlükəsizliyi üçün istehsalı təmin etmək lazımdır”.

O, həmçinin ASK-nın emal seqmentinin inkişafını və daha yüksək əlavə dəyərə malik brendləşdirilmiş məhsulların ixracının genişləndirilməsini ən mühüm hədəf kimi müəyyənləşdirib. Bunun üçün qablaşdırma, məhsulların saxlanmasının təşkili, logistika, habelə marketinq və xarici bazarlarda təşviq məsələləri yüksək keyfiyyət səviyyəsində qurulmalıdır.

 

İxrac, kooperasiya və maliyyələşdirmə

Dəyişikliklər planları və ekspertlərin təklifləri Bakıda keçirilmiş III Beynəlxalq Aqrobiznes Forumunda müzakirə olunub. Azərbaycanda aqrar islahatların yeni mərhələsi beynəlxalq tərəfdaşların da diqqətini cəlb edib.

Türk Dünyası Kənd Təsərrüfatı Birliyinin sədri Doğan Başaranın fikrincə, zəruri infrastruktur tam formalaşdıqdan sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialı 10 milyard dolları ötə bilər. Azərbaycanda aqrar ixracın həcmi hələ ki, cəmi 1,2 milyard dollar təşkil edir.

Türkiyəli ekspert hesab edir ki, bunu artırmaq üçün beynəlxalq əməkdaşlığın səmərəliliyini yüksəltmək, maliyyə resurslarını cəlb etmək lazımdır. Türk dövlətləri arasında aqrar ticarətin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının inkişafı da az əhəmiyyət kəsb etmir. Həmçinin fermerlərin müasir texnologiyalarla təmin edilməsi, aqrar innovasiya mərkəzlərinin inkişafı və gənclərin aqrar biznesə cəlb olunması üçün onların motivasiyasının artırılması xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov isə hesab edir ki, Azərbaycanın aqrar sektorunun inkişafı üçün istehsal və emal güclərinin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi ilə yanaşı, investisiyaların stimullaşdırılması məqsədilə bizneslə dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Bununla əlaqədar biznesin təkliflərini nəzərə almaq, dövlət orqanları ilə birlikdə kənd sahibkarlarının problemlərini müzakirə etmək və dövlət-özəl tərəfdaşlığı çərçivəsində onların həlli üçün praktiki mexanizmlər hazırlamaq lazımdır.

Azərbaycan fermerlərinin ciddi problemlərindən biri əkin sahələrinin kiçik olmasıdır: təsərrüfatların böyük əksəriyyətində onlar üç hektardan çox deyil. Torpağın azlığı və sahələrin dağınıqlığı əkin, suvarma və aqrotexniki işlərin aparılması, xüsusən də kənd təsərrüfatı texnikasından istifadə zamanı çətinliklər yaradır. Bu, təsərrüfatların rentabelliyini aşağı salır və fermerlərin kredit resurslarına çıxışını çətinləşdirir. Vəziyyətdən çıxış yolu fermer təsərrüfatlarının kooperasiyası ola bilər. Onun dəstəklənməsi mexanizmləri qəbul edilmiş dövlət proqramına daxil edilib. Bu sahədə ilk pilot layihələrin Salyan və Qəbələdə həyata keçiriləcəyi gözlənilir.

Kənd təsərrüfatının inkişafı üçün daha bir maneə isə əksər hallarda aqrar istehsalın spesifikasının nəzərə alınmadığı bank kreditləşdirilməsi şərtləridir. “AmCham Azərbaycan”ın Qida və kənd təsərrüfatı məsələləri üzrə İşçi qrupunun sədri Elxan Mikayılov hesab edir ki, fermerlərin maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün çevik mövsümi ödəniş qrafiklərini tətbiq etmək, kreditləşdirmə müddətlərini artırmaq və alternativ girov təminatı mexanizmlərindən istifadə etmək vacibdir. Kənd təsərrüfatı məhsullarından, anbar şəhadətnamələrindən və gələcək məhsul üçün sənədlərdən istifadə daxil olmaqla, alternativ girov təminatı mexanizmləri həll yolu ola bilər.

Bu istiqamətdə dəyişikliklərə başlanılıb. Milli Məclisə əmtəə şəhadətnaməsi haqqında qanun layihəsi baxılmaq üçün təqdim edilib ki, bu da fermerlərə gələcək məhsulla bağlı öhdəliklər müqabilində istehsala başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməyə imkan verəcək. Yeni maliyyə mexanizmləri, həmçinin kommersiya banklarının öz vəsaitləri hesabına aqrar sektorun maliyyələşdirilməsinin genişləndirilməsinə yönəlib. Faiz dərəcələrinin subsidiyalaşdırılması mexanizmi çərçivəsində dövlət birillik kənd təsərrüfatı bitkiləri yetişdirən fermerlər üçün 19%-dək həcmdə kreditlər üzrə faizlərin ödənilməsini üzərinə götürür.

Beləliklə, qanunvericilikdəki dəyişikliklər və dövlət proqramı aqrar sektorun modernləşdirilməsi və dövlət dəstəyinin səmərəliliyinin artırılması üçün əsas formalaşdırır. Bütün bu addımların həyata keçirilməsi yaxın 4 il ərzində yerli ASK-nı keyfiyyətcə dəyişdirməyə, onun ixrac potensialını gücləndirməyə və sahənin inkişaf sürətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək. Bununla yanaşı, islahatların nəticəsi yeni mexanizmlərin təcrübədə nə dərəcədə tez işə düşməsindən və kənd istehsalçıları üçün əlçatan olmasından asılı olacaq.



MƏSLƏHƏT GÖR:

88